| 
								 
								
								Bu bir həqiqətdir ki, keyfiyyətli təhsil 
								cəmiyyətin inkişafına təkan verən aparıcı 
								qüvvədir. Sürətlə dəyişən dünyada uğur əldə 
								etmək üçün cəmiyyət üzvləri öz bilik və 
								bacarıqlarını davamlı olaraq inkişaf 
								etdirməlidirlər. İnkişafa nəzarət isə həmin sahə 
								üzrə məlumatların toplanmasını, xüsusi 
								informasiyanı tələb edir. Keçən əsrin 50-ci 
								illərindən beynəlxalq qiymətləndirmə 
								tədqiqatlarının aparılmasının məqsədlərindən 
								biri də ölkələri belə informasiyalarla təmin 
								etmək idi. Beynəlxalq qiymətləndirmə ölkələrin 
								təhsil sistemlərində ümumi olan və ümumi 
								olduğuna görə də müqayisə edilə biləcək 
								göstəriciləri araşdırmaqla,  son nəticədə 
								onların beynəlxalq bazarın tələblərinə uyğun 
								olub-olmamasını öyrənirdi. İlk beynəlxalq 
								qiymətləndirmə tədqiqatlarında ölkələrin təhsil 
								səviyyəsi oxu, yazı, ədəbiyyat, xarici dillər, 
								İKT sahəsi üzrə biliklər əsasında öyrənildi. Bir 
								neçə layihədən sonra ilk tədqiqatlarda iştirak 
								etməyən  ölkələr də  bu cür qiymətləndirmə və 
								təhlillərin təhsilin inkişafı üçün strategiyanın 
								müəyyənləşdirilməsində rol oynadığını anlayaraq 
								beynəlxalq proqramlara qoşuldular. 
								
								
								 Beynəlxalq 
								qiymətləndirmə ölkələr üçün nisbi (ona görə ki, 
								proqrama qoşulan ölkələrin hamısı iqtisadi 
								cəhətdən eyni səviyyədə olmur)  müqayisə etmək 
								imkanı yaratmaqla yanaşı, qənaətbəxş və 
								çatışmayan cəhətlər nəzərə alınmaqla inkişafa, 
								keyfiyyətə nəzarət üçün informasiya mənbəyi 
								rolunu da oynayır. Hazırda 60-a qədər  ölkənin 
								iştirak etdiyi beynəlxalq proqramlar müxtəlif 
								ölkələrin ibtidai təhsilin son sinifləri və orta 
								məktəb iştirakçılarının təhsil nailiyyətlərini 
								müqayisəli şəkildə qiymətləndirməklə əsas 
								fənlərin tədrisində keyfiyyət dəyişmələrinin 
								tendensiyasını müəyyənləşdirir, fənlərin 
								tədrisinin keyfiyyətinə təsir edən faktorları 
								üzə çıxarır, kurikulumlar, eyni zamanda müxtəlif 
								ölkələrin təhsil prosesinin təşkilinin əsasları 
								haqqında məlumatlar toplayır. Qeyd edək ki, 
								proqram iştirakçıları beynəlxalq 
								qiymətləndirmənin nəticələrindən ölkənin təhsil 
								səviyyəsini qiymətləndirmək, attestasiya etmək 
								üçün deyil, dünya təcrübəsini öyrənmək məqsədilə 
								istifadə edirlər. 
								
