| 
								 
								
								Sentyabrın 15-də - Bilik günündə Bakıda 132-134 
								nömrəli təhsil kompleksi yenidənqurmadan sonra 
								istifadəyə verilmişdir.  
								
								
								 Azərbaycan 
								Prezidenti İlham Əliyev mərasimdə iştirak 
								etmişdir. Müasir dünyada hər bir ölkənin 
								gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə 
								ölçülür. Təhsilin inkişafı hər bir ölkədə 
								inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. 
								Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə 
								son illərdə təhsilin inkişafı ilə bağlı həyata 
								keçirilən tədbirlər deməyə əsas verir ki, 
								Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı 
								görmək əzmindədir. Bundan başqa, zəngin təbii 
								sərvətləri ilə dünyanın diqqətində olan 
								Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə 
								insan kapitalının daha da inkişaf etdirilməsini 
								başlıca istiqamət seçmişdir.  
								
								
								Prezident İlham Əliyevin təhsilin inkişafına 
								göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, 
								bu mühüm amil son dövrlərdə dövlət siyasətinin 
								mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu 
								proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri 
								də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə 
								ildə XXI əsr Azərbaycanında əsl təhsil bumu 
								yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan 
								qədər məktəb binası tikilmiş, bir çox məktəb 
								binaları üçün yeni korpuslar inşa olunmuşdur. Bu 
								proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. 
								Məktəblərin maddi-texniki bazasının 
								gücləndirilməsi istiqamətində də mühüm işlər 
								görülmüşdür. Bütün orta təhsil ocaqlarında 
								İnternetə qoşulmuş kompüter sinifləri 
								yaradılmışdır.  
								
								
								Heydər Əliyev Fondunun dövlət səviyyəsində 
								həyata keçirilən bu fəaliyyət proqramına verdiyi 
								dəstək isə öz nadirliyi ilə seçilmişdir. Fond 
								ölkədə məktəb tikintisində yaxından iştirak 
								etməklə yanaşı, onların əyani vəsaitlər, 
								şagirdlərin isə məktəb ləvazimatları ilə təmin 
								olunmasında mühüm rol oynamışdır. Bu proses indi 
								də davam edir.  
								
								
								Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək 
								səviyyədədir. Bu sahədə həyata keçirilən hər 
								islahat, baş verən hər bir hadisə, ilk növbədə, 
								Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
								 
								
								
								 Bakının 
								132-134 nömrəli təhsil kompleksində aparılan 
								yenidənqurma işləri ölkə rəhbərliyinin təhsilə 
								göstərdiyi diqqət və qayğını bir daha 
								təsdiqləyir.  
								
								
								Prezident İlham Əliyevin Sərəncamına əsasən 
								kompleksdə genişləndirmə və yenidənqurma 
								işlərinə keçən ilin iyununda başlanılmışdır. Bu 
								təhsil kompleksinin maraqlı tarixi vardır. 
								Binanın özülü qədim Bakının möhtəşəm Qala 
								divarlarının 20-30 addımlığında o vaxtlar boş 
								sahələr olan ərazidə qoyulmuşdur. Binanın 
								tikilməsi haqqında sərəncam 1866-cı ildə 
								verilmişdir. Arxiv materiallarından məlum olur 
								ki, fligelin tikilməsi üçün torpaq sahəsi 
								axtararkən üç azərbaycanlının xırman sahəsi olan 
								bu ərazi onlardan pulla alınmış və birmərtəbəli 
								hospitalın tikilməsi nəzərdə tutulmuşdur. Bina 
								memar Buynov tərəfindən hərbi xəstəxana kimi 
								layihələşdirilmişdir. Əvvəlcə birmərtəbəli olan 
								bu binadan bir müddət fligel kimi istifadə 
								olunmuş, 1886-cı il iyunun 13-də isə "Müqəddəs 
								Nina" Qadın Xeyriyyə Cəmiyyətinin nəzdində 
								qızlar pansionunun ixtiyarına verilmişdir.
								 
