| 
								 
								
								Təhsilin, elmin, biliyin tərəqqi üçün açar, 
								inkişafın hərəkətverici qüvvəsi hesab olunduğu 
								ölkəmizdə yeni dərs ilinin ilk günü - "Bilik 
								günü" həmişə ümumxalq bayramı kimi qeyd olunur. 
								2010-2011-ci dərs ilinin ilk zənginin çalındığı 
								sentyabrın 15-ni də xalqımız yüksək 
								əhvali-ruhiyyə ilə qarşıladı. Bütün təhsil 
								müəssisələrində "Bilik günü"nə həsr olunmuş 
								təntənəli bayram mərasimləri keçirildi. 
								
								
								 Həmin 
								gün Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" 
								texniki-humanitar təmayüllü liseydə də 
								yaddaqalan, maraqlı və məzmunlu bayram şənliyi 
								düzənlənmişdi. Mərasimin keçirildiyi məktəb 
								həyəti şagirdlər, müəllimlər və valideynlərlə 
								dolu idi. Müəllimlərin, məktəblilərin, xüsusən 
								də bu il əlinə ilk dəfə çanta alıb birinci sinfə 
								gedən şagirdlərin sevincini bölüşməyə, onlara 
								xoş arzularını bildirməyə xeyli qonaq da 
								gəlmişdi. 
								
								
								Tədbirin aparıcıları XI "a" sinif şagirdi Səbinə 
								və X "a" sinif şagirdi Nigar mərasimi açıb 
								iştirakçıları yeni dərs ilinin başlanması 
								münasibətilə təbrik etdilər. Azərbaycan 
								Respublikasının Dövlət himni ifa olundu. 
								 
								
								
								Mərasim artıq başlasa da onun əsas 
								"qəhrəmanları" - bu il birinci sinfə gedən  
								uşaqlar meydanda gözə dəymirdi. Aparıcılar 
								bildirdilər ki, yeni dərs ilində liseydə 2-si 
								rus, 2-si Azərbaycan bölməsində olmaqla 4 
								birinci sinif fəaliyyət göstərəcək. Onlarda 97 
								uşaq təhsil alacaq. Əsas bayram onlarındır. 
								Başlarının oyuncaqlarına qarışdığı, nağıl 
								aləmindən hələ ayrılmadıqları güman edilən 
								altıyaşlıları şənliyə gətirmək üçün nağıl 
								qəhrəmanları - Şrek, Dovşan, Mikki Maus və b. 
								köməyə çağırıldı. Uşaqların "dilini" daha yaxşı 
								bilən nağıl qəhrəmanları tezliklə öz balaca 
								dostlarını tapıb musiqi sədaları altında meydana 
								gətirdilər və onlarla rəqs etməyə başladılar. 
								
								
								Beləcə, mərasim başlandı. Nağıl qəhrəmanları - 
								aktyorlar birinciləri təbrik etdilər. Aparıcılar 
								da təbrikə qoşuldular, təhsilin, elmin 
								əhəmiyyəti, məktəb, müəllim haqqında şeirlər 
								dedilər. Ulu öndər Heydər Əliyevin müəllim 
								haqqında dediyi sözləri diqqətə çatdırdılar, 
								ölkəmizdə təhsilə, müəllimə göstərilən qayğıdan 
								söz açdılar, sevimli müəllimlərini, 
								direktorlarını təbrik etdilər. 
								
								
								Sonra təbrik üçün söz liseyin direktoru Məhbubə 
								Məmmədovaya verildi. Məhbubə müəllim mərasim 
								iştirakçılarını salamlayıb sentyabrın 15-nin 
								möhtərəm Prezidentimizin sərəncamı ilə "Bilik 
								günü" elan edildiyini, bu günün ölkəmizin hər 
								yerində böyük təntənə ilə qeyd olunduğunu 
								söylədi. Direktor bu münasibətlə rəhbərlik 
								etdiyi təhsil ocağının pedaqoji kollektiv 
								üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə 
								yeni qədəm qoyanları, onların baba və 
								nənələrini, ata və analarını, gənc ailələri 
								ürəkdən təbrik etdi və valideynlərə gözaydınlığı 
								verdi. Bu gün birincilərin və onların məktəbə 
								gedəcəyi günü 6 il gözləyən valideynlərinin daha 
								çox sevindiyini deyən M.Məmmədova özünün də 
								sevincinin həddi-hüdudu olmadığını, nəvəsinin bu 
								il ilk dəfə məktəbə qədəm qoyduğunu bildirdi. O, 
								birincilərə yeni dərs ilində müvəffəqiyyət 
								dilədi, bu gün onlara tapşırılan bu balaca 
								fidanların sağlam əqidə ilə böyüməsini, 
								vətənpərvərlik ruhunda tərbiyə almasını 
								arzuladı. Müəllimlərə tövsiyə etdi ki, 
								öhdələrinə düşən bu çətin, lakin şərəfli 
								vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışsınlar, 
								elmin sirlərini şagirdlərə sevə-sevə 
								öyrətsinlər, "Təhsil millətin gələcəyidir" deyən 
								ulu öndər Heydər Əliyevin gələcəyimiz olan 
								uşaqları qorumaqla bağlı tövsiyəsinə daim əməl 
								etsinlər. O, inandığını bildirdi ki, liseyin 
								müəllimləri valideynlərlə əl-ələ verərək bu gün 
								onlara etibar olunmuş körpələrin gələcəyini 
								düzgün quracaq, onlara düzgün istiqamət 
								verəcəklər, uşaqların savadlı, bilikli olması 
								üçün əllərindən gələni əsirgəməyəcəklər. 
								
