|   | 
										
										
										Yerləşir:  | 
										
										 
										
										Cənubi Koreya, Seul şəhəri, Kvanakku 
										rayonu   | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1946-cı il  | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										5807 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin ümumi sayı: | 
										
										
										26030 nəfər | 
									 
									
										| 
										
										Ümumi büdcəsi: | 
										
										
										559 milyon ABŞ dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.snu.ac.kr | 
									 
								 
								
								
								Seul Milli Universiteti (Seul National 
								University) Cənubi Koreyanın paytaxtı Seul 
								şəhərinin Kvanakku rayonunda yerləşir və ölkədə 
								yaradılmış ilk milli universitetdir.  
								
								
								 Böyük 
								Britaniyanın "Times Higher Education Supplement 
								- QS World Universities Rankings" jurnalının 
								2009-cu ildə apardığı dünya universitetlərinin 
								reytinqinə əsasən, Seul Milli Universiteti 100 
								ən yaxşı ali məktəb arasında 47-ci yerdədir. 
								2009-cu ildə keçirilmiş reytinqdən sonra "Times 
								Higher Education Supplement" xaricdə təhsil üzrə 
								ixtisaslaşmış "QS" (Quacquarelli Symonds) 
								kompaniyasından aralanaraq "Thomson Reuters" 
								informasiya kompaniyası ilə müqavilə imzalayıb. 
								Artıq bu ildən "Times Higher Education " və "QS" 
								ayrılıqda dünya universitetlərinin reytinqini 
								aparıb. Beləliklə, 2010-cu ildə dünyanın ən 
								nüfuzlu universitetləri arasında "Times Higher 
								Education World University Rankings"in 
								açıqlamasına əsasən Seul Milli Universiteti 
								109-cu yerdə, "QS World University Rankings"in 
								açıqlamasına əsasən isə 50-ci yerdədir. 
								
								
								Cənubi Koreyanın dövlət xadimlərinin, alim, 
								siyasətçi və iş adamlarının əksəriyyəti Seul 
								Milli Universitetini bitirib. Seul Milli 
								Universitetini, adətən, dövlət qulluqçuları 
								istehsal edən "dəmirçixana" adlandırırlar. Hətta 
								hərdən Cənubi Koreya sakinləri bu ali məktəbi 
								həddindən artıq elitar və bürokratik olmaqda 
								ittiham edirlər.     
								
								
								Tarixi  
								
								
								 1946-cı 
								il avqustun 22-də Seulda 10 ali məktəbin (Kenson 
								Universiteti, Kenson Hüquq Kolleci, Sənaye 
								Mühəndisliyi, Dağ-mədən, Tibb, Stomatologiya, 
								İqtisadiyyat məktəbləri, Suvin Kənd Təsərrüfatı 
								Kolleci, Normal Məktəb, Normal Qızlar Məktəbi) 
								birləşdirilməsi nəticəsində Seul Milli 
								Universiteti yaradılır. Universitetin ilk 
								prezidenti Harri Ansted təyin olunur. Bir il 
								yarım tələbə və müəllimlər məktəblərin 
								birləşdirilməsi və Koreyada ABŞ ordusu 
								administrasiyasının yaradılmasına qarşı kütləvi 
								aksiya keçirirlər. Nəticədə 320 professor işdən 
								azad edilir və 4950 tələbə universiteti tərk 
								edir.  
								
								
								Seul Milli Universitetinin ikinci prezidenti Li 
								Çunho 1947-ci ildə təyin edilir. 1950-1953-cü 
								illər Koreya müharibəsi dövründə universitet 
								Punsan şəhərində yerləşən digər ali məktəblərlə 
								birləşdirilir. İlk vaxtlar universitetin kampusu 
								Daehanqno və Jonqno rayonlarında yerləşsə də, 
								1975-1979-cu illər arasında kampus Kvanakku 
								rayonuna köçürülür. Jonqno rayonunda hazırda 
								Tibb, Stomatologiya və Tibb bacısı kollecləri 
								fəaliyyət göstərir və onların yerləşdiyi ərazi 
								Yeongeon kampusu adlanır.  
								
