| 
								 
								
								Sentyabrın 15-də Bakıdakı Heydər Əliyev adına 
								liseydə "Bilik günü" ilə əlaqədar tədbir 
								keçirildi. Tədbirdə liseyin müəllim-şagird 
								kollektivi ilə yanaşı, Xətai Rayon İcra 
								Hakimiyyətinin başçısı Razim Məmmədov, Təhsil 
								Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin müdiri 
								Bayram Hüseynzadə və digər qonaqlar iştirak 
								edirdilər.  
								
								
								 Tədbiri 
								giriş sözü ilə açan liseyin direktoru Fikrət  
								Xəlilov mərasim iştirakçılarını salamlayaraq, 
								"Bilik günü" münasibətilə onları təbrik etdi.  
								Ümummilli lider Heydər Əliyevin adını daşıyan 
								liseyin açılışında çıxış edən Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								lisey haqqında fikirlərini diqqətə çatdıran 
								F.Xəlilov liseydə hər cür şəraitin yaradıldığını 
								və ulu öndərin adını daşıdığı üçün 
								məsuliyyətlərinin ikiqat olduğunu, bu 
								məsuliyyətin öhdəsindən  gəlmək üçün var gücləri 
								ilə çalışdıqlarını qeyd etdi. O, ötən tədris 
								ilində buraxılan məzunlar haqqında danışaraq 
								bildirdi ki, 141 məzundan 20-si 600-dən çox, 11 
								nəfəri isə 650-dən çox bal toplamış, bir nəfər 
								şagird Beynəlxalq Mendeleyev Olimpiadasının 
								qalibi olmuşdur. Bununla yanaşı, liseyin 
								şagirdləri respublikada və beynəlxalq arenalarda 
								keçirilən olimpiada və müsabiqələrdə uğurla 
								iştirak edərək təhsil ocağının adını uca 
								tutmuşlar.  Respublika Prezidenti cənab İlham 
								Əliyevin  sərəncamı ilə keçirilən "Ən yaxşı 
								ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
								müsabiqələrində liseyin uğurlu çıxışını qeyd 
								edərək F.Xəlilov bildirdi ki, müsabiqənin 
								birinci ilində liseyimiz "Ən yaxşı ümumtəhsil 
								məktəbi" adını qazanmış, sonrakı illərdə isə 6 
								nəfər müəllimimiz "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qalibi olmuşdur.  
								
								
								Sonra söz  Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə 
								şöbəsinin müdiri Bayram Hüseynzadəyə verildi. O, 
								liseyin kollektivini əlamətdar gün münasibətilə 
								təbrik edərək təhsil naziri Misir Mərdanovun 
								salamını və  təbrikini iştirakçılara çatdırdı. 
								B.Hüseynzadə Azərbaycan təhsilinin ciddi inkişaf 
								yolunda olduğunu və ulu öndər Heydər Əliyevin 
								ideyaları əsasında dünya təhsil sisteminə 
								inteqrasiya etdiyini vurğuladı. Liseyin 
								fəaliyyətini yüksək qiymətləndirən natiq bu 
								təhsil müəssisəsini Azərbaycan dövlətinin 
								təhsilə olan münasibətinin güzgüsü adlandırdı və 
								bir valideyn kimi liseyi seçməyinin təsadüfi 
								olmadığını vurğuladı.  
								
								
								Tədbirdə çıxış edən Xətai RİH-in başçısı Razim 
								Məmmədov respublikada gedən təhsil 
								islahatlarından danışaraq təhsilə göstərdiyi 
								diqqət və qayğıya görə ölkə Prezidenti cənab 
								İlham Əliyevə minnətdarlığını bildirdi.  O, 
								liseyin nəinki Xətai rayonunun, eləcə də 
								respublikanın qabaqcıl təhsil müəssisələrindən 
								olduğunu və gələcəyə doğru inamla  
								addımladığını  vurğulayaraq, pedaqoji  
								kollektivə  işlərində  uğurlar arzuladı.  
								
								
								Niyazi RƏHİMOV   |