| 
								 
								
								Azərbaycan Texniki Universitetində 15 sentyabr - 
								yeni dərs ilinin başlanmasına həsr olunmuş 
								tədbir keçirildi. Mərasim iştirakçıları əvvəlcə 
								universitetin birinci mərtəbəsində yerləşən ulu 
								öndər Heydər Əliyevin büstü önünə tər qərənfil 
								dəstələri düzdülər. Sonra bu təhsil ocağının 
								həyətində başlanan tədbiri universitetin rektoru 
								Havar Məmmədov açaraq qonaqları, müəllim və 
								tələbələri "Bilik günü" - yeni dərs ilinin 
								başlanması münasibəti ilə təbrik etdi. Qeyd 
								edildi ki, universitetə 1715 yerə qarşı 1709 
								tələbə qəbul olunub. Bu, çox böyük uğurdur. 
								Azərbaycan Texniki Universitetində 29 istiqamət, 
								75-dən çox ixtisas üzrə kadr hazırlığı aparılır. 
								Universitetdə 80-ə yaxın professor, elmlər 
								doktoru, 350-yə qədər elmlər namizədi, dosent 
								çalışır. Bir neçə ildir ki, bu təhsil ocağı 
								Boloniya prosesinə qoşulub. Ümumiyyətlə, 
								tələbələrin təhsilində informasiya 
								texnologiyalarından geniş istifadə olunur. 
								
								
								Bildiyiniz kimi, ölkə Prezidenti möhtərəm İlham 
								Əliyev gənclərin təhsilinə, onların sosial 
								şəraitinin yaxşılaşmasına xüsusi önəm verir. Ali 
								və orta ixtisas bazaları genişləndirilir. Son 
								illərə kimi 2000-dən çox yeni təhsil 
								müəssisələri tikilib istifadəyə verilib. Bu, 
								ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev 
								Fondunun prezidenti, millət vəkili Mehriban 
								Əliyevanın apardığı uğurlu işin nəticəsidir... 
								
								
								Sonra mərasimdə iştirak edən millət vəkilləri 
								Gülər Əhmədova, Elton Məmmədov, Azərbaycan 
								Respublikası rabitə və informasiya 
								texnologiyaları nazirinin müavini İltimas 
								Məmmədov, yüksək bal toplamış I kurs tələbəsi 
								Nigar Əhmədova, valideyn Azər Əfəndiyev və IV 
								kurs tələbəsi Araz Məmmədov çıxış edərək yeni 
								dərs ili münasibəti ilə universitetin müəllim və 
								tələbələrini təbrik etdilər. 
								
								
								Tədbirin sonunda yüksək bal toplayaraq 
								universitetin müxtəlif fakültələrinin I kursuna 
								qəbul olmuş gənclərə tələbə biletləri, qiymət 
								kitabçaları və hədiyyələr təqdim olundu. 
								
								
								*** 
								
								
								Ölkəmizin bütün ali, orta ixtisas və ümumtəhsil 
								məktəblərində olduğu kimi, Lənkəran Dövlət 
								Universitetində də yeni dərs ili - "Bilik günü" 
								təntənə ilə qeyd edildi. 
								
								
								Universitetin rektoru, fizika-riyaziyyat elmləri 
								doktoru, əməkdar elm xadimi, professor Asəf 
								İsgəndərov yeni dərs ilinin başlanması 
								münasibəti ilə magistr və tələbələri təbrik 
								etdi. Bildirdi ki, yeni dərs ilində 
								universitetdə 21 ixtisas üzrə 1500-dək tələbə 
								təhsil alacaq. Bunun 355 nəfəri ilk dəfə 
								auditoriyaya qədəm qoyur. 
								
								
								Universitetin dosenti, filologiya elmləri 
								namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım 
								Talışlı, universitet valideynlər şurasının sədri 
								Sərhad Məmmədov, rayon Ağsaqqallar Şurasının 
								sədri Kamal Kələntərli, valideynlər adından 
								Alxan Şahverdiyev, Ədalət Həmidov çıxış edərək 
								tələbələri təbrik etdilər, onlara elm və təhsil 
								sahəsində uğurlar arzuladılar. 
								