								
								2006-cı ildə Seul Milli Universiteti 60 illik 
								yubileyini qeyd edib, gələn il bu ali təhsil 
								ocağının yaranmasının 65 ili tamam olacaq.   
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								 2010-2011-ci 
								tədris ilində bakalavr pilləsində tələbələrin 
								təhsil haqqı məktəb və fakültədən asılı olaraq 
								birinci kursda 2780000-5384000 Cənubi Koreya 
								vonu, ikinci və üçüncü kursda 2611000-4964000 
								Cənubi Koreya vonu, dördüncü kursda isə 
								2537000-4816000 Cənubi Koreya vonu arasında 
								dəyişir. Magistratura və doktorantura 
								pillələrində təhsil haqqı 3325000-8779000, 
								38789000 (Biznes Məktəbi) Cənubi Koreya vonu 
								təşkil edir.  
								
								
								Seul Milli Universitetində tələbələrə müxtəlif 
								təqaüdlər təklif olunur. Koreya Dövləti Təqaüd 
								Proqramının bakalavr pilləsində təhsil alan 
								tələbələrə verdiyi təqaüdün məbləği ayda 800000 
								Cənubi Koreya vonu, magistratura və doktorantura 
								pillələrində 900000 Cənubi Koreya vonu təşkil 
								edir. Koreya Təqaüd Fondunun ayırdığı təqaüdün 
								məbləği  ildə 4000000 Cənubi Koreya vonu, Devunq 
								təqaüdü - ildə 2000000 Cənubi Koreya vonu, 
								Koreya-Yaponiya Mədəniyyəti Assosiasiyası 
								təqaüdü ildə 3500000 Cənubi Koreya vonu olur.
								 
								
								
								2009-2010-cu ildə Seul Milli Universitetinin 
								ümumi büdcəsi 559 milyon ABŞ dolları, ianə 
								fondunun gəlirləri isə 134,2 milyard Cənubi 
								Koreya vonu (145,6 milyon ABŞ dolları) təşkil 
								edib.  
								
								
								Universitet bu gün  
								
								
								 Seul 
								Milli Universitetinin Kvanak və Yeongeon 
								kampusları mövcuddur. Universitetin əsas kampusu 
								olan Kvanak 1975-ci ildə tikilib və Kvanakku və 
								Sillim-donq rayonu ərazisində yerləşir. Kampusda 
								200-dən çox bina var və onların əksəriyyəti 
								1990-cı ildən sonra inşa edilib. Kvanak 
								kampusundan 1,5 km aralıda Seul Milli 
								Universiteti metro stansiyası (Seul metrosundan 
								2-ci xətt) yerləşir. Həmin stansiyadan şəhərciyə 
								avtobuslar işləyir. Kampusda Kvanaksa adlanan 
								yataqxana kompleksi mövcuddur. Bu kompleks 
								1975-ci ildə yaradılıb. Başqa ali məktəblərin 
								yataqxanalarından fərqli olaraq burada komendant 
								saatı tətbiq olunmayıb. Kompleksdəki binalarda 
								2200-dən çox tələbə yerləşə bilər. Hazırda 
								yataqxananın köhnə binalarında yenidənqurma 
								işləri gedir və 2011-ci ilin əvvəllərində 
								işlərin tamamlanması nəzərdə tutulur. Tikinti 
								işləri bitdikdən sonra burada 3500-dən çox 
								tələbənin məskunlaşması mümkün olacaq. 
								Yataqxanaların yaxınlığında Nakseonqdae 
								stansiyası yerləşir.  
								
								
								Tibb, Stomatologiya məktəbləri, universitet 
								xəstəxanaları Han çayından şimalda salınmış 
								Yeongeon kampusundadır. 2003-cü ildə Kənd 
								təsərrüfatı, Biologiya elmləri və Baytarlıq 
								məktəbləri Yeongeon kampusundan Kvanak 
								şəhərciyinə köçürülüb. Yeongeon kampusunun 
								yaxınlığında Hiehva metro stansiyası (Seul 
								metrosundan 4-cü xətt) yerləşir. Bu kampusda da 
								tələbə və müəllimlərin daşınmasını təmin etmək 
								üçün çoxlu avtobuslar var. Yeongeon kampusunda 
								Yeongeonsa yataqxana kompleksi salınıb. 
								Kompleksdə ailəli tələbələr üçün 17 məişət 
								yataqxanası, 533 yerlik binalar (bakalavrlar 
								üçün) mövcuddur. 
								
								
								Seul Milli Universitetində 14 kollec, 1 ali 
								məktəb və 9 peşə məktəbi fəaliyyət göstərir. 
								
								
								Humanitar Elmlər Kolleci Koreya, Çin, ingilis, 
								fransiz, alman, rus, ispan dilləri və 
								ədəbiyyatları, Linqvistika, Fəlsəfə, Estetika, 
								Dini tədqiqatlar, Arxeologiya və incəsənət 
								tarixi, Koreya, Asiya, Qərb tarixləri 
								bölmələrindən, Humanitar, Koqnitiv elmlər, 
								Koreya, Amerika elmləri, Fəlsəfi, Tarixi 
								tədqiqatlar institutlarından  ibarətdir. 
								
								
								 İctimai 
								Elmlər Kolleci Siyasi elmlər, Beynəlxalq 
								əlaqələr, İqtisadiyyat, Sosiologiya, 
								Antropologiya, Psixologiya, Coğrafiya, Sosial 
								təminat, Kommunikasiya  bölmələrindən, Sosial 
								Elmlər İnformasiya Mərkəzindən və s. tədqiqat 
								mərkəzlərindən ibarətdir. 
								
								
								Dəqiq Elmlər Kollecində Riyaziyyat, Statistika, 
								Fizika və astronomiya, Kimya, Biologiya, Yer və 
								ekologiya, Tibb və Baytarlıq elmləri bölmələri, 
								eləcə də Tarix və fəlsəfə, Genetika 
								mühəndisliyi, Beyin elmləri, Nano elmlər və 
								texnologiya, Bioinformatika, Hesablama elmi və 
								texnologiyası fənlərarası proqramlar, tədqiqat 
								institutları fəaliyyət göstərir.  
								
								
								Kənd Təsərrüfatı və Həyat Elmləri Kolleci Bitki, 
								Meşə, Qida və heyvan biotexnologiyası, Tətbiqi 
								biologiya və kimya, Landşaft arxitekturası və 
								kənd mühəndislik sistemi, Biomateriallar elmi və 
								mühəndisliyi, Kənd təsərrüfatı iqtisadiyyatı və 
								kənd inkişafı bölmələrindən, Kənd təsərrüfatı 
								biotexnologiyası fənlərarası proqramı, Kənd 
								təsərrüfatı və Həyat elmləri, Kənd təsərrüfatı 
								Biomaterialları, Bitki Molekulyar Genetikası və 
								Becərmə Tədqiqatları, Funksional Məhsul 
								Genomikası institutlarından ibarətdir. 
								 
								
								
								Təhsil Kolleci 9 əsas (Humanitar və ictimai, 
								Dəqiq elmlər, Təsviri incəsənət, Musiqi, Pre-Med 
								tibb, Təbabət, Pre-Veterinar tibbi, Baytarlıq, 
								Tibb bacısı) və 4 kiçik (Humanitar və ictimai, 
								Dəqiq elmlər, Təsviri incəsənət, Musiqi) 
								bölmədən ibarətdir.  
								
								
								Mühəndislik Kollecində Vətəndaş və ətraf mühit, 
								Mexanika və aerokosmik, Material elmlər, 
								Elektrik, Kimya və biologiya, Arxitektura, 
								Sənaye, Enerji resursları, Nüvə, Dəniz 
								arxitekturası və okean, Vətəndaş, şəhər və 
								geosistem mühəndisliyi, Kompüter elmləri və 
								texnologiya bölmələri mövcuddur. 
								
								
								 Təsviri 
								İncəsənət Kolleci Şərq, Qərb rəssamlığı, 
								Heykəltəraşlıq, Sənətkarlıq və dizayn 
								bölmələrindən, Vizual İncəsənət İnstitutundan  
								ibarətdir. 
								
								
								Musiqi Kollecində Vokal, İnstrumental musiqi, 
								Kompozisiya, Koreya milli musiqisi 
								departamentləri, Asiya, Qərb, Opera musiqisi 
								tədqiqatı institutları, Kompüter musiqisi 
								laboratoriyası fəaliyyət göstərir.  
								
								
								İnsan Ekologiyası Kollecində İstehlakçı, Ailə 
								tədqiqatları və uşaq inkişafı, Qida və ərzaq, 
								Paltar və tekstil bölmələri və eyniadlı tədqiqat 
								mərkəzləri mövcuddur.  
								
								
								Hüquq Kolleci əvvəllər iki departamentdən - 
								Kütləvi və Özəl hüquq bölmələrindən ibarət olub, 
								1997-ci ildən isə bir fakültə altında 
								birləşdirilib. Kollecdə Hüquq Tədqiqatları 
								İnstitutu, Yüzillik Zal adlı hakimlər hazırlanan 
								institut, Kuksan hüquq kitabxanası fəaliyyət 
								göstərir.   
								
								
								Tibb Kolleci Əsas tibb elmləri, Anatomiya, 
								Fiziologiya, Biokimya və molekulyar biologiya, 
								Patologiya, Farmakologiya, Mikrobiologiya və 
								immunologiya, Profilaktik tibb, Parazitologiya 
								və tropik tibb, Tibbin tarixi, Tibbi-məhkəmə 
								ekspertizası, Səhiyyə siyasəti və idarəetməsi, 
								Biotibbi mühəndislik, Daxili tibb, Cərrahiyyə, 
								Mamalıq və ginekologiya, Pediatriya, 
								Neyropsixiatriya, Nevrologiya, Dermatologiya, 
								Ortopedik, Plastik cərrahiyyə, Urologiya, 
								Oftalmologiya, Radiasiya onkologiyası və s. 
								bölmələrdən, eləcə də 20-yə yaxın tədqiqat 
								institutundan, xəstəxana və tibb mərkəzlərindən 
								ibarətdir. 
								
								
								Tibb Bacısı Kolleci xəstəyə qulluq sahəsi üzrə 
								bakalavr, magistr və doktorluq (Ph.D) 
								proqramları təklif edir. Kollec Tibb Bacısı 
								Elmləri İnstitutu, Tibb Bacısı Mərkəzi və 
								Beynəlxalq Mübadilə Mərkəzindən ibarətdir. 
								
								
								Əczaçılıq Kolleci 1915-ci ildə Çosun əczaçılıq 
								məktəbi adı altında yaradılıb və Koreyada bu 
								sahə üzrə ilk ali məktəb olub. 1950-ci ildə 
								məktəb Seul Milli Universitetinə birləşdirilib 
								və Əczaçılıq Kolleci kimi fəaliyyət göstərib. 
								Kollecdə Əczaçılıq Elmləri, Təbii Məhsul 
								tədqiqatları institutları, Tibbi Bitkilər Bağı, 
								Əczaçılıq Təhsilinin Davametdirilməsi Mərkəzi, 
								Heyvanlar Üzərində Təcrübə Mərkəzi, Tətbiqi 
								Əczaçılıq bölməsi və s. mövcuddur.  
								
								
								 Baytarlıq 
								Kolleci Əsas tibbi elmlər (Veterinar anatomiya, 
								histologiya və embrionologiya, biokimya, 
								psixologiya, farmakologiya, toksikologiya, 
								neyroelmlər laboratoriyaları), Tibbi 
								profilaktika (Veterinar immunologiya, 
								mikrobiologiya, patologiya, parazitologiya və s. 
								laboratoriyalar) bölmələrindən, Klinikalar 
								(Veterinar daxili tibb, cərrahiyyə, radiologiya, 
								infeksion xəstəliklər, quş xəstəlikləri, kliniki 
								patologiya və s. laboratoriyalar), Seul Milli 
								Universiteti Baytarlıq Xəstəxanası, Baytarlıq 
								Elmləri Tədqiqat İnstitutu, Heyvanların 
								Klonlaşdırılması və Gövdə Hüceyrələrinin 
								Tədqiqatı institutlarından ibarətdir. 
								
								
								Ali Məktəb 98 bölmədən ibarətdir. Məktəb çoxlu 
								sayda magistr və doktorluq proqramları təklif 
								edir. Diplomdansonrakı təhsilin məqsədi əldə 
								edilmiş bilik və təhsili genişləndirmək, 
								akademik bacarıqları inkişaf etdirmək, müstəqil 
								tədqiqat aparmaq qabiliyyətini 
								möhkəmləndirməkdir.  
								
								
								Seul Milli Universitetində fəaliyyət göstərən 9 
								peşə məktəbi bunlardır: səhiyyə, siyasi 
								idarəetmə, ekoloji tədqiqatlar, stomatologiya, 
								menecment, tibb, hüquq, beynəlxalq tədqiqatlar, 
								konvergensiya texnologiyasi elmi. 
								
