| 
								 
								
								Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq 
								təhsil, bilik, elm əbədi, hər bir ölkənin 
								gücləndirilməsinə töhfə verən amildir. 
								
								
								
								İlham Əliyev  
								
								
								
								Hansı sahədə keçirilməsindən asılı olmayaraq, 
								islahatlar hər bir ölkənin tarixində nəcib 
								niyyətlərin reallaşdırılması ilə bərabər, 
								müxtəlif yanaşmaların, baxış və dünyagörüşlərin 
								antaqonizmi dövrü kimi yadda qalır. 
								 
								
								
								
								 Çox 
								həssas bir proses olan islahatların əsas qayəsi 
								və məqsədi bilavasitə inkişafyönümlülük olsa da, 
								bəzi hallarda uğursuzluqlarla nəticələnməsi real 
								faktdır. Çünki dövrün, zamanın diktəsi ilə 
								yüksək tələblərə islahat pərdəsi arxasından süni 
								şəkildə uyğunlaşmaq meyilləri mövcud olduqca 
								yeniləşmə ideyası yalnız xəyal olaraq qalır. 
								
								
								
								İslahatlar o zaman uğurlu nəticə verə bilər ki, 
								dövrün tələbindən irəli gəlsin, onların həyata 
								keçirilməsi üçün tarixi şərait yaranmış olsun. 
								İslahatların cəmiyyətdə dayanıqlı  və 
								perspektivli qəbul edilməsi üçün isə ölkədə 
								siyasi iradə, şəffaflıq və demokratiyanın olması 
								da çox mühüm şərtdir. 
								
								
								
								İslahat aparılan ölkədə qarşıda duran ən vacib 
								vəzifə islahatyönümlü tədbirlərin həyata 
								keçirildiyi sahədə və xüsusilə, bu sahənin 
								nümayəndələrində əvvəllərdən kök salmış köhnə 
								təsəvvürlərin tədricən aradan qaldırılması, eyni 
								zamanda həmin sahədə mövcud inkişaf səviyyəsinin 
								dəqiq müəyyən edilməsi və buna uyğun surətdə 
								perspektivlərin real şərait baxımından optimal 
								proqnozlaşdırılmasıdır. 
								
								
								
								İslahat həm də iqtisadi inkişafla sıx bağlıdır. 
								Məhz iqtisadi tərəqqi cəmiyyətdə yeni mütərəqqi 
								ideyalar doğurur və bunların reallaşdırılması 
								arzusu islahatların zəruriliyini gündəmə gətirir. 
								Tarixə nəzər salsaq, bu gün beynəlxalq aləmdə 
								qüdrəti ilə fərqlənən dövlətlər islahat hədəfini 
								müəyyən edərkən ilk növbədə təhsil sahəsini 
								seçmişlər. Çünki bütün sahələrdə inkişafın 
								mənbəyi təhsildən başlanır. Bu mənada, 
								Azərbaycan da istisna deyildir.  
								
								
								Ölkəmizin təhsil sistemində islahatların 
								başlanmasından on ildən artıq bir vaxt keçir. Bu 
								dövr zaman baxımından qısa olsa da, axtarış və 
								tədqiqatlarla, gərgin zəhmət tələb edən səmərəli 
								fəaliyyətlə zəngin olmuşdur. Həmin illəri 
								yenilik soraqlı enişli-yoxuşlu yola bənzətmək 
								daha düzgün olardı. Bu yolun səmti, istiqaməti 
								dünyada mövcud olan mütərəqqi təhsil 
								sistemlərinə yönəlmişdir. Ulu öndər Heydər 
								Əliyev Azərbaycan Respublikasının təhsil 
								sahəsində islahatlar üzrə Dövlət Komissiyasının 
								iclasındakı nitqində bu məsələni xüsusi 
								açıqlamışdır: "İndi təhsil sistemində 
								islahatların əsas məqsədi ondan ibarətdir ki, 
								Azərbaycanın təhsil sistemi dünya təhsil 
								sisteminin standartlarına uyğunlaşsın. Təbii ki, 
								belə bir şəraitdə Azərbaycan özünün təhsil 
								nailiyyətləri ilə inkişaf etmiş ölkələrin 
								səviyyəsinə çatmaqla daha böyük uğurların sahibi 
								ola bilər". 
								
