| 
								 
								
								 Noyabrın 
								1-də Prezident İlham Əliyev Sabirabad rayonunun 
								Mürsəlli kənd orta məktəbinin açılışında iştirak 
								etmişdir.  
								
								
								Bu ilin aprel-may aylarında Kür və Araz 
								çaylarının daşması nəticəsində  yaranan  təbii  
								fəlakət  zamanı Sabirabad  rayonuna  da  ziyan  
								dəymişdi. Təbii  fəlakətdən  zərər  çəkən digər 
								rayonlarla yanaşı, Prezident İlham Əliyevin 
								tapşırıqlarına uyğun olaraq Sabirabadda da 
								kompleks tədbirlər həyata keçirilmişdir. Rayonda 
								təbii fəlakətdən  33  yaşayış məntəqəsi ziyan  
								çəkmişdir. Ümumilikdə, 9 min evə ziyan 
								dəymişdir. Uçmuş evlərin yerində hökumət 
								komissiyasının qərarına əsasən 630 yeni evin 
								tikintisi nəzərdə tutulmuşdur. Qısa müddətdə 317 
								evin tikintisi tam başa çatdırılmışdır. 
								Daşqınlardan ziyan çəkən yaşayış məntəqələrində 
								zəruri infrastrukturun yaradılması və həyətyanı 
								sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi 
								diqqət yetirilmişdir. Yeni evlər müasir 
								tələblərə uyğun inşa olunmuşdur.  
								
								
								Daşqınlar nəticəsində Yusif Qasımov adına 
								Mürsəlli kənd orta məktəbi də tamamilə yararsız 
								vəziyyətə düşmüşdü. Dövlət başçısının 
								tapşırıqlarına əsasən məktəbdə əsaslı təmir və 
								yenidənqurma tədbirləri aparılmışdır. 
								 
								
								
								 Prezident 
								İlham Əliyev məktəb binasının əvvəlki və indiki 
								vəziyyətini əks etdirən fotostendə baxdı. 
								Məlumat verildi ki, avqust ayından başlayaraq 
								görülən işlər nəticəsində məktəbin üç korpusdan 
								ibarət ikimərtəbəli binası müasir standartlara 
								uyğun surətdə yenidən qurulmuşdur. Bütün lazımi 
								avadanlıqla təchiz olunmuş təhsil ocağının 
								həyətyanı sahəsinə asfalt döşənmiş, ətraf 
								abadlaşdırılmışdır.  
								
								
								Dövlət başçısı məktəbdə yaradılan şəraitlə tanış 
								oldu.  
								
								
								Məktəbin akt zalında Prezident İlham Əliyevə 
								"Daşqınlarla mübarizə layihəsi çərçivəsində 
								Azərbaycan-Niderland əməkdaşlıq proqramı" təqdim 
								olundu. Məlumat verildi ki, bu layihə 
								Niderlandın "Del Tares" və "Royal Haskoning" 
								şirkətləri ilə birgə Azərbaycanın müvafiq 
								qurumları tərəfindən hazırlanmışdır.  
								
								
								Prezident İlham Əliyev layihənin icrası ilə 
								bağlı tapşırıq və tövsiyələrini verdi. 
								 
								
								
								
								AzərTAc  |