| 
								 
								
								Məlum olduğu kimi, 1994-cü ildən Tələbə Qəbulu 
								üzrə Dövlət Komissiyasının nəzdində müxtəlif 
								fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyət 
								göstərir. Həmin seminarların əsas vəzifəsini 
								fənlər üzrə qəbul imtahanlarının məzmununa aid 
								materialların işlənib hazırlanması, test 
								toplularının tərtibi, İnternet vasitəsi ilə 
								müxtəlif informasiya xidmətlərinin göstərilməsi 
								və digər istiqamətlərdə sistemli elmi-metodik 
								işlərin aparılması təşkil edir. Hər il olduğu 
								kimi, bu il də oktyabrın 1-dən seminarlar öz 
								işinə başlayacaq. Bəs son illər, xüsusən də ötən 
								dərs ilində sözügedən elmi-metodiki seminarların 
								fəaliyyəti nə ilə əlamətdar olub? Yeni dərs 
								ilində onların işində nə kimi yeniliklər 
								gözlənilir? Əməkdaşımız həmin suallarla 
								seminarların təşkilatçısı və TQDK-da onların 
								fəaliyyətini tənzimləyən Orta təhsil üzrə 
								yoxlama-ölçmə materiallarının işlənməsi 
								sektorunun müdiri Afiqə Batıyevaya müraciət 
								etmişdir. A.Batıyeva demişdir:  
								
								
								 - 
								Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il 
								müxtəlif təyinatlı imtahanlar keçirir. Buna görə 
								də komissiyanın  fəaliyyətinin əsas 
								istiqamətlərindən birini imtahanın məzmunu ilə 
								bağlı materialların hazırlanması və qəbul 
								imtahanına hazırlaşan gənclərə elmi-metodiki 
								kömək təşkil edir. İmtahanların məzmununa aid 
								materiallar dedikdə qəbul proqramlarının, 
								imtahan suallarının,  yeni test modellərinin 
								işlənib hazırlanması nəzərdə tutulur. 
								
								
								 Elmi-metodiki iş silsilə tədbirlər şəklində, 
								ilboyu  ardıcıl həyata keçirilir. Buraya fənlər 
								üzrə elmi-metodiki, statistik təhlilli 
								materialların hazırlanması, onlara dair ekspert 
								şərhləri, çətin test tapşırıqlarına müvafiq 
								izahların verilməsi, dərs vəsaitləri, test 
								topluları, yeni elektron dərs vəsaitlərinin 
								tərtibi, İnternet vasitəsilə informasiya 
								xidmətlərinin göstərilməsi və s. daxildir.
								 
								
								
								Bu işlər  bilavasitə TQDK-nın nəzdində fəaliyyət 
								göstərən fənlər üzrə elmi-metodiki seminarlarda 
								həyata keçirilir. 
								
								
								Fənn seminarları Dövlət Komissiyasında 16 il 
								bundan əvvəl təşkil edilib. Hazırda komissiyada 
								14 fənn üzrə elmi-metodiki seminar fəaliyyət 
								göstərir. Ötən  illər ərzində elmi-metodiki 
								seminarların işi xeyli təkmilləşib, fəaliyyət 
								dairəsi genişlənib.Onların işində iştirak edən 
								mütəxəssislərin sayı ildən-ilə artır. Hazırda 
								seminarlarda 2000-dək orta və ali məktəb 
								müəllimi, tanınmış alimlər, Azərbaycan Milli 
								Elmlər Akademiyasının əməkdaşları, metodistlər 
								iştirak edirlər. Bu seminarlar respublikanın 
								pedaqoji ictimaiyyəti üçün açıqdır. Arzu edən 
								hər bir şəxs TQDK-nın Orta təhsil üzrə 
								yoxlama-ölçmə materiallarının işlənməsi 
								sektorunda qeydiyyatdan keçərək,  müvafiq 
								seminarın işində iştirak edə bilər. 
								
