| 
								 
								
								Bakı Kompüter Kollecinin  "Şəbəkə" Xeyriyyə 
								Təşkilatı son dərəcə mühüm və müqəddəs missiyanı 
								- xalqımızın mentalitetinə, mədəniyyətinə və 
								əsrlər boyu formalaşmış ənənəsinə xas olan ən 
								gözəl keyfiyyətləri özündə nümayiş etdirməklə, 
								uşaq evlərində və internat məktəblərində 
								təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi 
								köçkün ailələrindən olan, valideyn himayəsindən 
								məhrum, fiziki problemli uşaqlarin əsl 
								vətənpərvər kimi formalaşmasına yönəlmiş 
								xeyriyyəçilik aksiyasını həyata keçirməyi öz 
								öhdəsinə götürmüşdür.  
								
								
								Təşkilatın çoxsaylı layihələrindən biri "Özünə 
								inan!" adlanır. Layihə eşitmə qüsuru olan 
								yeniyetmələrin, məktəblilərin müasir informasiya 
								texnologiyalarından istifadəetmə bacarıqlarının 
								aşkara çıxarılması və inkişaf etdirilməsi 
								məqsədi ilə yaradılmışdır. Bu layihənin həyata 
								keçirilməsi məqsədi ilə təşkilatın üzvləri  Bakı 
								şəhər  1 nömrəli internat-məktəbdə olmuş, 
								məktəbin direktoru  Tanrıverdi Əliyevlə söhbət 
								etmiş, öz məqsədlərini anladaraq  əməkdaşlıq 
								təklif etmişlər. "Özünə inan!" BKK-nın 
								tələbələri və 1 nömrəli internat-məktəbin 
								şagirdlərinin dostluğunun qurulmasına  və 
								əməkdaşlığına kömək edən bir xeyriyyə layihəsi 
								oldu. Layihəyə BKK-nın 30-dan çox tələbə və 
								müəllimi cəlb olunmuşdur.  
								
								
								Bu gün fərəhlə demək olar ki, iki təhsil ocağı 
								arasında dostluq körpüsü qurulmuş, kompüterdə 
								işləməyi bacaran, İT-dən istifadə edərək birgə 
								layihələr yarada bilən gənclər birliyi 
								formalaşdırılmışdır. 
								
								
								"Özünə inan!" layihəsi 2009-cu ilin payızından 
								2010-cu ilin may ayına qədər davam etdi. Bu 
								müddət ərzində kollecin  "könüllüləri" həftədə 2 
								dəfə olmaqla  internat-məktəbə gedir və məktəbin 
								şagirdlərinə kompüterlərin təmiri, texniki 
								xidməti  və "MS Office" proqramları ilə işləməyi 
								öyrədirdilər. 
								
								
								Kollecin müəllim və tələbələrinin 
								internat-məktəbə növbəti səfəri "son zəng" günü 
								oldu. BKK-nın müəllimləri Gülnarə Həsənova, 
								Nəcibə Qəhrəmanova, Mənzər Bağırova və 20-dən 
								artıq tələbə dostlarının əlamətdar günündə 
								iştirak etdilər.  Tədbirdə  edilən çıxışlar və 
								söylənilən təbriklər, rəqs edən, şənlənən 
								məzunların səssiz dünyasına sanki bir nəfəs 
								gətirmişdi. 35 məzunu olan internat-məktəbdə 
								həmin gün süzülən göz yaşları sevinc hisslərinin 
								təzahürü idi. Çıxış edən valideynlər  1 nömrəli 
								internat-məktəbin direktoruna, fənn 
								müəllimlərinə, tərbiyəçilərə səmimi 
								təşəkkürlərini bildirdilər.  Sonra məktəbin 
								direktoru T.Əliyev çıxış edərək  gələn qonaqları 
								- BKK-nın nümayəndələrini təqdim etdi. O, 
								şagirdlərinin  İKT vərdişlərinin inkşafına 
								yardımçı olmuş,  internat-məktəbin  müəllimləri 
								ilə əməkdaşlıq edərək müasir texnologiyalardan, 
								elektron informasiya resurslarından istifadə 
								imkanlarının artırılması  işində onlara yaxından 
								kömək etmiş  "könüllüləri" salamladı, xeyriyyə 
								işlərinə görə BKK-nın direktoru İradə Səfərova 
								başda olmaqla təşkilatın bütün üzvlərinə dərin 
								minnətdarlığını bildirdi. 
								
								
								Kollecin müəllimi Nəcibə Qəhrəmanova çıxış 
								edərək informasiya texnologiyaları ilə 
								tanışlığın və komandada işləmək bacarıqlarının  
								gələcək həyatlarında, sosial fəaliyyətlərində 
								məzunlara daha çox fayda verəcəyinə inandığını 
								bildirdi, internat-məktəbin bütün şagirdlərinə 
								uğurlar arzuladı. 
								
								
								Məzunlara könüllü xeyriyyəçilərin tədris ili 
								ərzində internat-məktəbin şagirdləri ilə  
								çəkdirdikləri şəkillərdən ibarət fotoalbom 
								hədiyyə edildi.  
								
								
								
								Sifai SƏFƏROVA  |