| 
								 
								
								I Pyotrun xəbis, türk dünyasına qarşı  məkrli və 
								dəhşətli nəticələri gözlənilən planı 
								reallaşdırılırdı: I Nikolayın 20 mart 1828-ci il 
								tarixli fərmanı ilə İrəvan və Naxçıvan 
								xanlıqları əsasında "Ermənistan" vilayəti 
								yaradıldı. Beləcə, Qafqazda əzəli və əbədi türk 
								torpaqlarının parçalanması, aborigen xalqın - 
								Azərbaycan türklərinin ağrılı, acılı və 
								dastanlara sığmayan qaçqın, köçkün və əzablı 
								tarixinin səhifələrinin yazılması başlandı. Və 
								son səhifə 1988-ci ildə yazıldı. İndiyə qədər 
								qoca tarixin susqunluqla dözdüyü faktlara axır 
								ki, tarixi-siyasi qiymət 26 mart 1998-ci ildə 
								verildi: ulu öndər Heydər Əliyevin imzaladığı 
								"Azərbaycanlıların soyqırımı haqqında" bu tarixi 
								fərman çox həqiqətlərə işıq saldı. Etnik 
								təmizləmə və soyqırımı siyasəti nəticəsində 
								xalqın məruz qaldığı milli faciə, məşəqqətlər, 
								məhrumiyyətlər dövlət və Milli Məclis 
								səviyyəsində dünyaya çatdırıldı. 
								
								
								Bu ağrı-acıların obrazlı, bədii inikasının 
								tarixi isə ötən əsrlərlə bağlıdır. Sənətin 
								sinkretik növü olan aşıq yaradıcılığı xalqın 
								qəlbinin səsi olaraq şovinizmin, erməni-daşnak 
								rəzillik və faşizminin nişanəsi-soyqırımı 
								faktlarına biganə qalmamış, gəraylı, qoşma kimi 
								şeir formalarında düzülüb-qoşulmuş əsərlərdə 
								tarixi həqiqətlər təsvir edilmiş, realizm 
								baxımından ayrı-ayrı şəxslər, hadisələr, faktlar 
								ifadə olunmuşdur. Bu baxımdan  Ağbaba-Çıldır 
								aşıqlarının ədəbi irsi də böyük tarixi-ictimai 
								əhəmiyyətə malikdir. Belə ki, Ağbaba-Çıldır 
								aşıqlarının əsərlərində Azərbaycan, türk 
								xalqlarının soyqırımı və deportasiyası mövzusu 
								müxtəlif poetikada əksini tapmışdır. Bir bəndi 
								təqdim etməklə deyilənə söykək yaradaq: 
								
								
								Qan gölündə boğulubdur türk elləri burada, 
								
								
								Ay-ulduzlu türk ordusu görən qalıb harada? 
								
								
								Qətl olanlar tikə-tikə, doğram-doğram orada, 
								
								
								Şörəyelin, Ağbabanın mal-dövləti talanmış. 
								
								
								Bu və ya digər məsələlər Sumqayıt Dövlət 
								Universiteti Azərbaycan və xarici ölkələr 
								ədəbiyyatı tarixi kafedrasının müdiri, 
								filologiya elmləri namizədi, dosent Avtandil 
								Ağbabanın (Məmmədov) "Durnam, gedər olsan bizim 
								ellərə" (Bakı: Qanun, 2009, 64 s.) kitabında 
								(elmi redaktor filologiya elmləri doktoru, 
								professor İ.Abbasov, rəyçi filologiya elmləri 
								namizədi, dosent A.Bayramovdur) ədəbi-tarixi, 
								mədəni-fəlsəfi baxımdan tədqiq və təhlil 
								olunmuşdur. 
								
								
								Ermənilərin, onların din qardaşları - 
								havadarlarının Şərqi Anadolu və Azərbaycan 
								türklərinin başlarına gətirdikləri ağrı-acılar, 
								faciələr, repressiyalar aşıq poeziyasında 
								ifadəsini tapmışdır. Kitabda Aşıq Qəhrəman, 
								Corlu Məhəmməd, Aşıq Üzeyir, Aşıq Nəsib kimi 
								sənətkarların şeirləri mövzu baxımından 
								araşdırılmışdır. 
								
								
								ATƏT-in xəttilə nəşr olunmuş əsərin sonunda 
								Ağbaba eli ilə bağlı müxtəlif məkanları - qala, 
								göl mənzərələrini, ayrı-ayrı hadisələri əks 
								etdirən fotolar verilməsi tarixilik baxımından 
								uğurludur.  |