								
								Qeyd edim ki, indiyədək seminarlarda əsas 
								etibarı ilə Bakı və Sumqayıt şəhərlərindən olan 
								təhsil işçiləri iştirak edirdilər. Lakin artıq 
								Naxçıvan MR-də, Gəncədə, Lənkəranda, Şəkidə və 
								Qubada da TQDK-nın regional bölmələri fəaliyyət 
								göstərir. Bu bölmələrin fəaliyyətinin əsas 
								istiqamətlərindən biri həmin bölgələrdə 
								elmi-metodiki seminarların təşkilidir. Ötən dərs 
								ilində TQDK-nın aparıcı ekspertlərinin iştirakı 
								ilə ilk dəfə olaraq respublikanın müxtəlif 
								bölgələrində - Naxçıvan, Lənkəran, Gəncə, Şəki, 
								Quba və Ağstafa şəhərlərində Azərbaycan dili, 
								riyaziyyat, fizika və tarix fənləri üzrə 
								eimi-metodiki seminarlar keçirilmiş və İnternet 
								proqramlarının tətbiqi sayəsində TQDK ilə canlı 
								videobağlantılar təşkil edilmişdir. Qeyd olunan 
								bölgələrin müəllimlərinin iştirakı ilə keçirilən 
								seminarlarda qəbul proqramlarının müzakirəsi 
								aparılmış, qəbul imtahanlarında istifadə 
								edilmiş  test tapşırıqları təhlil edilmiş, test 
								tərtibi metodikası ilə bağlı treninqlər 
								keçirilmişdir.Bu seminarlardan sonra bölgələrdən 
								olan test tərtibçilərinin sayı  artmışdır. 
								Nəticədə builki qəbul imtahanları üçün sual 
								kitabçalarının hazırlanması bunkerinə Lənkəran 
								rayonunun Şürük kənd orta məktəbinin  riyaziyyat 
								müəllimi Namiq Bağırov dəvət edilmişdir. Yeri 
								gəlmişkən qeyd edim ki, ötən il Gəncə şəhərindən 
								ingilis dili müəllimi Kənan Tahirov da bunkerə 
								dəvət olunmuşdu. Biz istərdik ki, digər 
								bölgələrdən də tədris prosesində müəyyən 
								nailiyyətləri olan, fənnini dərindən bilən, 
								testologiyadan xəbəri olan müəllimlər 
								seminarların işində fəal iştirak etsinlər, test 
								tərtibi metodikasına yiyələnsinlər. Belə olan 
								təqdirdə gələcəkdə onlar da bunkerə dəvət oluna, 
								test tapşırıqlarının ekspertizasında iştirak edə 
								bilərlər.  
								
								
								2010-cu il oktyabrın 1-dən seminarlar öz işinə 
								başlayır. Bu barədə artıq ali məktəblərə, Bakı 
								və Sumqayıtın təhsili idarəetmə orqanlarına 
								rəsmi məktub göndərilmiş, TQDK-nın İnternet 
								saytında  ətraflı məlumat yerləşdirilmişdir. 
								Seminarlar ayrı-ayrı fənlər üzrə  eyni vaxtda 
								həm TQDK-nın binasında, həm də  bütün regional 
								bölmələrdə keçiriləcək və videobağlantılar 
								təşkil olunacaqdır. Regional bölmələrin 
								ünvanları belədir: Naxçıvan şəhəri, Nizami 
								küçəsi, 10; Gəncə şəhəri, Heydər Əliyev meydanı, 
								İcra hakimiyyətinin inzibati binası; Lənkəran 
								şəhəri, H.Aslanov xiyabanı, 52; Şəki şəhəri, 
								M.Ə.Rəsulzadə prospekti, 182; Quba şəhəri, 
								Fətəlixan küçəsi, 8. 
								
								
								Fəaliyyəti çoxşaxəli olan fənn seminarlarında 
								bir neçə istiqamətdə iş aparılır. 
								