								
								Məlumdur ki, təhsilin səviyyəsini dünya 
								kontekstində öyrənən beynəlxalq tədqiqatda 
								tətbiq edilən qiymətləndirmə vasitələrinin 
								məzmunu və forması da ümumi olmaqla həmin 
								məqsədə xidmət etməlidir. Lakin nəticələrin 
								təhlili bəzən bu ümumilikdə xüsusiliyə yol 
								verildiyini göstərir. Qeyd edək ki, beynəlxalq 
								qiymətləndirmə tapşırıqları əksər iştirakçı 
								ölkələr üçün ümumilikdə oxu (qavrama), 
								riyaziyyat və təbiətşünaslıq fənlərinin 
								tədrisinin keyfiyyət qiymətləndirilməsi 
								baxımından müasir dövrün standartlarına cavab 
								verən suallardır. Bununla yanaşı, araşdırmalarda 
								bir çox hallarda ölkələrin təhsil proqramlarının 
								çərçivəsindən kənara çıxan, şagirdlərin 
								alışmadığı, lakin mütəxəssislərin fikrincə, 
								çağdaş zamanda həyat üçün önəmli sayılan 
								suallara da rast gəlinir (Bax. Riyaziyyat və 
								təbiət elmlərinin beynəlxalq tədqiqatının əsas 
								nəticələri. I hissə, Moskva, 2008). 
								
								
								Məlum məsələdir ki, belə vəziyyətdə çalışmaların 
								tərkibi bu və ya digər dərəcədə  iştirakçı 
								ölkələrin proqramlarına uyğun gəlmir, şagirdlər 
								üçün yorucu olur.  Belə hal Azərbaycanın orta 
								məktəblərində tədris olunan riyaziyyat və təbiət 
								fənlərinin proqramları üçün də qanunauyğundur. 
								Bu vəziyyətin yaranması 60-a qədər ölkə 
								iştirakçılarının təhsil nailiyyətlərinin 
								qiymətləndirilməsinin ayrı-ayrı ölkələrin 
								proqramları tərəfindən deyil, çox az sayda 
								(əsasən Qərbi Avropa) ölkəni təmsil edən 
								mütəxəssislər tərəfindən aparılması 
								nəticəsindədir. Burada şagirdlərimizin 
								nəticələrinə təsir göstərən iki məqam da nəzərə 
								alınmalıdır: birincisi,  qavramanı yoxlayan oxu 
								məktəblərdə ayrıca bir fənn kimi tədris olunmur. 
								Oxu  dedikdə, Azərbaycan məktəblərinin ibtidai 
								təhsil pilləsində kurikulum tətbiq olunana qədər 
								tədris edilən və daha çox mütaliə məqsədi 
								daşıyan fənn nəzərdə tutulmur. Beynəlxalq 
								qiymətləndirmədə iştirak edən ölkələrin bir 
								çoxunda qavramanı inkişaf etdirmək məqsədilə 
								eyniadlı və məzmunlu fənn həm  ibtidai təhsil 
								pilləsində, həm də yuxarı siniflərdə də tədris 
								olunur. İkincisi, ölkəmizin indiyə qədər iştirak 
								etdiyi PISA beynəlxalq qiymətləndirməsi sırf 
								tətbiqi bacarıqları yoxlayan tədqiqatdır. PISA 
								beynəlxalq tədqiqatını kurikulum deyil, həyati 
								bacarıqlar maraqlandırdığına görə buradakı 
								qiymətləndirmə vasitələrinin şagirdlər üçün 
								irihəcmli (65 səhifə), forma və məzmununa görə 
								tamamilə yeni olması, fənn proqramları ilə uyğun 
								olmaması halları tez-tez müşahidə edilir. Belə 
								bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan 
								bu proqrama qoşulanda ölkənin təhsil sistemində 
								dünya təcrübəsindən yararlanan Milli Kurikulum, 
								yeni qiymətləndirmə mexanizmi tətbiq edilmirdi. 
								Hazırda bu sistem beynəlxalq qiymətləndirmə 
								proqramlarına daxil olmayan I-III siniflərdə 
								tətbiq edilir. PISA beynəlxalq proqramında isə 
								15 yaşlı şagirdlər arasında qiymətləndirmə 
								aşağıdakı bacarıq səviyyələrinə görə aparılır: 
								
								
								Təbiət elmləri üzrə:  
								
								
								1-ci səviyyə. Şagirdlər məhdud elmi 
								biliklərə malikdirlər və biliklərini yalnız bir 
								necə situasiyada tətbiq etməyi bacarırlar, elmi 
								izahı verilmiş fakta əsaslanaraq nümayiş etdirə 
								bilirlər. 
								