								
								Müstəqil Azərbaycanın təhsilində islahatların 
								bilavasitə təşəbbüskarı olan ümummilli liderimiz 
								eyni zamanda bu islahatların düşünülmüş şəkildə 
								həyata keçirilməsini, dəb naminə aparılmamasını, 
								yalnız mövcud səviyyədən daha yuxarı səviyyəyə 
								qalxmaq, təhsilin səmərəliliyini artırmaq üçün 
								aparılmasını dəfələrlə vurğulamışdır. 
								
								
								Ölkəmizdə təhsil islahatlarının ölçülüb-biçilmiş, 
								əvvəlcədən düşünülüb müəyyən olunmuş nəticələr 
								üzərində qurulmasını təsdiq edən ən mötəbər 
								tarixi sənəd 1998-ci ildə yaradılmış Dövlət 
								Komissiyası tərəfindən hazırlanaraq 1999-cu il 
								iyunun 15-də ulu öndər Heydər Əliyevin sərəncamı 
								ilə təsdiq olunan "Azərbaycan Respublikasının 
								təhsil sahəsində İslahat Proqramı"dır. 
								Konseptual əsasını ümummilli liderin ideya və 
								müddəaları təşkil edən, ölkəmizdə 1999-cu ildən 
								başlayaraq növbəti 15 il üçün ümumi təhsilin 
								inkişaf strategiyasını müəyyənləşdirən bu 
								Proqramda islahatların zəruriliyi müasir 
								tələblər baxımından əsaslandırılmış, islahat 
								hədəfləri dəqiqləşdirilmiş və onların 
								mərhələlərlə həyata keçirilməsinin sistemi 
								təsbit olunmuşdur. 
								
								
								Proqrama görə, islahatların ümumi təhsilin ən 
								vacib sahələrində aparılması nəzərdə tutulmuşdur. 
								Bura bazar iqtisadiyyatının tələblərinə cavab 
								verən yeni təhsil sisteminin normativ-hüquqi, 
								iqtisadi, maddi-texniki və informasiya bazasının, 
								kadr, maliyyə təminatının yaradılması, ümumi 
								təhsilin məzmununun yeniləşdirilməsi və digər 
								aktual məsələlər daxil edilmişdi. Bu yazıda isə 
								əsas məqsəd məzmun islahatlarının həyata 
								keçirilməsi sahəsində indiyədək görülən işləri 
								və perspektivləri diqqətə çatdırmaqdır. 
								
								
								Qeyd olunan istiqamətdə planlaşdırılan 
								islahatyönümlü tədbirlərin əsasını İslahat 
								Proqramında irəli sürülən "Demokratikləşdirmə, 
								humanistləşdirmə, inteqrasiya, 
								diferensiallaşdırma, fərdiləşdirmə, 
								humanitarlaşdırma prinsiplərinə əsaslanaraq, 
								təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, 
								onun təlim-tərbiyə prosesinin əsas subyektinə 
								çevrilməsini başlıca vəzifə hesab edən, milli 
								zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün 
								qurumların fəaliyyətini təhsilalanın mənafeyinə 
								xidmət etmək məqsədi ətrafında birləşdirən yeni 
								təhsil sisteminin yaradılması" ideyası təşkil 
								etmişdir. 
								
								
								Ümumi təhsilin məzmunu ilə bağlı islahat 
								işlərinin perspektivləri müəyyən olunarkən "Nədən 
								başlamalı" sualı bizi dərindən düşündürürdü. Ulu 
								öndərimizin tövsiyəsi ilə islahatlar, əsasən, 
								Dünya Bankının maliyyə yardımı ilə həyata 
								keçirildiyindən bu təşkilatla da müzakirələrdən 
								sonra ilkin islahat layihəsinin öyrədici 
								xarakterdə müəyyən edilməsi, eləcə də ölkəmizdə 
								ümumi təhsilin mövcud vəziyyəti barədə 
								tədqiqatlar aparıb lazımi təkliflərin 
								hazırlanması qərara alındı. 
								
