| 
								 
								
								Mayın 4-də Təhsil Nazirliyinin Xalq Təhsili 
								Muzeyində faşizm üzərində qələbənin 65 illiyinə 
								həsr olunmuş tədbir keçirildi. 
								
								
								 Mərasimə 
								toplaşanlar əvvəlcə təhsil muzeyinin foyesində 
								xüsusi zövqlə hazırlanmış "Qələbə-65" sərgisinə 
								böyük maraqla baxdılar. Burada 1941-1945-ci 
								illər müharibəsində iştirak etmiş müəllimlərin 
								şəkilləri, həmin illər dərc edilmiş qəzetlər və 
								s. nadir sənədlərlə tanış oldular. 
								
								
								Az sonra başlanan tədbiri açan Xalq Təhsili 
								Muzeyinin direktoru Lalə Bayramova məclisə dəvət 
								olunmuş müharibə veteranlarını və iştirakçıları 
								salamladı. 1941-45-ci illər müharibəsində həlak 
								olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik 
								sükutla yad edildi. 
								
								
								Sonra direktor bu dəhşətli müharibədə Azərbaycan 
								döyüşçülərinin göstərdikləri şücaətlərdən, 
								qələbənin əldə olunması üçün verdiyimiz 
								itkilərdən söhbət açdı və faşizm üzərində 
								qələbənin 65 illiyi münasibətilə tədbir 
								iştirakçılarını təbrik etdi. 
								
								
								İlk söz Respublika Veteranlar Şurasının məsul 
								katibi Əlfayım İsmayılova verildi. O, atasının 
								müharibəyə gedib qayıtmamasından, bu müharibənin 
								törətdiyi dəhşətlərdən  ürəkağrısı  ilə  
								danışdı. 
								
								
								Tədbirdə Xalq Təhsili Muzeyinin şöbə müdiri 
								Kəmalə Həsənova daha ətraflı çıxış edərək 
								Azərbaycan müəllimlərinin ön və arxa cəbhədə 
								necə fədakarlıqla iştirak etdiyini faktlar və 
								rəqəmlərlə iştirakçıların nəzərinə çatdırdı. 
								
								
								Mərasimdə çıxış edən Təhsil Nazirliyinin şöbə 
								müdiri Ağababa İbrahimov təhsil naziri Misir 
								Mərdanovun salamlarını tədbir iştirakçılarına 
								çatdırdı. Sonra o, mərasimdə iştirak edən 
								müəllim və şagirdlərə tövsiyə etdi ki, 
								veteranları tək-tək məktəblərə dəvət edib 
								görüşlər keçirsinlər, onların döyüş yolunu 
								öyrənsinlər, xatirələrini dinləsinlər. 
								
								
								Həmin gün qələbənin 65 illiyinə həsr olunmuş 
								tədbirdə Təhsil Nazirliyinin işçisi Təranə 
								Aslanova, Nərimanov Rayon Veteranlar Şurasının 
								sədri Alı Hüseynov müharibənin törətdiyi 
								dəhşətlərdən danışdılar. 1941-45-ci illər 
								müharibəsinin veteranları Bağır Məlikov, 
								Fatmaxanım Səttarova, Səkinə Məmmədova, Boris 
								Balasiyev və Şahlar Əliyev isə çıxış edərək  
								Qafqazdan Berlinədək keçdikləri şərəfli döyüş 
								yolu barədə söhbət açdılar.  
								
								
								Tədbirin sonunda Bakının Sabunçu  rayonundakı 4 
								nömrəli musiqi məktəbinin, paytaxtın 190, 213, 
								218 və 239 nömrəli məktəb şagirdlərinin ifasında 
								rəngarəng musiqi nömrələri ifa olundu, Vətənə, 
								müharibəyə həsr olunmuş mahnılar oxundu, şeirlər 
								söylənildi. 
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |