| 
								 
								
								
								 Quliyev 
								Mətləb Kamran oğlu  
								
								
								1959-cu il yanvarın 9-da Beyləqan rayonunda 
								anadan olmuşdu. Orta təhsilini Sumqayıt 
								şəhərində almış, sonra C.Naxçıvanski adına hərbi 
								məktəbə daxil olmuşdu. Məktəbi bitirdikdən sonra 
								müxtəlif müəssisələrdə fəaliyyət göstərmişdi. 
								Hərbi xidməti Ukraynada yerinə yetirmişdi. 
								Mətləb 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutunu bitirmişdi. 1992-ci ildə daxili 
								işlər orqanlarında çalışmağa başlamışdı. O, bir 
								zabit kimi Vətəni qorumaq üçün Qarabağa - cəbhə 
								bölgəsinə yollanmışdı.1992-ci il avqustun 31-də 
								Ağdam bölgəsində ağır döyüşlərdə fəal iştirak 
								etmiş, düşməni böyük itkilərə uğradaraq, geri 
								çəkilməyə məcbur etmişdi. Erməni işğalçılarına 
								qarşı davam edən qızğın döyüşdə onun gülləsinin 
								qurtardığını hiss edən düşmən irəliyə doğru 
								hücuma keçmişdi. 
								
								
								M.Quliyev elə həmin döyüşdə qəhrəmancasına həlak 
								olub. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 
								1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə baş 
								leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən 
								sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 
								Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəb onun 
								adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 
								Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, 
								adına bulaq tikilib.  
								
								
								
								 Quliyev 
								Mirzə Məcid oğlu  
								
								
								1974-cü il yanvarın 11-də Bərdə rayonunun Saatlı 
								kəndində anadan olmuşdur. 1991-ci ildə  
								kəndlərindəki orta məktəbi bitirmiş, Mingəçevir 
								şəhərindəki 39 nömrəli texniki peşə məktəbində 
								qaynaqçı peşəsinə yiyələnmişdir. O, 1992-ci ildə 
								hərbi xidmətə çağırılmışdır. Naxçıvan MR-in 
								Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı 
								kimi döyüşə başlamış, Batabat ərazisində gedən 
								döyüşlərdə vuruşmuşdur. Mirzə 1993-cü il iyulun 
								28-də Ağdam bölgəsinə göndərilmiş, erməni 
								işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 
								Sonra Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən 
								döyüşlərdə PDM-lə düşmənin bir neçə tankını və 
								canlı qüvvəsini məhv etmişdir. M.Quliyev 
								vətənpərvərlik borcunu layiqincə yerinə 
								yetirdiyinə görə "Hərbi xidmətə görə" medalı ilə 
								təltif olunmuşdur. O, 1995-ci ildə Polis 
								Akademiyasının qiyabı şöbəsinə daxil olmuşdur. 
								1997-ci ildə isə Bakı şəhər Baş Polis İdarəsinin 
								Çevik Polis Alayında polis nəfəri kimi 
								fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə ona 
								leytenant rütbəsi verilmişdir. Paytaxtın Nəsimi 
								rayon 20-ci polis bölməsində müvəkkil vəzifəsinə 
								təyin edilmişdir. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Quliyev Mirzə Məcid oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülmüşdür. 
								
								
								Ailəlidir.  
								
								
								
								 Quliyev 
								Nazim Qabil oğlu  
								
								
								1965-ci il fevralın 7-də Beyləqan rayonunun 
								Örənqala kəndində anadan olmuşdu. 1982-ci ildə 
								kəndlərindəki orta məktəbi bitirdikdən sonra 
								hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini 
								başa çatdırdıqdan sonra bir müddət əmək 
								fəaliyyəti ilə məşğul olmuşdu. 1988-ci ildə 
								Qarabağ münaqişəsi başlayanda Nazim də silaha 
								sarılaraq özünümüdafiə dəstələrinin birinə 
								qoşularaq döyüş bölgəsinə yollanmışdı. 1991-ci 
								ilin aprelində Füzuli bölgəsində erməni 
								işğalçılarına qarşı gedən döyüşlərdə fəal 
								iştirak etmişdi. O, eyni zamanda  Cuvarlı, Tuğ, 
								Məlikcan, Arış, Divanallar və digər kəndlər 
								uğrundakı döyüşlərdə də rəşadətlə vuruşmuşdu. 
								1992-ci ildə Köşbək kəndi ətrafında gedən ağır 
								döyüşdə xüsusi qəhrəmanlıq göstərərək, yaralı 
								döyüşçü yoldaşlarını təhlükəli zonadan 
								çıxartmaqda əsl vətənpərvərlik nümayiş 
								etdirmişdi. 
								
								
								N.Quliyev belə ağır döyüşlərin birində 
								qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Quliyev Nazim Qabil oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Füzuli rayonu ərazisində dəfn olunub.  Təhsil 
								aldığı Örənqala kənd orta məktəbi onun adını  
								daşıyır.  
								
								
								
								 Quliyev 
								Nofəl Zahid oğlu  
								
								
								1963-cü il oktyabrın 4-də Əli Bayramlı (indiki 
								Şirvan) şəhərində anadan olmuşdu. 1981-ci ildə 
								həmin şəhərdə orta məktəbi bitirmiş, 1982-ci 
								ildə hərbi xidmətə çağırılmışdı. Əsgəri 
								xidmətini başa çatdırdıqdan sonra bir müddət 
								Bakı Məişət Kondisionerləri Zavodunda 
								çalışmışdı. Nofəl altı il Tümen vilayətində 
								yaşadıqdan sonra Vətənə qayıtmış, DİN-də polis 
								nəfəri kimi işə qəbul olunmuşdu. 1991-ci ilin 
								dekabrında yoldaşları ilə birlikdə döyüş 
								bölgəsinə yollanaraq, Goranboyun Todan kəndi 
								uğrunda gedən döyüşdə fəal iştirak etmişdi. 
								Həmin vaxt düşmən böyük qüvvə ilə kəndə hücum 
								etmişdi. Düşmən qüvvələrinin çox olmasına 
								baxmayaraq, cəsur döyüşçülərimiz kəndin bir 
								qarış torpağının əldən getməsinə imkan 
								vermirdilər. Bu gərgin döyüşdə düşmən xeyli 
								canlı qüvvə itirsə də, hücumu dayandırmırdı. 
								Erməni işğalçılarının əhatəsində olan Nofəl son 
								nəfəsinə qədər vuruşaraq, yağı düşmənə əsir 
								düşməmək üçün axırıncı gülləsini ürəyinə 
								sıxmışdı. 
								
								
								N.Quliyev 1991-ci il dekabrın 12-də 
								qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 iyun 
								1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə 
								Quliyev Nofəl Zahid oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn 
								olunub. Şirvan şəhər 9 nömrəli orta məktəb onun 
								adını daşıyır.  
								
								
								
								 Qurbanov 
								Novruz Əliyullah oğlu  
								
								
								1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı 
								Göycəli kəndində anadan olmuşdu. 1992-ci ildə 
								kəndlərindəki orta məktəbi bitirmişdi. O, 
								1993-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı 
								tərəfindən əsgəri xidmətə çağırılmışdı. Bir 
								müddət hərbi təlim keçdikdən sonra Azərbaycanın 
								ayrılmaz  bir hissəsi olan Qarabağ torpaqlarının 
								erməni işğalçılarından müdafiəsinə qalxan 
								ordunun  sıralarında vətənpərvər  əsgər kimi 
								xidmət etmişdi. Novruz komandirlərinin bütün 
								döyüş tapşırıqlarını nümunəvi yerinə 
								yetirdiyinə, döyüşçü yoldaşları ilə mehriban 
								davranışına görə hamının dərin hörmət və 
								məhəbbətini qazanmışdı.  
								
								
								1995-ci il martın 13-də Azərbaycanda dövlət 
								çevrilişinə cəhdin qarşısının alınmasında fəal 
								iştirak etmişdi. 
								
								
								N.Qurbanov 1995-ci il martın 17-də məlum 
								hadisələr zamanı həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan          Respublikası Prezidentinin 4 
								aprel 1995-ci il tarixli 307 nömrəli    Fərmanı 
								ilə Qurbanov Novruz Əliyullah oğlu ölümündən 
								sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Anadan olduğu Yuxarı Göycəli kəndində dəfn 
								olunub. Elə həmin kənddə də onun büstü qoyulub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |