| 
								 
								
								Mayın 1-də Təhsil Nazirliyində növbəti kollegiya 
								iclası keçirildi. 
								
								İclasda "Metodik xidmətin təşkili vəziyyəti və 
								onun yaxşılaşdırılmasına dair tədbirlər", 
								"Məktəb şəbəkəsinin optimallaşdırılması" və 
								"2009-2010-cu dərs ilində IX və XI siniflərdə 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama 
								imtahanlarının nəticələri və buraxılış 
								imtahanlarına hazırlıq" mövzusunda məsələlər 
								müzakirə olundu. 
								
								
								 Kollegiya 
								üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin  şöbə 
								müdirləri  və struktur bölmələrinin, həmçinin  
								müəllim hazırlığı, ixtisasartırma təhsili ilə 
								məşğul olan təhsil müəssisələrinin rəhbərləri, 
								rayon və şəhər  təhsil şöbə müdirləri, Təhsil 
								Nazirliyinə birbaşa tabe olan ümumtəhsil 
								müəssisələrinin direktorlarının iştirak 
								etdikləri kollegiya iclasını təhsil naziri Misir 
								Mərdanov açaraq zala toplaşanları salamladı, 
								iclasın iş qaydası haqqında onlara məlumat 
								verdi. Hər üç məsələnin aktuallığını, onların 
								müzakirəsinə xeyli müddətdən bəri hazırlıq 
								işləri görüldüyünü söyləyən təhsil naziri öncə 
								son illər ölkəmizin təhsil sistemində görülmüş 
								işlər, əldə olunmuş nailiyyətlər haqqında 
								danışdı. Bildirdi ki, əsası ulu öndər Heydər 
								Əliyev tərəfindən qoyulmuş siyasət bu gün onun 
								layiqli davamçısı, ölkə Prezidenti cənab İlham 
								Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab 
								Prezident İlham Əliyevin birbaşa rəhbərliyi, 
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və 
								İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə 
								respublikada digər sahələrdə olduğu kimi, 
								təhsildə də ciddi uğurlar qazanılıb. Ölkədə 
								siyasi stabillik mövcuddur. Artıq Azərbaycanda 
								təhsili inkişaf etdirmək, onu dünyanın aparıcı 
								ölkələrinin təhsili səviyyəsinə qaldırmaq üçün 
								əlverişli mühit və səmərəli şərait yaradılıb. 
								Nazir ölkədə təhsilin inkişafı, keyfiyyətinin 
								yüksəldilməsi istiqamətində görülən işlər barədə 
								geniş məlumat verdi.  
								
								
								Təhsili yeni keyfiyyət səviyyəsinə qaldırmaq 
								üçün müəllim amilinin həlledici rol oynadığını 
								vurğulayan təhsil naziri müəllimin öz vəzifəsini 
								layiqincə yerinə yetirə bilməsi üçün müasir 
								təlim-təhsil texnologiyalarına yiyələnməsinin, 
								metodik səviyyəsini artmasının vacib olduğunu, 
								bu işdə metodik xidmətin mühüm rol oynadığını 
								qeyd etdi. 
								
								
								Təhsil naziri Misir Mərdanov sonra "Metodik 
								xidmətin təşkili vəziyyəti və onun 
								yaxşılaşdırılımasına dair tədbirlər" mövzusunda 
								məruzə-təqdimatla çıxış etdi.  
								
								
								Metodik xidmətin təşkilində islahatların 
								zəruriliyindən danışan nazir hazırkı şəraitdə 
								metodik işin məzmunu və formalarının 
								təkmilləşdirilməsinin, təhsil şöbəsi metodik 
								kabinetlərinin daha səmərəli təşkilinin, metodik 
								kabinetin əməkdaşlarının peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsinin və metodik xidmət sahəsində 
								bacarıqlarının artırılmasının, metodik xidmətin 
								təşkilində müasir metodologiya və mexanizmlərin 
								tətbiq edilməsinin, bu sahədə dünya təcrübəsinin 
								öyrənilməsinin vacib olduğunu söylədi. 
								 
