| 
								 
								
								 Sentyabrın 
								15-də Azərbaycan Memarlıq və İnşaat 
								Universitetində yeni tədris ilinin başlanması - 
								"Bilik günü" münasibətilə təntənəli yığıncaq 
								keçirildi. 
								
								
								Mərasim başlanmazdan əvvəl universitet 
								rektorluğunun, ictimai təşkilatlarının, 
								professor-müəllim heyətinin nümayəndələri, 
								tələbə fəalları xalqımızın ümummilli lideri 
								Heydər Əliyevin universitetin həyətində 
								ucaldılmış abidəsi önünə gələrək, əziz 
								xatirəsini ehtiramla yad etdilər və büstünün 
								önünə tər güllər qoydular. 
								
								
								Tədbiri giriş sözü ilə universitetin rektoru, 
								professor Gülçöhrə Məmmədova açaraq əlamətdar 
								gün münasibətilə müəllimləri, tələbələri və 
								valideynləri təbrik etdi. Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, bu 
								sahədə imzaladığı fərman və sərəncamlardan 
								danışan rektor qeyd etdi ki, dövlət başçısının 
								elm və təhsili müstəqil dövlətimizin davamlı 
								inkişaf strategiyasının ən vacib 
								istiqamətlərindən biri hesab etməsi bu sahənin 
								müasir standartlara uyğun inkişafı üçün gözəl 
								şərait yaratmışdır. 
								
								
								 Rektor 
								bildirdi ki, bu il 24 ixtisas üzrə 1164 nəfər 
								gənc universitetimizin tələbəsi adına layiq 
								görülmüşdür. Onların arasında yüksək bal 
								toplayanlar da çoxdur. 
								
								
								Rektor tələbə gənclərə yaxşı oxumağı, elmin 
								sirlərinə dərindən yiyələnməyi, ictimai işlərdə 
								fəal olmağı tövsiyə etdi. 
								
								
								Sonra universitetin inşaat fakültəsinin dekanı 
								Hikmət Məmmədov çıxış edərək bildirdi ki, 
								Azərbaycan Memarlıq və İnşaat Universiteti bu 
								gün respublikamızda memarlıq və inşaat 
								istiqamətləri üzrə milli kadrların 
								hazırlanmasında müstəsna xidmətləri olan 
								elm-təhsil ocağıdır. İndi ölkəmizdə aparılan 
								geniş tikinti, quruculuq və abadlıq işlərində 
								bizim universitetin hazırladıqları kadrlar 
								yaxından iştirak edirlər. 
								
								
								Tədbirdə qəbul imtahanlarında yüksək bal 
								toplayaraq, Azərbaycan Memarlıq və İnşaat 
								Universitetinin tələbəsi adına layiq görülmüş 
								bir qrup gəncə tələbə bileti və qiymət 
								kitabçaları təqdim olundu.  
								
								
								
								Akif HACIYEV, 
								Azərbaycan Memarlıq və  
								İnşaat Universitetinin "İnşaatçı  
								kadrları" qəzetinin redaktoru  |