| 
								 
								
								İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci 
								dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai 
								sinif müəllimləri üçün təlim kurslarını təşkil
								 edəcək 
								4 qeyri-hökumət təşkilatı ilə Təhsil Nazirliyi 
								arasında müqavilələr imzalanıb. Təhsil naziri 
								Misir Mərdanov imzalanma mərasimində çıxış 
								edərək bildirib ki, Təhsil Nazirliyi ilə Dünya 
								Bankının birgə həyata keçirdiyi Təhsil 
								Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) 
								çərçivəsində 2009-2014-cü illər ərzində 
								ölkəmizdə təhsilin bir sıra mühüm sahələrini 
								əhatə edən 6 komponent üzrə islahatların davam 
								etdirilməsi nəzərdə tutulub. Həmin komponentlər 
								arasında sıx əlaqə və bağlılıq olduğunu deyən 
								nazir onların birinin digərindən ayrı təsəvvür 
								edilməsinin qeyri-mümkün olduğunu söyləyib. 
								Nazir qeyd edib ki, layihənin 1-ci komponentinin 
								əsas məqsədi əgər ümumi təhsil kurikulumu üzrə 
								islahatların həyata keçirilməsinə dəstək 
								verməkdən ibarətdirsə, 2-ci komponentin 
								vəzifələrindən biri ixtisasartırma sisteminin 
								müasirləşdirilməsi, müəllimlərin 
								səriştəliliyinin, pedaqoji bacarıqlarının və 
								fənn üzrə biliklərinin artırılması, 
								yeniləşdirilməsi ilə bağlıdır. Çünki tədrisin və 
								təlimin keyfiyyəti yeni kurikulumu, dərslikləri, 
								qiymətləndirmə üsullarını tətbiq edəcək 
								müəllimlərin hazırlığının keyfiyyətindən birbaşa 
								asılıdır.  
								
								
								Müəllimlərin yeni kurikulumun tətbiqi üzrə təlim 
								kurslarından keçirilməsi sahəsində son iki il 
								ərzində əldə olunmuş təcrübəyə diqqəti yönəldən 
								nazir bu işə 2008-ci ildən başlandığını, həmin 
								ilin iyun-avqust aylarında Azərbaycanın bütün 
								rayonları əhatə olunmaqla 9 minədək 1-ci sinif 
								müəlliminin təlimdən keçdiyini, prosesin 2009-cu 
								ildə də davam etdiyini və əlavə 9 min müəllimin 
								təlimə cəlb olunduğunu qeyd edib. Misir Mərdanov 
								həmin təlim kursları ilə eyni vaxtda əldə edilən 
								razılaşma əsasında YUNİSEF-in də fəal təlim 
								mövzusunda üçgünlük kurslar təşkil etdiyini 
								söyləyib.  
								
								
								Sonra təhsil naziri Misir Mərdanov TSİİL 
								çərçivəsində ikinci komponent üzrə 
								müəyyənləşdirilmiş vəzifələrdən biri olan 
								müəllimlərin ixtisasartırması xidmətlərinin 
								təklifi sahəsində rəqabət mühitinin yaradılması 
								yönündə görülən işlər barədə məlumat verib. 
								Nazir bildirib ki, Təhsil Nazirliyi 2010-2011-ci 
								dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai 
								sinif müəllimləri üçün təlim kursları keçəcək 
								müəssisələri müəyyənləşdirmək və onlarla 
								müqavilə bağlamaq məqsədilə ilin yanvar-fevral  
								aylarında  tender  elan  etmiş,  tender 
								sənədlərində təlim xidmətlərinin 12 lot üzrə 
								həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
								
								
								Tender komissiyasına 9 təşkilatdan müraciət 
								olunsa da, Dünya Bankı mərkəzi ofisinin təklifi 
								nəzərə alınaraq dövlət müəssisələri olan 
								Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun 
								tenderdən çıxarıldığını deyən nazir keçirilmiş 
								tender komissiyalarının qərarına əsasən, 4 
								təşkilatın - Müasir Təhsil və Tədrisə Yardım 
								Mərkəzi, "İnkişaf" Elmi Mərkəzi, Azad Müəllimlər 
								Birliyi və Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji 
								Texnologiyalar üzrə İctimai Birliyin təlim 
								kurslarını keçirmək hüququ qazandığını söyləyib. 
								Daha sonra nazir həmin qeyri-hökumət 
								təşkilatlarının hər birinin tenderi hansı lotlar 
								üzrə udduğu, təlimçi heyətlərinin sayı,  
								ümumilikdə  və hər bir lot üzrə hansı bölgələrdə, 
								neçə təlim mərkəzində, neçə təlimçi ilə və nə 
								qədər müəllim üçün kurslar təşkil edəcəkləri 
								barədə məlumatları diqqətə çatdırıb. 
								
