| 
								 
								
								Müəllim adı Azərbaycan cəmiyyətində  kifayət 
								qədər hörmətli və şərəflidir. Çox vaxt görürsən 
								ki, professora, nazirə, həkimə, mühəndisə və b. 
								vəzifə və peşə sahiblərinə müəllim deyə müraciət 
								edirlər. Bütün insanlar kimliyi, milliyyəti və 
								dinindən asılı olmadan öz valideynlərindən daha 
								çox müəllim tərbiyəsi alır, müəllim əməyi 
								nəticəsində yetişir, ucalır, həyatda özləri də 
								müəllimə çevrilirlər.  
								
								
								  Bu 
								yazıda  ömrünü riyaziyyat elminin sirlərini gənc 
								nəslə öyrətməyə həsr etmiş gözəl insan, işıqlı 
								ziyalı, pedaqoq-alim, maarifçi və gənc 
								müəllimlərin hazırlanmasında xüsusi xidmətləri 
								olan professor Nəcəf İsmayıl oğlu Murğuzov 
								haqqında söhbət açmaq istəyirik. Nəcəf Murğuzov 
								tələbkar və qayğıkeş, prinsipial və humanist, 
								obyektiv və səmimi bir müəllim idi. O, nəinki 
								dərs dediyi şagirdləri və tələbələri, hətta 
								müəllim yoldaşları, dostları, yaxınları üçün də 
								müəllim kimi örnək idi. İlk baxışda çox mürəkkəb 
								görünən misal və məsələnin həlli, yaxud 
								problemin çözümü onun məntiqi mühakimələrindən 
								sonra sadə, maraqlı və təbii görünürdü. 
								
								
								Nəcəf müəllim eyni zamanda, orta məktəb 
								riyaziyyatının ən çətin məsələlərinə bələd olan  
								bir riyaziyyatçı idi. O, tələbələrdə 
								riyazi-məntiqi təfəkkürün təşəkkülünə, orta və 
								ali məktəbdə riyaziyyat fənninin tədrisi 
								səviyyəsinin yüksəldilməsinə inamla və əzmlə 
								çalışırdı. Ona görə də riyaziyyatın 
								incəliklərini, mühüm xüsusiyyətlərini ən 
								əlverişli üsullarla tələbələrə öyrətmək onun 
								üçün asan və maraqlı idi.  
								
								
								Nəcəf İsmayıl oğlu Murğuzov 1930-cu il aprel 
								ayının 13-də Qazax rayonunun Çaylı kəndində  
								anadan olmuşdur. O, orta məktəbi bitirdikdən 
								sonra, 1949-cu ildə Gəncə (keçmiş Kirovabad) 
								Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat 
								fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin 
								fakültəni müvəffəqiyyətlə bitirmişdir. Nəcəf 
								müəllim əvvəlcə, Zaqatala rayonunun Muxax kənd 
								orta məktəbində, sonra isə Gəncə şəhərindəki 8 
								nömrəli məktəbdə  (1954-1959), şəhər 19 nömrəli 
								internat məktəbində müəllim, daha sonra 5 
								nömrəli internat məktəbində təlim-tərbiyə işləri 
								üzrə direktor müavini (1962-1971) vəzifələrində 
								çalışmışdır. 1971-ci ilin avqust ayında Həsən 
								bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi 
								metodikası kafedrasına müəllim seçilmiş və 
								1976-cı ilə kimi bu vəzifədə işləmişdir. 1976-cı 
								ildə N.Murğuzov həmin kafedrada baş müəllim, 
								1978-ci ildən isə kafedra müdiri vəzifəsinə 
								seçilmişdir. O, ömrünün axırına kimi (1995) 
								həmin kafedraya bacarıqla rəhbərlik etmişdir. 
								1980-ci ildən dosent vəzifəsini tutan Nəcəf 
								müəllimə  1983-cü ildə məhsuldar elmi-pedaqoji 
								fəaliyyətinə  görə professor elmi adı 
								verilmişdir. O, "Riyaziyyatın tədrisi metodikası" 
								ixtisası üzrə respublikanın qərb bölgəsində ilk 
								professor olmuşdur. 
								
