| 
								 
								
								T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq 
								Sarayının "Uşaq  Dünyası" rəsm qalereyasında  
								balaca rəssam Leyla Babayevanın  ilk fərdi 
								sərgisi təşkil olunmuşdur. Sərgidə Leylanın  
								60-a yaxın rəsm işi  nümayiş etdirilmişdir. 
								
								
								Leylanın 10 yaşı var. Artıq 6 ildir ki, "Uşaq 
								Dünyası" rəsm qalereyasında  Aynurə Həşimovanın 
								rəhbərlik etdiyi rəsm dərnəyində  məşğul olur. 
								Dərnək rəhbəri balaca rəssam haqqında yüksək 
								fikirdədir. Leyla çox bacarıqlıdır. Güclü rəng 
								duyumu var. Rəngləri seçməyi bacarır. Yaşının az 
								olmasına  baxmayaraq o, müxtəlif janrlarda  və 
								texnikada  sərbəst işləyir. Onun rəsm əsərləri 
								məzmun etibarı ilə  tamaşaçıları düşünməyə  
								vadar edir. Sərgidə nümayiş etdirilən "Ölkələrin 
								birliyi", "Biz sülh istəyirik", "Təmiz  
								şəhərim", "31  mart  Azərbaycanlıların soyqırımı 
								günü", 20 Yanvar faciəsinə  həsr olunmuş  "And  
								yerimiz"  və  sair   bu  kimi rəsmlərin  önündən 
								durmadan keçə bilmirsən. 
								
								
								Leyla bu illər ərzində  respublikamızda və onun 
								hüdudlarından  kənarda  keçirilən bir çox 
								sərgi-müsabiqələrdə iştirak  edib, qaliblər 
								sırasında olub, diplomlara və sertifikatlara 
								layiq görülüb. 
								
								
								Balaca rəssamın fərdi sərgisinin açılışı 
								münasibətilə "Uşaq Dünyası" rəsm  qalereyasında  
								tədbir keçirilmişdir. Tədbirə toplaşan qonaqlar 
								- Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq 
								rəssamı Ağəli İbrahimov,Tətbiqi sənət bölməsinin 
								müdiri, əməkdar rəssam Ənvər Qarayev, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı  Rövşən 
								Əliyev və başqaları balaca rəssam Leyla 
								Babayevanı təbrik etmiş, haqqında xoş sözlər 
								söyləmiş, bu yolda ona uğurlar arzulamışlar. 
								
								
								
								Sifai SƏFƏROVA  |