								
								2-ci səviyyə. Şagirdlər  tanış olan 
								kontekstdə mümkün şərhlərin verilməsində və ya 
								sadə tədqiqata əsaslanan nəticələrin 
								çıxarılmasında kifayət qədər biliklərə 
								malikdirlər,  düşünməyi bacarır və problemin 
								həllində müəyyən mülahizələr yürüdürlər. 
								
								
								3-cü səviyyə. Şagirdlər verilmiş  elmi 
								suala əsasən hadisələri izah etmək üçün 
								biliklərindən və faktlardan istifadə edə bilir, 
								sadə model və strategiyaları tətbiq edə 
								bilirlər, elmi biliklərə əsaslanan qərarlar 
								verməyi və qısa fikirlər söyləməyi bacarırlar. 
								
								
								4-cü səviyyə. Şagirdlər elmin və 
								texnologiyanın vasitəsilə nəticə çıxarmağı tələb 
								edən  suallarla effektli şəkildə işləyə bilir, 
								müxtəlif elmə aid bilikləri tətbiq etməyi, 
								bildiklərini həyatdakı situasiyalarla 
								əlaqələndirməyi, elmi bilik və dəlillərdən 
								istifadə edərək qərar verməyi bacarırlar. 
								
								
								5-ci səviyyə. Şagirdlər həyatda 
								rastlaşdıqları situasiyaların əksəriyyətinin 
								elmi komponentlərini müəyyənləşdirməyi, müqayisə 
								etməyi, seçməyi və həyatdakı situasiyalara uyğun 
								olaraq elmi faktları dəyərləndirməyi, təbiət 
								elmləri üzrə biliklərini bu situasiyalara uyğun 
								tətbiq etməyi bacarır, dəlil və təhlillərə 
								əsaslanan fikirlərinin izahını verə bilirlər. 
								
								
								6-cı səviyyə. Şagirdlər  təbiət elmləri 
								üzrə biliklərini dərk etməyi, izah etməyi və 
								tətbiq etməyi bacarırlar. Onlar müxtəlif 
								informasiya mənbələrini və onların şərhlərini 
								əlaqələndirməyi və  əldə etdikləri qərarlarını 
								əsaslandırmaq üçün dəlillərdən istifadə etməyi 
								bacarırlar, öz elmi fikir və düşüncələrini aydın 
								şəkildə və qətiyyətlə nümayiş etdirirlər, onlara 
								tanış olmayan situasiyalarda problemin  həllini 
								tapmaqdan ötrü elmi bacarıqlarından istifadə 
								edirlər.  
								
								
								Riyaziyyat  üzrə: 
								
								
								1-ci  səviyyə. Şagirdlər aydın və lazımi 
								informasiyanın verildiyi tanış məzmunlu, sadə və 
								köməyi verilmiş sualları cavablandırırlar, 
								informasiyanı başa düşür, sual kitabçasındakı 
								təlimata əsaslanaraq adi prosedurları yerinə 
								yetirə bilirlər. 
								
								
								2-ci səviyyə. Şagirdlər birbaşa nəticə 
								çıxarmağı tələb edən  misal və məsələləri yerinə 
								yetirir, mənbədən uyğun gələn məlumatı 
								çətinliklə də olsa, əldə edir, məsələnin həlli 
								üçün bir üsuldan, əsas alqoritmlərdən, formul 
								və  üsullardan istifadə etməyi, adi nəticənin 
								əldə olunmasını bacarırlar. 
								
								
								3-cü səviyyə. Şagirdlər həlli ardıcıllığı 
								tələb edilməklə aydın təsvir olunmuş  
								prosedurları yerinə yetirməyi, sadə problemin 
								həlli strategiyalarını seçərək tətbiqetməni, 
								müxtəlif məlumat mənbələrinə əsaslanmış 
								nümunələrdən istifadə etməyi və onların üzərində 
								işləməyi bacarır,  şərh,  düşüncə və 
								nəticələrini ifadə edən fikir yürüdə bilirlər.
								 
