| 
								 
								
								Dünya Bankının Azərbaycan nümayəndəliyinin 
								maliyyə dəstəyilə "Oriqami" Uşaq və Yeniyetmələr 
								İctimai Birliyi iyunun 3-dən Suraxanı rayonu 
								ərazisində yerləşən 5, 19, 268, 313 nömrəli 
								körpələr evi - uşaq bağçalarında "Yol hərəkəti 
								qaydalarını öyrənirik" layihəsinin icrasına 
								başlamışdır. Layihə avqustun 8-dək davam 
								edəcəkdir. 
								
								
								Yolda nəqliyyat vasitələrinin hərəkəti uşaqlar 
								üçün həm maraqlı, həm də təhlükəlidir. Uşaqlar 
								üçün marağın çox, təhlükənin az olması və yol 
								hərəkəti qaydaları haqqında müəyyən anlayışların 
								qavranılması məqsəd ilə onlara məktəbəqədər yaş 
								dövründə hərəkətin təhlükəsizliyi qaydalarını 
								öyrətmək və uşaqlarda yol hərəkəti qaydalarına 
								əməl etmə vərdişlərini tərbiyə etmək lazımdır. 
								Bu məqsədlə "Oriqami" Uşaq və Yeniyetmələr 
								İctimai Birliyi Dünya Bankının Azərbaycan 
								nümayəndəliyi ilə Suraxanı rayonunda yerləşən 
								məktəbəqədər təhsil müəssisələrində 2 ay 
								müddətində "Yol hərəkəti qaydalarını öyrənirik" 
								layihəsini həyata keçirir. 
								
								
								Layihə çərçivəsində 5 məktəbəqədər uşaq 
								müəssisəsinin yuxarı yaş (4-5) və 
								məktəbəhazırlıq (5-6) qruplarında tərbiyə olunan 
								uşaqlarda təhlükəsiz hərəkət davranışlarının 
								öyrədilməsi nəzərdə tutulmuşdur. 
								
								
								Qruplarda, - açıq havada və ya məşğələ 
								otaqlarında, uşaqlara əyləncəli oyun şəklində, 
								yol hərəkətinin təhlükəsizliyi barəsində yeni 
								biliklərin aşılanması nəzərdə tutulur.  
								
								
								
								Türkan NƏSİBOVA, 
								Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi  |