| 
								 
								
								27 sentyabr - 1 oktyabr tarixlərində Azərbaycan 
								müəllimləri Moskvada keçiriləcək "İntel" 
								şirkətinin "1 şagird - 1 kompüter elektron 
								mühitinin təşkili" mövzulu treninqində iştirak 
								edəcəklər. Treninqlər Azərbaycanın da iştirak 
								etdiyi "İntel"-in "1 şagird - 1 kompüter" qlobal 
								layihəsi çərçivəsində təşkil olunacaq. "İntel" 
								tərəfindən master-təlimçi (tyutor) kimi 
								sertifikatlaşdırılacaq treninqlərdə iştirak 
								etmiş müəllimlər gələcəkdə eyni kursları 
								Azərbaycanda keçirəcəklər. 
								
								
								Treninqin məqsədi müxtəlif qrupların 
								(məktəblilər, valideynlər, müəllimlər, məktəbin 
								rəhbərliyi) maraqlarının nəzərə alınması ilə 
								məktəbin tədris prosesində "Classmate PC" məktəb 
								noutbukunun tətbiqi prosesini 
								modelləşdirməkdir.  Qeyd etmək lazımdır ki, 
								treninq "1 şagird - 1 kompüter" elektron tədris 
								modeli çərçivəsində artıq fəaliyyətə başlayan və 
								ilkin İKT bacarıqlarına malik olan müəllimlərə 
								istiqamətlənir.  
								
								
								Gələcəkdə Azərbaycan müəllimlərinin bir il 
								ərzində sözügedən layihəni dəstəkləməsi və  bu  
								müddət  ərzində  ölkə  müəllimləri üçün  
								treninqlərin  keçirilməsi  planlaşdırılır. 
								
								
								Qeyd edək ki, Azərbaycan müəllimləri "İntel"-in 
								təşəbbüslərində Azərbaycan Respublikasının 
								Təhsil Nazirliyi və "İntel" korporasiyası 
								arasında imzalanmış Anlaşma Memorandumu 
								çərçivəsində iştirak edirlər. "1 şagird - 1 
								kompüter" layihəsi "2008-2012-ci illərdə 
								Azərbaycan Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
								çərçivəsində həyata keçirilir.  
								
								
								
								Şakir CƏFƏROV  |