								
								
								4-cü səviyyə. Şagirdlər mürəkkəb  
								situasiyalarda müəyyən nümunələrlə səmərəli 
								şəkildə işləyə bilir, əlaqələndirməni, çox 
								fikirləşmədən belə biliklərindən yaxşı istifadə 
								etməyi və cəld mühakimə yürütməyi, dəlillərə, 
								şərhlərə əsaslanaraq  öz izahlarını və 
								fikirlərini söyləməyi bacarırlar. 
								
								
								5-ci səviyyə. Şagirdlər mürəkkəb 
								situasiyalarda müəyyən modellərlə işləməyi, 
								müqayisə etməyi və dəyərləndirməyi, öz geniş 
								bilik dairələrindən, qabiliyyətlərindən istifadə 
								etməyi, düşünməyi, fikir yürütməyi, fikirlərini 
								əsaslı şəkildə izah etməyi, mürəkkəb problemin 
								həlli strategiyalarını seçməyi bacarırlar. 
								
								
								6-cı səviyyə. Şagirdlər mürəkkəb riyazi 
								məsələlərin həllində öz biliklərinə və 
								tədqiqatlarına əsaslanaraq məlumatı dərk edir, 
								nəticə çıxarmağı, müxtəlif məlumat mənbələrini 
								və nümunələri əlaqələndirməyi və asanlıqla 
								izahını verməyi bacarırlar. Bu səviyyənin 
								tələblərinə cavab verən şagirdlər yaxşı riyazi 
								biliklərə, çox dərin düşüncəyə və qabiliyyətə 
								malik olurlar. Bu şagirdlər öz düşüncə və 
								qabiliyyətərini riyazi məsələlərin həllində 
								tətbiq edir,  biliklərini daha yeni yanaşma və 
								strategiyalarla nümayiş etdirir, əldə etdikləri 
								nəticələri əsaslandırmağı,dəlillərlə izahını 
								verməyi bacarırlar.  
								
								
								Oxu üzrə: (nailiyyətlər 5 səviyyə üzrə 
								qiymətləndirilir)  
								
								
								1-ci səviyyə. Şagirdlər mətndə səciyyəvi 
								olaraq bir meyarı müəyyən edir, ona tanış olan 
								mövzuda lazımi məlumat aydın şəkildə verildikdə 
								mətnin əsas mövzusunu və müəllifin məqsədini 
								başa düşür, mətndəki məlumatla  biliyini  
								əlaqələndirə bilirlər. Böyükhəcmli mətnlərdə 
								əsas ideyanın  verilməsi məqsədilə təkrar 
								fikirlərdən, paraqraf başlıqlarından və ya elə 
								mətnin özündən istifadə edirlər. Kiçikhəcmli 
								mətnlərdə isə fikirlərini bir neçə söz və ya 
								fraza ilə ifadə etməklə kifayətlənirlər. 
								
								
								2-ci səviyyə. Mətnin əsas ideyasını 
								müəyyən edir, əlaqələri başa düşür, öz təcrübə 
								və mövqeyindən istifadə edərək mətnin xarakterik 
								xüsusiyyətini izah edirlər. Böyükhəcmli 
								mətnlərdə məlumatı aydınlaşdırmaq üçün verilmiş 
								paraqraflarda məntiqi  əlaqələri müəyyənləşdirir 
								və müəllifin məqsədini müəyyən etmək üçün mətnin 
								müəyyən hissələri üzrə məlumatı 
								sintezləşdirirlər. Kiçikhəcmli mətnlərdə 
								fikirlərini daha aydın verilən məlumata istinad 
								etməklə nümayiş etdirirlər.  
								
								
								3-cü səviyyə. Mətnin əsas ideyasını 
								müəyyən etmək üçün verilmiş məlumatın bir neçə 
								hissəsini müəyyən edir, əlaqələndirir, bu 
								əlaqələri dərk edir, söz və ya frazaların 
								mənalarını təhlil edirlər. Böyükhəcmli mətnlərdə 
								verilmiş məlumatı müqayisə edir, izahını verir 
								və mətnin xarakterik xüsusiyyətini 
								dəyərləndirirlər. Kiçikhəcmli mətnlərdə  
								verilmiş  məlumatı  başa düşür,  gündəlik  bilik 
								və bacarıqlarından istifadə edərək lazımi 
								məlumatı müəyyən edir və nəticə çıxarırlar.
								 
