| 
								 
								
								- İsgəndər müəllim, bildiyimiz kimi, son illər 
								digər sahələrdə olduğu kimi, təhsil sahəsində də 
								inkişaf, yeniliklər müşahidə edilir. Bu baxımdan, 
								təhsilə dövlət qayğısı haqqında nə deyə 
								bilərsiniz? 
								
								
								 - 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin uzaqgörən siyasəti və 
								genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna 
								təşkilatçılığı sayəsində son illərdə qazanılmış 
								nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər 
								Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin 
								parlaq təcəssümü olmaqla, hər bir Azərbaycan 
								vətəndaşının qəlbində milli iftixar və ölkəmizin 
								işıqlı gələcəyinə dərin inam hisslərini daha da 
								gücləndirmişdir. Danılmaz faktdır ki, qısa 
								müddət ərzində Azərbaycanın bütün sahələrdə 
								sürətli inkişafı ölkə Prezidenti cənab İlham 
								Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün 
								olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu 
								ekspertləri və iqtisadçıları Azərbaycanın 
								dinamik inkişafının səbəblərini də məhz İlham 
								Əliyevin proqramlarla idarəetmə modelinin 
								nəticəsi kimi qiymətləndirirlər. Təhsil 
								xərclərinin ilbəil artması Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								təhsili dövlət siyasətinin əsas 
								prioritetlərindən biri hesab etməsi ilə birbaşa 
								bağlıdır. Möhtərəm Prezident vurğulayıb: "Biz 
								maddi dəyərlərimizi, iqtisadi potensialımızı 
								insan kapitalına çevirməliyik". Bu mənada "Təhsil 
								əsri" elan edilən XXI əsrdə yüksək intellektə 
								malik insan kapitalının formalaşması və güclü 
								iqtisadiyyatın qurulmasında təhsilin rolu heç 
								vaxt indiki qədər aktual olmamışdır.  
								
								
								Son illərdə təhsil xərclərinin artmasının 
								əsasında da həmin konseptual müddəalar dayanır. 
								Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 
								dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard 
								manata çatmış, 2009-cu ildə isə 1,3 milyard 
								manat təşkil etmişdir. Dövlət başçısı tərəfindən 
								son illərdə təhsil sahəsində 150-dən çox 
								sərəncam imzalanmışdır. Təhsil tariximizdə ilk 
								dəfə olaraq Azərbaycan Respublikası 
								Prezidentinin sərəncamlarına əsasən "Ən yaxşı 
								ümumtəhsil məktəbi və ən yaxşı müəllim 
								mükafatlarının təsis edilməsi haqqında" 4 
								sentyabr 2007-ci il tarixli Sərəncamı imzalanmış, 
								2008 və 2009-cu illərdə "Ən yaxşı ümumtəhsil 
								məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri 
								keçirilmiş, həmin illərdə "Ən yaxşı ümumtəhsil 
								məktəbi" müsabiqəsinin qalibi olmuş 50 məktəbin 
								hər birinə 10000 manat, "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər 
								birinə 5000 manat məbləğində birdəfəlik pul 
								mükafatı verilmişdir. Bu müsabiqə məktəb və 
								müəllimlər arasında sağlam rəqabəti, innovativ 
								fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin 
								yüksəlməsinə müsbət təsir göstərmişdir. 
								 
								
								
								 Azərbaycanda 
								təhsilə, təhsil işçilərinə diqqət və qayğının 
								parlaq təzahürüdür ki, son illərdə elm və 
								təhsilin inkişafındakı xidmətlərinə görə 
								1000-dən çox təhsil işçisi yüksək dövlət 
								mükafatlarına, fəxri adlara və fərdi təqaüdlərə 
								layiq görülmüşdür. Yalnız 2009-cu ildə təltif 
								edilən təhsil işçiləri 312 nəfər olmuşdur.
								 
