| 
								 
								
								Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab 
								İlham Əliyevin imzaladığı müvafiq sərəncama 
								uyğun olaraq Azərbaycanın Milli Qəhrəmanı 
								Mübariz İbrahimovun adının əbədiləşdirilməsi ilə 
								bağlı bir sıra tədbirlər həyata keçirilib.  Bu  
								yaxınlarda  Biləsuvar şəhərində xüsusi istedada 
								malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb 
								kompleksinə M.İbrahimovun adı verilib. 
								
								
								İndi rayon mərkəzinə yaraşıq verən, müasir 
								arxitektura üslubunda yeni inşa olunmuş bu 
								kompleksdə xüsusi istedada malik 107 şagird 
								təhsil alır ki, onların da bir hissəsi ətraf 
								rayonlardan olan uşaqlardır. Liseydə yeddinci 
								sinifdən yuxarı test üsulu ilə seçilərək qəbul 
								olunmuş şagirdlərə 33 müəllim dərs deyir. Həmin 
								müəllimlərdən  20  nəfəri  Biləsuvar  rayonunun  
								ümumtəhsil  məktəblərindən  seçilərək bu liseydə 
								dərs demək üçün cəlb olunmuşdur. Onlardan biri 
								də Milli  Qəhrəman  Mübariz İbrahimovun vaxtı 
								ilə təhsil aldığı Əliabad kənd orta məktəbinin 
								fizika müəllimi S. İsayevdir. 
								
								
								Lisey-məktəbin direktoru Anar Məmmədov 
								bildirmişdir ki, növbəti illərdə  burada  təhsil 
								alacaq şagirdlərin sayını 300-ə çatdırmaq 
								nəzərdə tutulur. 
								
								
								Bizim isə ən böyük arzumuz budur ki, Milli 
								Qəhrəman Mübariz İbrahimovun adını daşıyan 
								liseydə təhsil alan şagirdlərin xüsusi 
								istedadlarına Mübarizin Vətən, torpaq sevgisi, 
								döyüş şücaəti də qatılsın və onların hər biri 
								sabahımızın mübarizləri olsunlar. 
								
								
								
								ƏDALƏT  |