								
								
								4-cü səviyyə. Mətnin tapşırıqlarını 
								verilmiş məlumata uyğun olaraq asanlıqla müəyyən 
								edirlər. Böyükhəcmli mətnlərdəki məlumatı təhlil 
								edir, əlaqələndirir və nəticə çıxarırlar. 
								Kiçikhəcmli mətnlərdə lazım olan məlumatı 
								asanlıqla müəyyənləşdirir, müqayisə edir, 
								əlaqələndirir və nəticə çıxarırlar. 
								
								
								5-ci səviyyə. Şagirdlər bilik və 
								bacarıqlarından məharətlə istifadə edir, 
								genişhəcmli və mürəkkəb mətnləri dərindən başa 
								düşür, mətnin ayrı-ayrı hissələrini bir-biri ilə 
								əlaqələndirirlər. Böyükhəcmli mətnlərdə verilmiş 
								məlumatı asanlıqla təhlil və müqayisə edir, 
								tələb olunduğundan da artıq fəallıq göstərir, 
								aydın və gözlənilən məlumatın verilmədiyi halda 
								da bilik və bacarıqlarından, düşüncə və məntiqi 
								təfəkkürlərindən istifadə edərək nəticə 
								çıxarırlar. Kiçikhəcmli mətnlərdə verilmiş 
								məlumatı dərk edir, əlaqələndirməni bacarır, 
								müqayisə edir və asanlıqla nəticə çıxara 
								bilirlər. 
								
								
								Qiymətləndirmə mexanizmində və standartların 
								məzmunundakı fərqlərin eyni bir hədəfin milli və 
								beynəlxalq nailiyyətlərində də özünü göstərməsi 
								qanunauyğun haldır. Müqayisə üçün  İqtisadi 
								Əməkdaşlıq və İnkişaf Proqramına üzv olan 
								ölkələrin -  Avstraliya, Avstriya, Belçika, 
								Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, 
								Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, 
								İrlandiya, İtaliya, Yaponiya, Koreya, 
								Lüksemburq, Meksika, Hollandiya, Yeni 
								Zelandiya,  Norveç, Polşa, Portuqaliya, 
								Slovakiya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, 
								İngiltərə və Amerika şagirdlərinin beynəlxalq 
								qiymətləndirmədə  təbiət elmləri və riyaziyyat 
								üzrə müvəffəqiyyət faizlərinə baxaq: təbiət 
								elmləri üzrə I səviyyəyə  cavab verən 94,8% 
								şagirdin  1,3%-i eyni zamanda VI səviyyəyə, 
								riyaziyyat üzrə I səviyyəyə cavab verən 13,6% 
								şagirdin 3,3%-i eyni zamanda VI səviyyəyə, oxu 
								üzrə I səviyyəyə cavab verən 12,7%  şagirdin 
								8,6%-i V səviyyəyə də cavab verib.   
								
								
								Oxucuda belə bir haqlı sual yarana bilər ki, 
								ölkəmiz nə üçün ümumilikdə xüsusiliyə yol verən, 
								fərqli məzmun və mexanizmə malik olan 
								qiymətləndirmə tədqiqatında iştirak etməyə 
								üstünlük verir? Qeyd edək ki, daha çox həyati 
								bacarıqları yoxlayan qiymətləndirmə 
								tədqiqatlarında iştirak etməklə ölkəmiz 
								qazandığı təcrübə sayəsində sivil təhsil 
								strategiyalarını müəyyənləşdirməyə nail olur, 
								fənn kurikulumlarında hansı zəruri 
								dəyişikliklərin edilməsini proqnozlaşdırır, 
								şagirdlərimizə dünya təhsil standartlarına cavab 
								verən qiymətləndirmə vasitələri ilə işləməyi 
								öyrədir. Qeyd edək ki, Azərbaycan keçən ildən 
								başqa bir istiqamətdə də təcrübə qazanmaq 
								məqsədilə TIMSS və PIRLS beynəlxalq 
								qiymətləndirmə proqramlarına qoşulub. 
								
