| 
								 
								
								2010-cu ilin noyabr ayında Azərbaycan Dövlət 
								Bədən Tərbiyəsi və İdman Akademiyasının 
								yaradılmasının 80 illiyi tamam olur.  
								
								
								Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
								Akademiyası fəaliyyətə başladığı vaxtdan  
								etibarən  ölkəmizin  idman  həyatına layiqli 
								töhfələr vermişdir. Akademiyanın yetirmələri  
								Olimpiya oyunlarında, dünya və Avropa 
								çempionatlarında  böyük nailiyyətlər qazanaraq  
								ölkəmizi  layiqincə  təmsil  etmişlər. 
								 
								
								
								Respublikamızda bədən tərbiyəsi və idman 
								sahəsinin inkişaf etdirilməsi üçün kadrların 
								hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, 
								Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
								Akademiyasının 80 illik yubileyinin qeyd 
								olunmasını təmin etmək məqsədi ilə 
								
								
								
								QƏRARA ALIRAM:  
								
								
								1. Azərbaycan Respublikasının Gənclər və İdman 
								Nazirliyi Azərbaycan Respublikasının Təhsil 
								Nazirliyi ilə birlikdə, Milli Olimpiya 
								Komitəsinin təkliflərini nəzərə almaqla, 
								Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
								Akademiyasının 80 illiyinə həsr olunmuş 
								tədbirlər planını hazırlayıb həyata keçirsin.
								 
								
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
								 
								
								
								  
								
								
								
								İlham ƏLİYEV,  
								Azərbaycan Respublikasının 
								Prezidenti  
								Bakı şəhəri, 3 may 2010-cu il  |