| 
								 
								
								Azərbaycan Dillər Universitetində sentyabrın 
								23-də 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş 
								Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi 
								münasibətilə anım mərasimi keçirildi. Mərasimdən 
								əvvəl universitetin müəllim-tələbə heyəti 
								Şəhidlər xiyabanını ziyarət edərək, şəhidin 
								məzarı önünə qərənfillər düzdülər. Tədbir ADU-da 
								şəhidin adını daşıyan muzey-lektoriyanın 
								qarşısında  davam etdirildi.  Öncə şəhidlərin 
								xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
								Mərasimdə ADU-nun elmi işlər üzrə prorektoru, 
								professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə 
								prorektor Ələddin Əliyev və Ülvinin atası Yusif  
								Bünyadzadə iştirak edirdilər. Tədbiri Tələbə 
								Gənclər Təşkilatı nəzdində " Ülvi"  vətənpərvər 
								klubunun sədri, tərcümə fakültəsinin tələbəsi 
								Kamil Zeynalov açaraq  Ülvinin şücaətindən 
								danışdı.  
								
								
								Mərasimdə çıxış edən ADU-nun elmi işlər üzrə 
								prorektoru, professor Dünyamin Yunusov 
								Azərbaycan xalqının azadlıq uğrunda  apardığı 
								mübarizədə minlərlə oğul və qızımızın öz 
								canlarını fəda etmələrindən və onların şəhidlik 
								zirvəsinə ucaldıqlarından danışdı.  Prorektor 
								bildirdi ki, Ülvi Bünyadzadənin əziz xatirəsi 
								daim xatirələrdə canlanacaq və qəhrəmanlığı 
								digərlərinə də nümunə olacaq. 
								
								
								 Sonra çıxış edən fəlsəfə kafedrasının  
								professoru  Məhəmməd Teymurlu Ülvi haqqında 
								xatirələrdən söhbət açdı. Şəhidin  ADU-da  
								təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə 
								çevriləcəyindən danışan M.Teymurlu Ülvinin 
								qəlblərdə  əbədi məşəl yandırdığını qeyd etdi. 
								 
								
								
								  Ülvinin qəhrəmanlığından, cəsarətindən  
								ADU-nun  tələbələri də danışdılar. Filologiya 
								fakültəsinin 4-cü kurs tələbəsi  Könül Yaqubova  
								Ülvinin onun üçün qürur mənbəyi olduğunu tədbir 
								iştirakçılarının diqqətinə çatdırdı: "Mən fəxr 
								edirəm ki, Ülvinin  təhsil aldığı universitetdə 
								oxuyur, onun  oturduğu auditoriyada  dərs 
								keçirəm".  
								
								
								ADU-nun regionşünaslıq və beynəlxalq 
								münasibətlər fakültəsinin  273-cü qrup tələbəsi 
								Əmir Hacılı  və  359-cu qrup tələbəsi  Aytən 
								Hüseynova Ülvinin əsgərlik xatirələrindəki 
								şeirlərini söylədilər. 
								
								
								 Mərasimin sonunda  Ülvinin atası Yusif  
								Bünyadzadə çıxış edərək oğlunun Vətənə olan 
								sevgisindən söz açdı. Azərbaycanın qəhrəman 
								oğullar yetişdirdiyinə toxunan Y.Bünyadzadə 
								Ülvinin göstərdiyi igidliyə görə fəxr etdiyini 
								dedi.  O, universitetin rektoru, professor Səməd 
								Seyidova və tədbiri təşkil edənlərə öz 
								minnətdarlığını bildirdi. 
								
								
								
								Z.KAZIMOVA  |