| 
								 
								
								
								Təqdimat: 
								Gülşən Səmədova respublikamızın ən fəal ingilis 
								dili müəllimlərindəndir. 1988-ci ildə Azərbaycan 
								Dillər Universitetinin ingilis dili fakültəsini 
								bitirib. 2005-ci ildə TEA Proqramı ilə Amerika 
								Birləşmiş Ştatlarında  təcrübə mübadiləsi keçib. 
								Azərbaycan İngilis Dili Müəllimləri 
								Assosiasiyasının üzvüdür. 2006-2008-ci illərdə 
								Britaniya Şurasının xətti ilə Bolqarıstan və 
								Rumıniyada Gənc Müəllimlər Layihəsi üzrə 
								təlimlərdə iştirak edib. 2008-ci ildən XXI əsr 
								ümumtəhsil mərkəzində çalışan Gülşən müəllim 
								maraqlı layihələri və yaradıcı fəaliyyəti ilə 
								seçilir. 2008-2009-cu tədris ilində ölkə 
								Prezidentinin Sərəncamı ilə keçirilən  "Ən yaxşı 
								müəllim" müsabiqəsində qalib olmuşdur.  O, 
								Təhsil Nazirliyinin dəstəyi ilə Britaniya 
								Şurasının həyata keçirdiyi online ETTO layihəsi 
								üzrə Türkiyənin İstanbul şəhərində təlim 
								kursları keçib və hazırda həmin layihənin 
								moderatorudur. G.Səmədova ümumtəhsil 
								məktəblərinin 2-ci sinfi üçün kurikulum əsasında  
								tərtib edilmiş ingilis dili dərsliyinin 
								müəlliflərindən biri, İctimai televiziyanın "Adan 
								Z-ə kimi" ingilis dilini öyrənənlər və 
								öyrədənlər üçün proqramının aparıcılarındandır. 
								
								
								
								 Bu 
								il aprelin 7-11-i tarixlərində Gülşən Səmədova 
								Böyük Britaniyanın Harrogate şəhərində keçirilən 
								İATEFL (Beynəlxalg İngilis Dili Müəllimləri 
								Assosiasiyası) konfransının iştirakçısı olmuş "Qrammatikanın 
								öyrədilməsində oyunlardan istifadə" mövzusunda 
								çıxış etmişdir. Aşağıda G.Səmədova səfər 
								təəssüratlarını oxucularla bölüşür. 
								
								
								- İngiltərədə olmaq, İATEFL kimi möhtəşəm bir 
								təşkilatın konfransında iştirak etmək bir 
								ingilis dili  mütəxəssisi kimi mənim çoxdankı 
								arzum idi. Təbii ki, bu arzuma çatmaq üçün hər 
								bir imkandan istifadə etməyə çalışırdım. Ona 
								görə də konfrans haqqında məlumat alan kimi onda 
								iştirak etmək üçün mövzumun xülasəsini 
								hazırlayıb göndərdim. Xoşbəxtlikdən mövzum qəbul 
								edildi. Beləliklə, dünya çapında tanınmış 
								ingilis dili mütəxəssislərini dinləmək və 
								onlarla fikir mübadiləsi aparmaq üçün 
								İngiltərənin özəlliyini qoruyub saxlamış nadir 
								guşələrindən biri olan Harrogate şəhərinə getdim. 
								Harrogate dünyanın məşhur spa mərkəzlərindən 
								biridir. Burada 88 adda mineral su müalicə 
								məgsədi ilə istifadə olunur. Bu şəhərin tarixi 
								Bronte bacılarının, Aqata Kristinin və sair 
								məşhurların adı ilə bağlıdır və illər boyunca 
								mədəni mərkəz kimi tanınır.  
								
								
								İATEFL-in 44-cü konfransına dünyanin 150-dən çox 
								ölkəsindən 5000-dən çox iştirakçı gəlmişdi. 
								Möhtəşəm Exhibition mərkəzində keçirilən 
								konfrans dünyaya İnternet vasitəsilə online 
								yayımlanırdı. Bu da 15000-dən çox insana 
								konfransın işini bilavasitə canlı izləməyə imkan 
								yaradırdı. Dördgünlük konfransın proqramında 
								300-dən artıq mövzuda çıxışlar yer almışdır. 
								Konfransın plenar iclasında tanınmış 
								mütəxəssislər Tessa Uiduord (Tessa Woodward), 
								Ema Uşioda  Kieran Egan və Jan Blakenin 
								çıxışları oldu. Bütün ingilis dili müəllimlərinə 
								yaxşı tanış olan tədris materiallarının 
								müəllifləri Penny Ur,  David Chrystal da 
								konfransda maraqlı çıxışlar etdilər. Bu görkəmli 
								alimlərin çıxışları məzmun baxımından çox zəngin 
								olmaqla bərabər, həm də çox praktik mövzuları 
								əhatə edirdi. Bu günün tələblərindən olan 
								beynəlxalq test sistemləri və ingilis dilini 
								tədris edən müəllimlərin ixtisasartırma və 
								inkişaf yolu, ingilis dilinin ünsiyyət vasitəsi 
								kimi tədrisinin effektiv yolları və sair bu kimi 
								mövzular bütün iştirakçılar tərəfindən maraqla 
								qarşılandı. 
								