								
								
								Bu qocaman məktəbin məzunları sırasında XX əsrin 
								görkəmli şərqşünas alimi, filologiya elmləri 
								doktoru, professor Aida İmanquliyeva, akademik 
								Nailə Vəlixanlı, əməkdar memar Ofeliya Babayeva 
								və Azərbaycan elminin inkişafında xidmətləri 
								olan yüzlərlə tanınmış şəxs vardır.  
								
								
								Prezident İlham Əliyev müasir standartlara uyğun 
								əsaslı şəkildə yenidən qurulmuş təhsil kompleksi 
								ilə tanış oldu.  
								
								
								 Dövlətimizin 
								başçısına məlumat verildi ki, dördmərtəbəli 
								kompleks ən müasir tələblərə uyğun qurulmuşdur.
								 
								
								
								Təhsil ocağının geniş və işıqlı foyesində 
								ümummilli lider Heydər Əliyevin büstü 
								qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və 
								dövlətimizin başçısı İlham Əliyevin təhsilə 
								diqqət və qayğısını əks etdirən fotostend də 
								yaradılmışdır.  
								
								
								Prezident İlham Əliyev siniflərdə dərs prosesi 
								üçün yaradılmış şərait ilə tanış oldu. Burada "ağıllı 
								lövhə" adlanan smartbordlar quraşdırılmışdır. Bu 
								interaktiv lövhələr ən son texnologiyalar 
								əsasında qurulmuşdur. Müəllim və şagirdlər 
								lövhədə elektron cihaz olmadan barmaqla, yaxud 
								çubuq vasitəsilə istənilən əməliyyat apara 
								bilərlər.  
								
								
								Dövlətimizin başçısı təhsil kompleksində 
								yaradılmış Heydər Əliyev muzeyi ilə tanış oldu. 
								Burada ümummilli lider haqqında müxtəlif nəşrlər 
								toplanmışdır. Daha bir yenilik muzeyin elektron 
								versiyasının yaradılmasıdır. Bu, ölkədə ilk 
								elektron muzeydir. Burada ulu öndərin həyat və 
								fəaliyyətinə dair videomateriallar, fotolar, 
								ümummilli lider haqqında kitablar, dahi 
								şəxsiyyətə həsr edilmiş musiqilər vardır. 
								Elektron sənədlər toplusunda ulu öndərin 
								tərcümeyi-halı, sovet dövründən başlayaraq 
								fəaliyyəti və qiymətli kəlamları yer almışdır. 
								İnteraktiv qurğu vasitəsilə elektron cihazlardan 
								istifadə etmədən məsafədən idarə olunan elektron 
								kitabxana qonaqlara istənilən məlumatı əldə 
								etməyə imkan yaradır.  
								
								
								Təhsil ocağının idman zalı da ən son tələblərə 
								cavab verir. İndi həm də idman ölkəsi kimi 
								tanınan Azərbaycanda məğlubedilməz idmançıların 
								böyüməsi dövlətin qarşıya qoyduğu prioritet 
								məsələlərdən biridir. Müxtəlif trenajorlarla 
								təchiz edilən zalda həndbol, gimnastika və digər 
								idman növləri ilə məşğul olmaq üçün bütün şərait 
								yaradılmışdır.  
								
								
								 Prezident 
								İlham Əliyev bilik ocağının tarix muzeyinə də 
								baxdı.  
								
								
								Muzeydə toplanılmış materiallar bir daha təsdiq 
								edir ki, 132-134 nömrəli təhsil kompleksi 
								Bakının sayılıb-seçilən təhsil müəssisələrindən 
								biridir. XIX əsrin 70-ci illərində burada 
								quberniya batalyonundakı imtiyazlı hərbiçilərin 
								övladları qapalı orta hərbi təhsil alırdılar. 
								Hərbi xəstəxana da burada yerləşirdi. Amma 
								binanın təməli Bakı quberniya batalyonu üçün 
								hərbi xəstəxana kimi qoyulsa da, bir necə ildən 
								sonra təhsil ocağına, özü də gələcəkdə 
								Azərbaycan elminin inkişaf etdirilməsində böyük 
								xidmətləri olan yüzlərlə alimə ilk təhsil verən 
								kompleksə çevrilmişdir.  
								
								
								Dövlətimizin başçısı məhz bu təhsil ocağını 
								qızıl medallarla bitirən və Azərbaycanın 
								inkişafında böyük xidmətləri olan şəxslərin 
								fotostendinə baxdı.  
								
								
								Kompleksdə yenidənqurma işləri aparılarkən 
								maraqlı tapıntılar da aşkar edilərək, muzeydə 
								yerləşdirilmişdir.  
								
								
								Bilik ocağının yenidən qurulması şagirdlərin 
								təhsil şəraitini tamamilə dəyişməyə, tədrisin 
								səviyyəsini yüksəltməyə imkan yaradır. Təhsil 
								kompleksində ən müasir standartlar səviyyəsində 
								qurulan və ən qabaqcıl avadanlıqla təchiz edilən 
								fənn kabinetləri vardır. Bütün siniflər kompüter, 
								netbuklar, proyektor, elektron lövhələr ilə 
								təchiz edilmişdir.  
								
								
								Kompleksin ərazisində quraşdırılmış elektron 
								televizorlar şagirdlər, müəllimlər və məktəbə 
								gələn qonaqlar üçün lazımi informasiyanı əldə 
								etməyə kömək göstərir. Məsələn, hər bir şagird 
								burada öz sinfi və dərslərin cədvəli haqqında 
								məlumat əldə edə bilər. Məktəbdəki dinamiklər 
								isə elanların verilməsi üçündür. Daha bir 
								maraqlı yenilik isə ondan ibarətdir ki, burada 
								dərslərin başlanılmasını və yekunlaşmasını 
								bildirən zəngin əvəzinə dahi bəstəkarımız Üzeyir 
								Hacıbəylinin əsərlərindən fraqmentlər 
								səsləndiriləcəkdir.  
								
								
								 Təhsil 
								kompleksində geniş yeməkxana da vardır. Məktəbin 
								mətbəxi də lazımi avadanlıqla təchiz edilmişdir.
								 
								
								
								Dövlətimizin başçısı ibtidai sinfə də baxdı, bu 
								gün məktəbə ilk dəfə qədəm qoyan uşaqları təbrik 
								etdi.  
								
								
								Sinfin müəllimi Prezident İlham Əliyevə bu 
								işıqlı məktəbə görə təşəkkür etdi.  
								
								
								Təhsil ocağında ibtidai sinif şagirdləri üçün 
								kiçik idman zalı da vardır. Burada yaradılmış 
								şərait məhz balacaların sağlamlığının qorunması, 
								onların idmanla məşğul olması üçün nəzərdə 
								tutulmuşdur.  
								
								
								Prezident İlham Əliyev kimyəvi sınaqların 
								keçirilməsi üçün hər cür şəraiti olan kimya 
								kabineti və laboratoriyası ilə tanış oldu.
								 
								
								
								Dövlətimizin başçısı informatika kabinetində 
								eyni vaxtda bir neçə məktəblə videokonfransın 
								yaradılmasını və diskussiyaların aparılmasını 
								müşahidə etdi.  
								
								
								Geniş akt zalı da ən müasir avadanlıqla təchiz 
								edilmişdir. Zalda müxtəlif tədbirlərin 
								keçirilməsi üçün hər cür şərait yaradılmışdır. 
								Burada qurulmuş videoavadanlıq vasitəsilə, eyni 
								zamanda, həm Təhsil Nazirliyi, həm də 20-dək 
								məktəb ilə videokonfransların keçirilməsi 
								mümkündür.  
								
								
								 Təhsil 
								kompleksi nəzdində uşaq bağçası da fəaliyyət 
								göstərir. Balacaların zövqünə uyğun qurulmuş 
								ikimərtəbəli məktəbəqədər tərbiyə müəssisəsində 
								100-dək uşağa qayğı göstəriləcəkdir. Bağçada 
								maraqlı oyuncaqlarla dolu idman zalı da vardır.
								 
								
								
								Bundan əlavə, burada hovuz, yeməkxana, yataq, 
								oyun otaqları da mövcuddur.  
								
								
								Təhsil ocağındakı yeniliklərdən biri şagirdlərin 
								davamiyyətinin elektron qeydiyyatıdır. Hər bir 
								şagirdə onun haqqında məlumat daşıyan, yaşadığı 
								ünvanı və valideynlərinin telefonlarını göstərən 
								xüsusi elektron kart veriləcəkdir. Şagirdlər 
								məktəbə daxil olarkən və təhsil ocağını tərk 
								edərkən kartdakı məlumatlar avtomatik olaraq 
								kompüter mühafizə xidmətindən keçəcəkdir. 
								 
								
								
								Bundan əlavə, kompleksdə xüsusi təhlükəsizlik 
								sistemi yaradılmışdır. Burada quraşdırılmış 92 
								müşahidə kamerası vasitəsilə həm kompleksin 
								daxilinə, həm də məktəbin bütün perimetrinə 
								nəzarət həyata keçiriləcəkdir.  
								
								
								*** 
								
								
								Prezident İlham ƏLİYEV 132-134 nömrəli təhsil 
								kompleksinin müəllim-şagird kollektivi və 
								valideynlər ilə görüşdü, onları təbrik edərək 
								dedi:  
								
								
								 - 
								Sizi, ilk növbədə, yeni dərs ili, eyni zamanda, 
								məktəblərin əsaslı təmirdən sonra istifadəyə 
								verilməsi münasibətilə təbrik edirəm. Bu, böyük 
								və gözəl hadisədir. Bu, əslində daha çox saraya 
								oxşayır, nəinki məktəbə. Çox şadam ki, təmir 
								işləri yüksək səviyyədə aparıldı. Əslində məktəb 
								yenidən quruldu və sinif otaqları artırıldı. 
								Məktəbin sahəsi, demək olar ki, iki dəfə 
								artırıldı. Məktəb faktiki olaraq böyük 
								məhəbbətlə, zövqlə, keyfiyyətlə yenidən quruldu.
								 
								
								
								Mən xatırlayıram, məktəbin əsaslı təmiri 
								haqqında təşəbbüs irəli sürəndə bəzi 
								söz-söhbətlər gedirdi ki, ya məktəb bağlanacaq, 
								ya söküləcək, ya yerində nəsə tikiləcəkdir. 
								Əlbəttə, bəzən belə şayiələr də olur. Amma bizim 
								fikrimiz məhz ondan ibarət idi ki, bu məktəblər 
								öz fəaliyyətini davam etdirsin. Çünki bu 
								məktəblərin çox böyük tarixi vardır. Müxtəlif 
								dövrlərdə müxtəlif funksiyaları daşıyırdı. Ancaq 
								bütün dövrlərdə qısa fasilələrlə məktəb kimi 
								fəaliyyət göstərib.  
								
								
								Biz gərək bu tarixi keçmişimizə həmişə böyük 
								hörmətlə yanaşaq, tarixi irsimizi, tarixi 
								abidələrimizi qoruyaq və bərpa edək. Ona görə bu 
								bina özlüyündə bir tarixi abidədir. Amma hesab 
								edirəm ki, indi daha da gözəlləşib. Hesab edirəm 
								ki, bu bina indi Bakının ən gözəl binalarından 
								biridir. Baxmayaraq ki, Bakıda gözəl binalar 
								çoxdur və məncə, Bakı memarlıq, tarixi 
								abidələrin çoxluğu, infrastruktur baxımından 
								əslində dünyanın ən gözəl şəhərlərindən biridir. 
								Ancaq yenə də o gözəl binaların içində bu 
								binanın öz yeri vardır. Bununla bərabər, 
								məktəbdə ən müasir avadanlıq quraşdırılıbdır. Bu 
								gün mən vəziyyətlə tanış oldum. Elektron 
								lövhələr, kompüterlər, ondan sonra bütün lazımi 
								avadanlıq quraşdırılıb, gözəl şərait yaradılıb. 
								Yəni burada uşaqlar üçün oxumaq, müəllimlər üçün 
								işləmək çox xoş olacaqdır.  
								
								
								Mən çox şadam ki, bu gün - Bilik günündə biz 
								sizinlə bərabər məktəbin yeni mərhələyə qədəm 
								qoyduğunu qeyd edirik. Bilirsiniz ki, son 
								illərdə Bakıda, Azərbaycanın müxtəlif yerlərində 
								məktəblərin tikintisi sürətlə gedir. Nəzərə 
								alsaq ki, Azərbaycanda məktəblərin sayı 4 min 
								500-dən bir az çoxdur, bunun 2 minə yaxını, 
								bəlkə də ondan da çoxu son 5-6 ildə tikilib. Bu, 
								böyük bir investisiya tələb edən məsələ idi. Biz 
								bunu etdik və bu proses bu gün də davam edir.
								 
								
								
								 Bu 
								gün təhsil naziri məlumat verdi ki, bu il 
								Azərbaycanda 48 məktəb tikilib istifadəyə 
								verilib. Əlavə korpuslar, uşaq bağçaları tikilib 
								və bu işlər davam etdiriləcəkdir. Ümid edirəm ki, 
								iki-üç il ərzində Azərbaycanda qəza vəziyyətində 
								olan məktəblərin hamısının yerində yeni 
								məktəblər tikiləcəkdir. Təmirə ehtiyacı olan 
								məktəblərdə təmir işləri aparılacaq və yeni 
								məktəblər inşa ediləcəkdir. Beləliklə, biz bu 
								məsələni və məktəblərin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi işlərini tez bir zamanda 
								yekunlaşdıracağıq. Biz bununla paralel olaraq 
								təhsilin keyfiyyətinə də böyük fikir veririk və 
								bu keyfiyyət artır. Mən çox şadam ki, Azərbaycan 
								bu işlərdə dünyada gedən ən qabaqcıl və 
								mütərəqqi proseslərə qoşulub. Təhsilin 
								keyfiyyətinin artırılması çox vacib məsələdir. 
								Uşaqlar bizim gələcəyimizdir. Onlar gərək 
								bilikli, savadlı olsunlar, yaxşı oxusunlar ki, 
								gələcəkdə həm özləri üçün həyatda layiqli yer 
								tuta bilsinlər, eyni zamanda, ölkəmizin inkişafı 
								üçün də fəal çalışsınlar. Çünki ölkəmiz çox 
								sürətlə inkişaf edir və peşəkar kadrların 
								hazırlanması bu gün bizim üçün ən başlıca 
								məsələlərdən biridir.  
								
								
								Bu yaxınlarda dünyanın aparıcı qurumlarından 
								biri olan Dünya İqtisadi Forumu yeni hesabat 
								təqdim edib və yenə də Azərbaycan o hesabatda 
								MDB məkanında iqtisadiyyatın 
								rəqabətqabiliyyətliliyinə görə birinci yerdədir. 
								Bu o deməkdir ki, iqtisadiyyatımız çox sürətlə 
								inkişaf edir. Yeni müəssisələr, fabriklər, 
								zavodlar, sənaye, xidmət obyektləri yaradılır. 
								Kim orada işləyəcək?! Onların hansı səviyyədə 
								insanlara xidmət göstərəcəyi orada işləyən 
								insanlardan asılıdır. İnsanlarımız, gənclərimiz 
								elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə 
								çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq. 
								Deyə bilərəm ki, son illərdə Azərbaycanda təhsil 
								sahəsində müsbətə doğru ciddi dönüş yaranmışdır. 
								Kompüterləşmə prosesi gedir. 2004-cü ildə min 
								şagirdə bir kompüter düşürdüsə, indi min şagirdə 
								20 kompüter düşür. Bu artım Avropa səviyyəsinə 
								yaxınlaşır, mən inkişaf etmiş Avropa ölkələrini 
								nəzərdə tuturam. Bütün başqa sahələrlə bərabər, 
								təhsillə bağlı məsələlər həmişə diqqət 
								mərkəzində olacaqdır.  
								
								
								Bakıda təmir olunan məktəblər, eyni zamanda, 
								memarlıq abidələridir. O cümlədən bu məktəb də. 
								Biz indi yəqin ki, bu məktəblərin yeni statusu 
								haqqında fikirləşməliyik. Çünki bu təmir 
								işlərinə böyük vəsait qoyuldu, avadanlıq 
								quraşdırıldı. Yəni bu məktəbləri bu vəziyyətdə 
								saxlamaq üçün həm xüsusi maliyyə proqramı tərtib 
								olunmalıdır, maliyyə mənbələri təklif 
								edilməlidir, eyni zamanda, məktəblərin xüsusi 
								statusu olmalıdır. Onu, yəqin ki, Təhsil 
								Nazirliyi təklif edəcəkdir. Amma çox vacib 
								məsələlərdən biri də odur ki, bu məktəblər öz 
								tarixi adlarını saxlasınlar. Yəni heç bir başqa 
								ad verilməsin. Həm 132, həm 134, çünki birinci 
								növbədə bu, tarixdir, ikinci növbədə, axı, 
								burada oxuyan insanların sayı minlərlədir. Hər 
								bir insan üçün onun doğma məktəbi çox əzizdir, 
								onun nömrəsi onun üçün əzizdir. Ona görə bu 
								adlar itirilməməlidir, onlar qalmalıdır. Ancaq 
								məktəblərin yeni statusu haqqında fikirləşin və 
								təklifləri verin. Burada həm təhsil, həm bütün 
								başqa məsələlər keyfiyyətli və yüksək səviyyədə 
								olsun.  
								
								
								Bir daha sizi bu gözəl hadisə münasibətilə 
								ürəkdən təbrik edirəm, sizə cansağlığı 
								arzulayıram!   
								
								
								*** 
								
								
								Təhsil kompleksinin müəllimi Leyla TƏHMASİB 
								müəllimlər, valideynlər və şagirdlər adından 
								dövlətimizin başçısına minnətdarlığını 
								bildirərək dedi:  
								
								
								- Mən fikrimi ulu öndərimiz Heydər Əliyevin 
								kəlamı ilə davam etdirmək istəyirəm: "Müəllimdən 
								şərəfli bir ad tanımıram!"  
								
								
								Möhtərəm Prezident, Siz ümummilli liderimizin 
								siyasətini uğurla davam etdirirsiniz. İndi 
								Azərbaycanın hər bir bölgəsini yeni məktəblər, 
								yeni texnologiyalarla, müasir avadanlıqla təchiz 
								olunmuş təhsil ocaqları bəzəyir. Azərbaycan indi 
								dünya miqyasında tanınır. Mən əminəm ki, o 
								məktəblərdə təhsil alan şagirdlər gələcəkdə 
								Azərbaycanın adının bütün dünyada fəxrlə 
								çəkilməsinin təminatçısı olacaqlar. Bu inamı 
								bizdə Sizin apardığınız uğurlu siyasət 
								yaratmışdır.  
								
								
								Hörmətli Prezidentimiz! Bizim məktəbin çox qədim 
								tarixi vardır. Siz özünüz də vurğuladınız ki, 
								çox məşhur məzunlarımız olubdur. Biz özümüz də 
								bu məzunlarımızla fəxr edirik. Mən həm 
								müəllimlərimiz, həm də şagirdlərimiz adından 
								Sizə söz verirəm ki, biz Prezidentimizin 
								etimadını layiqincə doğruldacaq və təhsildə 
								yüksək nəticələrə nail olacağıq. Belə bir gözəl 
								məktəbi bizə bəxş etdiyiniz üçün Sizə təşəkkür 
								edirik. Çox sağ olun!  
								
								
								Dövlətimizin başçısına "Mənim fəxrim - məktəbim" 
								kitabı təqdim olundu.  
								
								
								Sonda xatirə şəkli çəkdirildi.   
								
								
								
								AzərTAc  |