|   | 
										
										
										Yerləşir:  | 
										
										
										ABŞ, Kaliforniya ştatı, Berkli şəhəri
										 | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1868-ci il  | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət    | 
									 
									
										| 
										
										Müəllimlərin ümumi sayı: | 
										
										
										2131 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										35843 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri:   | 
										
										
										2,3 milyard ABŞ dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.berkeley.edu | 
									 
								 
								
								
								Berkli Kaliforniya Universiteti (University of 
								California, Berkeley) ABŞ-ın Kaliforniya 
								ştatının Berkli şəhərində yerləşir. Böyük 
								Britaniyanın "Times Higher Education Supplement 
								- QS World Universities Rankings" jurnalının 
								2009-cu ildə apardığı dünya universitetlərinin 
								reytinqinə əsasən, Berkli Kaliforniya 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								39-cu yerdə sıralanıb.  
								
								
								Berkli Kaliforniya Universiteti Amerika 
								Universitetləri Assosiasiyasının 
								yaradıcılarından biridir.  
								
								
								Tarixi  
								
								
								 1866-cı 
								ildə özəl Kaliforniya Kolleci maliyyə çətinliyi 
								səbəbindən dövlət tabeliyindəki Kənd Təsərrüfatı, 
								Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər 
								kollecləri ilə birləşdirilərək Kaliforniya 
								Universiteti yaradılır. 1868-ci il martın 23-də 
								Kaliforniya ştatının qubernatoru Henri Heyt 
								Kaliforniya Universitetinin yaradılması haqqında 
								nizamnaməni imzalayır. 1870-ci ilədək 
								universitetin prezidenti vəzifəsini professor 
								Con Le Kont icra etsə də, həmin ildən etibarən 
								Regentlər Şurası bu vəzifəyə özəl Kaliforniya 
								Kollecinin yaradıcısı Henri Dyurantı seçir.
								 
								
								
								Universitetin açılışı 1869-cu ilin sentyabrında 
								müvəqqəti olaraq Oklend şəhərində yerləşən 
								binada baş tutur. Regentlər Şurasının qərarına 
								əsasən qızlar oğlanlarla birgə universitetdə 
								təhsil almaq hüququna malik olurlar. 1873-cü 
								ildə universitet 167 oğlan və 222 qız tələbəsi 
								ilə Berkli şəhərində yeni tikilən Cənub və Şimal 
								binalarına köçür. Universitet tədricən inkişaf 
								edir, yeni-yeni korpuslar açılır, proqramlar 
								qəbul edilir. 
								
								
								II Dünya müharibəsi zamanı Qlenn Sibborq 
								gizlincə plutoniumu kəşf etdikdən sonra 
								Kaliforniya Universitetinin fizika üzrə 
								professoru Ernest Orlando Lourens Amerika ordusu 
								ilə saziş imzalayaraq Radioloji 
								Laboratoriyasında atom bombası hazırlamağa 
								başlayır. 1942-ci ildə universitetin professoru 
								Robert Oppenqeymer Manhetten Layihəsinə elmi 
								rəhbər təyin edilir. Lourens Berkli Milli 
								Laboratoriyası ilə yanaşı universitet 1943-cü 
								ildən Los-Alamos Milli, 1952-ci ildən isə 
								Lourens Livermor Milli laboratoriyaları ilə 
								əməkdaşlıq edir. Kaliforniya Universitetində 
								oğlan tələbələrə mütləq hərbi hazırlıq keçilirdi, 
								II Dünya müharibəsi dövründə isə bu ənənə daha 
								da möhkəmləndirilir. 
								
								
								1949-cu ildə Regentlər Şurası antikommunist andı 
								içirlər və universitetin bütün işçi heyətini də 
								buna məcbur edirlər. Buna etiraz edən 
								müəllimlərin isə maaşı kəsilir. Yalnız 10 il 
								keçdikdən sonra onlar pullarını almağa müvəffəq 
								olurlar.   
								
								
								1952-ci ildə Kaliforniya Universitetinin 
								kampusları nisbi sərbəstlik qazanır. Berkli 
								şəhərindəki kampus da müstəqil fəaliyyət 
								göstərməyə və Berkli Kaliforniya Universiteti 
								adlandırılmağa başlayır. Professor Klark Kerr 
								Berkli Kaliforniya Universitetinin ilk kansleri 
								olur. 
								