								
								
								 Metodik 
								xidmətin təşkili sahəsində mövcud vəziyyətlə 
								kollegiya iştirakçılarını tanış edən təhsil 
								naziri bildirdi ki, hazırda ölkənin 73 şəhər və 
								rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil 
								şöbələrinin (idarələrinin) nəzdində metodik 
								kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								nəzdində isə metodik mərkəz fəaliyyət göstərir. 
								Metodik kabinetlərin respublikanın şəhər və 
								rayonları üzrə paylanmasını, onların 
								ştatlarının, metodik kabinetlərdə fənlər üzrə 
								metodistlərin sayını əks etdirən cədvəllər 
								ekranda kollegiya iştirakçılarının diqqətinə 
								çatdırıldı və müvafiq təhlillər aparıldı. Nazir 
								çıxışında metodik xidmətin təşkilində Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin, 
								Sumqayıt Şəhər Təhsil Şöbəsi metodik kabinetinin 
								yeni kurikulumların tətbiqi, şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi, 
								müəllimlərin peşəkarlıq səviyyəsinin 
								monitorinqi, dayaq məntəqələrinin işinin təşkili 
								sahəsində müsbət  təcrübə topladıqlarını qeyd 
								etdi. Təhsil naziri habelə Gəncə, Şirvan 
								şəhərlərində, Beyləqan, Samux, Neftçala, Yevlax, 
								Zərdab, Hacıqabul, İsmayıllı, Qazax və Xaçmaz 
								rayonlarının metodik kabinetləri tərəfindən də 
								təhsil müəssisələrinə göstərilən metodik 
								xidmətin  qənaətbəxş olduğunu bildirdi. Qeyd 
								olundu  ki, son illərdə metodistlərin 
								"öyrədənlər" kimi kurikulumlar üzrə təlimlərə 
								cəlb olunmaları istiqamətində məqsədyönlü iş 
								aparılır. 
								
								
								Məruzə-təqdimatda metodik  kabinetin 
								vəzifələrinə ətraflı toxunan nazir qeyd etdi ki, 
								metodik kabinet  kadrlarla aparılan metodik 
								işləri istiqamətləndirir, onların 
								təkmilləşdirilməsi, ixtisasının artırılması və 
								yenidənhazırlanması işini  təşkil edir. Metodik 
								kabinet həmçinin dayaq  məntəqələrinin işini 
								qurur, bu prosesə fənlər üzrə ən qabaqcıl 
								müəllimləri cəlb edir, müəllimlərin 
								pedaqoji,psixoloji və metodik sahələr üzrə 
								ehtiyaclarını öyrənir, onların tələbatlarına 
								uyğun təkmilləşdirmə və ixtisasartırma prosesinə 
								hazırlıq işlərini aparır, müvafiq təkliflər 
								hazırlayır, müəllimlərin ixtisasartırma 
								kurslarında olmasını tənzimləyir.  
								
								
								Metodik kabinetlər həm özləri, həm də pedaqoji 
								kadrlar tərəfindən kurikulumların, yeni pedaqoji 
								texnologiyaların, müasir təlim metodları və 
								strategiyalarının öyrənilməsi və tətbiqi işini 
								təşkil edir, bu istiqamətdə müəllimlərlə 
								seminarlar və treninqlər keçirir, müəllimlərin 
								dərslərinin dinlənilməsini və müzakirəsini 
								təşkil edir, onların peşəkarlıq səviyyəsinin 
								artırılması və inkişafı barədə təkliflər 
								hazırlayır. Yeni qiymətləndirmə sisteminin 
								tətbiqi ilə əlaqədar məktəb rəhbərləri və 
								müəllimlərə metodik kömək göstərir və s. 
								 
