| 
								 
								
								Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji  
								Universitetində  yeni dərs ilinin başlanması  
								ilə əlaqədar tədbir keçirildi.Tədbiri giriş sözü 
								ilə  ADPU-nun rektoru, professor Yusif Məmmədov 
								açaraq universitetə ilk dəfə qədəm qoyan I kurs 
								tələbələrini və professor - müəllim heyətini  
								yeni dərs ilinin başlanması münasibətilə təbrik 
								etdi. 
								
								
								Bildirildi ki, bu il ADPU-ya test üsulu ilə 10 
								fakültə üzrə əyani  şöbəyə 1395 , qiyabi şöbəyə 
								isə 439 nəfər tələbə qəbul olunub. Eyni zamanda 
								ADPU-nun magistraturasının əyani şöbəsinə 11 
								istiqamət,42 ixtisas üzrə 190,  qiyabi şöbəsinə 
								isə 7 istiqamət, 22 ixtisas üzrə 120 nəfər qəbul 
								edilib. Həmçinin yeni tədris ilində ADPU-ya 
								Türkiyə Respublikasının Yüksək Öyrətim  Kurulu 
								tərəfindən 5 ixtisas-riyaziyyat, kimya, 
								biologiya, defektologiya və musiqi müəllimi 
								ixtisasları üzrə 125 nəfər türkiyəli vətəndaşın  
								təhsil almağa  göndərilməsi  də  nəzərdə 
								tutulur. 
								
								
								Sevindirici haldır ki, bu ildən respublikamızın 
								ali təhsil müəssisələrinin yeni maliyyələşmə 
								mexanizminə keçməsi ilə əlaqədar ADPU-ya 727 
								nəfər tələbə dövlət sifarişi əsasında qəbul 
								edilmişdir.Bu yeniliklərlə yanaşı, universitetin 
								tədris  korpuslarında yüksək  səviyyəli 
								təmir-tikinti və abadlıq işləri  həyata 
								keçirilmiş, maddi-texniki bazasının 
								gücləndirilməsi və müasir 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təminatının daha da yaxşılaşdırılması üçün 
								müvafiq işlər görülmüşdür.  
								
								
								Tədbirdə I kursa qəbul olunmuş tələbələr və  
								onların valideynləri də çıxış etdilər.   
								
								
								
								Şakir CƏFƏROV  |