								
								Məlumat üçün bildirim ki, TQDK imtahanın  
								məzmunu ilə bağlı materialların hazırlanmasında 
								başlıca standart kimi orta ümumtəhsil 
								məktəblərində  fənlər üzrə qüvvədə olan tədris 
								proqramlarını və dərslikləri  əsas götürür. 
								Bunlar  əsasında elmi-metodiki seminarlarda 
								ayrı-ayrı ixtisas qruplarının profil 
								xüsusiyyətləri nəzərə alınmaqla  qəbul 
								proqramları hazırlanır.    
								
								
								Seminarlarda  ali məktəblərə qəbul 
								imtahanlarında bütün ixtisas qruplarında 
								ayrı-ayrı fənlərdən istifadə edilmiş test 
								tapşırıqlarının elmi-metodiki və statistik 
								təhlili aparılır, bunun nəticəsində qəbul 
								imtahanları üçün yeni test modelləri hazırlanır.
								 
								
								
								Son illər test modellərində daha çox məntiqi 
								düşüncəyə, nəzəri biliklərin tətbiqinə, hadisə 
								və proseslərin mahiyyətinin dərk edilməsinə 
								əsaslanan tapşırıqlara üstünlük verilir. Bu da 
								təbiidir. Çünki  müasir dövrdə həm dünyada, həm 
								də respublikamızda əmək bazarına  bütün 
								istiqamətlər üzrə  yüksək məntiqi təfəkkürə 
								malik, qazanılmış bilikləri praktikada  tətbiq 
								etməyi bacaran mütəxəssislər lazımdır. Ona görə 
								də qəbul imtahanlarında belə  test 
								tapşırıqlarına  üstünlük verilir. 
								
								
								Qəbul proqramları və test modelləri  hər il 
								yanvar ayında "Abituriyent" jurnalının birinci 
								sayında çap olunur. Beləliklə, hələ ilin 
								əvvəlindən həmin ildə ali məktəblərə qəbul 
								imtahanlarında hansı tipli, nə kimi mürəkkəblik 
								dərəcəsinə malik test tapşırıqlarının ola 
								bilməsi haqqında ictimaiyyətə məlumat verilir. 
								Test modelinin  tiplərinə uyğun test 
								tapşırıqları sınaq imtahanlarında yoxlanılır.
								 
								
								
								Elmi-metodiki və statistik təhlil nəticəsində 
								həmçinin, abituriyentlərin qəbul imtahanında  
								zəif cavab verdikləri test tapşırıqları 
								müəyyənləşdirilir, xarakterik səhvlər 
								araşdırılır və onların  izahına dair metodiki 
								tövsiyələr  hazırlanır. Bu tövsiyələr də hər 
								il   "Abituriyent" jurnalının ikinci  sayında 
								dərc olunur.  Təcrübə göstərir ki, belə  
								materiallar imtahana hazırlaşmaqda 
								abituriyentlərə çox kömək edir və öz müsbət 
								təsirini göstərir.  
								
								
								Məlumdur ki, təlimin qarşısında duran mühüm 
								vəzifələrdən biri şagirdləri özünütəhsilə - 
								müstəqil təhsilə hazırlamaqdır. TQDK bunu nəzərə 
								alaraq,  fənlər üzrə qəbul proqramlarının  
								məzmun və tələbinə  uyğun olan vəsaitlər   
								hazırlayıb nəşr edir. "Kimya", "Riyaziyyat", 
								"Fizika", "Tarix" , "Coğrafiya","Rus dili", 
								"İngilis dili", "Alman dili", "Azərbaycan dili", 
								"Ədəbiyyat" və "Biologiya" ("Botanika") 
								vəsaitlərini buna misal göstərə bilərəm. Digər 
								fənlərdən də vəsaitlər yaxın vaxtlarda işıq üzü 
								görəcəkdir. Bu vəsaitlər  abituriyentlərin orta 
								məktəb dərsliklərindən öyrəndikləri bilikləri 
								tamamlayır, sistemləşdirir və qəbul proqramı 
								üzrə biliklərin möhkəmləndirilməsi üçün 
								təkrarlamada əhəmiyyətli rol oynayır. Vəsaitlər 
								abituriyentlərə öz üzərlərində müstəqil çalışmaq 
								imkanı verir. Çünki burada nəzəri materialla 
								bərabər, həm də kifayət qədər məntiqi düşüncəyə 
								əsaslanan, nəzəri biliklərin tətbiqini tələb 
								edən test tapşırıqlarının izahlı şərhləri də 
								verilir. 
								