								
								
								Nazir çıxışında daha sonra metodik xidmətin 
								təşkilində mövcud problemləri diqqətə çatdırdı. 
								Təəssüf hissi ilə qeyd etdi ki, bir sıra metodik 
								kabinetlərdə metodistlərin işə qəbulunda mövcud 
								əsasnamənin tələbləri pozulur, 5 il pedaqoji 
								stajı tamam olmayan müəllimlər metodist kimi işə 
								qəbul edilirlər. Belə faktların aşkarlandığı 
								rayon təhsil şöbələrinin bir neçəsinin adı 
								çəkildi, onların rəhbərlərinə vəziyyəti 
								düzəltmək barədə tapşırıqlar verildi. Qeyd 
								olundu  ki, aparılan təhlillər metodik 
								kabinetlərin ştat vahidlərindən düzgün istifadə 
								edilmədiyini göstərir. Məhz bu səbəbdən hazırda 
								73 metodik kabinetdən (mərkəzdən) 42-də kimya, 
								50-də biologiya, 58-də fizika, 65-də 
								informatika, 44-də fiziki tərbiyə, 53-də əmək 
								hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 
								36-da məktəbəqədər təhsil, 23-də isə ibtidai 
								təhsil ixtisasları üzrə metodist yoxdur. Verilən 
								məlumatdan aydın oldu ki, metodik kabinetlərin 
								(mərkəzin) əməkdaşlarından 200 nəfəri (27,6 
								faizi) məktəblərdə dərs aparmır. Belə halların 
								daha çox olduğu rayon və şəhərlərdəki metodik 
								kabinetlərin adlarını, işçilərin ümumi sayı və 
								onlardan dərs yükü olmayanların sayını əks 
								etdirən cədvəllər nümayiş olundu. Nazir bu və 
								digər problemlərlə bağlı iradlarını bildirdi.
								 
								
								
								Kollegiyada müzakirə olunan məsələ ilə bağlı 
								xarici ölkələrin təcrübəsindən də söz açıldı və 
								metodik xidmətin təkmilləşdirilməsi üzrə 
								təkliflər iclas iştirakçılarının diqqətinə 
								çatdırıldı. Təhsil naziri Misir Mərdanov 
								çıxışının sonunda müzakirə olunan məsələ ilə 
								bağlı iclas iştirakçılarına bir sıra tövsiyələr 
								verdi.  
								
								
								*** 
								
								
								Sonra kollegiya ikinci məsələnin müzakirəsinə 
								başladı. "Məktəb şəbəkəsinin 
								optimallaşdırılması" mövzusunda həmin məsələ 
								barədə təhsil naziri Misir Mərdanov geniş 
								məruzə-təqdimatla çıxış etdi. 
								
								
								Təhsil naziri öncə ölkəmizdə məktəb şəbəkəsinin 
								təşəkkülü tarixindən söz açaraq bildirdi ki, 
								ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil 
								məktəblərinin sayı barmaqla sayılacaq qədər 
								olduğu halda, 20-30-cu illərdən etibarən 
								müxtəlif obyektiv və subyektiv səbəblərdən 
								təhsil müəssisələrinin sayı artmağa başlayıb. 
								Əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid, 
								sonralar isə ümumi icbari 7-illik, 8-illik, 
								9-illik və orta təhsilin tətbiqi bu prosesi 
								sürətləndirib. Hamıya ümumi icbari təhsil vermək 
								məqsədinə nail olmaq üçün ən xırda yaşayış 
								məntəqələrində, hətta çobanların yaşadıqları 
								müvəqqəti qışlaq və yaylaqlarda da məktəblər 
								açılıb. Belə məktəblərin, az da olsa, bu gün də 
								mövcud olduğunu bildirən təhsil naziri onların 
								yaradılmasının xoş niyyətdən irəli gəldiyini, 
								lakin bu vəziyyətin zaman-zaman təhsilin 
								keyfiyyətinə mənfi təsir göstərdiyini söylədi. 
								Nazir məktəbi təhsilalanın yanına aparmaqdansa, 
								təhsilalanı məktəbə gətirməyin daha düzgün yol 
								sayıldığını, dünyada bu cür təcrübənin artıq 
								mövcud olduğunu, bir sıra ölkələrdə nəinki kiçik 
								yaşayış məntəqələrində, hətta iri şəhərlərdə 
								belə şagirdlərin məktəblərə aparılıb 
								gətirilməsinin təşkil olunduğunu, bu məqsədlə 
								xüsusi avtobuslar ayrıldığını diqqətə çatdırdı. 
								