								
								Nazir ümumilikdə Naxçıvan MR istisna olmaqla 
								respublikanın bütün rayonları əhatə olunmaqla 12 
								lot üzrə 127 təlim mərkəzində 8277 müəllimin 
								kursdan keçirilməsinin proqnozlaşdırıldığını və 
								bu kursların 109 təlimçi  tərəfindən 
								aparılacağını söyləyib. 
								
								
								Nazir onu da xüsusi vurğulayıb ki, təşkilatlar 
								onlarla bağlanacaq müqavilə şərtlərinə uyğun 
								olaraq təlim keçirmək hüququ qazandıqları lotlar 
								üzrə rayon və şəhərlərin ümumtəhsil 
								məktəblərinin 2010-2011-ci dərs ilində 1-ci 
								siniflərdə dərs deyəcək müəllimləri üçün yeni 
								ibtidai təhsil kurikulumu üzrə təlim kursunu 
								Təhsil Nazirliyinin təsdiq etdiyi təlim planı və 
								proqramı, onlara əlavə olunan nümunəvi təlim 
								materialları əsasında 6 gün ərzində gündə 6 saat 
								olmaqla ən çoxu 25 nəfərdən ibarət qruplarda 
								həyata keçirməli və hər müəllimin fərdi iştirak 
								səviyyəsi, hər təlim qrupunun təlim 
								nailiyyətləri haqqında Təhsil Nazirliyinə yekun 
								hesabat təqdim etməlidirlər. 
								
								
								Təhsil naziri çıxışında bağlanacaq müqavilənin 
								təlim kurslarının yüksək səviyyədə və 
								keyfiyyətli yerinə yetirilməsi üçün təlim 
								keçirən təşkilatların üzərinə qoyduğu 
								öhdəliklərə və vəzifələrə də toxunub, bu vacib 
								işin uğurla həyata keçirilməsi üçün bəzi 
								məsləhət və tövsiyələrini verib. 
								
								
								Azad Müəllimlər Birliyinin sədri Məlahət 
								Mürşüdlü, Şəxsiyyətin İnkişafı və  Yeni Pedaqoji 
								Texnologiyalar İctimai Birliyinin sədri Elxan 
								Əmirbəyov çıxış edərək rəhbəri olduqları 
								qurumlarla Təhsil Nazirliyinin birgə 
								fəaliyyətinə yaradılan şəraitə, onlara 
								göstərilən etimada görə təhsil nazirinə 
								təşəkkürlərini bildirib, öhdələrinə götürdükləri 
								işin məsuliyyətini dərk etdiklərini, onu uğurla 
								həyata keçirmək üçün bütün imkanlarını 
								səfərbərliyə alacaqlarını qeyd ediblər. 
								
								
								Sonra müqavilələrin imzalanması mərasimi 
								keçirilib. 2010-2011-ci dərs ilində I siniflərdə 
								dərs deyəcək ibtidai sinif müəllimləri üçün 
								təlim kurslarının təşkilinə dair müqavilələri 
								Təhsil Nazirliyi tərəfindən nazir Misir Mərdanov, 
								qeyri-hökumət təşkilatları tərəfindən Müasir 
								Təhsil və Tədrisə Yardım Mərkəzinin direktoru 
								Elmina Kazımzadə, "İnkişaf" Elmi Mərkəzinin 
								rəhbəri İradə Məmmədova, Azad Müəllimlər 
								Birliyinin sədri Məlahət Mürşüdlü və Şəxsiyyətin 
								İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə 
								İctimai Birliyin rəhbəri Elxan Əmirbəyov 
								imzalayıblar.  
								
								
								
								Yusif ƏLİYEV  |