| 
								 
								
								Sentyabrın 17-də Azərbaycanın Pakistandakı 
								səfirliyinin müvəqqəti işlər vəkili Daşqın 
								Şikarov Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu 
								ölkənin Müzəffərabad şəhərində qızlar üçün 
								tikilmiş orta məktəbdə olmuşdur.  
								
								
								Xəbər verdiyimiz kimi, 2005-ci il oktyabrın 8-də 
								Pakistanda çoxlu insan tələfatına və böyük 
								dağıntılara səbəb olmuş güclü zəlzələ baş 
								vermişdi. Zəlzələ ölkə ərazisinin yarıdan çoxunu 
								əhatə etmiş, paytaxt İslamabadda, Lahorda, 
								xüsusilə Müzəffərabadda güclü dağıntılar 
								törətmişdi. Baş vermiş fəlakət nəticəsində 
								Müzəffərabadın Rara ərazisindəki məktəb tam 
								yararsız vəziyyətə düşdüyünə görə burada dərslər 
								ya çadırlarda, ya da açıq səma altında 
								keçilirdi.  
								
								
								Bu məktəb Heydər Əliyev Fondunun prezidenti, 
								YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, 
								Milli Məclisin deputatı Mehriban xanım 
								Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuşdur. 
								Bununla yanaşı, Azərbaycanın birinci xanımı 
								Mehriban Əliyevanın dəstəyi ilə məktəb əyani 
								vəsaitlərlə, o cümlədən ölkəmiz haqqında 
								nəşrlərlə təmin edilmişdir. Hazırda məktəbdə 
								500-dən artıq şagird təhsil alır.  
								
								
								Səfirlikdən AzərTAc-a bildirmişlər ki, D.Şikarov 
								məktəbdə müəllim və şagirdlərlə görüşmüşdür. 
								Müvəqqəti işlər vəkilinə məktəbin fəaliyyəti və 
								ehtiyacları haqqında məlumat verilmişdir. 
								Diplomat məktəbə bundan sonra da diqqət və qayğı 
								göstəriləcəyini bildirmişdir.  
								
								
								Heydər Əliyev Fondu və onun prezidenti Mehriban 
								xanım Əliyevanın fəaliyyəti haqqında ətraflı 
								məlumat verən D.Şikarov Azərbaycanın qardaş 
								ölkəyə yardım etməyə daim hazır olduğunu 
								vurğulamışdır.  
								
								
								Məktəbin müdiri Firdövs Şahin təhsil ocağında 
								yaradılmış şəraitdən məmnunluğunu ifadə etmiş, 
								göstərilən diqqət və qayğıya görə Azərbaycan 
								hökumətinə və xalqına, xüsusilə Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, Milli Məclisin deputatı 
								Mehriban xanım Əliyevaya minnətdarlığını 
								bildirmişdir.  
								
								
								F.Şahin D.Şikarovdan Azərbaycanın birinci xanımı 
								Mehriban Əliyevaya təşəkkür məktubunun 
								çatdırılmasını xahiş etmişdir.  
								
								
								D.Şikarov məktəbə Heydər Əliyev Fondu adından 
								iki kompüter, 50 məktəbli çantası və digər dərs 
								ləvazimatı hədiyyə etmişdir.  
								
								
								Bundan əlavə, səfirlik tərəfindən məktəbin 
								kitabxanasına Pakistanda urdu və ingilis 
								dillərində nəşr edilmiş "Heydər Əliyev", 
								"Azərbaycan poeziyası", "Azərbaycan - Qafqazın 
								cənnəti" və "Azərbaycan tarixi" kitabları təqdim 
								olunmuşdur.   |