								
								 1960-cı 
								illərdə Berkli Kaliforniya Universiteti söz 
								azadlığının təmin olunduğu məkan kimi tanınmağa 
								başlayır. 1964-cü ildə burada Vyetnamda gedən 
								müharibəyə, 1969-cu ildə isə Xalq Parkı üçün 
								universitet ərazisinin istifadəsinə qarşı tələbə 
								aksiyası keçirilir və ABŞ Milli Qvardiyasının 
								köməyi ilə aksiyanın qarşısı alınır. Bununla 
								yanaşı, yerli amerikalılar (hindular) ali 
								məktəbin Antropologiya muzeyindən orada 
								saxlanılan qalıqların repatriasiyasını tələb 
								edir, heyvanların mühafizəsi ilə məşğul olan 
								şəxslər professor-müəllim heyətini heyvanlar 
								üzərində elmi təcrübə aparmaqda günahlandırır, 
								yerli icmalar universitetin tikinti işlərinə və 
								rəssam-heykəltəraşların istifadəsi üçün 
								ağacların qırılmasına etiraz edirlər. 
								 
								
								
								Hazırda Berkli Kaliforniya Universitetinin 
								tələbələri siyasi baxımdan daha az aktivdirlər. 
								Tələbələrin əksəriyyətini mötədil və 
								konservantlar təşkil edir. Müəllimlər arasında 
								isə demokratların respublikaçılara nisbəti 
								9:1-dir.  
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								2009-2010-cu tədris ilində Berkli Kaliforniya 
								Universitetində bakalavr pilləsində təhsil alan 
								yerli tələbələrin təhsil haqqı 5459, əcnəbi 
								tələbələrin təhsil haqqı isə 16841 ABŞ dolları 
								olub. MBA proqramı üzrə magistratura pilləsində 
								təhsil yerli tələbələr üçün 18525, əcnəbi 
								tələbələr üçün isə 23125 ABŞ dolları, hüquq 
								fakültəsi - 18532 ABŞ dolları (yerli), 24655 ABŞ 
								dolları (əcnəbi), tibb fakültəsi - 13398 ABŞ 
								dolları (yerli), 19521 ABŞ dolları (əcnəbi) və 
								s. olub.  
								
								
								Berkli Kaliforniya Universitetində maddi durumu 
								çətin olan tələbələrə təhsil haqlarını ödəmələri 
								üçün kredit və təqaüdlər təklif edilir. Bununla 
								yanaşı əlaçı, yaradıcı, istedadlı tələbələr də 
								müxtəlif məbləğli təqaüd və mükafatlara layiq 
								görülürlər. İlkin olaraq təqaüdün məbləği 1544, 
								2000, 8000 ABŞ dolları təşkil edir. 
								
								
								2009-cu ildə Berkli Kaliforniya Universitetinin 
								illik gəliri 1809000000 ABŞ dolları təşkil edib. 
								Həmin məbləğin 28%-i dövlət vəsaiti, 20%-i 
								təhsil haqqı, 19%-i tədqiqatlar, 18%-i icarəyə 
								verilmiş ərazilər, qalan faizi isə digər 
								vəsaitlər hesabına əldə olunan gəlirlərdir. 
								Universitetin İanə fondunun gəlirləri isə həmin 
								il 2,3 milyard ABŞ dollarına bərabər olub. Fond, 
								əsasən, valideynlərin və məzunların maliyyə 
								yardımı nəticəsində vəsait toplayır. Ümumiyyətlə, 
								Berkli Kaliforniya Universiteti üçün fondun 
								gəlirlərinin yüksək olması daha önəmlidir, şəxsi 
								gəlirləri hesabına universitet sürətli 
								inkişafını təmin edir.  
								
								
								Universitet bu gün 
								
								  
								
								
								 Berkli 
								Kaliforniya Universitetinin kampusu təxminən 5 
								km2 ərazini əhatə edir. Həmin ərazinin 3,2 km2 
								Ekologiya qoruğu, Botanika bağı və Strouberri 
								Kanyonu istirahət mərkəzinə, 0,8 km2 Lourens 
								Berkli Milli Laboratoriyasına aiddir. Əsas 
								kampusun qərbində çoxlu sayda məşhur restoranlar 
								var. Oradan şimalda isə müəllimlərin yaşadığı 
								yüksək səviyyəli yaşayış rayonlarının olduğu 
								Berkli-Hills, doktorant və tədqiqatçıların 
								məskunlaşdığı Nortsayd rayonu yerləşir. Əsas 
								kampusun cənubunda isə tələbə yataqxanalarının, 
								mağazaların, restoran və kafelərin olduğu 
								Teleqraf Avenyu rayonu mövcuddur. Bu ali təhsil 
								ocağının kampusu meşə massivləri ilə zəngindir. 
								Meşələrdə Şimali Amerikanın ən hündür yarpaqlı 
								ağac növlərinə rast gəlmək mümkündür. 
								 
