| 
								 
								
								 Allahverdiyev 
								Bəxtiyar Əzizulla oğlu  
								
								
								1974-cü il iyunun 10-da Bakıda anadan olmuşdur. 
								1991-ci ildə Bakıdakı 199 nömrəli orta məktəbi 
								bitirmiş, 1992-ci ilin avqustunda Milli Orduya 
								çağırılmış, 776 nömrəli hərbi hissədə xidmətə 
								başlamışdır. Həmin ilin oktyabrında cəbhəyə 
								yollanmışdır. Bir müddət Qubadlı bölgəsində, 
								sonra Füzuli, Murovdağ əməliyyatlarında 
								qəhrəmanlıq nümayiş etdirmişdir. 1994-cü ildə 
								Tərtər, Ağdərə bölgələrinə göndərilmiş və o, 
								cəbhədəki məlum vəziyyətlə əlaqədar ordu 
								sıralarında müddətdən artıq xidmət etmişdır. 
								
								
								Həmişə öz əsgəri andına sadiq qalan 
								B.Allahverdiyev olduğu bütün bölgələrdə vətənə 
								layiqincə xidmət etmişdir. 
								
								
								Vətənə layiqli xidmətinə görə Azərbaycan 
								Respublikası Prezidentinin 4 aprel 1995-ci il 
								tarixli 307 nömrəli Fərmanı ilə Allahverdiyev 
								Bəxtiyar Əzizulla oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								
								
								1997-ci ildə gizir rütbəsi alaraq 196 nömrəli 
								hərbi hissənin kəşfiyyat tağımına komandir təyın 
								olunmuşdur. 1998-1999-cu ıllərdə Zabitləri 
								Təkmilləşdirmə və Gizirlər kursunda təminat 
								tağımının komandiri, 1999-2000-ci illərdə Bakı 
								Ali Komandirlər məktəbində taktika kafedrasının 
								təlimatçısı vəzifələrində çalışmışdir. Həmin 
								ilin oktyabrında ordudan tərxis olunmuşdur. 
								2001-ci ildə Polis Akademiyasında təhsilini 
								davam etdirmişdir. O, hazırda polis orqanlarında 
								çalışır.  
								
								
								 Allahverdiyev 
								Elbrus Hacı oğlu  
								
								
								1958-ci il oktyabrın 27-də Gəncə şəhərində 
								dünyaya göz açmışdı. O, burada 18 nömrəli orta 
								məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə 
								sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. 
								1990-ci ildə isə Orconikidze Kənd Təsərrüfatı 
								İnstitutunu bitirmişdi. Bir müddət Vladiqafqazda 
								yaşamışdı. Vətənimizə erməni faşistlərinin 
								təcavüz etdiyini eşidən Elbrus Azərbaycana 
								dönmüş və könüllü olaraq 1992-ci il mayın 17-də 
								cəbhəyə yollanmışdı. E.Allahverdiyev Silahlı 
								Qüvvələrimizdə artilleriyanın ilk 
								təşkilatçılarından olmuşdu. 1992-ci ilin 
								iyununda batareyanın ilk diviziyonu yaradılmış 
								və Elbrus ona komandir təyin edilmişdi.Onun 
								rəhbərliyi ilə briqadanın keçirdiyi mühüm 
								əməliyyatlarda artilleriya diviziyonu sərrast 
								atəşlə düşmənin bir çox strateji əhəmiyyətli 
								obyektlərini məhv etmişdi.Ağdərə bölgəsində isə 
								briqada üzvlərı düşmənin bir reaktiv artilleriya 
								qurğusunu sıradan çıxarmışdı. Eyni zamanda 
								1993-cü il iyunun 12-də Ağdam üzərinə güclü 
								hücuma keçmiş düşmən, artilleriya diviziyonunun 
								sarsıdıcı zərbələrindən geri çəkilmişdi. İyunun 
								14-16-da Ağdamın Şellı kəndi istiqamətində gedən 
								ağır döyüşlərdə Elbrus igidlik göstərərək həlak 
								olub. 
								
								
								Evli idi. Üç övladı yadigar qalıb. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 16 
								sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı 
								ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən 
								sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn 
								olunub. 
								
								
								Gəncə şəhərində küçələrdən biri onun adını 
								daşıyır.   
								