								
								Nəcəf Murğuzovun elmi-pedaqoji yaradıcılığı 
								ümumtəhsil məktəblərində və ali pedaqoji 
								institutlarda riyaziyyat tədrisinin 
								problemlərinin tədqiqinə həsr olunmuşdur. 
								Məlumdur ki, 1970-ci illərdə riyazi 
								modelləşdirmə, xüsusilə qrafiki modelləşdirmə 
								elektron hesablama maşınlarında,  elmin və 
								texnikanın, xalq təsərrüfatının müxtəlif 
								sahələrində geniş tətbiq olunmağa başladığı üçün 
								həmin məsələlərin riyaziyyat kursunun müvafiq 
								bölmələrinə daxil edilməsi zəruriyyəti yarandı. 
								Qrafiki modelləşdirmə əyaniliyin yeni səviyyəsi 
								olmaqla yanaşı, hesab, cəbr və həndəsi 
								biliklərin yaxınlaşdırılması, təlimdə sistemli 
								və inteqrativ yanaşmanı yeni mərhələyə qaldırdı. 
								Bütün bunlar öz növbəsində riyazi biliklərin 
								elmin müxtəlif sahələrində (fizika, biologiya, 
								astronomiya, statistika və s.) tətbiqinə 
								əlverişli imkan yaradırdı. N.Murğuzov bu 
								istiqamətdə riyaziyyatın tədrisi metodikası 
								sahəsində də  yeni elmi-metodiki nəticələrin 
								alınmasına çalışırdı. O, aktual mövzularda 
								məqalələr yazmaqla özünəməxsus tərzdə 
								müəllimlərin diqqətini  riyaziyyatın tədrisinin 
								vacib məsələlərinə cəlb edirdi. 
								
								
								Onun müxtəlif aspektlərdə metodiki yanaşmasının 
								əsasında ibtidaidən aliyə,  sadədən mürəkkəbə, 
								xüsusidən ümumiyə və əksinə yönələn öyrətmə 
								alqoritmləri, analiz-sintez, analogiya, 
								sistemləşdirmə təsnifetmə, mücərrədləşdirmə, 
								induksiya, deduksiya və s. metodları dururdu. 
								
								
								N.Murğuzovun həyat və fəaliyyətini müəyyən 
								mənada iki mərhələyə ayırmaq olar. Birinci 
								mərhələ onun həyatı və çoxsaylı elmi əsərlərində 
								aldığı nəticələr - yəni yəqinliyin varlığı və 
								təsdiqi üçün zəruri olan predikartlardır. İkinci 
								mərhələ isə Nəcəf müəllimin həm nəzəri , həm də 
								praktik olaraq əldə etdiyi biliklərin limiti 
								olan onun elmi-fəlsəfi dünyagörüşü və bu 
								fəlsəfənin pedaqoji kadrların hazırlığı zamanı 
								təlim-tərbiyə prosesinə tətbiqi nəticəsində 
								aldığı ümumiləşmələrdir.  
								
								
								O, riyaziyyat kursunun məzmununun daha da 
								inkişaf etdirilməsi üçün onun strukturunun 
								təkmilləşdirilməsinə ciddi diqqət yetirməyi 
								təklif edirdi. Şagirdlər  tərəfindən  öyrənilən  
								riyaziyyat kursunun  materialları  orta  
								məktəbdə şərti olaraq 4 mərhələyə bölünürdü. 
								
								
								I mərhələ 1-3-cü sinifləri əhatə edərək 
								kiçikyaşlı şagirdlərin sadə hesab əməlləri və  
								ibtidai həndəsi fiqurlarla tanışlığına yönəlirdi. 
								
								
								II mərhələdə 4-5-ci siniflərdə propedevtik 
								xarakterli riyazi materialların tədrisinə 
								üstünlük verilirdi. 
								
								
								III mərhələ 6 - 8- ci sinifləri əhatə edir və 
								artıq burada cəbrin və həndəsənin (planemetriyanın) 
								sistematik kursu tədris edilirdi. 
								
								
								IV mərhələ 9-10- cu sinif şagirdlərinə cəbr və 
								analizin başlanğıcı, həndəsənin (stereometriya) 
								sistematik kursu öyrədilirdi. 
								
								
								Yuxarıda qeyd olunan  mərhələlər üzrə 
								riyaziyyatın   tədrisi zamanı Nəcəf müəllim öz 
								əsərlərində faydalı ideyalar irəli sürmüş, 
								diqqəti cəlb edən metodiki işləmələr aparmış və 
								bir sıra məsələlərin daha səmərəli həlli 
								yollarını göstərmişdir. Onun bu gün də yüksək 
								elmi-metodiki dəyərini hifz edən əsərlərini və 
								verdiyi tövsiyələri təhlil edərək 
								ümumiləşdirdikdə  aşağıdakı ümumi nəticələrə 
								gələ bilərik: 
								
								
								1. Bu mərhələlərin hər birinin əhatə etdiyi 
								materialların məzmunu, quruluşu və tədrisinin 
								xüsusiyyətləri müasir tələblərə uyğun olmalıdır. 
								
