| 
								 
								
								Oktyabrın 26-da Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında fəaliyyət göstərən tələbə 
								klublarının təqdimat mərasimi keçirildi. 
								Tədbirin keçirilməsində əsas məqsəd ali təhsil 
								ocağına bu il qəbul olunan tələbələrin 
								akademiyanın  elmi və ictimai həyatına daha tez 
								inteqrasiya olunmasını təmin, həmçinin burada 
								fəaliyyət göstərən müxtəlif tələbə klubları ilə 
								tanış etmək idi. Qeyd edək ki, əvvəlki 
								görüşlərdə tələbələr DİA-nın professor-müəllim 
								heyəti və kafedralarla tanış olmuşlar. 
								
								
								 Mərasimi  
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasının tədris işləri 
								üzrə I prorektoru, professor Əlikram Abdullayev 
								giriş sözü ilə açaraq yeni qəbul olunan 
								tələbələri təbrik etdi, onlara təhsildə və elmi 
								fəaliyyətlərində uğurlar arzuladı. Prorektor 
								təməli ümummilli liderimiz Heydər Əliyev 
								tərəfindən qoyulan bu ali  təhsil ocağının daim 
								inkişaf etdiyini qeyd edərək I kurs  
								tələbələrinə ölkə başçısı cənab İlham Əliyevin 
								gənclərimizə göstərdiyi diqqət və qayğıya 
								təhsildə yüksək göstəricilərə nail olmaqla cavab 
								verməyi, daim öz üzərlərində işləməyi, biliklərə 
								əzmlə yiyələnməyi, akademiyanın elmi və ictimai 
								həyatında yaxından iştirak etməyi tövsiyə etdi. 
								
								
								Çıxış üçün söz alan  Səbail Rayon Gənclər və 
								İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, İctimai 
								Televiziyanın əməkdaşı Cəsarət Valehov birinci 
								kurs tələbələrinə təhsil illərində 
								müvəffəqiyyətlər arzulayaraq onlara ən xoş 
								istəklərini çatdırdılar. 
								
								
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasının Həmkarlar 
								İttifaqı Komitəsinin sədri Yusif Ağayev 
								ölkəmizdə ali təhsil müəssisələrinin 
								maddi-texniki bazasının ildən-ilə  gücləndiyini, 
								yeniləşdiyini, tələbələrin elmi potensialının 
								artdığını qeyd etdi. O, akademiyada fəaliyyət 
								göstərən gənclər təşkilatı, tələbə klubları 
								barədə ətraflı məlumat verərək onların hər zaman 
								dəstəkləndiyini söylədi.  
								
								
								Sonra  DİA-nın Tələbə Gənclər Təşkilatının sədri 
								Taleh Quliyev, Debat klubunun rəhbəri Kənan 
								Məmmədov, SİFE (Tələbələr Azad Sahibkarlıq 
								Fəaliyyətində) klubunun rəhbərləri Sənan Əhmədov 
								və Heydər Quliyev, İdman klubunun rəhbəri Rəşad 
								Sadiqov, "Kim, nə vaxt, nə zaman?" intellektual 
								oyunlar klubunun rəhbəri Tural Hüseynzadə, 
								Diplomatiya və araşdırmalar klubunun rəhbəri 
								Nigar Əliyeva, Diskussiya klubunun rəhbəri 
								Tamerlan Dəmirbəyli və digərləri tərəfindən 
								təqdimatlar edildi. Çıxış edənlər hazırladıqları 
								slaydlar vasitəsilə tələbələrə adıçəkilən 
								klubların fəaliyyət istiqamətləri, gördükləri 
								işlər barədə geniş məlumat verdilər.  
								
								
								Görüş başa çatdıqdan sonra I kurs tələbələri 
								həmin tələbə klublarının əldə etdikləri 
								nailiyyətləri özündə əks etdirən sərgi ilə tanış 
								oldular.  
								
								
								
								Samirə HÜSEYNQIZI  |