| 
								 
								
								Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti 
								və İtaliyanın Peruca Universiteti arasında 
								mövcud əməkdaşlığın davam etdirilməsinə dair 
								müqavilənin imzalanması mərasimi keçirildi. 
								ADU-un rektoru, professor Səməd Seyidov bildirdi 
								ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Peruca 
								Universiteti arasında əlaqələr  getdikcə artır 
								və İtaliya ilə  olan münasibətlər digər  
								sahələrdə olduğu kimi, təhsil sahəsində də 
								inkişaf edir. Hazırda universitetdə bir sıra  
								Avropa ölkələrinin mərkəzləri, o cümlədən 
								İtaliya mərkəzi fəaliyyət göstərir. Bu, italyan 
								dilini daha yaxşı  mənimsəməyə kömək edir.
								 
								
								
								Sonra Peruca Universitetinin rektoru, professor, 
								xanım Stefani Giannini çıxış edərək səmimi 
								qəbula görə  S.Seyidova təşəkkür etdi. 
								Universitetlərarası əlaqələrdən danışan 
								italiyalı qonaq qarşılıqlı təcrübə  mübadiləsi 
								üçün əlverişli imkanların mövcud olduğunu 
								söylədi. Bildirdi ki, Azərbaycanda italyan 
								dilinə maraq artıb, bu, tələbələrin sayında  
								özünü göstərir. "Üç il bundan qabaq 
								universitetinizə səfər etdiyim  zaman ADU-da 12 
								tələbə italyan dilini öyrənirdisə, indi bu dildə 
								oxuyan tələbələrin sayı 33-ə çatıb".  
								
								
								İmzalanma mərasimindən  sonra  tədbir ADU-nun 
								İnformasiya Resurs Kompleksində davam etdi. 
								Tədbirdə İtaliyanın mədəniyyəti, dili, tarixi  
								haqqında iştirakçılara ətraflı məlumat verildi. 
								Universitetin II və IV kurs tələbələri italyan 
								dilində  mahnı  oxudular. Azərbaycanın 10 
								bölgəsi  barədə məlumatları italyan dilində 
								özündə əks etdirən slayd  təqdim olundu. Heydər 
								Əliyev Fondunun Azərbaycan haqqında reklam çarxı 
								nümayiş etdirildi. 
								
								
								İtaliyanın Azərbaycandakı  fövqəladə və 
								səlahiyyətli səfiri  Mario Baldi də 
								universitetdə keçirilən bu  tədbirin 
								əhəmiyyətindən söz açdı və iki ölkə arasında 
								dostluq əlaqələrinin daha da  genişləndiyindən 
								danışdı.   |