								
								1999-cu ildən 2003-cü ilədək davam etmiş 
								öyrədici-innovativ mahiyyətli birinci layihə 
								çərçivəsində 20 pilot müəssisəsində keçirilən 
								tədbirlər təhsil işçilərinin maarifləndirilməsi, 
								inkişaf etmiş ölkələrdə tətbiq olunan model və 
								mexanizmlərin öyrənilməsi baxımından böyük 
								əhəmiyyət kəsb etdi. Bu dövrdə təhsil 
								mütəxəssislərimiz müasir kurikulum (təhsil 
								proqramı) nümunələrinin tərtibi, şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi 
								texnologiyaları və qiymətləndirmə növləri, təlim 
								vəsaitləri və qiymətləndirmə vasitələrinin 
								hazırlanması və onların tətbiqi üzrə zəruri 
								bacarıqlar qazandılar. Bütün bu proseslərə 
								nüfuzlu beynəlxalq məsləhətçi şirkəti olan 
								Hollandiyanın "CİTO Qroup" təşkilatı rəhbərlik 
								edirdi.  
								
								
								Ümumi təhsil sahəsində yerli və beynəlxalq 
								ekspertlərin birgə apardıqları tədqiqatların 
								nəticələrində isə Azərbaycandakı mövcud tədris 
								proqramlarının hazırkı tələbləri ödəmədiyi, 
								əsasən fənlər üzərində qurulduğu, bunların 
								təfəkkür və düşüncə tərzini lazımi səviyyədə 
								inkişaf etdirmədiyi, şagirdlərin dərs yükünün 
								ağırlığı, dərsliklərin lüzumsuz materiallarla 
								yükləndiyi, uşaqlarda həyati bacarıqların, 
								tədqiqatçılığın, müstəqilliyin 
								formalaşdırılmasına zəif diqqət yetirildiyi, 
								əzbərçiliyə üstünlük verildiyi və sair bu kimi 
								məsələlər xüsusi vurğulanmışdı. 
								
								
								Birinci Layihə üzrə həyata keçirilən tədbirlər, 
								əlbəttə, bu göstərilənlərlə məhdudlaşmırdı. 
								Həmin dövrdə Azərbaycanın təhsil mütəxəssisləri 
								ulu öndər Heydər Əliyevin "Biz dünyanın bütün 
								ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş 
								nailiyyətləri dərindən öyrənməli və onlardan 
								Azərbaycan üçün müsbət xarakter daşıyan 
								cəhətləri ölkəmizin təhsil sistemində tətbiq 
								etməliyik" tövsiyəsinə uyğun olaraq, inkişaf 
								etmiş dövlətlərin, o cümlədən ABŞ, İngiltərə, 
								İtaliya, Almaniya, Türkiyə, Hollandiya, İsveç, 
								Finlandiya kimi ölkələrin qabaqcıl təcrübəsini 
								öyrənmək imkanı əldə etdilər. Səfər 
								təəssüratları bu dövlətlərin və Azərbaycanın 
								ümumi təhsil sistemlərini müqayisə etməklə 
								müvafiq nəticələr çıxarmağa, xüsusilə də 
								təhsilin məzmun sahəsində islahat 
								istiqamətlərini dəqiqləşdirməyə xeyli müsbət 
								təsir göstərdi. 
								
								
								Göründüyü kimi, ümumi təhsil sistemində islahat 
								ideyası 1997-ci ilin sonlarına təsadüf etsə də, 
								analoji tədbirlər faktiki olaraq başlanana qədər 
								bir neçə hazırlıq mərhələsi keçirilmişdir. Bu 
								dövrü islahatların zəruriliyinə əminlik, yeni 
								pedaqoji yanaşmaların təşəkkülü, innovativ 
								təfəkkürün formalaşması dövrü kimi xarakterizə 
								etmək daha düzgün olardı. 
								
								
								Dünya Bankının ekspertləri tərəfindən birinci 
								Layihənin yekunlarının ciddi monitorinqi 
								keçirilərkən nəticələr yüksək qiymətləndirildiyi 
								üçün növbəti layihənin icrası barədə Azərbaycan 
								hökuməti ilə Dünya Bankı arasında saziş bağlandı. 
								Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) 
								adlanan bu layihə, əslində, birinci layihə 
								çərçivəsində yerinə yetirilən tədbirlərin, ilk 
								növbədə, aparılan tədqiqatların, xarici 
								ölkələrdəki təlim və tədris səfərlərinin 
								nəticələri üzərində qurulmuşdu. 2003-2007-ci 
								illəri əhatə edən həmin layihədə idarəetmə, 
								rasionallaşdırma, maliyyələşdirmə sahəsində 
								islahatyönümlü işlərlə yanaşı, ümumi təhsilin 
								keyfiyyətinin yüksəldilməsi ilə onun real 
								tələbatlara uyğunluğunun təmin edilməsi əsas 
								məqsəd kimi qarşıya qoyulmuşdu. Bu məqsədə nail 
								olmaq üçün isə ümumi təhsilin məzmunu, müəllim 
								hazırlığı, dərslik yaradıcılığı üzrə ciddi 
								yeniliklərin həyata keçirilməsi nəzərdə 
								tutulurdu. 
								