								
								2. Həmin mərhələlərin hər birinin əsas psixoloji, 
								pedaqoji və metodiki prinsipləri təlim zamanı 
								şagirdlərin bilik və yaş səviyyəsinə uyğun 
								verilməli və onların inkişafına yönəlməlidir.     
								  
								
								
								Nəcəf müəllim göstərirdi ki, həndəsi 
								materialların öyrənilməsi zamanı eyni 
								anlayışlara bəzən bir neçə  mərhələdə baxılır. 
								Bu, təkrarçılıq deyildir. Həmin materiallar hər 
								bir mərhələdə dəqiqləşir, inkişaf edir və yeni 
								elmi mahiyyət kəsb edir. 
								
								
								Nəcəf Murğuzov apardığı məqsədyönlü elmi 
								axtarışların məntiqi yekunu kimi 1975-ci ildə 
								"VII-VIII siniflərin fakültativ məşğələlərində 
								qrafiki riyaziyyat elementlərinin tədrisi 
								metodikası" mövzusunda namizədlik 
								dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. 
								Çox keçmədən onun təklif etdiyi ideyalar, 
								yanaşma tərzi və üsulları riyaziyyatdan məktəb 
								dərsliklərinə daxil edildi. Şagirdlərə qrafiki 
								materialların daha effektli öyrədilməsi, onların 
								qurulması, oxunması və hesablamada tətbiqi 
								metodiki cəhətdən problemlərlə qarşılaşırdı. 
								Nəcəf müəllim qrafiki riyaziyyat elementlərinin 
								tədrisinə dair sistemli şəkildə, uyğun didaktik 
								prinsiplər əsasında metodiki işləmələr apararaq 
								vəsaitlər nəşr etdirdi. Məlum oldu ki, məktəbdə 
								qrafiki riyaziyyatın öyrədilməsi (qrafiki 
								modelləşdirmə, nomoqramma, qrafiki həll üsulu, 
								qrafiki hesablama və s.) məktəblilərin 
								alqoritmik mədəniyyətinin və düşüncə 
								yaradıcılığının inkişafı üçün çox böyük imkanlar 
								açır, şagirdlərin idrak fəaliyyətinin inkişafına 
								müsbət təsir göstərir.  Bu dövrdə dərin riyazi 
								biliyi və zəngin pedaqoji təcrübəsi ilə seçilən 
								N.Murğuzovun 1979-cu ildə nəşr olunan "Riyaziyyat 
								müəlliminin peşəkar pedaqoq hazırlığı" kitabı 
								riyaziyyat müəllimləri və  pedaqoji 
								institutların riyaziyyat fakültələrinin 
								tələbələri üçün çox qiymətli hədiyyə oldu. 
								
								
								Qeyd etmək lazımdır ki, Nəcəf müəllim əzbərçi 
								tələbələri sevmirdi. O, daim tələb edirdi ki, 
								riyaziyyat müəlliminin məntiqi və eyni zamanda 
								yaradıcı düşüncə qabiliyyəti olmalıdır. 
								İstənilən teoremi, qoyulan məsələni dərk edib, 
								sonra onun haqqında fikir söyləməlidir. Mətnləri 
								öyrənən zaman onları hazır qəbul etməməlidir. 
								Müəllim "niyə", "nə üçün" və "necə etməli" 
								suallarını qoymağı və onlara ən səmərəli, yığcam 
								cavab tapmağı bacarmalıdır. Bunun üçün misal və 
								məsələnin həll alqoritmini, həll ardıcıllığını 
								düzgün müəyyən etmək lazımdır. Onun dərs dediyi 
								tələbələr ciddi riyazi məntiqə söykənən tədris 
								prosesindən keçməli idilər. Kifayət qədər ağır 
								belə bir prosesin öhdəsindən gəlmək üçün o, öz 
								tələbələrinə çalışqanlıq, məntiqi mühakimə,  
								yaradıcılıq, yüksək iradə və s. müsbət 
								keyfiyyətlər aşılamağa çalışırdı. Bu gün öz 
								pedaqoji fəaliyyətində tələbələri olmuş 
								müəllimlər məhz bu keyfiyyətlərə görə  Nəcəf 
								müəllimi ehtiramla xatırlayırlar.  
								