								
								Əgər PISA  əsas sənaye ölkələrində məktəb 
								sisteminin nəticələrinə dair müqayisəli faktları 
								verməklə şagirdlərin real həyatda oxu, 
								riyaziyyat və təbiət elmləri sahəsində bilik və 
								bacarıqlarının tətbiqini qiymətləndirirsə, PIRLS 
								və TIMSS müxtəlif ölkələrdə şagirdlərin oxu, 
								riyaziyyat və təbiət elmləri sahəsində rəsmi 
								məktəb kurikulumunun məzmununa nə dərəcədə 
								yiyələndiklərini təhlil edir. İbtidai təhsil 
								pilləsində keçiriləcək bu qiymətləndirmə başqa 
								ölkələrin təhsil proqramları nəzərə alınmaqla, 
								Azərbaycan məktəblilərinin nəticələrinin digər 
								ölkələrin nəticələri ilə müqayisəli təhlili 
								sayəsində oxu bacarığı sahəsində, riyaziyyat və 
								təbiətşünaslıq fənlərinin tədrisinin 
								mükəmməlləşdirilməsində istiqamətləri təyin 
								etməyə, eyni zamanda milli mütəxəssislərin 
								araşdırmasını tələb edən problemlərin üzə 
								çıxmasına imkan verəcək. Həyati bacarıqlara görə 
								qiymətləndirmə sahəsində müəyyən təcrübə 
								qazandıqdan sonra  milli kurikulumun, yeni 
								qiymətləndirmə sisteminin  tətbiq edildiyi 
								ibtidai təhsil pilləsində şagirdlərimizin  
								beynəlxalq standartlara nə dərəcədə cavab 
								verməsini öyrənmək  gələcək fəaliyyətimiz üçün 
								mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, TIMSS və 
								PIRLS beynəlxalq qiymətləndirməsinə qoşulmağımız 
								ibtidai təhsil pilləsində qiymətləndirmə və 
								təhlillər aparmaq təcrübəmizi də artıracaq.
								 
								
								
								Oxu (qavrama), riyaziyyat və təbiət fənləri üzrə 
								şagird nailiyyətləri qiymətləndirilməsinin TIMSS 
								və PIRLS beynəlxalq proqramları dünya 
								təcrübəsində orta məktəblərdə təhsilin 
								səviyyəsini öyrənmək üçün aparılan ən populyar 
								tədqiqatlardandır.  
								
								
								3-4 ildən bir keçirilən TIMSS və PIRLS 
								beynəlxalq qiymətləndirmə tədqiqatının hər 
								mərhələsində 60-a qədər ölkənin təxminən 450.000 
								şagirdi iştirak edir. Şagirdləri kurikuluma görə 
								qiymətləndirən TIMSS və PIRLS beynəlxalq 
								qiymətləndirmə tədqiqatının nəzəri və praktik 
								əsasları 50 ildən çox fəaliyyət göstərən Təhsil 
								Nailiyyətlərinin Qiymətləndirilməsinin 
								Beynəlxalq Assosiasiyası (İEA) tərəfindən 
								hazırlanıb.  
								
