| 
								 
								
								İyunun 3-də Ağstafa rayonunun Heydər Əliyev 
								Mərkəzində "Müasir texnologiyaların təhsildə 
								tətbiqi" mövzusunda regional konfrans keçirilib. 
								Təhsil Nazirliyinin Təhsil Sisteminin 
								İnformasiyalaşdırılması İdarəsinin "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı" çərçivəsində təşkil etdiyi konfransda 
								Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb 
								direktorları, təhsil şöbələrinin işçiləri, 
								müəllimlər, habelə Dövlət Proqramı çərçivəsində 
								Təhsil Nazirliyinin tərəfdaş-təşkilatları olan "Mədəd", 
								AZEDUNET, "Microsoft", "Intel gələcək üçün 
								təhsil proqram" və "Ultra" iştirak ediblər. 
								Dövlət Proqramı çərçivəsində toplanmış müsbət 
								təcrübəni bölüşmək üçün, Bakı məktəblərindən 
								İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də 
								konfransa dəvətli olublar. 
								
								
								Konfransı giriş sözü ilə açan Ağstafa Rayon İcra 
								Hakimiyyəti başçısının humanitar məsələlər üzrə 
								müavini Lalə Eyyubova təhsilin müasir həyatda 
								vacibliyini qeyd edərək, müasir texnologiyalar 
								vasitəsilə tədrisin daha yüksək səviyyədə 
								qurulduğunu vurğulayıb. L.Eyyubova Ağstafa 
								rayonunda təhsilin informasiyalaşdırılmasına 
								xüsusi diqqət yetirildiyini söyləyib.  
								 
								
								
								Təhsil Nazirliyinin Təhsil Sisteminin 
								İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir 
								Məmmədov çıxışında Dövlət Proqramının 
								komponentləri və proqram çərçivəsində görülmüş 
								işlər haqqında ətraflı məlumat verib. 
								 
								
								
								Konfransda "Mədəd" təşkilatının icraçı direktoru 
								Elbrus Zərbaliyev "Tədrisdə yeni imkanlar, dünya 
								təcrübəsindən istifadə" mövzusunda təqdimatla 
								çıxış edib. E.Zərbaliyev çıxışında Dövlət 
								Proqramı çərçivəsində müəllimlərin İKT-nin 
								tədrisdə tətbiqi üzrə biliklərinin artırılması 
								təlimlərindən geniş danışıb. E.Zərbaliyev qeyd 
								edib ki, Dövlət Proqramı çərçivəsində 
								Azərbaycanın müxtəlif regionlarında müəllimlərə 
								İKT üzrə biliklərin verilməsini "Mədəd" 
								təşkilatı 90 təlim mərkəzi,  250 təlimçi və 
								inzibati heyət vasitəsilə həyata keçirir. Bu 
								təşkilat indiyədək 2,5 min məktəbdə çalışan 40 
								mindən artıq pedaqoji işçi və inzibati idarəetmə 
								heyətinə treninqlər keçib.  
								
								
								AZEDUNET təşkilatının direktoru Səməd Abbasov 
								Azərbaycan təhsil şəbəkəsi (AZEDUNET) haqqında 
								danışıb. Bildirilib ki, 500 təhsil müəssisəsi 
								artıq Azərbaycan təhsil şəbəkəsinə qoşulmuşdur. 
								Bu il növbəti 500 təhsil müəssisəsinin təhsil 
								şəbəkəsinə qoşulması planlaşdırılıb. 
								
								
								Konfrans çərçivəsində "Elektron təhsil 
								resursların yaradılması", "İnternet tədris 
								vasitəsi kimi",  "Elektron məktəb" layihəsi, "İntel 
								gələcək üçün təhsil" layihəsi və "İnnovativ 
								müəllim müsabiqəsi" mövzularında "dəyirmi 
								masa"lar keçirilib.   |