|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Honq Konq, Yeni Sahə, Say Kunq rayonu | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1991-ci il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyəti: | 
										
										
										3062 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										9515 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri:   | 
										
										
										2780000 Honq Konq dolları | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										2401000 Honq Konq dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.ust.hk | 
									 
								 
								
								
								Honq Konq Elm və Texnologiya Universiteti (Hong 
								Kong University of Science and Technology) Honq 
								Konqun Yeni Sahə adlanan ərazisində, Say Kunq 
								rayonunda yerləşir. Böyük Britaniyanın "Times 
								Higher Education Supplement - QS World 
								Universities Rankings" jurnalının 2009-cu ildə 
								apardığı dünya universitetlərinin reytinqinə 
								əsasən, Honq Konq Elm və Texnologiya 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								35-ci yerdədir. 1991-ci ildə yaradılan Honq Konq 
								Elm və Texnologiya Universiteti az bir müddətdə 
								Asiyanın ən nüfuzlu universitetlərindən birinə 
								çevrilib. MBA proqramının tədrisinə görə, 
								universitetin Biznes Məktəbi Asiyada 1-ci, 
								dünyada isə 9-cu yerdə durur.  
								
								
								Honq Konq Elm və Texnologiya Universiteti Şərqi 
								Asiya Universitetləri, Sakit okean Regionu 
								Universitetləri Assosiasiyalarının üzvüdür.  
								
								
								Tarixi  
								
								 1980-ci 
								ilin sonlarında Honq Konqda iqtisadiyyat yönümlü 
								ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. 
								Bu məqsədlə Honq Konqun qubernatoru Edvard Youde 
								və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb 
								açmaq qərarına gəlirlər. 1986-cı ildən 
								universitetin yaradılması işlərinə başlanılır. 
								Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu 
								olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi 
								yarımadasında həyata keçirilir. 1986-cı ildə 
								planın reallaşmasının ən qızğın vaxtında Edvard 
								Youde vəfat edir. Universitetin 1994-cü ildə 
								açılması nəzərdə tutulsa da, bu ali təhsil 
								müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. 
								 
								
								
								Beləliklə, 1991-ci ilin oktyabrında Honq Konq 
								Elm və Texnologiya Universitetinin rəsmi açılışı 
								baş tutur. Yeni yaradılmış universitetin əsas 
								uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış 
								alimlərin cəlb olunması ilə bağlı olur. 
								Universitetə Şimali Amerikadan, Avropadan, 
								Asiyadan elmi işçilər dəvət edilirlər. Ali 
								məktəbin ilk vitse-kansleri ABŞ-ın ən nüfuzlu 
								universitetlərində rəhbər vəzifələrdə çalışmış 
								ilk çinli Çia Vey Vu təyin edilir. San-Fransisko 
								Dövlət Universitetindən qayıdan professor Vu 
								burada "Universitet şəhərciyi" yaradılması, 
								beynəlxalq tədris proqramlarının həyata 
								keçirilməsi, Sakit okean regionu ilə əlaqələrin 
								gücləndirilməsi üzrə fəaliyyətə başlayır. 
								Professor Vunun universitetin inkişafı yolunda 
								səylə çalışması nəticəsində ali məktəb qısa 
								müddət ərzində çoxlu sayda yüksək səviyyəli 
								çinli alimlər nəsli yetişdirməyə başlayır. 
								Bunlardan aeronavtika və struktur dinamika üzrə 
								ekspert Jay-Çunq Çeni, Con Hopkins 
								Universitetinin məşhur professoru Çih-Yunq Çeni, 
								biotexnologiya üzrə mütəxəssis və Merilend 
								Biotexnologiya İnstitutunun prorektoru, 
								professor Şayn-Dou Kunqu və b. nümunə göstərmək 
								olar. Honq Konq Elm və Texnologiya 
								Universitetində elmi dərəcələr 1993-cü ildən 
								verilməyə başlanılır.  
								