								
								Tələbələr adından çıxış edən, 500-dən çox balla 
								ali məktəbə daxil olmuş Nərmin Babazadə, Cəmilə 
								Əliyeva və Günəş Bayramlı ürək sözlərini 
								söyləyərək təhsildə və universitetin ictimai 
								həyatında fəal iştirak edəcəklərinə söz 
								verdilər. 
								
								
								Universitetə yüksək balla daxil olanların bir 
								qrupuna tələbə bileti təqdim edildi. 
								
								
								*** 
								
								
								Azərbaycan Dövlət Neft Akademiyasında bu il   
								yüksək bal toplayaraq adıçəkilən ali təhsil 
								ocağına qəbul olunan 1-ci kurs tələbələri ilə 
								görüş keçirildi. Görüşü Azərbaycan Dövlət Neft 
								Akademiyasının rektoru Siyavuş Qarayev açaraq 
								bütün tələbələri "Bilik günü" münasibəti ilə 
								təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. 
								Son illər ölkə təhsilinin uğurla inkişaf 
								etdiyini, gənclərin təhsilə, elmə olan marağının 
								artdığını söyləyən rektor 2010-2011-ci tədris 
								ilində rəhbərlik etdiyi ali təhsil ocağına 
								1500-ə yaxın gəncin daxil olduğunu bildirdi. 
								Qeyd etdi ki, ali məktəbə qəbul olunanlardan 84 
								nəfəri 600, 281 nəfəri isə 500-dən yuxarı bal 
								toplayıb. S.Qarayev  yüksək nəticə göstərən 
								həmin tələbələrin təhsil alacaqları illər 
								ərzində də fərqlənəcəklərinə, nailiyyətləri ilə 
								ali məktəbə başucalığı gətirəcəklərinə ümidvar 
								olduğunu bildirdi. Görüşdə o da vurğulandı ki, 
								Neft Akademiyasını bitirən məzunların işlə təmin 
								edilməsi məqsədi ilə yeni layihələr hazırlanır. 
								Artıq bir çox gənc bu il iş yeri ilə təmin 
								edilib.  
								
								
								 Sonda gənclərə tələbə biletləri təqdim olundu.
								 
								
								
								*** 
								
								
								Həmin gün Bakıdakı 35 nömrəli orta məktəbdə də 
								təntənə ilə qeyd edildi. Dövlət himninin 
								səslənməsi və bayrağın gətirilməsi ilə başlayan 
								tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Rəna Naibova müəllimləri, məktəbə ilk qədəm 
								qoyan birinciləri və onların valideynlərini 
								təbrik etdi. Onlara dərslərində uğurlar 
								arzulayaraq bu gün təhsilə göstərilən dövlət 
								qayğısından söz açdı.  
								
								
								Tədbirdə çıxış edən Bakı Şəhəri  üzrə  Təhsil 
								İdarəsinin metodisti Sevinc Amanava əvvəlki 
								illərlə müqayisədə bu gün şagirdlər üçün 
								məktəblərdə  daha yaxşı  şərait yaradılmasından, 
								şagirdlərin üzərinə düşən vəzifələrdən söhbət 
								açdı.  
								
								
								Tədbir birincilərin ilk zənglə sinfə daxil 
								olmalarıyla başa çatdı.  
								