								
								Bu gün Azərbaycanın ümumi təhsil sistemində 
								məzmun islahatları "Kurikulum islahatları" adı 
								altında aparılır. "Kurikulum" anlayışı ölkəmizin 
								pedaqoji leksikonuna ötən əsrin 90-cı illərinin 
								axırlarında daxil olmuşdur. Mənaca "yol", "istiqamət" 
								anlamı verən latın mənşəli bu söz hələ eramızdan 
								əvvəl işlədilsə də, hazırkı dövrdə beynəlxalq 
								təhsil termini kimi əksər ölkələrdə qəbul edilir. 
								"Kurikulum" ifadəsinin ölkəmizin təhsil 
								sisteminə gətirilməsi Azərbaycan 
								mütəxəssislərinin ideyası deyildir, bu, Dünya 
								Bankının rəsmi sənədlərində təsbit olunmuşdur. 
								İlk vaxtlar həmin anlayış ciddi mübahisələr, 
								fikir ayrılıqları yaratmış, bu sözün Azərbaycan 
								dilində qarşılığının tapılmasına cəhd 
								göstərilmişdir. Nəticə etibarilə "kurikulum" 
								ifadəsi xeyli müzakirələrdən sonra pedaqoji 
								ictimaiyyətdə qəbul olunsa da, yeni Təhsil 
								Qanununda "təhsil proqramı (kurikulum)" 
								formasında rəsmiləşdirilmişdir. 
								
								
								Şübhəsiz ki, adın hansı formada müəyyən olunması 
								ciddi prinsipiallıq kəsb etmir, əsas məsələ onun 
								mahiyyətinin düzgün izahındadır. Əslində, 
								kurikulum konseptual xarakterli bir sənəddir və 
								bu sənəd özündə təhsil fəaliyyətinin 
								nizamlanmasını təmin edən əsas istiqamətləri 
								əhatə edir. Bura əsasən təlim nəticələri, dövlət 
								təhsil standartları, təlim strategiyaları, 
								qiymətləndirmə modelləri və s. daxildir. 
								Konseptuallığı ilə yanaşı, nəticəyönümlülük, 
								şəxsiyyətyönümlülük, tələbyönümlülük, 
								şagirdyönümlülük, inteqrativlik kurikulumların 
								mahiyyətini şərtləndirən əsas cəhətlərdir. İstər 
								ümumi təlim nəticələri, istərsə də dövlət təhsil 
								standartları, eləcə də təlim strategiyaları və 
								qiymətləndirmə mexanizmləri məhz həmin 
								prinsiplər nəzərə alınmaqla müəyyən olunur. Bu 
								prosesdə daxili bir harmoniya mövcuddur. Belə ki, 
								təlim nəticələri konkret mərhələ üçün təyin 
								edilən məqsədləri, dövlət təhsil standartları 
								həmin məqsədlərin həyata keçirilməsinə 
								istiqamətlənmiş məzmunu, təlim strategiyaları 
								məqsədlərə görə müəyyən edilmiş məzmunun 
								reallaşdırılması yollarını, qiymətləndirmə 
								mexanizmləri isə əldə olunan nailiyyətlərin 
								obyektiv ölçülməsi, dəyərləndirilməsi 
								vasitələrini özündə ehtiva edir. 
								