								
								
								- Hazırda təhsil sektorunun ayrı-ayrı sahələri 
								üzrə çoxsaylı inkişaf proqramları həyata 
								keçirilməkdədir. Həmin proqramlar hansı sahələri 
								əhatə edir?  
								
								
								- Məhz dövlət başçısının təhsilə diqqət və 
								qayğısının nəticəsidir ki, təhsil tariximizdə 
								ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət 
								proqramı təsdiq olunmuş və uğurla həyata 
								keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin 
								inkişafı üzrə real vəziyyətin təhlili əsasında 
								hazırlanıb təsdiq edilmiş bu proqramların 
								reallaşdırılması nəticəsində təhsil 
								infrastrukturunun müasir tələblərə uyğun 
								qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, 
								yeni dərslik siyasətinin reallaşdırılması, 
								təhsilalanların nailiyyətlərinin 
								qiymətləndirilməsi üzrə yeni model və 
								mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına 
								uyğun kadr hazırlığı və təminatının 
								yaxşılaşdırılması, təhsil müəssisələrinin 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təmin edilməsi və təhsil sisteminin 
								informasiyalaşdırılması, məktəbəqədər, texniki 
								peşə, ali təhsil, xaricdə təhsil, istedadlı 
								uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan 
								uşaqların təhsilinin təşkili, de-institutlaşdırma 
								və digər bu kimi sahələrdə əhəmiyyətli 
								nailiyyətlər əldə olunmuşdur.  
								
								
								Son 20 ildə heç bir məktəbəqədər təhsil 
								müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk 
								dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası 
								tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər 
								təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir 
								avadanlıqlarla təchiz olunmuşdur. Həyata 
								keçirilən tədbirlər nəticəsində Bakı şəhərində 
								bağçalara cəlb olunmuş uşaqların sayı 6 min 
								nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə 
								səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik 
								tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün 
								müasir tələblər səviyyəsində 137 adda təlim 
								vəsaitləri hazırlanıb müəssisələrə 
								çatdırılmışdır.  
								
								
								Məktəbəqədər təhsil sahəsində "Azərbaycan 
								Respublikasında məktəbəqədər təhsilin 
								yeniləşdirilməsi Proqramı(2007-2010-cu 
								illər)"nda nəzərdə tutulmuş tədbirlərin 
								icrasının davam etdirilməsi, monitorinq və 
								qiymətləndirmə sisteminin yaradılması, 
								beşyaşlıların məktəbə hazırlığının 
								genişləndirilməsi, maddi-texniki və tədris 
								bazanın möhkəmləndirilməsi istiqamətində 
								tədbirlərin davam etdirilməsi həyata keçiriləcək 
								əsas tədbirlər kimi müəyyənləşdirilmişdir.
								 
								
								
								Son illərdə Azərbaycanda 450 min şagird yerlik 
								2000-dək yeni məktəb binası tikilərək istifadəyə 
								verilmişdir. Məktəblərin infrastrukturunun 
								yeniləşdirilməsi sahəsində Heydər Əliyev 
								Fondunun müstəsna xidmətləri olmuş, Fondun 
								təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq 
								bağçası, uşaq evi, internat məktəbi binası 
								tikilib istifadəyə verilmiş, əsaslı təmir və 
								bərpa olunmuş, müasir avadanlıqlarla təchiz 
								edilmişdir. 450-dən çox məktəb əsaslı təmir 
								edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. 
								708 məktəb və 10 rayon təhsil şöbəsi müasir 
								avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda 
								müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb 
								müasir kimya və fizika laboratoriyaları ilə 
								təmin edilmişdir. 600 məktəbin, o cümlədən Bakı 
								şəhərinin 301 ümumtəhsil məktəbinin istilik 
								sistemi əsaslı təmir və bərpa olunmuşdur. 
								 
								
								
								Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud 
								məktəblər üçün əlavə korpusların inşası, onların 
								əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, 
								istilik sisteminin bərpası, ümumilikdə 
								infrastrukturun yeniləşdirilməsi nəticəsində 
								ölkə üzrə 1050000 şagirdin (bütün şagirdlərin 75 
								faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb 
								tikintisi sahəsində həyata keçirilən proqramlar 
								nəticəsində son 10 ildə ikinövbəli məktəblərin 
								faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil 
								alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.
								 