								
								1990-cı ildə Honq Konq Elm və Texnologiya 
								Universitetinə maliyyə və idarəetmə işləri üzrə 
								vitse-kansler təyin edilmiş Honq Konqun 
								nəqliyyat katibi Yan Makferson yeni 
								universitetin tikinti işlərinə nəzarət edir və 
								işini uğurla yerinə yetirir. 1992-ci ildə 
								universitetdə idman obyektləri, laboratoriyalar, 
								kabinetlər, auditoriyalar  və 7000 tələbə 
								yerləşə biləcək yataqxana kompleksi tikilir. 
								2009-cu ildə də ali məktəbin genişləndirilməsi 
								üzrə bir sıra layihələr həyata keçirilib. Honq 
								Konq Elm və Texnologiya Universiteti hazırda 
								mükəmməl kampusa malik ali təhsil ocağıdır.
								 
								
								
								1991-ci ildən bugünədək Honq Konq Elm və 
								Texnologiya Universiteti fizika, texnologiya, 
								mühəndislik, biznes və menecment, humanitar və 
								sosial elmlər üzrə böyük nailiyyətlər əldə edib. 
								Ali məktəbin yaradıcı və təşəbbüskar məzunları 
								şəxsi kampaniyalar, yüksək texnologiyalı 
								şirkətlər, tədqiqat mərkəzləri yaradaraq 
								cəmiyyətdə xüsusi çəkiyə malik şəxsiyyətlərə 
								çevriliblər.   
								
								
								Büdcə və təhsil haqqı  
								
								 2009-2010-cu 
								tədris ilində Honq Konq Elm və Texnologiya 
								Universitetinin illik gəlirləri 2780000 Honq 
								Konq dollarına bərabər olub. Bu məbləğin 1681000 
								Honq Konq dollarını dövlət yardımları, 589000 
								Honq Konq dollarını təhsil haqqı və proqramlar, 
								118000 Honq Konq dollarını investisiya, 171000 
								Honq Konq dollarını ianə və yardımlar, 219000 
								Honq Konq dollarını isə digər gəlirlər təşkil 
								edib. 
								
								
								Həmin tədris ilində universitetin xərcləri 
								2401000 Honq Konq dolları dəyərində olub. 
								Xərclərin 1579000 Honq Konq dollarını tədris və 
								tədqiqat, 79000 Honq Konq dollarını kitabxana, 
								68000 Honq Konq dollarını hesablama vəsaitləri, 
								46000 Honq Konq dollarını müxtəlif akademik 
								xidmətlər, 361000 Honq Konq dollarını bina və 
								avadanlıqlar, 109000 Honq Konq dollarını 
								tələbələrə göstərilən xidmətlər, qalanlarını isə 
								digər xərclər  təşkil edib. 
								
								
								Honq Konq Elm və Texnologiya Universitetində 
								istedadlı və maddi durumu çətin olan tələbələrə 
								təqaüdlər təklif edilir. Təqaüd tələbəyə təhsil 
								haqqını ödəməyə, ona təhsilini artırmaq üçün 
								müxtəlif kurs və proqramlara yazılmağa şərait 
								yaratmaq məqsədi ilə verilir. Burada Honq 
								Konqdan olan tələbələr ildə orta hesabla 42100, 
								Çindən olan və əcnəbi tələbələr isə 80000 Honq 
								Konq dolları dəyərində təqaüd alırlar. 
								 
								
								
								Honq Konq Elm və Texnologiya Universitetində 
								tələbələrin təhsil haqqı isə yerli tələbələr 
								üçün orta hesabla 60000, Çindən və xarici 
								dövlətlərdən olan tələbələr üçün isə 100000 Honq 
								Konq dolları təşkil edir.   
								