								
								Sonuncu, 2007-ci il TIMSS  tədqiqatında 59 ölkə 
								iştirak etmişdir. Onlardan 28-i eyni zamanda 
								tədqiqatda iki istiqamətdə iştirak edib: 4 və 
								8-ci siniflərdə riyaziyyat və təbiətşünaslıq 
								fənlərinin tədrisinin keyfiyyətinin 
								qiymətləndirilməsi (Əlcəzair, Avstraliya, 
								Tayvan, Kolumbiya, Çex Respublikası, Salvador, 
								İngiltərə, Gürcüstan, Honkonq, Macarıstan, İran, 
								İtaliya, Yaponiya, Küveyt, Litva, Monqolustan, 
								Mərakeş, Norveç, Qətər, Rusiya, Şotlandiya, 
								Sinqapur, Sloveniya, İsveç, Ermənistan, Tunis, 
								Ukrayna, ABŞ). 22 ölkə isə təkcə 8-ci siniflərin 
								təhsil nailiyyətlərinin qiymətləndirilməsi 
								tədqiqatında iştirak edib (Bəhreyn, Bosniya və 
								Hersoqovina, Botsvana, Bolqarıstan, Kipr, Misir, 
								Qana, İndoneziya, İsrail, İordaniya, Koreya 
								Respublikası, Livan, Malayziya, Türkiyə). Yalnız 
								4-cü siniflərin təhsil nailiyyətlərinin 
								qiymətləndirilməsi tədqiqatında isə 9 ölkə 
								iştirak edib (Avstriya, Danimarka, Almaniya, 
								Qazaxıstan, Latviya, Hollandiya, Yeni Zelandiya, 
								Slovakiya Respublikası, Yəmən). 
								
								
								2007-ci ildə TIMSS tədqiqatının aparılma 
								mexanizminin hazırlanmasında xüsusi "TIMSS 
								Assesment Frameworks and Specifications" 
								sənədindən istifadə olunmuşdur. Bu sənəddə 
								riyaziyyat və təbiətşünaslıq fənlərinin 
								tədrisindəki nailiyyətlərin 
								qiymətləndirilməsində ümumi yanaşmalar müəyyən 
								olunmuş, test tapşırıqları hazırlanmış, 
								anketləşdirmə zamanı təhlil üçün informasiya 
								toplanmış, iştirakçıları, müəllimləri və təhsil 
								müəssisələrini xarakterizə edən əsas faktorlar 
								təsvir edilmişdir. 
								
								
								TIMSS və PIRLS beynəlxalq tədqiqatının mexanizmi 
								özündə  qiymətləndirmə vasitələrini, 
								iştirakçılar, müəllimlər, təhsil müəssisəsinin 
								rəhbərləri, valideynlər üçün sorğular, metodiki 
								təminat və proqram təminatını (verilən 
								məlumatlara əsasən sinif və iştirakçıların 
								seçimi) ehtiva edir. 
								
								
								TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə 
								proqramlarının  populyarlıq qazanması tədqiqatda 
								istifadə olunan qiymətləndirmə vasitələrinin 
								təhsilalanların həm bilik, həm də bacarıqlarının 
								üzə çıxarılmasında və gələcək nailiyyətlər üçün 
								ölkələrin bu vasitələrdən   bəhrələnməsində 
								müstəsna əhəmiyyət kəsb etməsindədir. Lakin 
								beynəlxalq qiymətləndirmə vasitələrinin 
								özünəməxsusluğu hər zaman bu proqrama qoşulan 
								ölkələrin şagirdləri üçün  cəlbedici və oxunaqlı 
								olmur, başqa sözlə desək, şagirdlərin belə 
								qiymətləndirmə vasitələri ilə tanış olmaması 
								nəticələrə təsir göstərir. Həmin təsirləri 
								aradan qaldırmaq məqsədilə Təhsil Nazirliyində 
								TIMSS və PIRLS beynəlxalq tədqiqatlarında 
								istifadə edilən vasitələrdən ibarət kitabça 
								hazırlanır. Azərbaycan məktəblilərinin, o 
								cümlədən beynəlxalq qiymətləndirmədə iştirak 
								edəcək şagirdlərin belə qiymətləndirmə 
								vasitələri ilə tanış olmasının  həm 
								nailiyyətlərimizə, həm də şagirdlərimizin 
								dünyagörüşünə müsbət təsir edəcəyinə inanırıq.  
								
								
								
								Təranə HACIYEVA, 
								Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə
								 
								şöbəsinin müdiri, filologiya elmləri doktoru 
								  |