								
								
								- Məzmun və qiymətləndirmə sahəsində hansı 
								yeniliklər tətbiq edilmişdir?  
								
								
								- Əlbəttə, aparılan genişmiqyaslı işlər yalnız 
								təhsil infrastrukturunun yeniləşdirilməsi ilə 
								bağlı olmamışdır. Bu sahədə əhəmiyyətli 
								nailiyyətlərin əldə edilməsi və müasir tələblərə 
								uyğun şəraitin yaradılması məzmun islahatları 
								üçün əlverişli zəmin yaratmışdır. Son illərdə 
								Dünya Bankının maliyyə yardımı ilə həyata 
								keçirilən islahatyönümlü tədbirlərin böyük 
								əksəriyyəti məhz ümumi təhsilin məzmununun 
								yeniləşdirilməsinə və mütərəqqi dünya 
								təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. 
								Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi 
								inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən 
								"təfəkkür və düşüncə məktəbi"nə keçmək və bu 
								əsasda ümumi təhsilin müasir modelini qurmaqdan 
								ibarətdir.  
								
								
								2008-2009-cu tədris ilində ümumtəhsil 
								məktəblərinin I siniflərində tədrisə yeni fənn 
								kurikulumları və müasir dərsliklərlə başlanmış, 
								bu proses 2009-2010-cu dərs ilində I və II 
								sinifləri əhatə etmişdir. Yeni kurikulumların 
								tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 
								minədək müəllim xüsusi proqram əsasında öyrədici 
								təlim kurslarından keçirilmiş və nümunəvi tədris 
								materialları ilə təmin edilmişdir. Yeni 
								kurikulumun tətbiqi sahəsində 2010-2011-ci dərs 
								ilində I siniflərdə dərs deyəcək müəllimlərin 
								treninqlərdən keçirilməsi, III siniflərdə yeni 
								kurikulumların tətbiqi üzrə hazırlıq işlərinin 
								aparılması, rəhbər pedaqoji kadrların (RTŞ 
								əməkdaşları, metodistlər, məktəb direktorları, 
								onların müavinləri) kurikulumların tətbiqi üzrə 
								təlim kurslarına cəlb olunması, V-XI siniflər 
								üzrə fənn kurikulumlarının təsdiq olunması 
								qarşıda duran vəzifələrdəndir.  
								
								
								Yeni məzmun yeni nəsil dərsliklərinin 
								hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu 
								illərdə milli mənəvi dəyərlər əsasında müasir 
								tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon 
								nüsxə dərslik çap edilmişdir. Təhsil tariximizdə 
								ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I 
								və II siniflər üçün dərslik komplektləri (şagird 
								üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) 
								hazırlanmış, Dərslikləri Qiymətləndirmə Şurası 
								tərəfindən qiymətləndirilib müsbət rəy 
								alındıqdan sonra çap edilmişdir.  
								
								
								Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs 
								ilinə ümumilikdə 111 adda, o cümlədən I siniflər 
								üçün 14 adda, III siniflər üçün kurikulum 
								əsasında 40 adda dərslik və müəllim üçün 
								vəsaitin hazırlanması və Dərslikləri 
								Qiymətləndirmə Şurası tərəfindən 
								qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, 
								VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri 
								üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə 
								tutulmuşdur.  
								
								
								İstedadlı uşaqlarla iş sahəsində respublikanın 8 
								bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan 
								şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları) 
								liseylərin yaradılması, Bakı şəhərində 
								Beynəlxalq Mendeleyev Olimpiadasının keçirilməsi, 
								fənlər üzrə istedadlı şagirdlərin 
								müəyyənləşdirilməsi məqsədilə seçim 
								tədbirlərinin təşkili məsələləri üzrə tədbirlər 
								həyata keçiriləcəkdir. Dünya və beynəlxalq fənn 
								olimpiadalarında Azərbaycan məktəbliləri 11 
								qızıl, 28 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 
								99 medal qazanmışlar. Əhalisinin sayının az 
								olmasına baxmayaraq, medalların sayına görə 
								Azərbaycan dünya ölkələri arasında ilk onluqda 
								yerini qoruyub saxlamışdr.  
								