								
								Nəcəf müəllim ixtisasını mükəmməl bilən alim idi. 
								O, riyaziyyatın müxtəlif sahələrinin 
								əlaqələndirilməsini zəruri hesab edir və bunu 
								həyata keçirərək yeni nəticələr əldə etməyi 
								sevərdi. Riyaziyyatın tədrisində fəndaxili və 
								fənlərarası əlaqələrin imkanlarından məharətlə 
								istifadə edərək sistemliyi və inteqrativliyi ön 
								plana çəkərdi. Belə əlaqələrə əsaslanaraq o, 
								çətin misal və məsələnin orijinal və asan yolunu 
								göstərərdi.  
								
								
								Nəcəf müəllimin "VII-VIII siniflərdə təkrarın 
								təşkili haqqında", "VII sinifdə riyaziyyat üzrə 
								fakültativ məşğələlərin aparılma təcrübəsi", "Başlanğıc 
								kursda analitik həndəsənin elementləri", "X 
								sinifdə eksponensial funksiyaların tədrisi", "Çevirmə 
								yolu ilə qrafiki funksiyaların qurulması", "Şagirdlərdə 
								məsələ həlli yollarının formalaşması", "Məsələ 
								həlli və yoxlama işlərinə dair praktikum", "Riyaziyyat 
								həftəsi", "Riyaziyyatın tədrisinin metodikası", 
								"İbtidai siniflərdə riyaziyyatın tədrisi 
								metodikası" və s. bu  kimi riyaziyyatın 
								tədrisinin aktual problemləri barədə nəşr 
								etdirdiyi çoxsaylı dərslik, elmi-metodiki vəsait 
								və məqalələri respublikamızda yüksək ixtisaslı 
								riyaziyyat müəllimlərinin hazırlanması və 
								təkmilləşdirilməsində hədsiz böyük rol oynamış 
								və bu gün də öz aktuallığını saxlamaqdadır. 
								
								
								Onun nəşr etdirdiyi dərs vəsaitlərini və 
								elmi-metodiki məqalələrini bir qayda olaraq 
								respublikanın pedaqoji ictimaiyyəti həmişə böyük  
								rəğbətlə  qarşılamış  və onu yüksək səviyyəli 
								yenilikçi riyaziyyatçı-metodist, müəllim-pedaqoq 
								kimi qiymətləndirmişdir. 
								
								
								O, 1956-cı ildən 1986-cı ilə kimi respublikanın 
								rayonlarında müntəzəm olaraq "Pedaqoji oxu" 
								xətti ilə silsilə mühazirələrlə çıxış etmiş və 
								uzun müddət Gəncə şəhərində "Gənc 
								riyaziyyatçılar" məktəbinin rəhbəri olmuşdur. 
								Respublikamız üçün gənc istedadlı 
								riyaziyyatçıların aşkara çıxarılması və 
								hazırlanmasında Nəcəf müəllimin əməyi əvəzsizdir. 
								Gəncə şəhərinin təhsil şöbəsi nəzdində 40 ilə 
								yaxın riyaziyyat olimpiadasının təşkilat 
								komitəsinin sədri kimi fəaliyyət göstərən Nəcəf 
								müəllim riyazi istedadı olan gənclərin  
								axtarılması, yetişdirilməsi və inkişaf 
								etdirilməsi sahəsində əlindən gələni etmişdir. 
								Onun hazırladığı gənc riyaziyyatçılar şəhər və 
								respublika olimpiadalarında yüksək yerlər 
								tutaraq öz təhsil ocaqlarını layiqincə təmsil 
								etmişlər. 
								
								
								1959-1960-cı illərdə şəhər təhsil şöbəsinin 
								nəzdində metodkabinetin müdiri kimi Nəcəf 
								müəllim bir çox məktəblərdə riyaziyyatın tədrisi 
								təcrübəsi ilə yaxından tanış olmuşdur. Bu 
								tanışlıq qabaqcıl riyaziyyat müəllimlərinin 
								müsbət təcrübəsini öyrənməyə və sistemləşdirməyə 
								şərait yaratdığı kimi, ayrı-ayrı müəllimlərin 
								işindəki xarakterik nöqsanları aşkara çıxarmağa 
								və aradan qaldırmağa imkan vermişdir. 
								1960-1980-ci illərdə o, respublikanın şəhər və 
								rayonlarında riyaziyyat müəllimlərinin 
								təkmilləşdirilməsi üzrə elmi-metodik 
								komissiyanın üzvü kimi fəaliyyət göstərmişdir. 
								