								
								Konfransın ilk iş günü müxtəlif ölkələrin 
								ingilis dili assosiasiyalarının təmsilçilərinin 
								görüşu ilə yadda qaldı. Mən Azərbaycandan gedən 
								yeganə nümayəndə kimi Assosiasiyalar günündə 
								AzETA-nı təmsil edərək Gənc Müəllimlər (NQT) 
								Xüsusi Maraq Qrupunun iş təcrübəsi haqda 
								təqdimatla çıxış etdim. İştirakçıları 
								maraqlandıran sualları cavablandırdım. 
								Argentina, Estoniya, Litva, Pakistan, Meksikadan 
								olan assosiasiya nümayəndələri bizim 
								assosiasiyanın bu sahədəki təcrübəsi ilə 
								yaxından maraqlanırdılar. 
								
								
								Konfransda ingilis dilinin tədrisinin müxtəlif 
								sahələri ilə bağlı çoxlu sayda mövzularda 
								təqdimatlar dinləndi. Mənim hazırladığım mövzu "Grammarinq" 
								simpoziumunda təqdim edildi. Mən bu mövzunu 
								işləyərkən müxtəlif layihələrdə qazandığım 
								təcrübədən və Azərbaycan müəllimlərinin bu 
								mövzuya münasibəti üzrə apardığım sorğu 
								nəticələrindən istifadə etmiş, eləcə də ETTO 
								layihəsinin beynəlxalq iştirakçılarının fikir 
								mübadiləsindən irəli gələn nəticələri 
								ümumiləşdirmişdim. Məruzəmdə ingilis dilinin 
								qrammatikasını tədris edərkən oyunlardan 
								istifadə zamanı öyrənənlərin qabiliyyətinə 
								istinad etməyin effektivliyindən bəhs edilir və 
								bu vasitədən istifadə edərkən müəllimlərin hansı 
								kriteriyalara əsaslanmasının vacibliyi 
								vurğulanırdı. Simpoziumda mənimlə bərabər 
								Şotlandiyadan Sevim İnal,  İngiltərədən Ken 
								Peterson,  Türkiyədən Birsen Tutuniş də aktual 
								mövzularla çıxış etdilər. İştirakçılara fasilədə 
								Vaqif Mustafazadənin "Düşüncələr"ini dinləmək 
								imkanı yaratmaq mənə xüsusi zövq verdi və bu 
								gözəl musiqiyə görə fəxarət hissi keçirdim.
								 
								
								
								Konfransin üçüncü günü "Harrogate Online" üçün 
								müsahibə verdim. Müsahibə zamanı aparıcıları 
								maraqlandıran Azərbaycan məktəbi və təhsil 
								sistemi,  tədris zamanı istifadə edilən 
								materiallar haqda sualları cavablandırdım. Canlı 
								yayımlanan müsahibə zamanı mən professional 
								inkişaf yolumdan bəhs edərək Təhsil Nazirliyinin 
								dəstəyi ilə "British Council" tərəfindən həyata 
								keçirilən layihələrin böyük rolunu qeyd etdim.
								 
								
								
								Konfransın mühüm əhəmiyyəti, ilk növbədə, 
								müxtəlif ölkələrin ingilis dili tədrisi 
								sahəsində topladığı müsbət təcrübənin yayılması, 
								effektiv öyrətmə texnologiyaları haqda məlumat 
								əldə edilməsi və ən başlıcası isə müxtəlif 
								ölkələrdən olan həmkarlarla  yeni əlaqələr 
								qurmaq imkanları əldə etmək idi. Böyük sevinc 
								hissi ilə qeyd etmək istədiyim görüşlərdən biri 
								də Sue Leather ilə oldu. Sue Leather NQT (Gənc 
								Müəllimlər) layihəsinin bilavasitə müəllifidir. 
								Layihə üçün ilk trenerlərin hazırlanmasında Sue 
								Leather mühüm rol oynamışdır. Sue üçün bu 
								layihənin Azərbaycanda uğurla davam etdiyini 
								öyrənmək çox sevindirici oldu. 
								
								
								Konfransda həmçinin ingilis dilinin tədrisində 
								istifadə olunan ədəbiyyatların nəşri ilə məşğul 
								olan ən tanınmış nəşriyyatların  yeni nəşrlərini 
								təqdim etmək üçün satış-sərgi təşkil edilmişdi.
								 
								
								
								İnsanda yaratmaq və daha kamil olmaq arzusu 
								oyadan belə konfranslarda iştirak etmək həm 
								şəxsi, həm də professional baxımdan əvəzsiz 
								təcrübədir. Ölkəmizin təhsil sisteminin daim 
								inkişafda olduğu bir zamanda dünya təcrübəsindən 
								yararlanaraq təhsil sahəsində daha böyük 
								irəliləyişə nail olmaq üçün müəllimlərin 
								ixtisasartırmasına verilən diqqət 
								təqdirəlayiqdir. Ölkəmizin birinci xanımı 
								Mehriban Əliyevanın təhsil sahəsində gördüyü 
								əməli işlərə biz müəllimlər də öz tərəfimizdən 
								töhfə verərək ixtisas püxtələşməsinə xüsusi 
								diqqət ayırmalı və dünya təhsil sistemindəki 
								yeniliklərlə ayaqlaşmalıyıq. İnkişafa aparan ən 
								qısa yol təhsil yoludur və bu yolun 
								aparıcılarından olmaq hər bir Azərbaycan 
								müəlliminin istəyi və amalına çevrilməlidir.  
								
								
								
								Gülşən SƏMƏDOVA, 
								XXI əsr ümumtəhsil mərkəzinin ingilis dili 
								müəllimi  |