								
								2009-cu ildə Təhsil Nazirliyi sistemində 
								fəaliyyət göstərən uşaq-gənclər idman 
								məktəblərinin yetirmələri respublika birinciliyi, 
								çempionat və digər yarışlarda 287 qızıl, 194 
								gümüş, 1181 bürünc olmaqla, ümumilikdə 1662 
								medal, Avropa, dünya birinciliyi və 
								çempionatlarında və digər beynəlxalq yarışlarda 
								57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, 
								ümumilikdə 168 medal qazanmışlar.  
								
								
								- Müasir dövrdə təhsil prosesini İKT-siz 
								təsəvvür etmək mümkün deyildir. Bu sahədə hansı 
								addımlar atılmışdır?  
								
								
								- Təhsilin informasiyalaşdırılması sahəsində 
								əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Dövlət 
								Proqramları çərçivəsində ölkənin ümumtəhsil 
								məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə 
								bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 
								2004-cü ildə hər 1063 şagirdə bir kompüter 
								düşürdü. 500 təhsil müəssisəsi Azərbaycan Təhsil 
								Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə 
								qoşulmuş, inzibati, pedaqoji və texniki heyət 
								əhatə olunmaqla, 40 min nəfər müvafiq 
								treninqlərdən keçərək İKT bacarıqlarına 
								yiyələnmişdir. Təhsil tariximizdə ilk dəfə 
								olaraq fənlər üzrə elektron tədris resursları 
								hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə "Elektron 
								Məktəb" layihəsi həyata keçirilməyə başlanmışdır. 
								I-X siniflər üçün "İnformatika" dərslikləri 
								hazırlanmış, bütün siniflərdə informatikanın 
								tədrisinə başlanmışdır.  
								
								
								Təhsillə bağlı məlumat və resursların toplanması, 
								onların təhlükəsizliyinin təmin edilməsi 
								məqsədilə Məlumat və Resurs Mərkəzi, 
								ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə 
								operativ məlumatlandırmaq və elektron tədris 
								resurslarından istifadəni təmin etmək məqsədilə 
								Milli Təhsil Portalı, təhsil sahəsində çevik 
								idarəetmə sisteminin yaradılması məqsədilə Milli 
								Təhsil Məlumat Bazası yaradılmışdır.  
								
								
								Bir şagirdə bir kompüter konsepsiyasının 
								reallaşdırılması məqsədilə "İntel" şirkəti ilə 
								birlikdə 400 şagirdə noutbuklar verilmişdir. "Xalq 
								kompüteri" layihəsi çərçivəsində isə 5000 
								müəllim kompüterlə təmin olunmuşdur.  
								
								
								Təhsilin informasiyalaşdırılması sahəsində 
								Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və 
								İnternet şəbəkəsinə əlavə 500 təhsil 
								müəssisəsinin qoşulması və onların yüksək 
								sürətli İnternetə çıxışının təmin edilməsi, 25 
								min nəfər pedaqoji, 4 min nəfər 
								inzibati-idarəetmə və 500 nəfər texniki heyətin 
								İKT üzrə treninqlərdən keçirilməsi, "Bir 
								müəllim-bir kompüter", "Bir şagird - bir 
								kompüter" layihəsinin əhatə dairəsinin 
								genişləndirilməsi, "Elektron məktəb" layihəsinə 
								əlavə məktəblərin cəlb edilməsi əsas 
								perspektivlər kimi müəyyənləşdirilmişdir. 
								 
