| 
								 
								
								Aprelin 30-da Bakı Pedaqoji  Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunda  görkəmli elm xadimi, tanınmış 
								oftalmoloq Zərifə xanım  Əliyevanın anadan 
								olmasının 87-ci  ildönümünə həsr olunmuş 
								elmi-praktik konfrans keçirildi. Mərasimdə  
								Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik 
								sükutla yad edildi.      
								
								
								Rektor  Asəf Zamanov  konfransı giriş sözü ilə  
								açaraq  Zərifə xanım Əliyevanın tibb elminin 
								inkişafındakı  xidmətlərindən, bu sahədə  
								yaratdığı  fundamental  əsərlərdən,  qazandığı 
								misilsiz nailiyyətlərdən söz açdı. Bildirdi ki,  
								Zərifə xanım  Əliyeva aspiranturanı bitirib elmi 
								əməkdaş kimi fəaliyyət göstərdiyi illərdə  
								respublikanı traxoma xəstəliyi ağuşuna almışdı. 
								O vaxtlar  bu xəstəliyə qarşı təsirli müalicə 
								üsulların olmasından onunla  mübarizə təkcə 
								oftalmologiya elmi üçün deyil, bütövlükdə 
								ölkənin səhiyyəsi üçün vacib idi.  Belə bir 
								dövrdə  Zərifə xanım traxoma  xəstəliyinə qarşı 
								aparılan  müalicəvi və profilaktik tədbirlərin  
								keçirilməsində fəal iştirak edirdi.  Beləliklə, 
								Zərifə xanımın ilk elmi araşdırmalarının  
								mövzusunu həyat özü müəyyənləşdirdi.1960-cı ildə 
								uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya 
								üsulları ilə birlikdə sintomitsinlə müalicəsi" 
								mövzusunda namizədlik dissertasiyasını müdafiə 
								etdiE Görkəmli oftalmoloq-alim, 12 monoqrafiya, 
								dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi 
								işin, 1 ixtira və 12 səmərələşdirici təklifin 
								müəllifidir. 
								
								
								Azərbaycan Tibb Universitetinin oftalmologiya 
								kafedrasının müdiri, professor Paşa Qəlbinur 
								"Alim, həkim, insan" adlı məruzəsində  Zərifə 
								xanım  Əliyevanı  fenomen adlandırdı, 
								Azərbaycanda nadir  şəxsiyyətlərdən biri, 
								çoxşaxəli istedad sahibi kimi səciyyələndirdi. 
								Qeyd etdi ki, Azərbaycan oftalmologiya elmi 
								bilavasitə Zərifə xanımın adı ilə bağlıdır. Bu 
								elmin ən zəngin çalarları görkəmli alim 
								tərəfindən öyrənilmiş və elmə məlum olmayan bir 
								çox yeniliklər  ixtira edilmişdir. Professor elm 
								sahəsində  qazandığı uğurlara  görə Zərifə 
								xanımın  ixtiralarından bəhrələndiyini qeyd 
								etdi. 
								
								
								Bakı PKİYİ-nin  kitabxanasının müdiri  Güldanə  
								Mehdiyeva   "Nur və həyat rəmzi" mövzusunda  
								geniş məruzəsində  qeyd etdi ki, çox vaxt  
								insanın dünyaya gəldiyi fəsillə onun təbiətində 
								uyğunluq olur. Bu cəhətdən akademik Zərifə 
								xanım   Əliyevanı  "bahar təbiətli" adlandırmaq 
								olar. Çünki  görkəmli oftalmoloq-alim, qayğıkeş 
								həkim, ən yaxşı ana, fədakar həyat yoldaşı  
								Zərifə xanım  Əliyeva  təbiətin oyandığı, 
								torpağın canlandığı, istinin və işığın artdığı 
								bir fəsildə  dünyaya göz açmışdır. Onun elmi  
								fəaliyyətinin istiqamətlərindən biri  gözün  
								oftalmoloji, histomikroskopik və histokimyəvi  
								tədqiqinə həsr edilmişdir. Zərifə xanımın  elmi 
								fəaliyyətinin  digər sahələrindən biri  
								klinik-diaqnostik istiqamətdə apardığı 
								tədqiqatlardır ki, onların da nəticələri 
								həkimlər üçün yazılmış dərs vəsaiti və 
								monoqrafiyalarda cəmlənmişdir.  
								
								
								ATU-nin Oftalmologiya kafedrasının dosenti  
								Solmaz İsayeva Zərifə xanımla bağlı 
								xatirələrindən, psixologiya  elmləri namizədi  
								Hökümə Əliyeva, Təbiət elmləri kafedrasının 
								müdiri  Zərifə Dəmirova, pedaqoji elmlər 
								namizədi  Fikrət Əliyev çıxışlarında  böyük 
								alim, zəkalı qadın, qayğıkeş ana, nəcib və 
								xeyirxah şəxsiyyət  Zərifə xanım Əliyevanın tibb 
								elminə verdiyi tövhələrdən söz açdılar. 
								
								
								Sonda rektor Asəf Zamanov  böyük 
								oftalmoloq-alim, akademik Zərifə xanım 
								Əliyevanın xatirəsinin daim qəlblərdə 
								yaşayacağını, yaddaşlardan  heç vaxt 
								silinməyəcəyini vurğulayaraq, dedi ki, dahilər 
								heç vaxt ölmürlər, onlar ən sevimli bəndələr 
								kimi Tanrı dərgahına qovuşurlar. 
								
								
								
								Sifai SƏFƏROVA   |