| 
								 
								
								May ayının sonlarında Türkiyə Cümhuriyyətinin 19 
								mayıs Samsun Universitetində beynəlxalq 
								simpozium keçirilmişdir. Simpozium torpaq və su 
								üzrə regionlarda təbii ehtiyatların səmərəli 
								istifadəsinə və onların idarə olunmasına həsr 
								edilmişdir. 
								
								
								Simpoziumda dünyanın 37 ölkəsindən 250-dən çox 
								tədqiqatçı mütəxəssis və alim iştirak etmişdir. 
								Simpoziumda ölkəmizi Azərbaycan Milli Elmlər 
								Akademiyasının müvafiq institutlarının, Naxçıvan  
								Dövlət Universitetinin əməkdaşlarından ibarət 12 
								nəfərlik elmi heyət təmsil etmişdir.  Burada 
								oxunan məruzələrdə Yer kürəsində baş verən iqlim 
								dəyişmələri, torpaq və su ehtiyatlarından 
								istifadənin elmi əsaslarla idarə edilməsi əsas 
								mövzu kimi geniş şəkildə müzakirə edilmişdir. 
								
								
								Simpoziumun iştirakçıları 19 mayıs Samsun 
								Universitetinin laboratoriyalarında və tədqiqat  
								aparılan sahələrində olmuş, universitet 
								əməkdaşlarının elmi nailiyyətləri haqqında 
								məlumat əldə etmişlər. Simpozium ingilis dilində 
								keçirilmiş, burada 360-a qədər məruzə qeydə 
								alınmış, onların bir qismi üç bölmədə üç  gün  
								ərzində  dinlənilmiş,  bir  qismi  isə  poster 
								variantında təmaslı müsahibə şəklində təqdim 
								edilmişdir.  
								
								
								Simpoziumda azərbaycanlı alimlərdən AMEA-nın 
								müxbir üzvü, professor Məhərrəm Babayevin, kənd 
								təsərrüfatı elmləri namizədləri Qurban Əzizov, 
								Mustafa Mustafayev və Nailə Orucovanın, aspirant 
								Ramin Osmanovun məruzələri maraqla 
								qarşılanmışdır. Naxçıvan Dövlət Universitetinin 
								ÜTF və Ekologiya kafedrasının müdiri, kənd 
								təsərrüfatı elmləri doktoru,  professor Əlövsət 
								Quliyev  "Naxçıvan Muxtar Respublikasının 
								torpaqlarının ekomeliorativ qiymətləndirilməsi" 
								mövzusunda məruzə etmişdir.  
								
								
								Simpoziumda iştirak edən alimlərin məruzələri 
								çap edilərək elektron variantda İnternet 
								saytında yerləşdirilmişdir. 
								
								
								Naxçıvan Dövlət Universitetinin nümayəndəsi, 
								kənd təsərrüfatı elmləri doktoru,  professor 
								Əlövsət Quliyev bildirmişdir ki, simpozium 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya 
								ili" elan olunduğu bir dövrdə milli ekologiyanın, 
								yeraltı və yerüstü təbii sərvətlərin qorunması 
								məqsədilə mühüm elmi tədqiqatların aparılması, 
								bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı 
								istiqamətində əhəmiyyətli rol oynayacaq.   
								
								
								
								Mehriban SULTAN  |