								
								Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata 
								keçirildiyi dövrdə (2003-2007-ci illər) nəzərdə 
								tutulmuş İcra Planına görə Milli Kurikulum 
								sənədinin və bunun əsasında ümumtəhsil 
								məktəblərinin ibtidai təhsil səviyyəsi üçün fənn 
								kurikulumlarının hazırlanması məqsədilə 
								respublikanın görkəmli alimlərinin rəhbərlik 
								etdikləri tanınmış mütəxəssislərdən, qabaqcıl 
								məktəb rəhbərləri və müəllimlərdən ibarət işçi 
								qrupları yaradılmış, Dünya Bankının prosedur 
								qaydalarına uyğun aparılan tenderdə qalib gəlmiş 
								Hollandiyanın "CİTO Qroup" təşkilatı bu 
								proseslərə məsləhətçi xidmətini icra edən şirkət 
								seçilmişdir. Nəticə etibarilə uzun 
								müzakirələrdən sonra 2006-cı ildə Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 
								"Azərbaycan Respublikasında ümumi təhsilin 
								konsepsiyası (Milli Kurikulum)" sənədi və 
								2007-ci ildə təhsil nazirinin əmri ilə təsdiq 
								olunmuş I-IV siniflər üçün fənn kurikulumları 
								dünya təcrübəsinə əsaslanan müasir yanaşmaları 
								əks etdirməklə ölkəmizin ümumi təhsilində 
								əlamətdar hadisəyə çevrildi. Eyni zamanda həmin 
								sənədlərin layihələrinin hazırlanması və ardıcıl 
								müzakirəsi təhsil işçilərinin inkişaf etmiş 
								dövlətlərdəki mütərəqqi ideyalarla, qabaqcıl 
								təcrübə ilə tanış olmalarına, onlarda müasir 
								pedaqoji baxışların formalaşmasına geniş 
								imkanlar açdı. 
								
								
								Müqayisəli təhlillər apardıqca ümumi təhsilin 
								məzmununun müəyyənləşdirilməsinə verilən yeni 
								tələblərin və yanaşmaların üstünlüyü, strateji 
								xarakteri daha qabarıq şəkildə büruzə verilir. 
								Keçmiş sovetlər dönəmində qəbul olunmuş və bu 
								gün də mövcud vəziyyətə görə istifadə edilən 
								ənənəvi modelə nəzər salsaq, məzmun yalnız hər 
								bir fənn üzrə bölmə, bəhs və mövzuları əks 
								etdirən tədris proqramlarının hazırlanması ilə 
								məhdudlaşır. Bu proqramlar əsas etibarilə 
								fənyönümlüdür, həm də bəzi hallarda proqram 
								müəllifləri bir az da "irəli" gedərək fənlə elm 
								sahəsini eyniləşdirdikləri üçün fənnin məzmununa 
								sistemli şəkildə müvafiq elm sahəsinə aid 
								biliklər daxil edilir. Belə olan halda tədris 
								proqramları və onların əsasında yazılan 
								dərsliklər artıq materiallarla yükləndiyindən 
								şagirdlərdə əzbərçilik meyilləri güclənir və 
								bunun əksinə olaraq təfəkkürün inkişafında 
								lənglik əmələ gəlir. 
								
								
								Məzmun sahəsində yeni siyasətə görə isə başlıca 
								diqqət şagirdlərdə idraki bacarıqların, ilk 
								növbədə, təhlil, tətbiq və dəyərləndirmə 
								bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, 
								müstəqil qərar qəbuletmə və tədqiqatçılıq 
								qabiliyyətinin formalaşdırılmasına yönəldilir, 
								verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, 
								bilavasitə inkişafa, dünyagörüşün genişlənməsinə 
								xidmət etməsi ön planda saxlanılır. 
								
								
								Mənimsədiləcək məzmunun nəticəyönümlülük 
								əsasında müəyyən edilməsi heç də təsadüfi 
								xarakter daşımır. Çünki hər hansı bir mərhələdə 
								əldə olunacaq nəticələrin əvvəlcədən aydın 
								təsəvvür olunması həmin nəticələrə doğru aparan 
								yolun dəqiq və optimal müəyyən edilməsində əsas 
								rol oynayır. Məzmunun bilavasitə cəmiyyətin, 
								dövlətin tələbatlarına uyğunluğu, şagirdlərin 
								maraq və təhsil ehtiyaclarının ödənilməsinə, 
								onların istedad və potensial imkanlarının 
								inkişafına yönəldilməsi, təhsilalanlarda 
								şəxsiyyəti şərtləndirən zəruri həyati bacarıqlar 
								və dəyərlər formalaşdırması məhz təlim 
								nəticələrində öz ifadəsini tapır. 
								
