| 
								 
								
								Aprelin 28-də Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 
								faşizm üzərində Qələbənin 65 illiyinə həsr 
								olunmuş "Biz qələbənin varisləriyik" mövzusunda 
								elmi-praktik konfrans keçirildi. Tədbirdə 
								institutun professor-müəllim heyəti, Binəqədi 
								Rayon İcra Hakimiyyətinin nümayəndələri, II 
								Dünya müharibəsi veteranları və digər qonaqlar 
								iştirak edirdilər. Öncə iştirakçılar II Dünya 
								müharibəsində həlak olanların xatirəsini bir 
								dəqiqəlik sükutla yad etdilər.  Tədbiri giriş 
								sözü ilə açan institutun rektoru, professor Asəf 
								Zamanov bildirdi ki,  möhtərəm Prezidentimiz 
								İlham Əliyevin müvafiq sərəncamına əsasən 
								2010-cu ildə ölkəmizdə  faşizm üzərində 
								qələbənin ildönümü bütün müəssisələrdə təntənəli 
								şəkildə qeyd edilir.  
								
								
								 Müharibənin 
								başlanması tarixindən söhbət açan A.Zamanov qeyd 
								etdi ki, Hitlerin  ildırımsürətli "Barbarossa" 
								planına əsasən keçmiş SSRİ ərazisi tezliklə ələ 
								keçirilməli və bir çox Avropa ölkələri kimi, 
								burada da faşizm cəmiyyəti qurulmalı idi. 
								Hitler  Bakını tezliklə ələ keçirərək 
								müharibənin gedişində onun neftindən istifadə 
								etməyi  qarşısına əsas məqsəd qoymuşdu. Bunun 
								üçün xüsusi plan hazırladan Hitler artıq Qafqaza 
								yaxınlaşmışdı. Lakin buna baxmayaraq, rəşadətli 
								xalqımız sovet xalqları ilə birlikdə iyrənc 
								faşizmə qarşı səfərbər olaraq silaha sarıldı. 
								Onların qəhrəmanlığı və şücaəti sayəsində alman  
								faşistləri geri çəkilməyə məcbur oldular. 
								Qoşunlarımız böyük hünər göstərərək hitlerçiləri 
								məğlub etdilər. A.Zamanov  SSRİ-nin II Dünya 
								müharibəsində qalib gəlməsində azərbaycanlıların 
								və Bakı neftinin rolunun böyük olduğunu 
								bildirərək müharibədə iştirak etmiş hər bir 
								azərbaycanlı ilə fəxr etdiyini vurğuladı. O, 
								müharibə iştirakçılarına göstərilən diqqət və 
								qayğıdan söhbət açaraq, ulu öndər Heydər 
								Əliyevin bizə miras qoyduğu bu ənənəni daim 
								davam etdirməyin vacibliyini bildirdi. 
								
								
								Sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti 
								başçısının müavini Eldar Ağayevə verildi. O, 
								müharibənin dəhşətlərindən danışaraq bildirdi 
								ki, bu müharibə bəşər tarixinin ən qanlı savaşı 
								kimi daim insanların xatirəsində qalacaq. Belə 
								müharibələrin bəşəriyyətə ağır zərbə vurduğunu 
								və onun fəsadlarının əsrlərlə davam etdiyini 
								bildirdi. Azərbaycanlıların bu müharibədə 
								göstərdikləri hünərdən də söz açan E.Ağayev 
								veteranlara və onların ailə üzvlərinə olan 
								diqqət və qayğıdan danışdı. O bildirdi ki, 
								respublikamızın hər yerində olduğu kimi, 
								Binəqədi rayonunda da veteranlar və onların ailə 
								üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır,  
								problemləri həll olunur.  
								
								
								Tədbirdə cıxış edən II Dünya müharibəsi veteranı 
								Əmiralı Əmiralıyev özünün döyüş yolundan 
								danışdı. O, azərbaycanlılardan təşkil olunan 
								416-cı diviziyanın faşistlər üzərində qələbədə 
								misilsiz xidmətlərindən söhbət açdı. Polşanın 
								faşistlərdən azad edilməsində yaxından iştirak 
								edən və Berlinə qədər döyüş yolu keçən 
								Ə.Əmiralıyev faşistlərin  məğlubiyyətə layiq 
								olduqlarını qeyd etdi. O, bütün işğalçı 
								dövlətlərin aqibətinin belə nəticələndiyini və 
								faşistlərin məğlubiyyətinin işğalçılıqla bağlı 
								olduğunu vurğuladı. 
								
								
								Digər cıxış edənlər də müharibənin tarixindən və 
								fəsadlarından danışdılar.    
								
								
								
								Niyazi RƏHİMOV  |