								
								
								Berkli Kaliforniya Universitetinin ən qədim 
								binaları 1873-cü ildə viktorian-empirik üslubda 
								tikilmiş Sout Holl və Frederik Olmstedin inşa 
								etdiyi Pidmont Avenyudur. Universitetin 
								kampusundakı binaların 20-dən çoxu professor-memar 
								Con Hovard Qalen tərəfindən inşa edilib. Burada 
								klassik üslubda tikilmiş Herst Yunan Teatrı, 
								Herst Memorial Dağ-mədən binası, Memorial 
								kitabxana, Uiller, Le Kont, Gilman, Hevilend 
								binaları, qotik üsluba aid Dvinell, Stivens və 
								s. binaları mövcuddur. Məşhur Sater qapısı və 94 
								m hündürlüyündə Sater qülləsi Berkli Kaliforniya 
								Universitetinin əsas kampusunun girəcəyində 
								yerləşir. Universitet haqqında dərc olunan 
								materiallarda məhz bu memarlıq nümunəsinin 
								şəkilləri əksini tapır. Hovardın müəllifi olduğu 
								tikililər tarixi memarlıq abidələri kimi dövlət 
								tərəfindən qorunur.  
								
								
								Berkli Kaliforniya Universitetinin çoxlu sayda 
								böyük yataqxanaları var və onlar tələbələrdən 
								başqa işçi heyət üçün də nəzərdə tutulub. Əsas 
								kampusdan cənubda birinci kurs tələbələri üçün 4 
								yataqxana kompleksi - Unit 1, 2, 3 və Klark Kerr 
								yerləşir. Bu kompleksin yaxınlığındakı 
								Çanninq-Bouditç və İda Cekson binalarında isə 
								yuxarı kurs tələbələri qalır. Klark Kerr 
								yataqxanasının yanında yerləşən geniş və rahat 
								yataqxanalarda isə daha çox idmançı və fiziki 
								qüsuru olan tələbələr məskunlaşır. Əsas kampusun 
								şərqində Futhill, qızlar üçün Stern, oğlanlar 
								üçün qədim Boulz yataqxanaları  yerləşir.  
								Ailəli tələbələr üçün iki qrup yataqxana 
								mövcuddur: Universitet kəndi və Smit-Fernvald. 
								Universitet kəndi Kaliforniya ştatının Olbani 
								şəhərciyindədir, Smit-Fernvald yataqxanası isə 
								köhnəldiyindən bu il onun sökülməsi 
								planlaşdırılır. Yataqxanalarda yüksək sürətli 
								İnternet şəbəkəsinə qoşulmuş 1, 2 və daha çox 
								otaqlar, kitabxana, oxu zalı, kompüter otaqları, 
								yeməkxanalar, idman, konsert zalları tələbələrin 
								istifadəsindədir.  
								
								
								Berkli Kaliforniya Universitetinin nəzdində 14 
								kollec və məktəb fəaliyyət göstərir. Kolleclərdə 
								bakalavrlarla yanaşı magistr və doktorantlar da 
								təhsil ala bilərlər, məktəblər isə yalnız 
								magistr və doktorantlar üçün nəzərdə tutulub.
								 
								
								
								 Yazılar 
								(Filologiya) və Elmlər Kolleci universitetin ən 
								böyük kollecidir və burada biologiya, dəqiq, 
								incəsənət və humanitar, sosial elmlərə aid 60 
								bölmə mövcuddur. Kollec universitet səviyyəsində 
								İncəsənət Bakalavrı dərəcəsi verir. 
								
								
								Təbii Resurslar Kolleci kənd təsərrüfatı və 
								resursları, ekologiya, siyasət və idarəetmə, 
								qida haqqında elm və toksikologiya, bitki və 
								mikroorqanizmlər biologiyası bölmələrindən 
								ibarətdir. Kollecdə bakalavr, magistr və 
								doktorluq dərəcələri verilir. 
								