								
								 Allahverdiyev 
								Namiq Müslüm oğlu  
								
								
								1967-ci il oktyabrın 5-də Beyləqan rayonunda 
								anadan olmuş, 1984-cü ildə 1 nömrəli orta 
								məktəbi bitirmişdi. 1985-ci ildə ordu sıralarına 
								çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva 
								ətrafında başa vuraraq vətənə dönmüşdü. 1988-ci 
								ildə ermənilərin vətənimizə etdikləri təcavüzə 
								dözməyən Namiq könüllü olaraq vətənin 
								müdafiəsinə qalxmışdı. Onun ilk döyüş yolu 
								1990-cı ildə Qubadlı rayonundan başlamışdı. 
								Namiq 1991-ci il avqustun 31-də DİN-in XTP 
								dəstələrinə daxil olmuş və yenidən döyüş 
								meydanına atılmışdı. O, Laçın, Əsgəran, Füzuli, 
								Goranboy rayonlarının müdafiəsi uğrunda gedən 
								döyüşlərdə iştirak etmişdi. Sonuncu döyüşü 
								Tərtər rayonunda olmuşdu. Marquşevan, Həsənqaya, 
								Malalan, Birinci və İkinci Çaylı kəndlərinin 
								düşməndən azad edilməsində xüsusi fəallıq 
								göstərmişdi. 1992-ci il iyulun 9-da erməni 
								yaraqlıları Cəmilli yüksəkliyinə hücum edərkən, 
								Namiq düşməni qabaqlamaq üçün döyüş yoldaşları 
								ilə yüksəkliyə qalxmış və orada əlverişli mövqe 
								tutmuşdu. Düşmən tankından atılan mərmi Namiqin 
								həyatına son qoydu. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 
								Beyləqan şəhər 1 nömrəli orta məktəb onun adını 
								daşıyır. Rayon mərkəzində büstü qoyulub.   
								
								
								 Aslanov 
								Niyazi Şərəfxan oğlu  
								
								
								1960-cı il dekabrın 25-də Goranboy rayonunun 
								Tap-Qaraqoyunlu kəndində anadan olmuş, burada 
								orta məktəbi bitirmişdi. 1979-1981-ci illərdə 
								Rusiyanın Altay vilayətində əsgəri xidmətdə olub. 
								Hərbi xidmətini başa vurduqdan sonra doğma 
								kəndlərinə qayıdan Niyazi təhsilini Ağdam Kənd 
								Təsərrüfatı Texnikumunda davam etdirmişdi. 
								Oxuduğu müddətdə əmək fəaliyyəti ilə də məşğul 
								olmuşdu. O, 1989-cu ildə erməni qəsbkarlarının 
								torpaqlarımızı işğal etməkdə fəallaşdıqları bir 
								zamanda Goranboy rayonunda yaradılan 
								özünümüdafiə dəstəsinə qoşulmuşdu.Həmin dövrdə 
								Niyazi yoldaşlarının köməyi ilə sıradan çıxmış 
								iki tank tapıb onu təmir etmişdi. O, bu 
								tanklarla nəinki Tap-Qaraqoyunlu kəndini, hətta 
								qonşu kəndləri də layiqincə müdafiə etməyə nail 
								olmuşdu. Niyazi Şəfəq, Gürzalılar, Todan, Sarısu, 
								Tərtər və Ağdamın müdafiəsində fəal iştirak 
								etmişdi. 1992-ci il mayın 4-də Tap-Qaraqoyunlu 
								kəndi yaxınlığında gedən döyüş zamanı N.Aslanov 
								komandiri İsfəndiyar Əsədovu xilas edərkən 
								qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. İki oğlu yadigar qalıb. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 5 fevral 
								1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə 
								Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Tap-Qaraqoyunlu kəndində dəfn olunub. 
								
								
								Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan 
								şəhərindəki küçələrdən biri onun adını daşıyır. 
								Goranboy şəhərində büstü qoyulub.  
								
								
								 Aslanov 
								Şikar Davud oğlu  
								
								
								1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun 
								Süleymanlı kəndində dünyaya gəlmiş, 1977-ci ildə 
								kəndlərindəki orta məktəbin birinci sinfinə 
								getmiş və 1987-ci ildə həmin məktəbi bitirmişdi. 
								1988-ci ildə sovet ordusu sıralarına hərbi 
								xidmətə çağırılmış, 1990-cı ildə ordudan tərxis 
								olunaraq doğma kəndlərinə dönmüşdü. Həmin 
								ərəfədə erməni silahlı qüvvələrinin Azərbaycana 
								təcavüzü davam edirdi. 
								
								
								Qarabağın şəhər və kəndlərində erməni quldurları 
								tərəfindən evlər dağıdılır, yandırılır, dinc 
								əhali təcavüzə məruz qalırdı. Belə bir şəraitdə 
								Şikar cəbhəyə yollanmış, DİN-in Cəbrayıl rayon 
								post-patrul xidmətinə üzv qəbul olunmuşdu. 
								
								
								1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə 
								düşmənin atəş nöqtələrini peşəkarlıqla 
								susdurmuşdu. 1992-ci il iyulun 2-də növbəti 
								əməliyyat zamanı düşmənin snayper gülləsinə tuş 
								gələn Şikar hospitala çatdırılsa da, onun 
								həyatını xilas etmək mümkün olmamış və o, vətən 
								uğrunda həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Aslanov Şikar Davud oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Doğulduğu Süleymanlı kəndində dəfn olunub. 
								Təhsil aldığı Süleymanlı kənd orta məktəbi onun 
								adını daşıyır. Hazırda bu kənd işğal altındadır.  |