| 
								 
								
								 Hüseynov 
								Tofiq Mirsiyab oğlu  
								
								
								1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan 
								olmuşdu. 1971-ci ildə burada orta məktəbi 
								bitirmişdi. Ağdam şəhərindəki Kənd Təsərrüfatı 
								Texnikumunun mexanizasiya fakültəsinə daxil 
								olmuş , orada təhsilini başa çatdırdıqdan sonra 
								1974-cü ildə hərbi xidmətə çağırılmışdı. Tofiq 
								əsgəri xidmətini  Qazaxıstanın Alma-Ata 
								şəhərində başa vurmuşdu. Sonra Xocalı şəhər orta 
								məktəbində hərbi hazırlıq müəllimi işləmiş, 
								1991-ci ildə Xocalı ərazi özünümüdafiə 
								batalyonunun təşkilatçılarından biri kimi 
								taborun komandiri təyin edilmişdi. Meşəli kəndi 
								uğrunda gedən döyüşdə onun taboru onlarca erməni 
								yaraqlısını məhv etməyə müvəffəq olmuşdu. Onun 
								səyi nəticəsində Naraguğ kəndində  yerləşən  və  
								Xocalı  şəhərini top atəşinə tutan düşmənin 
								top-batareya nöqtəsi susdurulmuş, Mehdikənd 
								kəndinin fermasında yerləşən  erməni  
								artilleriya  qurğusu məhv edilmiş, on erməni 
								əsir götürülmüşdü. O, rayonda "Mixaylo" ləqəbi 
								ilə tanınmışdı. 
								
								
								T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalıda 
								gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Üç övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb.  
								
								
								 Xasıyev 
								Samir Zirəddin oğlu  
								
								
								1973-cü il aprelin 20-də Bakı şəhərində anadan 
								olmuşdu. 1980-ci ildə paytaxtın Nərimanov 
								rayonundakı 82 nömrəli orta məktəbin birinci 
								sinfinə getmişdi. 1988-ci ildə ailə üzvləri 
								Gəncə şəhərinə köçdüyü üçün orta təhsilini Gəncə 
								şəhər 14 nömrəli beynəlmiləl orta məktəbdə başa 
								çatdırmışdı. Samir 1991-ci ildə Bakı Dövlət 
								Universitetinin tarix fakültəsinin axşam 
								şöbəsinə daxil olmuşdu. Birinci kursda oxuyarkən 
								hərbi xidmətə çağırılmışdı. 1992-ci ildə isə 
								rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini 
								xahiş etmişdi. Onun ilk döyüş yolu Ağdamın 
								Mərzili kəndindən başlamışdı. 1993-cü ildə 
								Füzuli, Ağdərə bölgələrində aparılan 
								əməliyyatlarda, 1994-cü ildə isə "Gəncə 
								qiyamı"nın yatırılmasında iştirak etmişdi. 
								
								
								S.Xasıyev 1995-ci il martın 17-də Azərbaycanda 
								dövlət çevrilişinə cəhdin qarşısını alarkən 
								qəhrəmancasına həlak olub.  
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								leytenant Xasıyev Samir Zirəddin oğlu ölümündən 
								sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərindəki 2-ci Şəhidlər xiyabanında dəfn 
								olunub. Paytaxtın Nərimanov rayonundakı keçmiş 
								Montin adına Mədəniyyət və istirahət parkına  
								Samir  Xasıyevin adı verilib və parkda büstü 
								qoyulub.   
								
