| 
								 
								
								Tarix sözünün müxtəlif məna yozumları var. Tarix 
								həqiqəti, olub-keçənləri özündə əks etdirən, 
								bəşəriyyətə keçmişi öyrədib, gələcəyi düşünməyi 
								diktə edən müdrik bir müəllimdir. Biz kimik? 
								Haradan gəlirik? Hara gedirik? - suallarına 
								cavablar tarixin yaddaşında - torpaq qatlarında 
								saxlanılan arxeoloji materiallarda, yerüstü 
								abidələrdə, daşlardakı şəkil və naxışlarda, bir 
								də bəşərin böyük kəşflərindən olan yazılardadır. 
								
								
								Tarixi öyrənmək, hər şeydən əvvəl, soykökü, 
								əcdadı tanımaq, uluları anmaq milli ləyaqət, 
								övladlıq borcu, qədirbilənlikdir. 
								
								
								Tanınmış jurnalist, publisistik məqalələr, 
								tədqiqatlar müəllifi Məhəmməd Baharlının 
								"Azərbaycan tarixi: Baharlılar" (Bakı: 
								Adiloğlu,2010, 43 s.) kitabı (redaktoru Nyu-York 
								Elmlər Akademiyasının həqiqi üzvü, professor 
								Mədəd Çobanov, rəyçi AMEA-nın müxbir üzvü, 
								mərhum professor Zakir Məmmədovdur) belə hiss və 
								duyğuların təsiri ilə yaranmışdır. Kitaba ön söz 
								yazmış Respublika Dövlət mükafatı laureatı, 
								professor Nizaməddin Şəmsizadə əsəri "mükəmməl 
								tədqiqat" kimi dəyərləndirmiş, Baharlı mənşəli 
								şairlərin irslərinin öyrənilməsini vacib 
								saymışdır. 
								
								
								Kitabın ilk səhifələrindən birində Baharlıların 
								orta əsrlərdə yaratdıqları birlik və dövlətlər, 
								Baharlılı hökmdarların adları verilmişdir. 
								
								
								Sonrakı səhifələrdə Azərbaycan Sovet 
								Ensiklopediyasına, professor N.Nəbiyev, 
								professor Ş.Fərzəliyev, Məhəmmədhəsən Baharlı, 
								professor İ.Məmmədov və başqa müəlliflərin 
								əsərlərinə, digər mənbələrə əsaslanan müəllif 
								Baharlı tayfasının hunlarla bağlılığı, 
								Azərbaycan ərazilərində məskunlaşmaları, 
								ayrı-ayrı dövlətlərin qurulmasında tarixi-hərbi 
								xidmətləri barədə məlumatları oxuculara təqdim 
								edir. Bu baxımdan qüdrətli sərkərdə, Böyük Moğol 
								imperiyasını bərpa edən Məhəmməd Bayram xan 
								Baharlı, Cahan şah haqqında səhifələr maraqla 
								oxunur. 
								
								
								Tədqiqatda bu da qeyd edilir ki, Baharlılar həm 
								də şair, alim, iqtisadçı övladları ilə məşhur 
								olublar. Kitabda həmin şəxsiyyətlər barədə 
								yığcam, milli qürur hissi ilə söhbət açılmışdır. 
								
								
								Kitabın sonuncu səhifəsindəki qeydlər 
								Baharlıların ortaq anoloji-psixoloji, 
								mənəvi-əxlaqi xüsusiyyətləri haqqında aydın 
								təsəvvür yaradır. 
								
								
								Kitab tarixçi-filoloq, coğrafiyaçı 
								mütəxəssislər, ümumilikdə geniş oxucu 
								auditoriyası üçün faydalı olacaq. 
								
								
								
								Ş.MƏMMƏDOV  |