								
								Bundan əlavə, TQDK-da siniflər üzrə orta məktəb 
								dərsliklərinə, tədris proqramlarına tam uyğun 
								olan test topluları da hazırlanmışdır. Həmin 
								toplulardakı test tapşırıqları tədris 
								proqramındakı yarımillik və illik materiallara  
								müvafiqdir. Mənə elə gəlir ki, bu toplular orta 
								məktəbdə formativ və summativ qiymətləndirmənin 
								aparılması üçün çox faydalı materiallardır.Eyni 
								zamanda, siniflər üzrə test toplularının 
								elektron versiyaları hazırlanıb abituriyentlərin 
								istifadəsinə verilmişdir. 
								
								
								Hər il seminarlarda həm vəsaitlər, həm də test 
								topluları üzərində təkmilləşdirmə işləri 
								aparılır, cari ildə tədris proqramları və 
								dərsliklərdə edilmiş dəyişikliklər nəzərə 
								alınır. Yeri gəlmişkən qeyd edim ki, qəbul 
								imtahanları üçün  testlər bankı da hər il 
								təkmilləşdirilir və yeni yazılmış test 
								tapşırıqları hesabına zənginləşdirilir. 
								 
								
								
								Seminarlarda aparılan işin bir istiqaməti də 
								dərsliklərin müzakirəsidir. Cari ildə 
								respublikanın orta ümumtəhsil məktəblərində 
								qüvvədə olan dərsliklər geniş müzakirə olunur. 
								Həmin müzakirələrin nəticəsi Təhsil Nazirliyinə 
								göndərilir. Nazirlikdə onlara baxılır və 
								dərsliklər yenidən nəşrə hazırlanarkən nəzərə 
								alınır. 
								
								
								Eyni zamanda seminarlarda dünyanın müxtəlif 
								ölkələrində qəbul imtahanlarında istifadə 
								olunan  testlər də mütəmadi olaraq təhlil olunur 
								və lazımi nəticələr çıxarılır. Məsələn, ötən 
								illərdə Türkiyə Respublikası, ABŞ, İngiltərə, 
								Avstraliya, Rusiya Federasiyası, Qazaxıstan, 
								Gürcüstan, Litva və s. ölkələrin materialları 
								təhlil edilmişdir. 
								
								
								Seminarlarda habelə test tərtibi  ilə bağlı 
								mühazirələr də təşkil olunur. 
								
								
								Mühazirələrdə məqsəd seminara yeni gələn 
								mütəxəssislərə test tərtibinin elmi-metodiki 
								prinsipləri və onlara verilən tələblər, yəni 
								onların mürəkkəblik  dərəcəsi və qabiliyyət 
								göstəriciləri barədə məlumat verməkdir. Axı hər 
								il seminarların tərkibi yeni mütəxəssis və 
								müəllimlər hesabına yeniləşir. 
								
								
								2010-2011-ci tədris ilində ali məktəblərə tələbə 
								qəbulu imtahanlarında yenilik olaraq açıq tipli 
								test tapşırıqlarından istifadə edilməsi nəzərdə 
								tutulur. Bu barədə 2010-cu il "Abituriyent" 
								jurnalının 1-ci sayinda test tapşırıqlarının 
								nümunələri verilmişdir. Bu il də seminarlarda 
								qapalı və açıq testlərin tərtibi metodikası ilə 
								bağlı mühazirələr təşkil olunacaq və treninqlər 
								keçiriləcəkdir.  
								
								
								TQDK-da həyata keçirilən bütün bu işlər 
								beynəlxalq standartlara tam uyğundur. Bunu 
								dəfələrlə komissiyada olan və audit aparan 
								beynəlxalq ekspertlər də qeyd ediblər. MDB 
								məkanında ilk dəfə olaraq Tələbə Qəbulu üzrə 
								Dövlət Komissiyasının təşkilatçılığı ilə 2007-ci 
								ilin sentyabr ayında və 2009-cu ilin may ayında 
								Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə 
								Beynəlxalq Assosiasiyasının (İAEA) 33-cü 
								Beynəlxalq Konfransı və "Təhsildə 
								qiymətləndirmə: müasir vəziyyət və inkişaf 
								perspektivləri" mövzusunda regional konfrans 
								keçirilmişdir. Konfransın təşkilinin TQDK-ya 
								həvalə olunması təsadüfi deyil. Bu, təhsildə 
								qiymətləndirmə sahəsində dünyada ən nüfuzlu 
								təşkilatın TQDK-nın biliyin qiymətləndirilməsi 
								sahəsində apardığı işləri yüksək dəyərləndirməsi 
								ilə əlaqədardır. 
								
								
								Sonda mən respublikanın pedaqoji ictimaiyyətini 
								yeni dərs ilinin başlanması münasibətilə təbrik 
								edir, üzümü müəllimlərə tutaraq onları 
								elmi-metodiki seminarlarda  yaxından iştiraka 
								dəvət edirəm. 
								
								
								Seminarlarda iştirak etmək istəyənlərin 
								diqqətinə onun cədvəlini də çatdırıram. 
								
								
								Ayrı-ayrı fənlər üzrə ülmi-metodiki seminar 
								məşğələlərinin cədvəli 
								
									
										|   | 
										
										
											
												| 
												
												№ | 
												
												
												Fənnin adı | 
												
												
												Həftənin günü | 
												
												
												Başlama vaxtı | 
											 
											
												| 
												
												1. | 
												
												
												Ana dili və ədəbiyyat | 
												
												
												I | 
												
												
												13:00 | 
											 
											
												| 
												
												2. | 
												
												
												Azərbaycan dili (rus bölməsi 
												üçün) | 
												
												
												I | 
												
												
												15:00 | 
											 
											
												| 
												
												3. | 
												
												
												İngilis dili | 
												
												
												I | 
												
												
												11:30 | 
											 
											
												| 
												
												4. | 
												
												
												Alman dili | 
												
												
												I | 
												
												
												14:00 | 
											 
											
												| 
												
												5. | 
												
												
												Fransız dili | 
												
												
												I | 
												
												
												15:00 | 
											 
											
												| 
												
												6. | 
												
												
												Kimya | 
												
												
												II | 
												
												
												10:00 | 
											 
											
												| 
												
												7. | 
												
												
												Fizika | 
												
												
												III | 
												
												
												10:00 | 
											 
											
												| 
												
												8. | 
												
												
												 Русский язык и 
												литература  | 
												
												
												III | 
												
												
												14:00 | 
											 
											
												| 
												
												9. | 
												
												
												Rus dili (Azərbaycan bölməsində 
												xarici dil kimi) | 
												
												
												III | 
												
												
												15:30 | 
											 
											
												| 
												
												10. | 
												
												
												Şərq dilləri  | 
												
												
												III | 
												
												
												15:30 | 
											 
											
												| 
												
												11. | 
												
												
												Tarix | 
												
												
												IV | 
												
												
												11:00 | 
											 
											
												| 
												
												12. | 
												
												
												Biologiya | 
												
												
												IV | 
												
												
												09:00 | 
											 
											
												| 
												
												13. | 
												
												
												Coğrafiya | 
												
												
												V | 
												
												
												10:00 | 
											 
											
												| 
												
												14. | 
												
												
												Riyaziyyat | 
												
												
												V | 
												
												
												15:00 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Bir daha vurğulamaq istəyirəm ki, seminarlarda 
								iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu 
								üzrə Dövlət Komissiyasının  Orta təhsil üzrə 
								yoxlama-ölçmə materiallarının işlənməsi  
								sektoruna müraciət edib, qeydiyyatdan 
								keçməlidirlər.   
								
								
								
								Qələmə aldı: Y.ƏLİYEV  |