								
								Qəbul olunmuş məntiqi ardıcıllığa görə, əvvəlcə 
								hər bir təhsil səviyyəsinin (ibtidai, ümumi orta, 
								tam orta) yekununda şagirdlərin qazanacaqları 
								minimum təhsil nailiyyətləri ümumi təlim 
								nəticələri formasında qruplaşdırılır. Təhsilin 
								hər hansı bir səviyyəsində tədris edilən fənlər 
								üzrə ümumi təlim nəticələri bilavasitə onların 
								əsasında formalaşdırılır və bu nəticələr də öz 
								növbəsində hər sinfin sonuna aid fənlər üzrə 
								nəticələri təyin edir. 
								
								
								Fənlər üzrə ümumi təlim nəticələri, əslində, 
								məzmunu müəyyən edən əsas standartlardır. Bu 
								standartlar fənn kurikulumlarında dövlət tələbi 
								kimi bütün siniflər üçün dəyişməz qalır və alt-standartlar 
								vasitəsilə sinifdən-sinfə inkişaf etdirilir. 
								
								
								Məzmun standartlarının həm mənimsədilməsi zəruri 
								hesab edilən biliklərdən, həm də bu biliklərin 
								mahiyyətinə uyğun olaraq şagirdlərin əldə 
								edəcəkləri bacarıqları ifadə edən 
								fəaliyyətlərdən ibarət olması onların dinamik 
								xarakterini gücləndirən başlıca amildir. Təkcə 
								elə bu fakt müəllimin təlim prosesində rolunu, 
								mövqeyini kökündən dəyişir, "müəllim-şagird" 
								münasibətlərinə yeni keyfiyyət gətirir, təlim 
								metodlarının çevikliyini və intensivliyini, 
								təhsilin keyfiyyətinin idarəolunmasında mühüm 
								əhəmiyyətə malik müasir qiymətləndirmə 
								mexanizmlərinin tətbiqini tələb edir. Fənn 
								kurikulumlarının tətbiq edildiyi 2008-2009-cu 
								dərs ili ərəfəsində və sonrakı ildə I siniflərdə 
								tədrisə cəlb olunan 18 min müəllimin öyrədici 
								təlim kurslarından keçirilməsi, onlara müxtəlif 
								treninqlərin və praktik tədbirlərin təşkil 
								edilməsi məhz həmin tələbdən irəli gəlmişdir. 
								
								
								Ümumi təhsilin məzmununun müasir yanaşmalar 
								üzərində qurulması dərslik yaradıcılığına 
								verilən tələblərə də yeni münasibət 
								formalaşdırmışdır. Müasir dünya təcrübəsini əks 
								etdirən həmin tələblər respublika Nazirlər 
								Kabineti ilə razılaşdırılıb təsdiq edilmiş "Ümumi 
								təhsil sistemində dərslik siyasəti" sənədində 
								ətraflı ifadə olunmuşdur. Bu sənədə uyğun olaraq, 
								dərsliklər müsabiqə yolu ilə komplekt şəklində (dərslik, 
								müəllim üçün metodik vəsait, şagirdlər üçün iş 
								dəftəri) hazırlanır. Bu komplektlər yalnız 
								Təhsil Nazirliyi nəzdində yaradılmış Dərslikləri 
								Qiymətləndirmə Şurasının təqdimatı əsasında 
								təsdiq olunduqdan sonra nəşr edilir. Dərslik 
								komplektlərinin həmin prosedur qaydalar üzrə 
								hazırlanması obyektivlik və şəffaflığın 
								gözlənilməsinə, dərslik yaradıcılığında sağlam 
								rəqabətin təmin edilməsinə və bunun nəticəsində 
								də dərsliklərin hazırlanması sahəsində zəruri 
								səriştə və potensial imkanlara malik təhsil 
								işçilərinin aşkara çıxarılmasına əhəmiyyətli 
								dərəcədə müsbət təsir göstərmişdir. 
								
