| 
								 
								
								XIX əsrin sonlarında Azərbaycanın qabaqcıl 
								fikirli ziyalıları xalqın balalarının dünyəvi 
								təhsil alması üçün yeni üsullu məktəblər 
								açırdılar. Belə məktəblərdən biri də Ağsu 
								rayonunun Kalva kəndində 130 yaşı tamam olan 
								təhsil ocağıdır. 
								
								
								Mənbələrdə göstərilir ki, hələ 1881-1891-ci 
								illərdə Kalvada yeni üsullu məktəb olub. Məktəb 
								Osman adlı bir kənd sakininin evində fəaliyyət 
								göstərib. Məktəbin 36 şagirdi olub. Tanınmış 
								pedaqoq Soltan Məcid Əfəndiyev məktəbə gələr, 
								dərslərdə oturar, məsləhətlər verərmiş. 
								
								
								Böyük maarifçi Mahmud bəy Mahmudbəyov Kalva kənd 
								məktəbinin ilk müəllimlərindən olmuşdur. 
								
								
								1924-cü ildə Kalva kəndində ibtidai məktəb üçün 
								yeni bina tikilib. 
								
								
								1933-cü ildə bu təhsil ocağı yeddiillik məktəbə, 
								1938-ci ildə isə orta məktəbə çevrilib. 
								
								
								Məktəbimizin yüzlərlə məzunu müxtəlif ali 
								məktəbləri bitirib respublikamızın rayon və 
								kəndlərində işləyir. Məktəbin ilk şagirdləri 
								olmuş və sonra məktəbdə müəllim işləmiş 
								S.Zeynalovun, M.Hacıyevin pedaqoji fəaliyyəti 
								yüksək qiymətləndirilib. 
								
								
								Məktəbin məzunu, hazırda Şamaxı şəhər orta 
								məktəbində işləyən Həbibə Eldarova 2007-ci ildə 
								"Əməkdar müəllim"  fəxri adına layiq görülüb, 
								2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı 
								müəllim" müsabiqəsinin qalibi olub.  
								
								
								Bu günlər sevincimizin həddi-hüdudu yoxdur. Dərs 
								ilinə müasir tələblərə tam cavab verən yeni 
								tikilmiş məktəb binasında başlamışıq. 
								
								
								Birmərtəbəli 220 şagird yerlik yeni məktəb 
								binası dövlət vəsaiti hesabına inşa olunub. 
								Müasir avadanlıqlarla tam təmin olunmuş 
								məktəbimizdə 10 sinif otağı, fizika, kimya, 
								informatika kabinetləri, akt və idman zalları 
								var. Tədris ocağında istilik sistemi 
								quraşdırılıb.  
								
								
								Sentyabrın 15-də - dərs ilinin ilk günündə 
								məktəbimizin yeni binasının açılışı oldu. 
								
								
								Kollektivimiz yeni tikilmiş məktəb binasını 
								dövlətimizin təhsilimizə qayğısı kimi 
								dəyərləndirir. Bu bizi biliklərin əsaslarına, 
								milli mənəvi dəyərlərimizə dərindən yiyələnən, 
								Vətənimizi, xalqımızı dərin məhəbbətlə sevən, 
								ona sadiq olan gənclər yetişdirməyə səsləyir.  
								
								
								
								Qadir ELDAROV, 
								Ağsu rayonu, Kalva kənd orta məktəbinin  
								tərbiyə işləri üzrə təşkilatçısı  |