								
								Universitet bu gün  
								
								 Honq 
								Konq Elm və Texnologiya Universitetinin kampusu 
								Təmiz Su Körfəzi (Clear Water Bay) yarımadasında 
								60 hektarlıq ərazidə yerləşir. Mərkəzi Honq 
								Konqdan buraya 30 dəqiqəlik məsafə var. Kampusda 
								Tədris korpusu, S.H. Xo idman kompleksləri,  
								Universitet Mərkəzi, Prezident Evi, yataqxana 
								kompleksi, universitetin əməkdaşları üçün 
								kvartal və s. yerləşir. Ətraf təpələrdə tikilmiş 
								Liman Sığınacağı demək olar ki, kampusun bütün 
								binalarından görünür.  Binalar elə quraşdırılıb 
								ki, Cənub-Çin dənizinə möhtəşəm bir mənzərə 
								açılır. 
								
								
								Kampusda, xüsusilə LG1, LG5 və LG7 adlanan 
								ərazilərdə çoxlu sayda restoranlar var. Nyu Holl 
								yataqxanasının birinci mərtəbəsində körfəzin 
								kənarında gözəl kafelər yerləşir. Bu restoran və 
								kafelərdə münasib qiymətə Çin mətbəxinin bütün 
								təamlarından dadmaq olar. Kampusda 
								supermarketlər, banklar, kitab mağazaları və 
								mətbəə, bərbərxanalar və s. çoxluq təşkil edir. 
								İdman kompleksi stadiondan, örtülü idman 
								zallarından, açıq və örtülü hovuzdan, 
								mini-futbol, basketbol, voleybol, qaçış 
								meydançalarından, tennis kortlarından, 
								fitnes-mərkəzlərdən, stolüstü tennis zallarından 
								və skvoş-kortlardan ibarətdir. Korpusda geniş 
								çeşidli idman ləvazimatları var, bütün bunlardan 
								tələbə və müəllimlər pulsuz istifadə edə 
								bilərlər. İdmanla məşğul olan tələbələr İdman 
								Assosiasiyası və klubları yaradıb. 
								
								
								Universitetin idman kompleksinin yaxınlığında, 
								kampusun LG1 adlanan ərazisində Tibb mərkəzi 
								yerləşir. Tibb Mərkəzində tibbi və stomatoloji 
								klinika vardır. Burada əyani oxuyan tələbələrə 
								pulsuz xidmət göstərilir. Allergiya, 
								dermatologiya, daxili təbabət, mamalıq və 
								ginekologiya, oftalmologiya, pulmonologiya, 
								cərrahiyyə və fizioterapiya sahələri üzrə xüsusi 
								xidmətlər mövcuddur.  
								
								 Universitetdə 
								tələbə və doktorantlar üçün yataqxanalar var. 
								Yataqxanalara 7000-dən çox tələbə yerləşdirmək 
								olur. Buna baxmayaraq tələbələrin çoxluğundan 
								burada yenə də yer qıtlığı yaşanır. Əcnəbi 
								tələbələrə rezidensiyalarda yerlə təminatla 
								bağlı zəmanət verilsə də, həmin tələbələr 
								yataqxanalara əsasən müsabiqə yolu ilə 
								götürülür. Yataqxana qiyməti kampusdan kənar 
								yerlərə nisbətən xeyli ucuz olduğundan, 
								tələbələr daha çox burada qalmağa üstünlük 
								verirlər. Bir otaqda 2-3 tələbə məskunlaşır. 
								Yataqxanalarda hamam, mətbəx ümumidir. Otaqda 
								televizor, boyler, mikrodalğalı soba, telefon və 
								soyuducu olur. Yataqxanaların ümumi balkonları 
								körfəz tərəfdən qoyulub. Bütün otaqlar İnternetə 
								qoşulub. Balkonlar tədqiqat və qrupların yığışıb 
								söhbət etmələri  üçün nəzərdə tutulub. Kampusda 
								tələbələrin qalmaları üçün xüsusi evlər də 
								mövcuddur. Evlərin sayı məhduddur və burada 
								qiymətlər xeyli bahadır.  
								