								
								1980-ci ildən ömrünün axırına kimi H.Zərdabi 
								adına Gəncə Pedaqoji İnstitutunda riyaziyyatın 
								tədrisi keyfiyyətinin yüksəldilməsi üzrə 
								komissiyanın sədri kimi o, sistemli şəkildə 
								elmi-metodik seminarlar təşkil etməklə kadrların 
								ixtisaslarını dərindən mənimsəmələri üçün 
								riyaziyyatın müasir metodiki problemlərinə dair 
								işlər aparmışdır.  O, daim məktəblərlə əlaqə 
								saxlayır, riyaziyyat müəllimlərinə metodik 
								köməklik göstərirdi. Nəcəf müəllim qabaqcıl 
								riyaziyyat müəllimlərinin ideya və təcrübələrini 
								öyrənərək ondan tədrisdə istifadə olunmasına 
								çalışır, eyni zamanda  respublikanın 
								elmi-metodiki jurnallarında məqalələrlə çıxış 
								edərək, onların iş üsullarını təbliğ edirdi. O, 
								vaxtilə keçmiş Maarif Nazirliyi tərəfindən nəşr 
								olunan "Fizika və riyaziyyatın tədrisi " 
								jurnalının ən fəal müəlliflərindən biri idi. 
								Jurnalın az sayı olardı ki, orada Nəcəf 
								müəllimin təklif etdiyi nümunəvi məsələ və 
								misallar, yaxud həmin jurnaldakı 
								məsələ-misalların həllinə dair metodiki 
								göstərişləri olmasın. Belə yüksək peşəkar 
								metodist-professor Nəcəf Murğuzov 1983-cü ildən 
								ömrünün sonuna qədər Riyaziyyatın ibtidai 
								kursunun tədrisi metodikası kafedrasının müdiri  
								kimi fəaliyyət göstərdiyi müddətdə respublikamız 
								üçün yüksək ixtisaslı kadrların hazırlanmasında 
								əlindən gələni əsirgəməmişdir. Təsadüfü deyildir 
								ki,  professor N.Murğuzovun elmi-pedaqoji 
								fəaliyyəti dövlət tərəfindən yüksək 
								qiymətləndirilərək "Qabaqcıl maarif xadimi", "Əmək 
								igidliyinə görə", "X beşilliyin qalibi" və s. 
								medal və döş nişanlarına, dəfələrlə respublika 
								Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq 
								görülmüşdür. 
								
								
								Zaman və məkandan asılı olmayaraq istənilən 
								nöqteyi-nəzərdən Nəcəf müəllimə baxdıqda onun 
								böyüklüyü duyulurdu. O, sözün əsl mənasında 
								insan idi, tanınmış alimlərlə bir sırada 
								dayanırdı.  
								
								
								İnsan həyatında ən vacib məsələlərdən biri özünü 
								dərk etməsidir. N.Murğuzovun sanballı elmi və 
								pedaqoji fəaliyyəti özünü dərk etmədən xəbər 
								verirdi. O, söylədiyi fikirlərində  inamlı, 
								çıxardığı bütün qərarlarında qəti idi. 
								Qəddi-qaməti palıd ağacına bənzəyən, dağ vüqarlı,  
								özünə güvənən, təmkinli Nəcəf müəllimin sözləri 
								kimi baxışı, duruşu da çox təsirli və nüfuzedici 
								idi. Sözü birqiymətli, özü haqq-ədalət simvolu 
								olan Nəcəf müəllim tələbələrini,  yaxınlarını 
								həyatda bütöv və mübariz olmağa səsləyirdi. 
								Bütün bunlar onun şəxsiyyətinin xarakterik 
								cəhətləri idi.  
								
								
								27 May 2010-cu il tarixdə, ölümündən 15 il sonra 
								professor Nəcəf Murğuzovla bağlı daha bir tarixi 
								gün yaşandı. Gəncə Dövlət Universitetində onun 
								anadan olmasının 80 illiyi münasibəti ilə 
								elmi-praktik konfrans keçirildi. Bu konfransda 
								çıxış edənlərin bəzilərinin N.Murğuzovla bağlı 
								fikirlərini yada salmaq istəyirik. 
								
								
								
								Nüvər Nəsrullayev (GDU-nun dosenti, 
								fizika-riyaziyyat elmləri namizədi): 
								 
								
								
								Nəcəf Murğuzov yaxşı riyaziyyatçı olmaqla yanaşı, 
								dostluqda tayı-bərabəri olmayan insan idi. 
								Fakültənin tədris-metodiki və ictimai-siyasi 
								həyatında fəal idi, öndə olardı. Elini, obasını, 
								doğma torpağını böyük məhəbbətlə sevən Nəcəf 
								müəllimdə möhkəm vətənpərvərlik hissləri var idi. 
								
								
								
								İsmayıl Əhmədov (GDU-nun dosenti, pedaqoji 
								elmlər namizədi):  
								
								
								Nəcəf Murğuzov yüksək ixtisaslı metodist olmaqla 
								yanaşı, həm də gözəl insan idi. O, insanları  
								dinləməyi xoşlayar və az məsləhət verməyə 
								çalışardı. Onun işgüzar  ciddiliyi və yüksək 
								tələbkarlığının arxasında dərin bir xeyirxahlıq 
								duyulurdu. Nəcəf müəllim ağsaqqalımız, ürək 
								dostumuz  və məsləhət yerimiz idi. Onun yeri 
								indi tez-tez görünür. 
								
								
								
								Niftalı Qocayev (BDU-nun professoru, 
								fizika-riyaziyyat elmləri doktoru): 
								 
								
								
								O, riyaziyyatçı-metodist kimi özünü respublikada 
								sübut etmişdi. Nəcəf müəllim tanınmış alimlər - 
								Bəylər Ağayev və Maqsud Cavadovla birlikdə 
								riyaziyyatın tədrisi metodikası sahəsində olan 
								problemləri daim müzakirə edir, elmi-praktik 
								konfranslarda məruzələrlə, elmi-metodiki 
								jurnallarda silsilə məqalələrlə çıxış edirdilər. 
								Onlar sanki hiss edirdilər ki, bu sahədə olan 
								bütün ağırlıq, bütün yük onların üzərinə düşür. 
								Ona görə də  demək olar ki, "Fizika və 
								riyaziyyatın tədrisi" jurnalının hər bir 
								nömrəsində Nəcəf müəllimin  məqalələri çap 
								olunurdu.  
								
								
								
								Mirzəli Murğuzov (ADPU-nun professoru, 
								fizika-riyaziyyat elmləri doktoru): 
								 
								
								
								Mənim bütün həyatım onunla bağlıdır. Onu önümdə 
								böyük qardaş, ata əvəzi  görmüşəm. Onun böyük 
								mənəvi dayağını daim hiss etmişəm. Elmi 
								fəaliyyətimin bir çox məqamlarında  o, mənə 
								dəstək olmuşdur. Ona qaytara bilməyəcəyim borcum 
								var. 
								
								
								
								İlham Mərdanov (BDU-nun professoru, 
								fizika-riyaziyyat elmləri doktoru): 
								 
								
								
								O, həyat eşqi ilə yaşayan,  Azərbaycan təbiətini 
								sevən bir insan idi. Nəcəf müəllim çox gözəl 
								ailə başçısı idi. Ailədə səmimi olduğu qədər də, 
								ciddi idi. O, əsl azərbaycanlı kişisi idi. 
								
								
								Artıq 15 ildir ki, Nəcəf müəllim aramızdan gedib, 
								haqqın dərgahına qovuşub. Lakin onun ideyaları, 
								əsərləri, əməlləri, ruhu və çox zaman isə... özü 
								bizimlədir. Gələcəyə ümidlə,  inamla 
								addımladığımız bu gündə də Nəcəf müəllim 
								önümüzdədir, ağsaqqalımız və müəllimimizdir. 
								Nəcəf müəllimdən keçmiş zamanda danışsaq (nə 
								qədər ağrılı olsa da ) da o, bizim müasirimizdir. 
								
								
								Nəcəf müəllimin əziz xatirəsi yaşadığı və 
								işlədiyi hər yerdə - Qazaxda, Gəncədə, 
								Zaqatalada, Bakıda, Allah bilir daha haralarda 
								yetirmələrinin, iş yoldaşlarının, qohumlarının, 
								dostlarının, bir sözlə, onu  tanımaq xoşbəxtliyi 
								nəsib olan insanların qəlbində kövrək duyğularla 
								əbədi yaşayır.  
								
								
								
								Nadir İBADOV, 
								GDU-nun elmi işlər üzrə prorektoru, dosent,
								 
								
								
								
								Xəlil  PADAROV, 
								ADPU-nun dosenti, pedaqoji elmlər namizədi  |