								
								Seul Milli Universitetinin kitabxana sistemi 
								ölkədə ən zəngin kitabxanalardan biridir. 
								Sistemə 3814458 cild kitab, 276761 kitabça və 
								digər resurslar, 6943 qəzet və jurnal, 199032 
								dövri nəşr, qədim mətnlər və s. daxildir. 
								Kitabxananın əsas binası Kvanak kampusunda 
								yerləşir və Mərkəzi kitabxana adlanır. Bununla 
								yanaşı, hər kollec və məktəbin özünün 
								kitabxanası fəaliyyət göstərir. Mərkəzi 
								kitabxanada rəqəmsal bölmə var və burada 
								sistemdə mövcud olan resursları asanlıqla əldə 
								etmək mümkündür. Rəqəmsal kitabxanada slayd 
								mühazirələr, dissertasiyalar, videosərgilər 
								nümayiş olunur, elmi tədbirlər, simpozium və 
								seminarlar təşkil edilir. Seul Milli 
								Universiteti kitabxanasının hazırkı direktoru 
								2009-cu ildə bu vəzifəyə təyin edilmiş ilahiyyat 
								üzrə professor Kim Çen Seodur.  
								
								
								Seul Milli Universiteti Muzeyi Kvanak kampusunda 
								yerləşir və 1946-cı ildə universitetlə birgə 
								yaradılıb. Əvvəllər ikimərtəbəli Donsun-don 
								binasında yerləşən muzey 1993-cü ildə yeni 
								binaya köçürülüb. 1995-ci ildə universitetin 
								İncəsənət muzeyi yaradılıb. 2003-cü ildə inşa 
								edilən muzeyin yeni binası qeyri-adi forması ilə 
								diqqəti cəlb edir. Binaya baxanda elə təsəvvür 
								yaranır ki, onun bir hissəsi havada dayanıb.  
								 
								
								
								Seul Milli Universitetinin hazırkı 25-ci 
								prezidenti siyasi elmlər üzrə professor Yen-Çen 
								Ohdur. Bu vəzifəni o, bu ilin iyul ayından icra 
								etməyə başlayıb və onun prezidentlik səlahiyyəti 
								4 il davam edəcək. Universitetin 
								vitse-prezidentləri isə Park Myunq-Jin və Li 
								Senq Jonqdur. Hazırda bu ali məktəbdə ümumilikdə 
								5807 nəfər işçi çalışır.  
								
								
								Seul Milli Universitetində 26030 nəfər tələbə 
								təhsil alır. Bunların 15976 nəfəri bakalavr, 
								10054 nəfəri isə magistr və doktorantdır. 
								Universitetdə oxuyan tələbələrin 2961 nəfərini 
								əcnəbi gənclər təşkil edir. Bütün dünya üzrə 
								universitetin məzunlarının sayı 330000 nəfərə 
								bərabərdir. 
								
								
								Seul Milli Universiteti liberal təhsilə əməl 
								edir və insanlarda şəxsi keyfiyyətləri inkişaf 
								etdirən elmlərə üstünlük verir. Cənubi Koreyanın 
								ilk milli universiteti olan bu ali məktəb Koreya 
								yarımadasında sülh və demokratiyanın qorunması 
								ənənələrini davam etdirir. Bu təhsil ocağı 
								tədrisin hərtərəfli inkişafı, beynəlxalq 
								mübadilələrin genişləndirilməsi, təhsilin bütün 
								sahələri üzrə novator tədqiqatların aparılması 
								məqsədi ilə yeni-yeni layihələr həyata keçirir. 
								Seul Milli Universiteti öz missiyasını alim və 
								tələbələri birləşdirərək parlaq intellektual 
								cəmiyyət, işıqlı gələcək qurmaqda görür.  
								 
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Pan Gi  Mun | 
										
										
										BMT-nin Baş katibi, Cənubi Koreyanın 
										sabiq xarici işlər naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Çon Un-Çan | 
										
										
										Cənubi Koreyanın Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Kim En Sam  | 
										
										
										Cənubi Koreyanın yeddinci prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Kan Kum-Sil | 
										
										
										Cənubi Koreyanın 55-ci ədliyyə naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Kan Yu Siq | 
										
										 "LG" 
										şirkətinin baş direktoru    | 
										  | 
									 
									
										|   | 
										
										
										Çin Dz-e | 
										
										
										"Samsunq" şirkətinin sabiq baş direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Çanq Monq-jun | 
										
										
										"Hyunday Heavy İndustries" şirkətinin 
										sabiq icraçı direktoru,  
										FİFA-nın vitse-prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Kim Çon Çju | 
										
										
										"Nexon" korporasiyasının yaradıcısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Kim Çi-Xa  | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Li Xe Sok | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Park Van-Seo | 
										
										
										yazıçı | 
										  | 
									 
									 
								
								
								                                                      
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |