| 
								 
								
								Müasir dövrdə hərtərəfli inkişaf etmiş 
								şəxsiyyətin formalaşmasını təmin etmək və 
								təhsilin keyfiyyətinin yüksəldilməsinə nail 
								olmaq üçün hər bir müəllim öz professional 
								səviyyəsini, peşə ustalığını artırmalıdır. 28 
								illik pedaqoji stajımın olmasına baxmayaraq, mən 
								daim öz bilik və bacarıqlarımı artırmaq və 
								zamanla ayaqlaşmaq ücün müxtəlif ixtisasartırma 
								kurslarında iştirak edirəm. Bunlara misal olaraq 
								British Council tərəfindən həyata keçirilən 
								layihələrin böyük rolunu qeyd etmək istərdim.
								 
								
								
								 Böyük 
								Britaniyadan dəvət olumuş təlimçilərin iştirakı 
								ilə keçirilən layihələr  hər bir müəllim kimi 
								mənim də həyatımda böyük rol oynamışdır. 
								Topladığım təcrübələri xaricdə keçdiyim kurs, 
								təlim və proqramlarda istifadə etmişəm. ABŞ-ın 
								Cənubi Konnektikut Dövlət Universiteti və 
								Nyu-Yorkdakı Kolumbiya Universitetində "Məktəb 
								liderliyi" mövzusunda 21-28 fevral 2010-cu il 
								tarixində kecirilən təlimdə iştirak etdim və ABŞ 
								təcrübəsinin öyrənilməsi, idarəetmənin 
								təkmilləşdirilməsi istiqamətində müvafiq 
								biliklər əldə etdim. Bu proqramın davamı olaraq 
								Avropa Təhsil Siyasəti Şəbəkəsi Mərkəzinin 
								(NEPC) iyunun 27-dən iyulun 2-dək Gürcüstanda 
								"Müasir dövrdə liderlik, keçid dövrünü yaşayan 
								cəmiyyətlərdə təhsil liderliyi" mövzusunda yay 
								məktəbində iştirak etdim. Bu səfər  mənim 
								öyrəndiyim biliklərin bölüşməsi üçün daha bir 
								addim idi. Bu həm də yeni bilikilərin əldə 
								edilməsi demək idi.  
								
								
								Təhsil işçisi kimi mən də ölkəmizdə keçirilən 
								"Kurikulum islahatı" tədbirləri çərçivəsində 
								təlimçi-müəllim kimi "Fəal/interaktiv təlim 
								üsulları" mövzusunda müəllimlər üçün məşqlər 
								keçirirəm. Təlimçi-müəllim kimi məşqlər keçirmək 
								məşqçidən daim öz bilik və bacarıqlarını 
								təkmilləşdirməsini tələb edir. Uzun müddət 
								apardığım axtarışlar məni Avropa Şurasının 
								Pestalotzi Proqramı çərçivəsində keçirilən  
								Modul proqramına gətirib çıxardı. Modul 
								proqramının mövzusu "Müəllimlərin bilik, bacarıq 
								və münasibətləri" idi. Təhsil Nazirliyi 
								tərəfindən nominasiya olunduqdan və Avropa 
								Şurası tərəfindən dəvət aldıqdan sonra həm 
								sevindim, həm də özümdə böyük məsuliyyət hissi 
								keçirdim. 50 Avropa ölkəsinin iştirak etdiyi  
								nümayəndə heyətində mən Azərbaycandan olan 
								yeganə iştirakçı idim. Proqramın məqsədi Avropa 
								Şurasının təhsildə standart və dəyərlərinin 
								tətbıq olunması ücün beynəlxalq təlimçilərin 
								hazırlanmasıdır. Proqramın əsas tələblərindən 
								biri iştirakçıların  18 ay müddətində bu 
								proqramda müntəzəm işləməsi idi. İştirakçılar 
								oxu və yazı materiallarını yerinə yetirməli, 
								online platformasında informasiya mübadiləsi 
								etməli və 2010-cu ilin oktyabr ayında  keçirilən 
								Modul A-da aktiv iştirak etməli idilər. 
								 
								
								
								İştirakçılar eyni zamanda 2011-ci ilin may 
								ayında keciriləcək Modul B-də fəal iştirak 
								etməli, Modul A və Modul B müddəti arasında 
								təlim materialları hazırlamalı, onları nəşr 
								etdirməli və təlimlər vasitəsilə onları realizə 
								etməlidirlər. Əlbəttə, hamıya aydındır ki, bu, 
								uzunmüddətli və gərgin bir işdir. Çətinlikdən 
								qorxmadığım və bu işlərə hazır olduğum üçün 
								proqram məni cəlb etdi. Nəticədə 12-15 oktyabr 
								tarixlərində  Fransanın Strasburq şəhərində 
								keçirilən Modul A-da iştirak etdim. Təlimlərin  
								məqsədi sonda İnternet vasitəsi ilə 
								istirakçılardan ibarət beynəlxalq, milli, 
								reqional, yerli səviyyədə işləməyə hazır olan 
								təlimçi qrupu hazırlamaq və onları  demokratik 
								cəmiyyətin inkişafı üçün lazım olan bilik və 
								bacarıqlarla silahlandırmaq idi.  
								
								
								Təlimlər  Avropa Şurasının işçi dili olan 
								ingilis və fransız dillərində keçirilirdi. 
								Fasilədə iştirakçılar Azərbaycan təhsili 
								haqqında mənə çoxlu suallar verirdilər. 
								Təhsilimizə olan bu böyük marağı nəzərə alıb  
								proqramın direktorundan Azərbaycan təhsili 
								haqqında qısa bir təqdimatla çıxış etmək üçün 
								icazə istədim. Təqdimatdan sonra iştirakçılarda 
								Azərbaycan təhsili haqqında müsbət fikir 
								yarandığının şahidi oldum. 
								
								
								İştirakçılara demokratik cəmiyyətin inkişafı, 
								rifahı üçün əhəmiyyəti olan komponentlərin izahı 
								verildi və  onların müəllimlərin təlimlərində, 
								dərslərində tətbiqindən söz açıldı. Biz qrup 
								halında seçdiyimiz komponentlərdən Power Point 
								proqramında təqdimat hazırladıq. Sonda hər bir 
								iştirakçı işləyəcəyi 3 komponenti seçdi və onun 
								əsasında fəaliyyət planı hazırlayıb imzaladı. 
								İştirakçılara eyni zamanda 18 ay müddətində  
								işləyəcəyi fasilitatorları seçmək hüququ da 
								verildi. Mənim seçimim  Böyük Britaniyada  
								"Demokratik Məktəb İdarəolunması" proqramı üzrə 
								yüksəkixtisaslı mütəxəssis Arthur Robert Ivatts 
								oldu. İnanıram ki, fasilitatorlarımın verəcəyi 
								tövsiyələr və uzunmüddətli təcrübəm mənə bu 
								proqramı uğurla başa vurmaqda kömək olacaq. 
								Nəticədə bundan nəinki mən, eyni zamanda 
								müəllimlərimiz də faydalanacaq və müstəqil 
								Azərbaycan vətəndaşının formalaşmasında fəal 
								iştirak edəcəklər.  
								
								
								
								Təranə BÖYÜKZADƏ, 
								Bakıdakı M.Şəhriyar adına 193 nömrəli məktəbin
								 
								ingilis dili müəllimi   |