								
								Honq Konq Elm və Texnologiya Universitetinin 
								kitabxanası kampusun mərkəzində 10550 m2 ərazini 
								əhatə edən beşmərtəbəli binada yerləşir. Oxu 
								zalında 2000-nə yaxın oxucu üçün yer var. 
								Kitabxanada tədqiqat, seminar və prezentasiya 
								otaqları, kompüter laboratoriyaları var. 
								Kitabxana geniş spektrdə informasiya resursları, 
								680000 media-vəsait,  28000 elektron və çap 
								edilmiş jurnal, çoxlu sayda elektron kitab, 
								verilənlər bazası və digər rəqəmsal 
								informasiyaya malikdir. Audiovizual 
								materiallarla xüsusi avadanlıqlar quraşdırılmış 
								otaqda tanış olmaq mümkündür. Kitabxana 
								universitetin intellektual və mədəni axtarış, 
								dostluq və əməkdaşlıq mərkəzidir. Honq Konq Elm 
								və Texnologiya Universitetinin kitabxanası 
								JULAC, HKALL, OCLC, SPARC, HAKO təşkilatlarının 
								üzvüdür. 
								
								
								Tədris korpusu mühazirə zalları, auditoriya, 
								kabinet və laboratoriyalardan, administrativ 
								müəssisələrdən ibarətdir. Bütün kampus ECH 
								simsiz şəbəkə sisteminə qoşulub və korpusun 
								otaqlarında audiovizual avadanlıq quraşdırılıb. 
								
								  Honq 
								Konq Elm və Texnologiya Universitetinin nəzdində 
								Elm, Mühəndislik, Biznes və Menecment, Humanitar 
								və Sosial Elmlər, Fok Yinq Tunq Ali məktəbləri 
								fəaliyyət göstərir. Elm Məktəbinə kimya, 
								biologiya, biokimya, fizika, riyaziyyat 
								bölmələri,  Mühəndislik Məktəbinə kimya və 
								biomolekulyar mühəndislik, vətəndaş və ekologiya 
								mühəndisliyi, kompüter elmləri və texnologiya,  
								elektronika və kompüter texnologiyası,  sənaye 
								mühəndisliyi və maddi-texniki təminat, mexanika 
								mühəndisliyi bölmələri, Biznes və Menecment 
								Məktəbinə mühasibatlıq, iqtisadiyyat, maliyyə, 
								informasiya sistemləri, biznes-statistika və 
								əməliyyatların idarəolunması, marketinq, 
								idarəetmə məsələləri bölmələri, Humanitar və 
								Sosial Elmlər Məktəbinə humanitar, sosial elmlər 
								bölmələri, Fok Yinq Tunq Ali Məktəbinə isə 11 
								tədqiqat mərkəzi, 1 mərkəzi tədqiqat fakültəsi, 
								Nanşa Elm və Mədəniyyət Mərkəzi daxildir. 
								Məktəblər bakalavr (BSc, BEng, BBA), magistr 
								(MA, MSc, MPhil, MTM, MBA, EMBA, IEMBA) və 
								doktorluq (PhD, MD-PhD) dərəcələri verir. 
								
								
								Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat 
								mərkəzlərinə Genişləndirilmiş Mürəkkəb 
								Materiallar, Tətbiqi  Genomika,  Atmosfer 
								Tədqiqatları, Biomühəndislik və Biotibbi 
								Qurğular, Demoqrafiya və Sabit İnkişaf, Tikinti 
								Materialları və Etibarlılıq, Qrin Məhsullar və 
								Emal Texnologiyaları, Polimer və Sistemlərin 
								Emalı, Rəqəmsal Həyat Tədqiqatı,  Honq 
								Konq-Pekin UST Müştərək Tədqiqatlar, Okean 
								Dinamikası Proqramları və  Modelləşdirmə 
								Nanoelektronika Hazırlanması  mərkəzləri aiddir. 
								