								
								Ekoloji Dizayn Kollecinə memarlıq, landşaft 
								memarlığı, şəhər və regional planlaşdırma 
								bölmələri aiddir. Kollecdə hər üç elmi dərəcə 
								təklif olunur.  
								
								
								Mühəndislik Kolleci biomühəndislik, vətəndaş və 
								ekologiya mühəndisliyi, elektrotexnika və 
								kompüter elmləri, sənaye mühəndisliyi və 
								əməliyyat tədqiqatları, materialşünaslıq və 
								mühəndislik, maşınqayırma, nüvə texnologiyası 
								bölmələrindən ibarətdir. Kollec hesablama 
								texnikası üzrə incəsənət bakalavrı və digər 
								bakalavr səviyyələri təklif edir. 
								
								
								Kimya Kollecinə kimya və kimya texnologiyası 
								bölmələri daxildir. Kollecdə bakalavr, magistr 
								və doktorluq səviyyələri verilir. 
								
								
								Haas Biznes Məktəbi MBA proqramlarının təşkili 
								üzrə ölkədə birinci yerləri tutur. Məktəb "İnnovasiyalar 
								üzrə liderlik" təcrübəsi ilə tanınıb. Burada 
								magistr və doktorluq dərəcələri təklif olunur.
								 
								
								
								Qoldman Dövlət Siyasəti Məktəbinin tədris 
								proqramına siyasi elementlərin, 
								mikroiqtisadiyyat nəzəriyyəsinin və statistik 
								modelləşmənin  hüquqi analizi, qərar qəbuletmə 
								prosesi və s. daxildir. Proqram  tələbələrə 
								siyasətin konkret sahəsi üzrə fikrini 
								cəmləşdirməyə və siyasət vasitələri toplamağa 
								imkan yaradan beş fakültativdən ibarətdir. 
								Məktəb Dövlət Siyasəti üzrə magistr və doktorluq 
								səviyyələri verir. Burada bakalavr dərəcəsi 
								verilməsə də, təhsilin ilkin proqramları da 
								təklif olunur.   
								
								
								Hüquq Məktəbində hüquqşünaslıq, ictimai siyasət, 
								biznes, hüquq və iqtisadiyyat, müqayisəli hüquq 
								tədqiqatları, ekologiya hüququ, beynəlxalq hüquq, 
								hüquq və texnologiya, ictimai ədalət və digər 
								proqramlar öyrədilir, magistr və doktorluq 
								dərəcələri verilir. 
								
								
								 Optometriya 
								Məktəbi optometriya (oftalmologiya ilə yanaşı 
								göz problemlərinin aradan qaldırılması ilə 
								məşğul olan tibbi sahə) və digər kliniki 
								ixtisaslar, psixologiya, molekulyar və hüceyrə 
								biologiyası üzrə proqramlar təklif edir. Məktəb 
								Optometriya Doktoru (OD) dərəcəsi verir. 
								 
								
								
								İctimai Səhiyyə Məktəbində stomatologiya, 
								biostatistika, epidemiologiya, sağlam qidalanma, 
								infeksion xəstəliklər və vaksinologiya, ana və 
								uşaqların sağlamlığı, sağlamlıq ekologiyası, 
								səhiyyə və ictimai davranış, səhiyyə siyasəti və 
								s. üzrə mükəmməl təhsil almaq mümkündür. Məktəb 
								İctimai Səhiyyə Magistri (MPH) və İctimai 
								Səhiyyə Doktoru (Dr.PH) dərəcələri təklif edir. 
								
								
								Sosial Təminat Məktəbi ictimai fəaliyyət sahəsi 
								üzrə yeni nəsil alimlər, hüquq müdafiəçiləri, 
								siyasətçilər hazırlayır. Onlar dünyanın bir çox 
								ölkələrində olan kasıb ailələrin, evsizlərin, 
								ruhi xəstəlikdən əziyyət çəkənlərin, qocaların, 
								əlillərin, zorakılıq qurbanlarının, bir sözlə, 
								köməyə ehtiyacı olan hər bir şəxsin hüquqlarını 
								müdafiə edir və onlara yardım göstərirlər. 
								Məktəb bakalavr, magistr və doktorluq 
								səviyyələri təklif edir. 
								
								
								İnformasiya Məktəbi informasiya sahəsi üzrə 48 
								magistr proqramı təklif edir. 2 il davam edən 
								magistr pilləsinin birinci ili informasiyanın 
								təşkili, axtarılması, analizi, informasiya 
								hüququ və siyasətinin öyrənilməsinə, ikinci ili 
								isə dərəcə almaq hazırlığına sərf olunur. 
								Doktorluq pilləsində isə tələbə konkret 
								ixtisaslaşma sahəsi seçir, kifayət qədər 
								ədəbiyyat toplayır və tədqiqatlar aparır, yazılı 
								və şifahi imtahanlar verir, nəticədə də yazılı 
								dissertasiya müdafiə edir. 
								
								
								Jurnalistika Ali Məktəbində jurnalistikanın 
								ilkin 7 sahəsi - qəzet, jurnal, fotomüxbirlik, 
								sənədli film, radio, televiziya, KİV və  yeni 
								Kütləvi İnformasiya Vasitələri (İnternet, 
								multimedia) öyrədilir. Burada jurnalistikaya 
								praktik yanaşmaya xüsusi diqqət ayrılır, 
								tələbələrin real təcrübə əldə etməsi üçün 
								onların müxtəlif Kütləvi İnformasiya 
								Vasitələrində təcrübə keçməsi təmin edilir. 
								Tələbələrin məqalələri, hekayələri məktəbin 
								İnternet saytında dərc olunur.  Məktəb 
								Jurnalistika Magistri (MJ) dərəcəsi verir. 
								
								
								Təhsil (Pedaqogika) Ali Məktəbi təhsil sahəsi 
								üzrə müəllim və tədqiqatçılar hazırlayır, 
								magistr və doktorluq elmi dərəcələri verir. 
								 
								
								
								Berkli Kaliforniya Universitetinin kitabxana 
								sisteminə 32 kitabxana daxildir. Bu, sahəsinə 
								görə dünyanın ən böyük kitabxana kompleksidir. 
								2008-ci ildə Berkli Kaliforniya Universitetinin 
								kitabxanası Şimali Amerika universitetləri 
								kitabxanaları arasında ən yaxşı kütləvi elmi 
								tədqiqatlar kitabxanası seçilib. Ümumilikdə 
								kitabxana sisteminə 10 milyondan çox kitab, 
								90000 dövri nəşr, 415900  kitabça, 5 milyon 
								mikrofilm, 410000 xəritə, 109000 hökumət sənədi, 
								60000 səsyazma və 6350 video daxildir. Əsas 
								kolleksiya yeraltı Qardner Meyn Stek və Moffit 
								Bakalavriat kitabxanalarında toplanıb. 
								Universitetin üç əsas kitabxanası Doe, Moffit və 
								Bankroftdur. Doe kitabxanasında universitetin 
								iki ən böyük oxu zalı olan Şimali və Heyns (Şərqi) 
								zalları yerləşir. 
								
								
								Berkli Kaliforniya Universitetində zəngin 
								kolleksiyaya malik Fibi Herst Antropologiya, 
								Essiq Entomologiya, Paleontologiya, Onurğalılar 
								Zoologiya muzeyləri, İnsan Təkamülü Tədqiqat 
								Mərkəzi, Botanika bağı, Universitet və Cepson 
								Herbari Mərkəzi fəaliyyət göstərir. Sakit okean 
								Film Arxivində 10000-dən çox film saxlanılır.
								 
								
								
								Berkli Kaliforniya Universitetinin kansleri 
								hazırda fizika, materialşünaslıq və mühəndislik 
								sahələri üzrə professor Robert Birgeneaudur. 
								Corc Breslauer isə universitetin vitse-kansleri 
								və baş elmi işçisidir. Ali məktəbin inzibati 
								işlər üzrə vitse-kansleri Natan Brostromdur. 
								Ümimilikdə universitetdə 2131 müəllim çalışır. 
								Onların arasında 7 Nobel, 4 Pulitzer mükafatı 
								laureatı, 28 MakArtur təqaüdçüsü var. 
								 
								
								
								Berkli Kaliforniya Universitetində 2009-2010-cu 
								tədris ilində 35843 nəfər tələbə təhsil alıb. 
								Onların 25530 nəfərini bakalavr, 10313 nəfərini 
								isə magistr və doktorantlar təşkil edib. 
								Bakalavrların 53,  magistr və doktorantların isə 
								55%-i qızlar olub.  
								
								
								Berkli Kaliforniya Universitetində 700-ə yaxın 
								tələbə qrupu var. Burada müxtəlif millətləri 
								təmsil edən tələbə qruplaşmaları mövcuddur. 
								Bundan irəli gələrək universitetin kampusunda 
								tez-tez irqçilik mübahisələri yaranır, xüsusən 
								də asiyalı tələbələrə qarşı. Universitetdə "The 
								Daily Cal" müstəqil tələbə qəzeti, 2005-ci ildə 
								açılmış CalTV televiziya yayımı, KALX FM radiosu 
								fəaliyyət göstərir.  
								
								
								Universitetin idman komandaları "Kaliforniyanın 
								qızıl ayıları" adlandırılır. Onlar 100-dən çox 
								Olimpiya qızıl medalına layiq görülüblər. İdman 
								növlərindən burada xüsusi ilə futbol, basketbol, 
								beysbol, softbol, gimnastika, su polosu, reqbiyə 
								daha çox üstünlük verilir. 
								
								
								Berkli Kaliforniya Universitetinin müəllim və 
								məzunları arasında ümumilikdə 65 Nobel 
								mükafatına layiq görülmüş şəxs var. Məzunlardan 
								"Apple", "Intel", "Google", "MySpace", "Adobe 
								Systems", "Electronic Arts", "VMware", "HTC 
								Corporation", "Qualcomm", "Sun Microsistems" 
								kampaniyalarının yaradıcıları və rəhbərlərini 
								qeyd etmək olar.  
								
								
								Berkli Kaliforniya Universitetinin kansleri, 
								professor Robert Birgeneau rəhbərlik etdiyi ali 
								təhsil ocağını belə xarakterizə edir: "Berkli 
								təpələrindən qərbə tərəf günəşin batmağını 
								müşahidə edərkən qızılı rəngə boyanmış Sater 
								qapısını, universitetin geniş qərb sərhədlərini 
								görmək mümkündür. Lakin Berkli Kaliforniya 
								Universiteti bu gün coğrafi sərhədlərindən daha 
								çox intellektual sərhədlərinin 
								genişləndirilməsində maraqlıdır. Nümunəvi dövlət 
								universiteti kimi Berkli Kaliforniya 
								Universitetinin rolu o qədər önəmlidir ki, onun 
								ən yüksək səviyyəyə çatması üçün biz əlimizdən 
								gələni etməliyik. Tədris və tədqiqatlarda yol 
								verilən istənilən uğursuzluq təkcə universitetin 
								nüfuzunun deyil, eləcə də dövlətin təhsil 
								standartlarının aşağı düşməsinə səbəb olur".   
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Lourentin Brinkhorst | 
										
										
										Niderlandın xanım şahzadəsi | 
										  | 
									 
									
										|   | 
										
										
										Haakon Maqnus | 
										
										
										Norveçin varis şahzadəsi | 
										  | 
									 
									
										|   | 
										
										
										Zülfüqar Əli Bhutto   | 
										
										
										Pakistanın sabiq prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Fransisko Madero  | 
										
										
										Meksikanın sabiq prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Migel Anhel Rodriges  | 
										
										
										Kosta-Rikanın sabiq prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Sun Fo | 
										
										
										Çin Respublikasının Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert MakNamara | 
										
										
										"Ford Motor" kampaniyasının prezidenti 
										ABŞ-ın sabiq təhlükəsizlik naziri  
										Dünya Bankının sabiq prezidenti  | 
										  | 
									 
									
										|   | 
										
										
										Stiv Vozniak  | 
										
										
										"Apple" kompüterinin həmtəsisçisi | 
										  | 
									 
									
										|   | 
										
										
										Qordon Mur | 
										
										
										"İntel" yarımkeçirici şirkətinin 
										həmtəsisçisi | 
										  | 
									 
									
										|   | 
										
										
										Erik Şmidt | 
										
										
										"Google Inc" kampaniyasının icraçı 
										direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Qreqori Pek | 
										
										
										məşhur aktyor, Oskar mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Natali Kaflin | 
										
										
										bir neçə Olimpiya qızıl medalı qazanmış 
										üzgüçü | 
										  | 
									 
									 
								
								
								Universitetin Nobel mükafatçıları  
								
									
										|   | 
										
										
										Oliver Uilliamson | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Karol Qreyder | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Endryu Faye | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Meter   | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Tomas Şellinq | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Qross | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Sidney Brenner | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Corc Akerlof  | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Alan Higer   | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Daniel MakFadden | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Amartya Sen | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Tomas Keç | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Çeslav Miloş | 
										
										
										ədəbiyyat  üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									 
								
								
								  
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |