| 
								 
								
								 Tamella 
								İsmayılova uşaq yaşlarından rəsm çəkməyə maraq 
								göstərib. O, hələ 5-6 yaşlarında flora və 
								faunadan çəkdiyi müxtəlif gözəl təbiət 
								mənzərələri ilə uşaq sərgilərində iştirak edərək 
								fərqlənib.  Rəssamlığa olan həvəsi ilə  6 yaşlı  
								Tamella   Milli Konservatoriyanın tərkibində 
								Respublika İncəsənət Gimnaziyasının təsviri və 
								tətbiqi sənət şöbəsinə daxil olur. Təcrübəli 
								müəllimi Umxanım Mehdiyevadan  dərs alaraq 
								sənətin sirlərini mənimsəyir, çəkdiyi rəsm 
								əsərləri ilə  hamını heyrətləndirir.  
								 
								
								
								Hazırda gimnaziyanın V sinif şagirdi, dərs 
								əlaçısı olan T.İsmayılova əsasən təbiət 
								mənzərələrini, uşaqların həyatını, mürəkkəb 
								naxışları, nağılları fırça ilə canlandırır.
								 
								
								
								Tamella rəngkarlıq və qrafikadan başqa,  batika 
								üsulunda da gözəl əsərlər yaradır. Onun ilk 
								fərdi sərgisində nümayiş etdirilən gözəl və 
								rəngarəng əsərləri 2007-ci ildə təhsil aldığı 
								gimnaziyanın akt zalında tamaşaçılara  təqdim 
								olunub. Diplomları və fəxri fərmanları olduqca 
								çox olan balaca rəssamın ən böyük uğuru 
								Hindistanın Dehli şəhərində keçirilən "Shankar"s 
								İnternational Childirns Compatition 
								müsabiqəsində gümüş medala layiq görülməsidir. 
								Bundan başqa o, bu il  Bakıda keçirilən "Mənim 
								təmiz şəhərim" rəsm müsabiqəsində fərqlənərək 
								Dövlət Neft Şirkəti tərəfindən xüsusi hədiyyə 
								ilə mükafatlandırılıb. Tamellanın arzusu sənəti 
								ilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə 
								təmsil etmək və adını məşhur rəssamların 
								cərgəsində görməkdir.   
								
								
								
								Rəşad ZİYADOV  |