								
								Bunun üçün liseylərində hər cür şəraitin, 
								illərlə yaranmış müsbət ənənələrin olduğunu 
								deyən Məhbubə Məmmədova tədris ocaqlarının ötən 
								dərs ilində əldə etdiyi bəzi uğurları da diqqətə 
								çatdırdı. Qeyd etdi ki, lisey və onun şagirdləri 
								ölkə üzrə keçirilən müsabiqələrdə, 
								olimpiadalarda, digər bilik-yaradıcılıq 
								yarışlarında fəal iştirak edir və yüksək yerlər 
								tuturlar. "Tərəqqi" texniki-humanitar təmayüllü 
								lisey 2 il öncə möhtərəm cənab  Prezidentimizin 
								sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsinin 50 qalibindən biri olmuş və 10 min 
								manat mükafatla mükafatlandırılmışdır. Bu il isə 
								liseyin müəllimi Şəhla Əliyeva "Ən yaxşı 
								müəllim" müsabiqəsinin 100 qalibindən biri olmuş 
								və 5 min manat mükafat almışdır. Həmin 
								mükafatlara və təhsilə göstərdiyi daimi diqqət 
								və qayğıya görə M. Məmmədova təhsil işçiləri 
								adından ölkə Prezidentinə minnətdarlığını 
								bildirdi. 
								
								
								Lisey məzunlarının ali  məktəblərə daxil olması 
								göstəricilərinə görə də ölkənin öncül təhsil 
								ocaqları sırasındadır.  Hər il məzunların xeyli 
								qismi ölkənin və bir sıra xarici dövlətlərin ən 
								nüfuzlu universitetlərinə qəbul olunurlar. Bu il 
								liseyi bitirmiş 73 gəncin 64-ü ali məktəblərə 
								sənəd vermiş, 51-i yüksək balla qəbul 
								olunmuşdur. Onlardan 3-ü Türkiyənin nüfuzlu 
								universitetində, biri isə BƏƏ-nin Dubay 
								şəhərində ali təhsil alacaq. Qəbul 
								imtahanlarında lisey üzrə ən yüksək - 616 bal 
								toplamış Təranə Həmidova isə Azərbaycan Tibb 
								Universitetinin tələbəsidir. 20-dən çox məzun 
								qəbul imtahanlarında 500-dən yüksək bal 
								toplayıb. 
								
								
								Məhbubə müəllim təbrik nitqinin sonunda 
								liseylərinin şagirdlərini, müəllimləri və 
								valideynləri, Təhsil Nazirliyi başda olmaqla 
								bütün pedaqoji ictimaiyyəti bir daha təbrik edib 
								fəaliyyətlərində onlara dəstək olan hər kəsə, 
								mərasimin hazırlanmasında əməyi olanlara, 
								xüsusən də müavini Mehriban Salahovaya 
								təşəkkürünü və münnətdarlığını bildirdi. 
								
								
								Sonra nağıl qəhrəmanları yenidən öz balaca 
								həmkarları ilə meydanı ələ alıb bir-birindən 
								maraqlı nömrələrlə, uşaqlarla apardıqları qısa 
								dialoqlarla mərasimi canlandırdılar. Uşaqlar 
								dairə vurub şeirlər söylədilər, rəqs etdilər, 
								bütün I sinif şagirdləri də onlara qoşuldular. 
								
								
								Valideynlər adından İradə Əliyeva çıxış edərək  
								liseyin rəhbərliyini, müəllim və şagirdləri 
								təbrik etdi, yeni dərs ilində onlara uğurlar 
								arzuladı. 
								
								
								Nəhayət, birinci sinif şagirdi Mikayıl Abıyev 
								yeni dərs ilinin ilk zəngini çaldı və birincilər 
								müəllimlərinin müşayiəti ilə "Məktəb illəri" 
								mahnısının sədaları altında liseyin binasına 
								daxil olub siniflərində öz yerlərini tutdular. 
								Uşaqların sinif otaqlarına alışması üçün bayram 
								tədbiri siniflərdə də davam etdirildi. Onlarla 
								bu dəfə "Ələddin" 10-15 dəqiqə ərzində əyləncəli 
								oyunlar keçirdi. 
								
								
								Beləliklə, sevinclə dolu bayram şənliyi başa 
								çatdı.  
								
								
								
								Yusif ƏLİYEV  |