								
								Bu gün ölkəmizin ümumtəhsil məktəblərinin I və 
								II siniflərində istifadə edilən dərslik 
								komplektləri müvafiq fənn kurikulumlarının 
								əsasında yazılmışdır. Bu komplektlərin başlıca 
								komponenti sayılan həmin dərsliklər fənn 
								kurikulumlarında təsbit olunmuş məzmun 
								standartlarının reallaşdırılmasında mühüm rola 
								malikdir. Aparılan təhlillərin, ibtidai sinif 
								müəllimləri, məktəb rəhbərləri və təhsil 
								mütəxəssislərinin iştirakı ilə keçirilən 
								müzakirələrin nəticələri göstərir ki, ilk 
								təcrübə olsa da, bu dərsliklər ictimaiyyətdə 
								maraq doğurmuş, müsbət qarşılanmışdır. 
								
								
								Təhsil Sektorunun İnkişafı Layihəsi 
								yekunlaşdırıldığı ərəfədə islahatların 
								miqyasının genişləndirilməsi məqsədilə yeni bir 
								layihənin - Təhsil Sektorunun İnkişafı üzrə 
								İkinci Layihənin hazırlanıb həyata keçirilməsi 
								qərarlaşdırıldı. Burada ümumi təhsilin məzmunu 
								sahəsində islahatyönümlü işlərin davam 
								etdirilməsi ilə yanaşı, dövlət başçısının 
								müvafiq sərəncamlarına əsasən təsdiq edilmiş 
								məktəbəqədər təhsilin yeniləşdirilməsi və 
								texniki peşə təhsilinin təkmilləşdirilməsi 
								barədə Dövlət Proqramlarına uyğun olaraq, həmin 
								sahələr üzrə təhsil kurikulumlarının 
								hazırlanması, yeni məzmun islahatlarının məqsəd 
								və mahiyyətinin təbliği ilə əlaqədar 
								ictimaiyyətdə maarifləndirici tədbirlərin 
								gücləndirilməsi nəzərdə tutulur. 2013-cü ilədək 
								reallaşdırılması planlaşdırılan bu işlər hazırda 
								ardıcıl həyata keçirilir. 
								
								
								Bütün bunları diqqətə çatdırarkən bir cəhət də 
								xüsusi vurğulanmalıdır ki, təhsilin məzmununun 
								tələb edilən səviyyədə müəyyənləşdirilməsi heç 
								də təhsilin keyfiyyətinin tam təmin olunması 
								demək deyildir. Bunun üçün lazımi 
								infrastrukturun mövcudluğu ən vacib 
								şərtlərdəndir. Biz təhsil işçiləri dərin iftixar 
								hissi keçiririk ki, Azərbaycan dövlətinin 
								başçısı, möhtərəm Prezident İlham Əliyevin 
								müntəzəm diqqət və qayğısı sayəsində ölkəmizdə 
								müasir standartlara cavab verən yeni məktəblərin 
								tikintisi ilbəil daha geniş vüsət alır, 
								məktəblərin maddi-texniki, tədris bazası ciddi 
								surətdə möhkəmləndirilir. Heydər Əliyev Fondunun 
								prezidenti, Milli Məclisin deputatı, YUNESKO və 
								İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım 
								Əliyevanın bu sahədəki danılmaz xidmətlərini də 
								xalqımız minnətdarlıq hissi ilə yüksək 
								qiymətləndirir. 
								
								
								Azərbaycan təhsilinin inkişafına belə bir 
								səviyyədə göstərilən diqqət və qayğı ölkəmizin 
								gələcəyi hesab olunan bugünkü uşaq və gənclərin 
								sağlam ruhlu, dövlətçiliyimizə sədaqətli, 
								vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına 
								böyük ümidlər yaratmaqla bərabər, təhsil 
								işçilərinin məsuliyyətini daha da artırır. Bu 
								gün təhsil sahəsi əsl vətəndaşlıq mövqeyi 
								nümayiş etdirilən strateji fəaliyyət meydanıdır. 
								Qəlbində Vətən və millət məhəbbəti olan hər bir 
								təhsil işçisi bu meydanda əzmkarlıqla çalışmalı, 
								təhsilimizin inkişafı naminə hər cür fədakarlığa 
								hazır olmalıdır.  
								
								
								
								İsgəndər İSGƏNDƏROV, 
								təhsil nazirinin müavini,  
								Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 
								Milli Əlaqələndiricisi,  
								əməkdar müəllim 
								"Azərbaycan" qəzeti N122  |