								
								Bu baxımdan, ölkədə məktəb şəbəkəsinin 
								rasionallaşdırılmasının ümumi təhsilin ən ciddi 
								problemlərindən biri olduğunu söyləyən təhsil 
								naziri  şagirdlərinin sayı az olan ümumtəhsil 
								məktəbləri haqqında məlumatla kollegiya 
								iştirakçılarını tanış etdi. Öncə şagirdlərinin 
								sayı az olan məktəblərin təhsil pillələrinə və 
								şagirdlərin sayına görə təsnifatını əks etdirən 
								diaqram təqdim olundu. Diaqramı şərh edən nazir 
								qeyd etdi ki, hazırda ölkədə şagirdlərinin sayı 
								30-dək olan 315, 31-dən 50-dək olan 38 və 51-100 
								arasında olan 9 ibtidai məktəb var. Nazir bu 
								qayda ilə şagirdlərinin sayı az olan əsas və 
								orta məktəblər haqqında da məlumat verərək 
								bildirdi ki, ölkədə şagirdlərinin sayı 30-dək 
								olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 
								əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 
								323 orta məktəb mövcuddur.  
								
								
								Sonra təhsil naziri şagirdlərinin sayı az olan 
								ümumtəhsil məktəblərinin rayonlar üzrə 
								paylanmasını əks etdirən cədvəli kollegiya 
								iştirakçılarının diqqətinə çatdırdı. Aydın oldu 
								ki, ölkənin 61 şəhər və rayonunda belə məktəblər 
								vardır. Qeyd olundu ki, şagirdlərinin sayı 
								100-dək olan məktəblər Laçın, Kəlbəcər, Ağdam, 
								Lerik, Quba, Xaçmaz və s. rayonlarda daha 
								çoxdur. Belə ki, Laçın rayonunda 103, Kəlbəcərdə 
								81, Ağdamda 72, Lerikdə 70, Qubada 68, Xaçmazda 
								52 belə məktəb fəaliyyət göstərir. 
								
								
								Təhsil naziri şagirdlərinin sayı az olan orta 
								məktəblərin yerləşdiyi rayonların üzərində 
								xüsusi dayandı və belə məktəblərin daha çox 
								olduğu rayonların adlarını çəkdi. Qeyd olundu 
								ki, Şamaxı və Daşkəsən rayonlarının hərəsində 2, 
								Kürdəmir, Qusar, Füzuli, Kəlbəcər, Xocalı 
								rayonlarının isə hərəsində 1 orta məktəb vardır 
								ki, onlarda şagirdlərin sayı 30-dan azdır. 
								
								
								Şagirdlərinin sayı 31-dən 50-dək olan orta 
								məktəblərin daha çox olduğu rayonlardan isə 
								Laçının (19 orta məktəb), Kəlbəcərin (11), 
								Ağdamın (8), Füzulinin (2) və s. adları qeyd 
								olundu. 
								
								
								Təhsil naziri daha sonra şagirdlərinin sayı 
								30-dək, 31-dən 50-yə və 51-dən 100-dək olan 
								ibtidai, əsas və orta məktəblər haqqında 
								məlumatın əks olunduğu cədvəllərlə kollegiya 
								iştirakçılarını tanış etdi və həmin 
								cədvəllərdəki bəzi rəqəmləri  diqqətə çatdırdı. 
								
								
								Məruzə-təqdimatda bir yaşayış məntəqəsində 
								fəaliyyət göstərən məktəblər haqqında da məlumat 
								verildi. Nazir bildirdi ki, məktəb şəbəkəsinin 
								mövcud vəziyyətinin öyrənilməsi məqsədi ilə 
								aparılan tədqiqat ölkənin bir sıra 
								regionlarındakı kəndlərdə iri məktəblərlə 
								yanaşı, şagird kontingenti az olan kiçik 
								məktəblərin də fəaliyyət göstərdiyini aşkara 
								çıxarıb. Nümayiş olunan cədvələ istinadən qeyd 
								edildi ki, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, 
								Gədəbəy, Göygöl, İmişli, Qəbələ, Qobustan, Quba, 
								Qusar və digər rayonların hərəsində 2, 3, hətta 
								5 məktəb olan kəndlər çoxdur.  
								
								
								Sonra Misir Mərdanov kollegiya iştirakçılarına 
								məlumat verərək bildirdi ki, ölkədə məktəb 
								şəbəkəsinin rasionallaşdırılması nəzərdə 
								tutulur. Bunun üçün Ucar pilot rayon olaraq 
								müəyyənləşdirilmiş və burada məktəb şəbəkəsinin 
								rasionallaşdırılması üçün təkliflər 
								hazırlanmışdır. Həmin təklifləri kollegiya 
								iştirakçılarının diqqətinə çatdıran təhsil 
								naziri qeyd etdi ki, hazırlanmış 
								rasionallaşdırma planına əsasən, rayonun 4 
								kəndindəki əsas məktəbin həmin kəndlərdə 
								fəaliyyət göstərən orta məktəblərlə 
								birləşdirilməsi nəzərdə tutulub. İki ibtidai 
								məktəb yerli imkanlar çərçivəsində eyni yaşayış 
								məntəqəsindəki digər məktəblərlə 
								birləşdiriləcək.  
								
								
								İclasda ölkədə məktəb şəbəkəsinin 
								rasionallaşdırılması üzrə kollegiyanın 
								müəyyənləşdirdiyi tapşırıqlar da diqqətə 
								çatdırıldı. Qeyd olundu ki, hər bir yeni 
								məktəbin açılması, tipinin dəyişdirilməsi 
								məsələləri ciddi nəzarətə götürülməli, hər bir 
								təklif nazirliyin müvafiq şöbələri tərəfindən 
								ətraflı araşdırılmalı, zəruri ehtiyac olmadığı 
								müəyyənləşdirildiyi hallarda bu məsələlərin 
								qarşısı alınmalıdır. 
								
								
								RTŞ-lara tapşırıldı ki, 2010-2011-ci tədris 
								ilinə bir yaşayış məntəqəsində fəaliyyət 
								göstərən təhsil müəssisəsinin ciddi problem 
								yaranmadan və daşınmaya ehtiyac olmadan digər 
								təhsil müəssisəsi ilə birləşdirilməsi 
								imkanlarını araşdırsınlar, müvafiq tədbirlər 
								görüb nəticə barədə cari il avqustun sonunadək 
								nazirliyə məlumat versinlər.  
								
								
								Tapşırıqlarda habelə yerlərdən daxil olan 
								məlumatların və təkliflərin Təhsil Nazirliyində 
								araşdırılıb təhlil edilməsi və ümumiləşdirilərək 
								ölkə üzrə Məktəb Şəbəkəsinin 
								Rasionallaşdırılması Proqramının hazırlanıb 
								təsdiqə təqdim edilməsi nəzərdə tutulmuşdur. 
								
								
								İclasda habelə müəllimlərlə bağlı aparılmış 
								ilkin təhlilin nəticələri də kollegiya 
								iştirakçılarına təqdim olundu. Qeyd edildi ki, 
								ölkə üzrə 1845 müəllim iki məktəbdə işləyir. 
								Belə halların daha çox müşahidə olunduğu 
								rayonların adları açıqlandı, üç məktəbdə işləyən 
								müəllimlərin, onların çalışdıqları məktəblərin, 
								tədris etdikləri fənlərin adlarının, hər fənn 
								üzrə dərs yükünün miqdarını, habelə 2 məktəbdə 
								işləyən və 30 saatdan artıq dərs yükü olan 
								müəllimlərin adlarını əks etdirən cədvəllər 
								iclas iştirakçılarına təqdim olundu. Təhsil 
								naziri bu məsələnin də araşdırılmasını və 
								müvafiq ölçü götürülməsini aidiyyəti rayonların 
								təhsil şöbə müdirlərinə tapşırdı. 
								
								
								*** 
								
								
								Kollegiya iclasında müzakirə olunan üçüncü 
								məsələ haqqında da təhsil naziri Misir Mərdanov 
								məlumat verdi. 
								
								
								"2009-2010-cu dərs ilində IX və XI siniflərdə 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama 
								imtahanlarının nəticələri və buraxılış 
								imtahanlarına hazırlıq" mövzusunda 
								məruzə-təqdimatında nazir ümumtəhsil 
								məktəblərində buraxılış imtahanlarının yeni 
								qaydada keçirilməsinin əhəmiyyətindən danışaraq 
								qeyd etdi ki, imtahanların mərkəzləşdirilmiş 
								qaydada aparılması son illər Təhsil Nazirliyinin 
								həyata keçirdiyi ən mühüm tədbirlərdən biridir. 
								Bu barədə ictimaiyyətə vaxtaşırı olaraq məlumat 
								verildiyini söyləyən təhsil naziri bu il XI 
								siniflərlə yanaşı, IX siniflərdə də buraxılış 
								imtahanlarının mərkəzləşdirilmiş qaydada 
								keçiriləcəyini diqqətə çatdırdı. Misir Mərdanov 
								bir neçə illik zəhmətin hədər getmədiyini, 
								vəziyyətin ildən-ilə yaxşılaşdığını, 
								imtahanların mərkəzləşdirilmiş qaydada 
								aparılmasının ictimaiyyət tərəfindən razılıqla 
								qarşılandığını vurğuladı. Bildirdi ki, yeni 
								qiymətləndirmə siyasəti təhsilimizin inkişafına, 
								ölkədə məktəbin, müəllimin nüfuzunun 
								yüksəldilməsinə xidmət edir və təhsil prosesinin 
								iştirakçılarında məsuliyyət hissini artırır. 
								
								
								Builki yoxlama imtahanlarında nəticələrin ötən 
								ilkinə nisbətən 10 faiz yaxşılaşdığını deyən 
								təhsil naziri imtahanların yekunlarını əks 
								etdirən ümumi statistik rəqəmləri kollegiya 
								iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi 
								ki, builki yoxlama imtahanlarında IX siniflər 
								üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi 
								iştirak edib. Bunlardan 82691 nəfər, yəni 64,71 
								faizi müsbət qiymət alıb. 
								
								
								XI siniflər üzrə 96394 şagirddən 90134-ü, yəni 
								93,5 faizi imtahanda iştirak edib və onlardan 
								37181 nəfəri, yəni 41,25 faizi müvəffəq qiymət 
								alıb. 
								
								
								Nazir yoxlama imtahanlarında iştirak edən XI 
								sinif şagirdlərinin yarıdan çoxunun müvəffəq 
								qiymət almamasını nöqsan saydı və bu məsələ 
								üzərində ciddi düşünmək lazım gəldiyini söylədi. 
								
								
								Təhsil naziri kollegiya iştirakçılarının 
								diqqətini bir fakta da yönəldərək bildirdi ki, 
								2009-cu il sentyabrın 16-dan 2010-cu il aprelin 
								28-dək təhsil şöbələri tərəfindən 1927 nəfər XI 
								sinif şagirdi məzunların sırasından 
								qeyri-müəyyən səbəblərdən çıxarılmışdır. Nazir 
								XI sinifdə şagirdlərin yerlərinin 
								dəyişdirilməsinə yol verilməməsi barədə müvafiq 
								göstərişin olmasına baxmayaraq, xeyli sayda 
								şagirdin oxuduğu sinifləri tərk edib başqa 
								məktəblərə getməsini mənfi hal kimi 
								qiymətləndirdi, rayonlardan XI sinif şagirdləri 
								barədə Təhsil Nazirliyinə göndərilən 
								məlumatlarda qeyri-dəqiqliklərə yol verildiyini 
								diqqətə çatdırdı, rayon (şəhər) təhsil 
								şöbələrinin rəhbərlərinə, məktəb direktorlarına 
								bu məsələyə məsuliyyətlə yanaşmalarını tapşırdı. 
								
								
								Təhsil naziri daha sonra 2009-2010-cu dərs 
								ilində IX və XI siniflərin mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş yoxlama imtahanlarında 
								müvəffəqiyyət faizlərindəki fərqləri əks etdirən 
								cədvəlləri kollegiya iştirakçılarının diqqətinə 
								çatdırıb, ayrı-ayrı rayonlar üzrə onların 
								təhlilini apardı. Bütövlükdə, IX siniflər üzrə 
								müvəffəqiyyət göstəricilərinin XI siniflər üzrə 
								göstəricilərdən yüksək olduğunu bildirən 
								məruzəçi bunun IX sinifdə imtahanın 2 fəndən 
								aparılması və IX sinif şagirdlərinin imtahanlara 
								daha məsuliyyətlə yanaşmaları ilə izah 
								olunduğunu söylədi. 
								
								
								Məruzə-təqdimatda habelə 2009-2010 və 
								2008-2009-cu dərs illərindəki yoxlama 
								imtahanlarının rayonlar üzrə müvəffəqiyyət 
								faizlərindəki fərqləri əks etdirən cədvəl 
								kollegiya iştirakçılarına nümayiş etdirildi. 
								Cədvəl üzrə aparılan təhlildən aydın oldu ki, 
								bütövlükdə builki yoxlama imtahanlarının 
								müvəffəqiyyət faizi, demək olar ki, rayonların 
								böyük əksəriyyəti  üzrə ötən ildəkindən yüksək 
								olub. Yalnız bir neçə rayonda müvəffəqiyyət 
								faizi ötən ildəkindən aşağıdır. Ölkə üzrə bu 
								fərq orta hesabla 10 faizə yaxın artımdır. Eyni 
								zamanda bildirildi ki, builki yoxlama 
								imtahanlarında ölkə üzrə 48 rayonun 271 
								məktəbində şagird nailiyyətlərinin müvəffəqiyyət 
								faizi sıfır olub. Daha çox məktəbinin 
								müvəffəqiyyət faizi sıfır olan rayonların 
								adlarını, onların bütün məktəblərinin və sıfır 
								nəticə göstərən məktəblərin sayını əks etdirən 
								cədvəl diqqətə çatdırıldı. 
								
								
								Təhsil naziri məruzə-təqdimatında imtahana 
								hazırlıq işini yüksək səviyyədə təşkil etmiş 
								şəhər və rayon təhsil şöbələrinin adlarını 
								açıqladı, bu baxımdan Gəncə şəhər, Qazax, Tovuz, 
								Şəmkir, Balakən, Qax, Göyçay, İsmayıllı və 
								Siyəzən rayonlarının təhsil şöbələrinin 
								fərqləndiyini bildirib, onların müdirlərinə 
								təşəkkür etdi. Nazir, eyni zamanda mərkəzdən 
								göndərilən imtahan rəhbərlərinin bəzi rayonlarda 
								işin təşkilindən narazı qaldıqlarını diqqətə 
								çatdırdı. Məruzədə habelə bir neçə rayonda 
								imtahanlara hazırlıq işinin aşağı səviyyədə 
								qurulduğu qeyd olundu. 
								
								
								Təhsil naziri imtahanlarda nümunəvi fəaliyyəti 
								ilə fərqlənən nəzarətçilərin də adlarını qeyd 
								edərək onlara kollegiya adından təşəkkür etdi, 
								eyni zamanda işini çox aşağı səviyyədə yerinə 
								yetirmiş nəzarətçilərin adları çəkildi, onların 
								növbəti imtahanlara cəlb olunmaması tövsiyə 
								edildi.  
								
								
								Bakı şəhərində və Yasamal rayonunda ayrı-ayrı 
								fənlər üzrə müvəffəqiyyət faizlərini əks etdirən 
								hesabatlar diqqətə çatdırıldı. 
								
								
								Nazir buraxılış imtahanlarına hazırlıqla bağlı 
								görüləcək işlərə də kollegiya iştirakçılarının 
								diqqətini yönəldərək bildirdi ki, imtahanlara 
								qalan vaxt ərzində IX və XI siniflər üzrə illik 
								qiymətlərin şagirdlərin məlumat bazasına daxil 
								edilməsi, təkrar və eksternat qaydasında imtahan 
								verəcək şagirdlərin siyahısının hazırlanması, 
								imtahanlardan azad olunacaq şagirdlərin 
								siyahısının və şagirdlərin adlı siyahısının 
								dəqiqləşdirilməsi, nəzarətçi müəllimlərin 
								məlumatlandırılması istiqamətində işlər 
								aparılmalıdır. Nazir R(Ş)TŞ müdirlərinə, məktəb 
								direktorlarına imtahanlara hazırlıq və onların 
								mütəşəkkil keçirilməsi ilə bağlı bir sıra 
								tapşırıqlar da verdi. 
								
								
								Məruzə-təqdimatda  hazırda ən ciddi məsələlərdən 
								olan beynəlxalq və milli qiymətləndirmə 
								sahəsində həyata keçirilmiş və keçiriləcək 
								tədbirlərdən də söz açıldı. Nazir qiymətləndirmə 
								siyasətinin tərkib hissəsi olan sorğuların 
								aparılması, testlərin keçirilməsi haqqında 
								danışaraq bildirdi ki, bu il aprelin 12-14-də 
								4-cü sinif şagirdlərini, valideynləri və onlara 
								dərs deyən müəllimləri, məktəb direktorlarını 
								əhatə edən TİMSS və PİRLS beynəlxalq sınaq 
								mərhələsi keçirilmiş və 216 ümumtəhsil 
								məktəbinin 6041 nəfər IV və 5781 nəfər IX sinif 
								şagirdi test suallarını və sorğuları 
								cavablandırmışlar. Nazir testlərin nəticələri 
								ilə kollegiya iştirakçılarını tanış etdi. 
								
								
								Şagird və müəllimlər, valideyn və məktəb 
								direktorları ilə keçirilmiş sorğuları da təhsil 
								naziri Azərbaycan təhsili üçün yeni hadisə 
								adlandıraraq həmin sorğuda məqsədin şagirdlərin 
								fənlərə və məktəbə münasibətini, ev şəraitinin 
								onların nailiyyətinə təsirini müəyyənləşdirmək, 
								ailə mühitinin, məktəbdəki  tədris şəraitinin, 
								müəllimin peşə hazırlığının, iş təcrübəsinin, 
								istifadə etdiyi təlim və qiymətləndirmə 
								metodlarının şagirdin nailiyyətlərinə təsirini 
								öyrənmək olduğunu söylədi. 
								
								
								Məruzəçi hər dörd sorğunun nəticələrinə əsasən 
								ekspertlərin verdiyi tövsiyələrlə də  kollegiya 
								iştirakçılarını tanış etdi. Qeyd olundu ki, 
								həmin tövsiyələrə görə, ümumi orta və tam orta 
								təhsil səviyyəsi üçün fənn kurikulumlarının 
								hazırlanması prosesində milli qiymətləndirmənin 
								nəticələrindən istifadə olunmalı, biliyin 
								bacarığa çevrilməsini təmin etmək məqsədi ilə 
								dərsliklərdə verilən oxu və anlama bacarıqlarını 
								inkişaf etdirən mətnlərin və bu yönümlü 
								qiymətləndirmə vasitələrinin sayı 
								artırılmalıdır. Yeni qiymətləndirmə qaydaları 
								ilə işləmək bacarıqlarını inkişaf etdirmək üçün 
								fənn müəllimləri təlim kurslarına cəlb edilməli, 
								ailədə uşaqların təhsilinə mane olan amilləri 
								aradan qaldırmaq məqsədi ilə məktəb-valideyn 
								əlaqələri gücləndirilməlidir. 
								
								
								Çıxışının sonunda təhsil naziri nazirliyin 
								müvafiq şöbə və struktur bölmə rəhbərlərinə, 
								rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və 
								məktəb direktorlarına tövsiyə və tapşırıqlar 
								verdi. 
								
								
								
								Samirə KƏRİMOVA, 
								
								
								
								Yusif ƏLİYEV  |