| 
								 
								
								Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli  
								kəndində yeni tikilmiş orta məktəbin açılış 
								mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin, 
								Biləsuvar Rayon İcra Hakimiyyətinin 
								nümayəndələri, idarə və müəssisə rəhbərləri, 
								təhsil, səhiyyə işçiləri və KİV-in əməkdaşları 
								iştirak edirdilər. 
								
								
								 Açılış 
								mərasimindən öncə təhsil naziri Misir Mərdanov 
								və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı 
								Adil Məmmədov Heydər Əliyev adına parkda 
								oldular, ümummilli lider Heydər Əliyevin  
								abidəsinin önünə, Biləsuvar şəhidlərinin 
								məzarları üzərinə gül dəstələri qoydular. 
								 
								
								
								Sonra təhsil naziri Misir Mərdanov rayon 
								rəhbərliyi ilə birlikdə İsmətli kəndində yeni 
								inşa edilmiş 640 şagird yerlik orta məktəbin 
								açılış mərasimində iştirak etdi. Açılış 
								mərasimini giriş sözü ilə Biləsuvar  Rayon 
								Təhsil Şöbəsinin müdiri  Balaqardaş Kazımov  
								açaraq bildirdi ki, bu gün İsmətli kənd 
								sakinlərinin sevinci çox böyükdür.  4 min 
								əhalisi olan bu kəndin sakinlərinin uzun  
								illərdən bəri  ürəklərində bəslədikləri  bir   
								arzu   artıq həyata keçir. Müasir tələblərə 
								cavab verən bu gözəl təhsil ocağı öz  qapılarını 
								şagirdlərin üzünə açır. O, təhsil ocağının yeni 
								binasını kənd sakinlərinə, müəllim və şagirdlərə 
								əvəzsiz töhfə kimi dəyərləndirdi. 
								
								
								Təhsil naziri Misir Mərdanov yeni  məktəbin 
								açılışı münasibətilə rayon rəhbərliyini, təhsil 
								müəssisələrinin pedaqoji və şagird 
								kollektivlərini, kənd  sakinlərini təbrik 
								edərək, gələcəkdə başqa məktəb binalarının da 
								tikiləcəyini bildirdi. Nazir Biləsuvar rayonunda 
								görülən bütün tikinti-quruculuq və abadlıq 
								işlərinin ölkə başçısı İlham Əliyevin 
								Azərbaycanda təhsilə, regionlara göstərdiyi 
								diqqət və qayğısının nəticəsində mümkün olduğunu 
								vurğuladı.  
								
								
								Bildirdi ki, ölkə Prezidentinin tapşırığına 
								əsasən 2013-cü ilədək Azərbaycanda təhsil 
								sahəsində olan bütün  problemlər  yüksək 
								səviyyədə həllini tapacaqdır.  
								
								
								Misir Mərdanov onu da əlavə etdi ki,   yeni 
								istifadəyə verilən bu  məktəb kənd sakinlərinə, 
								müəllimlərə, şagirdlərə gözəl hədiyyədir. 
								Məktəbi tikmək bir işdirsə,  onu qoruyub 
								saxlamaq daha məsul  və ciddi bir işdir, - dedi. 
								- Biz bunu heç vaxt unutmamalıyıq! 
								
								
								 "İndi 
								Azərbaycanda zəruri şərtləri ödəyən təlim və 
								təhsil mühiti formalaşmaqdadır" -  deyən nazir 
								Misir Mərdanov qeyd etdi  ki, ölkə başçısı, xalq 
								bu gün təhsil işçilərindən daha keyfiyyətli 
								təhsil gözləyir. Bunun üçün hər bir kəs öz 
								sahəsində ciddi çalışmalıdır. 
								
								
								Əminəm ki, hazırda istifadəyə verilən  bu təhsil 
								ocağı İsmətli kəndinin  mədəniyyət mərkəzi 
								olacaq və  burada təhsillə bağlı olmayan digər  
								mədəni-kütləvi tədbirlər  də keçiriləcəkdir. 
								Çıxışının sonunda nazir kənd camaatına, 
								müəllimlərə və kəndin digər ziyalılarına bu işdə 
								böyük   uğurlar arzuladı. 
								
								
								Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin  
								başçısı Adil Məmmədov çıxış edərək bildirdi  ki, 
								ölkəmizdə, eləcə də Biləsuvarda son illər 
								təhsilin inkişafına olan qayğı, diqqət öz müsbət 
								nəticəsini vermişdir. Cənab Prezidentin fərmanı 
								ilə  təsdiq olunmuş "Azərbaycan Respublikası 
								regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
								Proqramı"na  uyğun olaraq yeni məktəb binaları 
								tikilmiş və  bəziləri təmir  olunmuşdur. Yeni 
								nəslin təlim-tərbiyəsinə, təhsil işçilərinə 
								göstərdiyi diqqət və qayğıya görə rayonumuzun 
								bütün təhsil işçiləri  adından ölkə başçısı 
								cənab İlham Əliyevə minnətdarlığımızı 
								bildiririk. 
								
								
								Adil Məmmədov çıxışının sonunda rayonda   təhsil 
								şöbəsi üçün ayrıca inzibati  binanın tikilməsini 
								və İsmətli kəndində olan köhnə məktəbin  
								əsasında uşaq bağçasının açılmasının vacibliyini 
								də vurğuladı və  bu məsələlərin həllinə kömək 
								göstərməyi təhsil naziri  Misir Mərdanovdan 
								xahiş etdi.    
								
								
								İsmətli kənd sakini, məktəb valideyn komitəsinin 
								sədri Musaxan Əliyev də  çıxış edərək bildirdi 
								ki, bugünkü gün bizim üçün əlamətdar, yaddaqalan 
								bir gün olacaqdır. Çünki İsmətli kəndində inşa 
								edilən, müasir tələblərə cavab verən üçmərtəbəli 
								tədris  korpusunun açılışı hər bir kənd 
								sakinini, eləcə də  məni çox sevindirir.  
								Bildirildi ki, neçə-neçə sənət sahibləri, 
								müəllimlər, həkim, aqronom, mühəndis  və elm 
								adamları bu məktəbin  məzunlarıdır. Onlar 
								məktəblə heç vaxt əlaqələrini kəsmir, sevimli 
								müəllimləri ilə vaxtaşırı   görüşürlər. 
								 
								
								
								Həmin gün məktəbin açılışında sevinclərini 
								gizlədə bilməyən şagirdlər ulu öndərə, Vətənə və 
								məktəbə həsr olunmuş şeirlər söylədilər və ədəbi 
								kompozisiya göstərildi 
								
								
								Çıxışlardan sonra məktəbin açılışını bildirən 
								qırmızı lent kəsildi və  tədbir iştirakçıları 
								təhsil ocağına daxil oldular. Qonaqlar məktəbin 
								sinif otaqlarına, kompüter kabinetlərinə, 
								laboratoriyalara, kitabxanaya və idman  
								zallarına baxdılar. Onlar görülən işin 
								keyfiyyətindən  razılıq etdilər və iş icraçısı 
								Maqbet Musayevin  əməyi  xüsusi qeyd olundu. 
								 
								
								
								Tədbirin sonunda təhsil naziri Misir Mərdanov 
								rayon ictimaiyyəti ilə birlikdə yeni  məktəbin 
								qarşısında xatirə şəkli çəkdirdi.  
								
								
								
								Şakir CƏFƏROV  |