								
								 Xəlilov 
								Eldar Xəlil oğlu  
								
								
								1976-cı il avqustun 19-da Qərbi Azərbaycanın 
								Zəngibasar rayonunun Zəngilər kəndində anadan 
								olmuşdu. Altıncı sinfə kimi doğma kəndlərindəki 
								məktəbdə oxumuşdu. 1988-ci ildə yüz minlərlə 
								soydaşımız kimi öz dədə-baba torpaqlarından 
								ermənilər tərəfindən zorla qovulan ailələrdən 
								biri də Eldargilin ailəsi olmuşdu. Onlar Bakı 
								şəhərinə gəlmiş və Bakıxanov qəsəbəsində 
								məskunlaşmışlar. O, təhsilini  Bakıdakı 96 və 
								252 nömrəli orta məktəblərdə davam etdirmişdi. 
								1994-cü ildə Sabunçu rayonunun Hərbi 
								Komissarlığı tərəfindən Milli Ordu sıralarına 
								çağırılır. 1995-ci ilin mart ayında 
								respublikamızda qeyri-qanuni silahlanmış 
								dəstələr dövlət çevrilişinə cəhd edirlər. O da 
								dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı 
								mübarizə aparmalı olur. 
								
								
								E.Xəlilov 1995-ci il martın 17-də öz 
								vətənpərvərlik borcunu yerinə yetirərək, silahlı 
								dəstəni tərk-silah etməyə çalışarkən qarşı 
								tərəfdən atılan güllənin qurbanına çevrilir. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıdakı ikinci Şəhidlər xiyabanında dəfn 
								olunub. Bakıxanov  qəsəbəsindəki küçələrdən biri 
								onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.  
								
								
								 Xəlilbəyli 
								Təbriz Xəlil Rza oğlu  
								
								
								1964-cü il fevralın 12-də Bakı şəhərində anadan 
								olmuşdu. 1981-ci ildə Bakı şəhəri M. Müşfiq 
								adına 18 nömrəli orta məktəbi bitirmişdi. 
								1982-ci ildə Azərbaycan Dövlət İncəsənət 
								İnstitutuna daxil olmuşdu. Təbriz təhsilini 
								qiyabi şöbədə davam etdirərək, həm də  
								C.Cabbarlı adına "Azərbaycanfilm" 
								kinostudiyasında işıqçı işləmişdi. 1991-ci ilin 
								sonunda könüllü olaraq Qarabağa- cəbhə bölgəsinə 
								yollanmışdı. Xramord və Naxçıvanik kəndləri 
								uğrunda erməni işğalçılarına qarşı gedən 
								döyüşlərdə qəhrəmanlıq göstərmişdi.  
								
								
								T.Xəlilbəyli 1992-ci il yanvarın 31-də 
								qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. 
								Bakı şəhərindəki küçələrdən biri onun adını 
								daşıyır.  
								
								
								 İbrahimov 
								Mirələkbər Mirələsgər oğlu  
								
								
								1961-ci il sentyabrın 30-da Qərbi Azərbaycanın 
								Vedibasar mahalının Xalisa kəndində ziyalı 
								ailəsində anadan olmuşdu. Birinci sinfə doğma 
								kəndlərində gedən Mirələkbər məlum hadisələr 
								üzündən təhsilini Bakı şəhərindəki 158 nömrəli 
								orta məktəbdə davam etdirmişdi. 1980-ci ildə 
								hərbi xidmətini başa çatdırdıqdan sonra 
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman 
								və hərbi hazırlıq fakültəsinə daxil olmuşdu. 
								Təhsilini başa çatdırdıqdan sonra bir müddət 153 
								nömrəli məktəbdə dərs demiş, 1993-cü ildə yeni 
								yaradılan Yasamal taboruna komandir təyin 
								edilmişdi. Füzuli rayonunun Alxanlı, 
								Kürdmahmudlu kəndləri uğrunda erməni 
								işğalçılarına qarşı gedən döyüşlərdə iştirak 
								etmişdi. 
								
								
								M.İbrahimov 1994-cü il martın 5-də Qorqan kəndi 
								uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Bir övladı var.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin 16 
								sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı 
								ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu 
								ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı 
								adına layiq görülüb. 
								
								
								Bakı şəhərində ikinci Şəhidlər xiyabanında dəfn 
								olunub. Vaxtı ilə müəllim işlədiyi 153 nömrəli 
								orta məktəb onun adını daşıyır.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |