| 
								 
								
								İnanmaq olmur ki, Nizami rayonundakı Eldar 
								Quliyev adına 145 nömrəli məktəbin direktoru 
								Nikolay Zinovyeviçin 65 yaşı tamam olur. O öz 
								işinin vurğunudur. Nikolay Zinovyeviç Beynəlxalq 
								Pedaqoji Cəmiyyətin əlaqələndirmə şurasının 
								"Moskva merinin təqaüdü" hamilik şurasının 
								üzvüdür. 
								
								
								 Təhsilin 
								inkişafındakı xidmətlərinə görə Nikolay 
								Zinovyeviç Azərbaycan Respublikası Prezidenti 
								tərəfindən "Tərəqqi" medalına layiq görülüb. 
								
								
								İctimai və peşə fəaliyyətindəki uğurlarına görə 
								Nikolay Zinovyeviçin adı "XXI əsr Azərbaycan 
								ziyalıları", "Azərbaycan təhsilinin məşhur 
								xadimləri" və "Yaxşıların yaxşısı" kitablarında 
								qeyd edilib. 
								
								
								Azərbaycan və Rusiya arasında humanitar 
								əlaqələrin inkişafına görə Nikolay Zinovyeviç 
								Rusiya Federasiyası XİN-in Fəxri fərmanı ilə 
								təltif edilib. Təltiflərini saymaqla qurtarmaz. 
								
								
								Artıq 20 ildir ki, Nikolay Zinovyeviç 145 
								nömrəli məktəbə rəhbərlik edir. Bir insan və bir 
								rəhbər kimi onun haqqında çox xoş sözlər demək 
								mümkündür. Lakin bizcə, elə pedaqoji 
								ictimaiyyətin arasında yayılmış "Vasilçenkonun 
								məktəbi" ifadəsi onu təqdim etmək üçün 
								kifayətdir. Təhsil almaq üçün məktəbimizə 
								şəhərin müxtəlif guşələrindən şagirdlər 
								gəlirlər. Onlar bu məktəbin kandarından sevinclə 
								daxil olurlar. 
								
								
								Öz xarakterinə görə Nikolay Zinovyeviç liderdir, 
								öndə getməyi bacarır və arxasınca aparmağı da 
								bacaran şəxsdir. Öz ətrafında olanları da öz 
								enerjisi ilə irəli çəkir, hər bir başlanğıcda 
								qalib gəlməyə, yaxşılar sırasında olmağa sövq 
								edir. 
								
								
								Onun xarakterinin formalaşmasında fiziki tərbiyə 
								əsas rol oynamışdır. Belə ki, o motoidman üzrə 
								idman ustası, SSRİ yığmasının üzvü, on dəfə 
								Azərbaycan çempionu, beynəlxalq dərəcəli hakim 
								olmuşdur. 
								
								
								Zahiri görkəmlə bərabər, hər bir işdə intizamlı 
								və dəqiq olan Nikolay Zinovyeviç bizim hər 
								birimizdən belə intizam tələb edir. Hər şey öz 
								vaxtında olmalıdır: işə gəlmək, hesabat vermək, 
								jurnalların yazılması. Onun nizam və səliqəsi 
								ətrafındakıları da buna sövq edir. 
								
								
								Müəllim-yenilikçi, həmişə axtarışda olan Nikolay 
								Zinovyeviç pedaqoji kollektivi də yaradıcı işə 
								cəlb etmişdir. O, daim öz üzərində işləyir. Onun 
								kabinetində külli miqdarda pedaqogika, müasir 
								metodika və yeniliklərə aid ədəbiyyat vardır. O, 
								yeni çap olunan ədəbiyyatı öyrənir, məktəbin 
								metodiki şurasında müzakirə edir. 
								
								
								Müəllim və şagirdlərin birgə əməyi və Nikolay 
								Zinovyeviçin rəhbərliyi nəticəsində 2008-2009-cu 
								tədris ilində məktəbimiz "Ən yaxşı ümumtəhsil 
								məktəbi" respublika müsabiqəsinin qalibi 
								olmuşdur. 
								
								
								Ali məktəblərə qəbulda son 12 ildə məktəb yüksək 
								göstəricilərə nail olub. 2007-2008-ci tədris 
								ilinin məzunları Səkinə Dadaşova, İqor 
								Pirverdiyev və bir çox başqaları 635-dən yuxarı 
								bal toplamış və önəmli ali məktəblərə daxil 
								olmuşlar. 2008-2009-cu tədris ilində Aydan 
								Əlizadə və Ramin Quluzadə 607 bal toplamış və 
								məktəbi sevindirmişlər, 640 bal toplamaqla Nihat 
								Elçiyev BDU-ya, Əli Əliyev və Murad Məmmədov 694 
								balla uyğun olaraq Tibb Universitetinə və 
								Lomonosov adına MDU-ya daxil olmuşlar. 
								2009-2010-cu tədris ilində ali məktəblərə 
								qəbulun yekunlarına görə, məktəbimiz Nizami 
								rayonunda birinci yeri tutub. 5 məzunumuz 600, 
								20 məzunumuz isə 500-dən yuxarı bal toplayıb. 
								Əlbəttə, bu uğurlar hamını sevindirir. 
								
								
								Məzunlarımın çoxu təkcə Azərbaycanın ali 
								məktəblərində deyil, MDB respublikalarında, 
								həmçinin digər xarici ölkələrdə (Bolqarıstan, 
								İsrail, Almaniya, ABŞ) təhsil alırlar. 
								
