| 
								 
								
								"Bilik günü" builki qəbul imtahanlarının 
								nəticələrinə əsasən reytinqi xeyli yüksəlmiş 
								Qafqaz Universitetində də təntənəli bayram 
								mərasimi ilə qeyd olundu. Mərasimdə təbrik nitqi 
								söyləyən universitetin rektoru, professor Ahmet 
								Saniç bayram tədbirinə qatılmış müəllim və 
								tələbələri, valideynləri salamlayıb dərs ilinin 
								başlanması və "Bilik günü" münasibəti ilə təbrik 
								etdi. Rektor söylədi ki, 17 ildir Azərbaycan 
								təhsilinə xidmət edən Qafqaz Universiteti 
								2010-2011-ci dərs ilini açmaqdan böyük bir qürur 
								duyur. Dünya universiteti olmaq yolunda möhkəm 
								addımlarla irəliləyən bu ali təhsil ocağında 
								dünyanın 12 müxtəlif ölkəsindən gələn tələbələr 
								təhsil alır. Məzunları 32 ölkədə çalışır. Rektor 
								bildirdi ki, builki tələbə qəbulunun 
								nəticələrinə görə Qafqaz Universiteti dövlət və 
								özəl ali məktəblərin arasında ön mövqeyə çıxıb. 
								
								
								2010-cu ildə TQDK-nın keçirdiyi qəbul 
								imtahanlarında 700 bal toplamış 7 abituriyentdən 
								4-ü məhz Qafqaz Universitetini seçmişdir. Bu il 
								universitetə qəbul olunmuş tələbələrdən 185-i 
								600-dən yüksək bal toplamış, 25-i Prezident 
								təqaüdünə layiq görülmüşdür. Dövlət sifarişi ilə 
								oxuyan tələbələrdən 257-si bu universitetdədir. 
								Universitetlərinin iş dünyası ilə əlaqələrinin 
								də geniş olduğunu vurğulayan rektor "Azərsun 
								Holdinq", BP Kaspian, "Azersell" kimi iri 
								şirkətlərlə birgə layihələr həyata 
								keçirdiklərini diqqətə çatdırdı. 
								
								
								Rektor universitetin professor-müəllim heyətini 
								təbrik edərək ümummilli lider Heydər Əliyevin 
								xeyir-duası ilə açılan Qafqaz Universitetində 
								çalışmağın, Azərbaycanın ən dəyərli tələbələrinə 
								təhsil verməyin şərəfli və məsuliyyətli iş 
								olduğunu, onların bu işin öhdəsindən layiqincə 
								gələcəyinə əminliyini bildirdi. 
								
								
								Valideynləri də təbrik edən rektor universitetə 
								əmanət etdikləri övladlarına yüksək təhsil 
								veriləcəyinə onları əmin etdi və birlikdə 
								fəaliyyət göstərərlərsə Qafqaz Universitetində 
								güclü təlim mühiti yaratmağa nail olacaqlarını 
								söylədi. 
								
								
								Professor A.Saniç tələbələri təbrik edib onlara 
								elmlərə səylə yiyələnməyi, yüksəkixtisaslı 
								mütəxəssis kimi yetişmək üçün çalışmağı tövsiyə 
								etdi. 
								
								
								700 balla Qafqaz Universitetinə qəbul olunmuş 4 
								tələbə tədbirdə çıxış edərək ürək sözlərini 
								dedi. 
								
								
								Sonra mükafatlandırma  mərasimi oldu. 700 bal 
								toplayan tələbələrə noutbuklar, Prezident 
								təqaüdünə layiq görülmüş digər tələbələrə isə 
								qiymətli hədiyyələr təqdim edildi. 
								
								
								Bayram tədbiri istedadlı tələbələrin ifasında 
								konsert proqramı ilə davam etdi.  
								
								
								
								Lalə YUSİFQIZI  |