								
								*** 
								
								
								 Bakıdakı  42 nömrəli orta ümumtəhsil məktəbində 
								keçirilən "Bilik günü" mərasimində ilk zəng 
								çalındıqdan sonra Azərbaycanın  Dövlət bayrağı 
								səhnəyə gətirildi və himnin sədaları altında  
								qaldırıldı. Tədbir başlanmazdan əvvəl ulu öndər 
								Heydər Əliyevin və torpaqlarımızın azadlığı 
								uğrunda  şəhid olmuş məktəbin məzunlarının əziz 
								xatirələri bir dəqiqəlik sükutla  yad edildi. 
								Təhsili millətin gələcəyi hesab edən ümummilli 
								lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin 
								möhkəmləndirilməsi yolunda sonsuz 
								fədakarlığından danışan tədbirin aparıcıları 
								məktəb kollektivi adından təhsil ocağının  
								yenidən qurulmasında, əsaslı təmir  olunmasında  
								əvəzsiz rolu olan Heydər Əliyev Fondunun 
								prezidenti, Azərbaycanın birinci xanımı Mehriban 
								xanım Əliyevaya  minnətdarlıqlarını bildirdilər.
								 
								
								
								Tədbirdə iştirak edən Nəsimi Rayon İcra 
								Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini 
								Məhəbbət Qarabağlı  birinciləri təbrik etdi, 
								onlara dərslərində uğurlar, müəllimlərə isə 
								şərəfli peşələrində daha da ucalmağı  
								arzuladılar.  
								
								
								*** 
								
								
								Bayram tədbiri Bakıdakı 57 nömrəli orta məktəbdə 
								də geniş qeyd edildi. Yeni dərs ili məktəb 
								kollektivi üçün ikiqat bayrama çevrilib.  Belə 
								ki, bu il təhsil ocağı  Təhsil Nazirliyinin 
								vəsaiti  hesabına əsaslı təmir olunaraq  
								istifadəyə verilib. Dövlət himninin 
								səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü 
								ilə açan məktəbin direktoru Aidə Əhmədova 
								müəllimləri və birinciləri təbrik etdi, onlara 
								gələcək həyatlarında uğurlar arzuladı. 
								 
								
								
								Birinciləri  təbrik edən Nərimanov Rayon İcra 
								Hakimiyyətinin başçısı Abdin Fərzəliyev onlara 
								dərslərində yaxşı oxumağı, həmişə 
								valideynlərinin, müəllimlərinin nəsihətlərini 
								eşitməyi tövsiyə etdi.  
								
								
								Yeni Azərbaycan Partiyasının icra katibi, millət 
								vəkili Əli Əhmədov da şagirdləri, müəllimləri və 
								valideynləri  təbrik etdi. Ə.Əhmədov Azərbaycan 
								dövlətinin elmə, təhsilə böyük diqqət və 
								qayğısından danışaraq  ölkəmizin daha da 
								qüdrətlənməsi üçün gənc nəslin savadlı olmasının 
								vacibliyini vurğuladı.   
								
								
								 Təhsilə göstərilən diqqət və qayğıdan danışan 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini 
								Hüseyn Əsgərov da birinciləri təbrik etdi, 
								onlara dərslərindən həmişə əla qiymətlər almağı 
								arzuladı.  
								
								
								Tədbir iştirakçıları məktəbin yenicə təmirdən 
								çıxmış, müasir avadanlıqlarla təmin olunmuş 
								binası  ilə tanış oldular.   
								
								
								*** 
								
								
								Bakıdakı 239 nömrəli məktəbdə "Bilik günü" 
								unudulmaz xatirə ilə yadda qaldı.  Birincilər 
								həyəcanla məktəbin həyətində idilər.  Məktəb 
								rəhbərliyi adından qonaqlara "xoş gəldin" deyən 
								tədbirin aparıcıları müəllimləri, birinciləri 
								"Bilik günü"  münasibətilə təbrik etdi.   Onlara 
								həmişə dərslərindən əla qiymətlər almağı, 
								Azərbaycana layiq olmağı arzuladı.   
								
								
								Çıxış edən qonaqlar  da müəllimləri, birinciləri 
								və onların valideynlərini təbrik etdilər. 
								Birincilər müxtəlif şeirlərlə, mahnılarla həmin 
								günü unudulmaz xatirəyə çevirdilər.   
								
								
								
								"Azərbaycan müəllimi"  |