								
								
								- Təhsil sistemində kadr təminatı və 
								ixtisasartırma təhsili sahəsində də müəyyən 
								yeniliklər baş verməkdədir. Bu yeniliklər barədə 
								də məlumat verməyinizi xahiş edirik.  
								
								
								- Kadr təminatı sahəsində 2005-2009-cu illəri 
								əhatə edən Proqram başa çatdırılmış, ümumilikdə 
								6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq 
								edilməklə respublikanın ucqar kənd məktəblərinə 
								göndərilmişdir. Beləliklə, ucqar kənd 
								məktəblərində kadra olan kəskin ehtiyac 
								ödənilmişdir. Respublikanın ümumtəhsil 
								məktəblərinə müəllimlərin işə qəbulu sahəsində 
								yeni mexanizmlərin tətbiqinə başlanmış, Bakı 
								şəhərində müəllimlərin işə qəbulu elektron 
								vasitələr əsasında, ikimərhələli müsabiqə 
								mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.
								 
								
								
								Pedaqoji kadr təminatı sahəsində ölkənin 
								ümumtəhsil məktəblərində kadr təminatı 
								vəziyyətinin monitorinqinin aparılması, 
								nəticələrin təhlili və təkliflərin hazırlanması, 
								beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə 
								səviyyəsində müəllimlərin işə qəbulu sahəsində 
								elektron vasitələrdən istifadə edilməklə yeni 
								mexanizmlərin tətbiqi, hazırda işləyən 
								müəllimlərin və rəhbər pedaqoji işçilərin 
								peşəkarlıq səviyyələrinin qiymətləndirilməsi 
								üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi əsas 
								prioritetlər kimi müəyyənləşdirilmişdir. 
								 
								
								
								Modul-kredit sisteminə əsaslanan, rəqabət 
								mühitinin yaradılmasını, proqramların 
								akkreditasiyasını, stimullaşdırıcı vasitələrin 
								tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni 
								ixtisasartırma təhsili modeli hazırlanmışdır.
								 
								
								
								Əlavə təhsil sahəsində modul-kredit sisteminə 
								əsaslanan ixtisasartırma təhsilinin tətbiqi 
								istiqamətində normativ-hüquqi bazanın 
								təkmilləşdirilməsi, ixtisasartırma 
								proqramlarının akkreditasiyasını aparmaq üçün 
								Təhsil Nazirliyinin nəzdində Akkreditasiya 
								Şurasının yaradılması, 2010-2011-ci tədris 
								ilində ümumtəhsil məktəblərinin I siniflərində 
								işləyəcək müəllimlərin yeni model üzrə 
								ixtisasartırmadan keçirilməsinin təmin edilməsi, 
								ixtisasartırma təhsili sistemi üçün monitorinq 
								və dəyərləndirmə mexanizminin hazırlanması, 
								xidmətlərin təklifi sahəsində rəqabət mühitinin 
								yaradılması, ixtisasartıma təhsilində məcburilik 
								prinsipinin təmin edilməsi, eyni zamanda 
								təhsilalanlar üçün stimullaşdırıcı tədbirlərin 
								nəzərdə tutulması mexanizmlərinin hazırlanması, 
								ali təhsil müəssisələrinin professor-müəllim 
								heyətinin ixtisasının artırılması üzrə yeni 
								mexanizmin yaradılması kimi məsələlər 
								təxirəsalınmaz vəzifələr kimi 
								müəyyənləşdirilmişdir.  
								
								
								- Texniki peşə təhsilinin inkişaf etdirilməsi də 
								qarşıda duran vəzifələrdən biridir. Bununla 
								əlaqədar Dövlət Proqramı da qəbul olunub. 
								Hazırda texniki peşə təhsili sahəsində Dövlət 
								Proqramının icrası ilə bağlı hansı tədbirlər 
								həyata keçirilir?  
								