								 Honq 
								Konq Elm və Texnologiya Universitetinin ali 
								akademik orqanı Senatdır. Senat 55 üzvdən 
								ibarətdir və onlara prezident sədrlik edir. 
								Universitetin prezidenti, vitse-prezidentləri, 
								dekanlar, akademik bölmələrin rəhbərləri, 
								müəllimlər və digər əməkdaşlar Senatın 
								üzvləridir. Senatın cavabdeh olduğu vəzifə və 
								borcların bir qismi də məktəb şuralarının 
								üzərinə düşür.  
								
								
								Bu ali təhsil müəssisəsinin ali konsultativ 
								orqanı isə Universitet Məhkəməsidir. Məhkəmə 
								universitetin ümumi siyasəti ilə bağlı 
								məsləhətlər verir. Məhkəmə universitetin 
								inkişafında, onun Honq Konqda və digər ölkələrdə 
								maraqlarını müdafiə edir. Məhkəmə 2 sədrdən, 8 
								vəzifəli şəxsdən və 44 üzvdən ibarətdir. Hər 
								tədris ilində məhkəmə bir dəfədən az olmayaraq 
								iclas keçirir.  
								
								
								2009-cu ilin martından Honq Konq Elm və 
								Texnologiya Universitetinin prezidenti professor 
								Toni Çan, 2009-cu ilin yanvarın 1-dən isə 
								vitse-prezidenti professor Metyu Yun seçilib. 
								Hazırda universitetdə 3062 nəfər işçi çalışır, 
								onların 489 nəfərini professor-müəllim heyəti, 
								qalanlarını isə inzibati işçilər təşkil edirlər. 
								
								
								Honq Konq Elm və Texnologiya Universitetində 
								ümumilikdə 9515 nəfər təhsil alır. Onların 6010 
								nəfərini bakalavr, 3505 nəfərini isə magistrant 
								və doktorantlar təşkil edirlər. Dünyanın bir çox 
								ölkələrinin gəncləri bu ali təhsil ocağında 
								oxumaq, xüsusilə MBA təhsili almaq üçün Honq 
								Konq Elm və Texnologiya Universitetinə gəlirlər.
								 
								
								 Honq 
								Konq Elm və Texnologiya Universitetinin 
								tələbələri Honq Konqun və oxuduqları ali təhsil 
								müəssisəsinin qanunlarından kənara çıxmamaq 
								şərti ilə istənilən təşkilat yaratmaq və 
								istədikləri fəaliyyətlə məşğul olmaq hüququna 
								malikdirlər. Burada bütün tələbələr Tələbə 
								Təşkilatına qoşulur və kampusun sinifdənxaric 
								həyatında fəal iştirak edirlər.  
								
								
								Tələbə Təşkilatı dövlət tərəfindən qeydiyyata 
								alınıb və universitetdən asılı deyil. Burada 
								Tələbə Təşkilatını bütün gənclər cəmiyyətinin 
								çətiri hesab edirlər. Hazırda təşkilata idman, 
								ictimai, mədəniyyət, incəsənət və elmi 
								fəaliyyətlə məşğul olan 100-ə yaxın cəmiyyət və 
								klub daxildir.  
								
								
								Honq Konq Elm və Texnologiya Universiteti 
								fundamental tədqiqatları, novator fəaliyyəti 
								nəticəsində biotibb və nanotexnologiyalar 
								sahəsində mükəmməl nailiyyətlər əldə edib. Ali 
								məktəb tələbələrə yaradıcı, tənqidi düşüncə, 
								qlobal perspektiv, mədəni özunüanlama bacarığı, 
								bir sözlə, hərtərəfli təhsil verir.  Honq Konq 
								Elm və Texnologiya Universitetinin məqsədi 
								ölkənin mədəni, sosial və iqtisadi inkişafına 
								töhfələr vermək, dünyanın ən nüfuzlu 
								elmi-tədqiqat mərkəzləri arasında qabaqcıl 
								yerləri tutmaqdır. 
								
								
								                                                 
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |