| 
								 
								
								 Mayın 
								3-də Bakı Slavyan Universitetinin akt zalında bu 
								ali təhsil müəssisəsinin Naxçıvan Dövlət 
								Universiteti və Gəncə Dövlət Universiteti ilə 
								birgə təşkil etdikləri ümummilli lider Heydər 
								Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr 
								olunmuş "Azərbaycanşünaslığın aktual 
								problemləri" mövzusunda I Beynəlxalq elmi 
								konfrans öz işinə başlayıb. 
								
								
								Konfrans iştirakçıları öncə Fəxri xiyabana 
								gələrək ulu öndər Heydər Əliyevin əziz 
								xatirəsini yad edib, məzarı önünə tər çiçəklər 
								düzüblər. 
								
								
								Konfransda təhsil nazirinin müavini Elmar 
								Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin 
								başçısı Nəsib Məhəməliyev, konfransa dəvət almış 
								xarici ölkə alimləri, respublikanın ali təhsil 
								müəssisələrinin nümayəndələri, universitetin 
								müəllim və tələbə heyəti və KİV təmsilçiləri 
								iştirak ediblər. 
								
								
								Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, 
								professor Kamal Abdullayev ümummilli lider 
								Heydər Əliyevin anadan olmasının 87-ci 
								ildönümünə həsr edilmiş "Azərbaycanşünaslığın 
								aktual problemləri" mövzusunda I Beynəlxalq elmi 
								konfransın nəinki BSU-nun 10 illik fəaliyyəti 
								çərçivəsində, eləcə də bütün Azərbaycanın 
								elmi-mədəni mühitində mühüm hadisə olduğunu 
								diqqətə çatdırıb. Azərbaycanşünaslığın inkişafı, 
								xarici ölkələrdə təbliği və  eləcə də həmin 
								ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor 
								təşkilatları ilə sıx əlaqələrin yaradılması 
								məqsədilə keçirilən konfransın bölmə 
								iclaslarının mayın 3-dən 8-dək Bakı, Naxçıvan və 
								Gəncə şəhərlərində təşkil ediləcəyini bildirib. 
								Rektor konfransın təşkilatçısı olan Bakı Slavyan 
								Universitetinə bu işdə Gəncə Dövlət 
								Universitetinin və Naxçıvan Dövlət 
								Universitetinin yaxından kömək göstərdiklərini 
								vurğulayıb. 
								
								
								Natiq konfrans çərçivəsində tanınmış rusiyalı 
								alim, professor Yuri Pompeyevin Qarabağ 
								həqiqətlərini əks etdirən "Qarabağ  gündəliyi"  
								kitabının  təqdimatının  keçiriləcəyini  də  
								qeyd  edib.  
								
								
								Professor Kamal Abdullayev həmçinin konfransın 
								işinin müasir azərbaycanşünaslığın müxtəlif 
								aspektlərini ehtiva edən siyasət, hüquq, tarix, 
								etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, 
								incəsənət, elm və təhsil, iqtisadiyyat və 
								coğrafiya istiqamətlərində aparılacağını, işçi 
								dilləri Azərbaycan, rus və ingilis dilləri olan 
								konfransa respublika ali məktəblərindən 150-dən 
								çox, Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, 
								İraq, Qazaxıstan universitetlərindən isə 40-a 
								yaxın elmi məruzənin təqdim olunduğunu, 
								konfransda bir neçə xarici ölkə alim və 
								mütəxəssislərinin elmi məruzələrlə çıxış 
								edəcəklərini toplantı iştirakçılarının nəzərinə 
								çatdırıb. 
								
								
								Sonra çıxış üçün söz təhsil nazirinin müavini  
								Elmar Qasımova verilib. 
								
								
								Nazir müavini öncə xarici qonaqları və konfrans 
								iştirakçılarını nazirliyin rəhbərliyi adından 
								salamlayıb və konfransın işinə uğurlar 
								arzulayıb. Konfransın çox aktual bir mövzuya 
								həsr olunduğunu və ümummilli lider Heydər 
								Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr 
								edilməsinin təsadüfi olmayıb, zərurətdən irəli 
								gəldiyini toplantı iştirakçılarının diqqətinə 
								çatdırıb. Dünyada öz müdrik və uzaqgörən 
								siyasəti ilə tanınan və dahi bir şəxsiyyət kimi 
								sevilən ümummilli lider Heydər Əliyevin məhz 
								azərbaycanlı olduğunu və Azərbaycan  dilinin, 
								mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin və 
								musiqisinin inkişafı və təbliği üçün böyük işlər 
								gördüyünü, unudulmaz lider kimi hazırda 
								xatirələrdə yaşadığını diqqətə çatdırıb. Natiq 
								Heydər Əliyevi Azərbaycanı təbliğ edən ən böyük 
								şəxsiyyət kimi qiymətləndirib. E.Qasımov 
								konfransda xarici ölkə alimlərinin iştirakının 
								və ölkəmizin 140-a yaxın alim və tədqiqatçısının 
								bu tədbirə qatılmasının əhəmiyyətini açıqlayıb 
								və bu tədbirin Bakıda, Gəncədə, həm də 
								Naxçıvanda keçiriləcəyinin önəmli olduğunu qeyd 
								edib. Konfransın dövlət səviyyəsində 
								keçirilməsinin gələcəkdə bu işin davam 
								etdirilməsinə xüsusi təkan verəcəyini vurğulayan 
								nazir müavini tədbirin təşkilatçılarına, BSU-nun 
								rektoru Kamal Abdullayevə və təşkilat komitəsinə 
								dərin təşəkkürünü bildirib. Azərbaycanşünaslığın 
								ən böyük anlam olduğunu diqqətə çatdıran 
								E.Qasımov məhz bu gün Azərbaycanın müəyyən 
								problemlərinin, xüsusilə Qarabağ probleminin 
								dünya ölkələrinə çatdırılmasının vacibliyini 
								bildirib, yalnız bu yolla həqiqətin aşkar oluna 
								biləcəyini deyib. 
								
								
								Heydər Əliyev siyasətini və kursunu təbliğ etmək 
								üçün müxtəlif universitetlərdə mərkəzlərin 
								yaradılmasının vacibliyini vurğulayan nazir 
								müavini bunun yalnız gənclərimizin 
								savadlanmasına, azərbaycançılıq mövqeyindən 
								tərbiyə olunmasına, milli mentalitetimizin 
								qorunmasına və bəşəri dəyərlərə hörmətlə 
								yanaşılmasına xidmət edəcəyini konfrans 
								iştirakçılarının nəzərinə çatdırıb. 
								
								
								Elmar Qasımov Bakı Slavyan Universitetinin işini 
								Moskvada və Polşanın paytaxtı Varşavada belə 
								mərkəzlər yaratdığına görə yüksək 
								qiymətləndirib. 
								
								
								Daha sonra konfransda çıxış edən Yuri Pompeyev 
								(Rusiya), Mişel Malerb (Fransa), Kavaliauskas 
								Vidas (Litva), Olqa Kiras (Rusiya) və Alla 
								Axundova (Rusiya) Azərbaycana gəlmələrindən 
								məmnunluq duyduqlarını bildirərək burada 
								hörmətlə qarşılanmalarından, ümumiyyətlə 
								Azərbaycanın füsunkar bir ölkə olmasından, 
								insanlarının qonaqpərvərliyindən söz açıblar. 
								
								
								Nahar fasiləsindən sonra professor 
								Y.A.Pompeyevin "Qarabağ gündəliyi" kitabının 
								təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış 
								edənlər ağrılı yerimiz olan Qarabağ probleminə 
								öz münasibətlərini bildirib, onları 
								maraqlandıran suallarla kitabın müəllifinə 
								müraciət ediblər. 
								
								
								Konfrans öz işini davam etdirir. 
								
								
								
								Nizami MİRZƏ  |