								
								- Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət 
								Proqramına əsasən Qəbələdə Turizm və Otelçilik 
								üzrə Peşə Tədris Mərkəzi yaradılmış, 8 texniki 
								peşə təhsili müəssisəsi əsaslı təmir edilmiş və 
								müasir avadanlıqla təmin olunmuşdur. İsmayıllı 
								rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris 
								Mərkəzinin tikintisi aparılır. Son 20 ildə 
								müxtəlif peşələr üzrə ilk dəfə olaraq 7 adda 
								dərslik hazırlanmış və çap edilmişdir. YUNESKO, 
								Avropa Komissiyası, Cənubi Koreyanın DAEWOO 
								şirkəti, Heydər Əliyev Fondu, "Azərsun" Holdinq 
								şirkəti, "KÜR" MMC ilə birgə layihələrin 
								icrasına başlanmışdır.  
								
								
								Texniki peşə təhsili sahəsində müəyyən edilmiş 
								ixtisaslar üzrə standartların və kurikulumların, 
								yeni dərsliklərin, ixtisas klassifikatorunun 
								hazırlanması, məzunların bacarıqlarının əmək 
								bazarının tələblərinə müvafiq qiymətləndirilməsi 
								məqsədilə yeni qiymətləndirmə mexanizminin 
								işlənib hazırlanması, Avropa Komissiyası ilə 
								birlikdə həyata keçirilən layihə çərçivəsində 
								İsmayıllı Turizm Peşə Məktəbinin tikintisinin 
								başa çatdırılması, beynəlxalq təşkilatlarla 
								birgə nəzərdə tutulmuş layihələrin icrası 
								tədbirlərinin həyata keçirilməsi, müəssisələrin 
								maddi-texniki bazasının gücləndirilməsi işinin 
								davam etdirilməsi nəzərdə tutulmuşdur. 
								 
								
								
								- İsgəndər müəllim, "Təhsil haqqında" yeni 
								Qanunun qəbul edilməsindən müəyyən müddət 
								keçmişdir. Qanunun icrası istiqamətində hansı 
								addımlar atılmışdır?  
								
								
								- Son illərin ən mühüm hadisələrindən biri, 
								əlbəttə, "Təhsil haqqında" Azərbaycan 
								Respublikası Qanununun qəbul edilməsi olmuşdur. 
								Qanunun qəbul edilməsi zərurəti, ilk növbədə, 
								ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, 
								o cümlədən təhsil sahəsində əsaslı 
								dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə 
								yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa 
								və dünya təhsil məkanına inteqrasiya 
								istiqamətində mühüm addımlar atması ilə bağlı 
								idi. Təbiidir ki, bütün bu proseslər təhsil 
								qanunvericiliyində, ən vacibi isə "Təhsil 
								haqqında" yeni Qanunda öz əksini tapmalı idi. Bu 
								səbəbdən, düşünürəm ki, qəbul edilmiş Qanun 
								ölkəmizdə təhsil siyasəti və strategiyasının 
								əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk 
								növbədə, xalqımıza, Azərbaycanda təhsilin 
								inkişafına xidmət edəcək milli təhsil sisteminin 
								dünya, Avropa təhsil sisteminə inteqrasiyasını 
								təmin edəcəkdir.  
								
								
								Qanunda 5 yaşlıların məktəbəqədər təhsilə 
								cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul 
								zamanı məzunların əvvəlki təhsil pilləsindəki 
								nəticələrinin nəzərə alınması, ixtisasartırma 
								təhsilinin nəticələrinin stimullaşdırılması, yaş 
								senzinin müəyyənləşdirilməsi, təhsil 
								müəssisələrinin maliyyələşdirilməsinin hər 
								təhsilalana düşən xərc normaları nəzərə 
								alınmaqla həyata keçirilməsi, ali təhsilin 
								üçpilləli strukturu və digər yeni məsələlər öz 
								əksini tapmışdır. Qanunun icrası istiqamətində 
								Təhsil Nazirliyi tərəfindən 35 adda normativ 
								sənəd hazırlanaraq Nazirlər Kabineti tərəfindən 
								təsdiq edilmişdir.  
								
								
								
								www.yap.org.az  |