								
								Məktəbimizin şagirdləri olimpiadalarda, o 
								cümlədən beynəlxalq olimpiadalarda layiqli 
								yerlər qazanırlar, idman yarışlarında priz və 
								kuboklara layiq görülürlər. Məktəbin şagirdləri 
								rus dili fənni üzrə məktəblilərin Açıq 
								Beynəlxalq Olimpiadasında fəal iştirak edirlər. 
								2008-2009-cu dərs ilində Aynur Mürsəlova 
								(müəllim Barkanova L.B.) və Rüfət Hüseynov 
								(müəllim Orlova V.V.) "Svetozar" jurnalının 
								keçirdiyi rus dili fənni üzrə Açıq Beynəlxalq 
								Olimpiadada birinci yeri qazanmış və Moskvaya 
								olimpiadaya dəvət olunmuşlar. 
								
								
								Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə 
								həsr edilmiş olimpiadada şagirdlər Kseniya 
								Zorina (9-cu sinif), Aygün Bağırova (10-cu 
								sinif) və Əfsanə Əsgərli (11-ci sinif) yüksək 
								bal toplamışlar. Olimpiada Rusiya 
								informasiya-mədəniyyət mərkəzində keçirilmişdir. 
								
								
								Nikolay Zinovyeviçin yeniliyə təşəbbüsü məktəbdə 
								təhsilin inkişafına müsbət təsir göstərir. 
								2000-ci ildən Təhsil Nazirliyinin təqdimatına 
								əsasən, 145 nömrəli məktəb YUNESKO 
								əlaqələndirilmə məktəbi olmuşdur. Şagirdlərin 
								özünüidarəetmə orqanı - məktəb parlamenti 
								yaradılmışdır. Parlamentin prezidenti və onun 
								iki müavini hər il şagirdlər arasından seçilir. 
								
								
								Nikolay Zinovyeviç öz təcrübəsini başqaları ilə 
								bölüşə bilir. Son illərdə hər il məktəbin bazası 
								əsasında təhsildə yeni üsullar üzrə elmi-praktik 
								konfranslar, seminarlar keçirilir. Məktəbin ən 
								yaxşı müəllimləri öz bacarıqlarını "açıq 
								dərs"lərdə nümayiş etdirir, məruzələrlə çıxış 
								edirlər. N.Zinovyeviçin özü müəyyən tədbirlərdə 
								iştirak edir, maraqlı pedaqoji kitablar yazır. 
								Artıq onun iki kitabı işıq üzü görüb. "Yaşamaq 
								üçün öyrən", "Daim öyrənməkdə olan ömür" 
								("Uçitsya, çtobı jit", "Jizn kak postoyannoye 
								uçeniye"). 
								
								
								Yeni işə başlayan müəllimlərə direktor xüsusi 
								diqqətlə yanaşır. Onun rəhbərliyi ilə "Gənc 
								müəllim məktəbi" yaradılmışdır. Burada gənc 
								müəllimlər yaşlı nəsildən pedaqoji məharəti 
								öyrənir. 
								
								
								Nikolay Zinovyeviç müəllim və rəhbərdir, mənəvi 
								mədəniyyəti və vicdanlı sənət sahibi olması ilə 
								seçilən və yaradıcılıqla işləyən pedaqoqdur. 
								
								
								Öz işinin ustası olan bu şəxs hər bir sözü və 
								əməli ilə öyrədir və tərbiyə edir. Cari 
								məsələləri həyata keçirməklə o, eyni zamanda 
								gələcək biliklərin əsasını qoyur. 
								
								
								Bizim məktəb rus dilinin öyrənilməsində 
								respublikada baza məktəbidir. Bununla əlaqədar 
								xeyli iş görülür: "açıq dərs"lər, məruzələr, 
								tədbirlər, viktorinalar, musiqili-ədəbi 
								kompozisiyalar hazırlanır. Məktəbdə müxtəlif 
								dərnəklər fəaliyyət göstərir. Nikolay Zinovyeviç 
								fəal ictimai işlərə də vaxt tapır. Artıq bir 
								neçə ildir ki, o, Azərbaycanda Rus icması 
								sədrinin müavini və təhsil üzrə komissiyanın 
								sədridir. 
								
								
								Nikolay Zinovyeviç idarəetmə sistemində yeni və 
								müasir yanaşmanın tətbiqinə üstünlük verir. Bu 
								isə təlim-tərbiyə prosesinə effektli nəticələr 
								gətirir. 
								
								
								Rəhbərlik rolunu dərk etməklə Nikolay Zinovyeviç 
								özünü hər şeyi bilən və toxunulmaz rəis kimi 
								aparmır, o özünü hami, dost, məsləhətçi kimi 
								aparır. O inanır ki, məktəbdə uğurlu işləmək 
								üçün məktəbi və şagirdləri sevmək lazımdır, onu 
								da yaxşı bilməlisən ki, sən şagirdə nə 
								öyrədirsən. Axı, biliklər uşaqlara həyatda kömək 
								edəcək. Ümuminin xeyrinə xidmət etmək istəyi - 
								öz qəlbinin zəruri tələbi, şəxsi xoşbəxtliyin 
								şərtidir. 
								
								
								Biz yubilyarı, bizim hörmətli Nikolay 
								Zinovyeviçimizi təbrik edir, ona uzun ömür, 
								yaradıcılıq uğurları, enerji, sağlamlıq arzu 
								edirik. 
								
								
								
								Növrəstə ƏLİXANOVA, 
								Bakıdakı 145 nömrəli  
								məktəbin Azərbaycan dili  
								və ədəbiyyat müəllimi  |