| 
								 
								
								Dekabrın 1-də Bakıdakı "Park İNN" otelinin 
								konfrans zalında Azərbaycan Dillər 
								Universitetinin professoru, filologiya elmləri 
								doktoru  Nigar Vəliyevanın 
								"Azərbaycanca-ingiliscə-rusca frazeoloji 
								lüğət"inin təqdimat mərasimi keçirildi. Tədbirdə 
								elm adamları, Milli Məclisin üzvləri və 
								başqaları iştirak edirdilər.  Hər biri 988 
								səhifədən ibarət olan II cildlik lüğət geniş 
								oxucu kütləsi üçün nəzərdə tutulub.   Təqdimat 
								mərasimini giriş sözü ilə açan professor 
								N.Vəliyeva qonaqları salamlayaraq  dəvəti qəbul 
								etdiklərinə görə onlara  təşəkkürünü bildirdi. 
								O, lüğət haqqında məlumat verərək bildirdi ki, 
								müasir ingilis, Azərbaycan və rus dillərində 
								frazeoloji birləşmələrin müqayisəli 
								araşdırılması bir neçə cəhətdən əhəmiyyətlidir.
								 
								
								
								 Bu 
								araşdırma  dillərin qanunauyğunluqlarını 
								müəyyənləşdirməyə, onun semantik inkişafı 
								haqqında düzgün təsəvvür əldə etməyə kömək edir. 
								Kitabda ilk dəfə olaraq ingilis, Azərbaycan və 
								rus dillərində frazeoloji birləşmələr 
								toplanılıb, sistemə salınıb, bir-birindən uzaq  
								və müxtəlif sistemli dillərə məxsus olan belə 
								leksikləşmiş vahidlər tipoloji-linqvistik 
								cəhətdən təhlil edilir. Lüğət frazeoloji söz 
								birləşmələri, ifadələri, məsəllər və atalar 
								sözləri  əsasında tərtib edilib. Kitabda 90 
								mindən artıq frazeoloji vahid vardır. 
								
								
								Sonra söz təhsil nazirinin müavini, tarix 
								elmləri doktoru, professor İradə Hüseynovaya 
								verildi. İradə xanım iştirakçıları Təhsil 
								Nazirliynin rəhbərliyi və hörmətli nazir Misir 
								Mərdanovun adından salamladı. Çıxışını ulu öndər 
								Heydər Əliyevin " Hər bir xalqın milliliyini, 
								mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun 
								dilidir" sözləri ilə başlayan professor 
								İ.Hüseynova kitabın Azərbaycan dilçilik elminə 
								dəyərli töhfə olduğunu və gələcək nəsillərin 
								bundan maksimum faydalanacaqlarına ümidvar 
								olduğunu bildirdi. Nazir müavini qeyd etdi ki, 
								son dövrdə Azərbaycan dilinin nüfuzlu 
								təşkilatlarda işlənməsi və bu dilə beynəlxalq 
								münasibətlər müstəvisində böyük dəyər verilməsi 
								ümummilli lider Heydər Əliyevin çoxşaxəli, 
								gərgin əməyinin nəticəsidir. İradə xanım qeyd 
								etdi ki, ümummilli liderimizin bu müdrik 
								siyasətini hörmətli Prezidentimiz cənab İlham 
								Əliyev və Heydər Əliyev Fondunun prezidenti, 
								millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı 
								səfiri Mehriban xanım Əliyeva davam etdirərək, 
								milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin 
								inkişafına böyük diqqət və qayğı göstərirlər. 
								Bildirildi ki, doğma dilimiz olan Azərbaycan 
								dili ilə yanaşı, xarici dillərin öyrənilməsi də 
								dövlətçiliyimiz üçün mühüm strateji əhəmiyyət 
								kəsb edir. Beynəlxalq səviyyədə siyasət aparmaq, 
								Azərbaycan reallıqlarını, haqq səsimizi dünyaya 
								çatdırmaq üçün xarici dillərin akademik 
								səviyyədə öyrənilməsi milli strategiyamıza 
								xidmət edən vacib amillərdən biridir. Bu 
								baxımdan filologiya elmləri doktoru, professor 
								Nigar xanım Vəliyevanın bu gün təqdimatına 
								yığışdığımız "Azərbaycanca-ingiliscə-rusca 
								frazeoloji lüğət"i böyük əhəmiyyət və səciyyə 
								daşıyır. 
								
								
								İradə Hüseynova  bildirdi ki, dilin lüğət 
								tərkibini təşkil edən sözlərin həqiqi mənaları 
								ilə yanaşı, məcazi mənaları da var ki,  bu 
								səbəbdən də xalqın milli yaddaşından süzülüb 
								gələn frazeologizmlərin müqayisəli şəkildə 
								araşdırılması müxtəlif sistemli dillərdə 
								frazeoloji birləşmələrin  yaranması prosesinin 
								elmi nöqteyi-nəzərdən öyrənilməsinə imkan verir. 
								Nazir müavini Azərbaycan,ingilis,rus dillərində 
								frazeoloji birləşmələrin artırılmasını son 
								dərəcə əhəmiyyətli məsələlərdən biri olduğunu 
								qeyd etdi. İngilis və rus dilləri təkcə xarici 
								dil kimi deyil, diplomatiya dili,siyasət dili, 
								işgüzar əlaqələr və millətlərarası ünsiyyət dili 
								kimi  öyrənilməlidir. Son illərdə müxtəlif 
								sistemli dillərin frazeoloji leksikasının 
								araşdırılmasına diqqət artsa da, irihəcmli  
								frazeoloji lüğət tərtib olunmamışdır. Frazeoloji 
								birləşmələr, atalar sözləri və zərb-məsəllərin 
								müxtəlif dillərdə çox zaman dəqiq qarşılığı 
								olmadığı üçün, onların öyrənilməsi prosesində 
								müxtəlif maneələr qarşıya çıxırdı. Bu cəhətdən  
								xarici dilləri öyrənənlər üçün də sözügedən 
								lüğətin xüsusi əhəmiyyəti və mənası vardır. 
								
								
								 İradə Hüseynova təhsil nazirinin müavini və 
								eyni zamanda uzun illər elmi-pedaqoji 
								fəaliyyətlə məşğul olan tarixçi alim və pedaqoq 
								kimi lüğətin xüsusi olaraq praktiki 
								əhəmiyyətindən söz açaraq bildirdi ki, lüğət 
								tədris prosesində bir neçə dil öyrənənlərə, 
								magistrant və dissertantlara, filoloq və 
								tərcüməçilərə, jurnalist və iş adamlarına, eləcə 
								də bir çox şəxslərə yardımçı olacaq. O, kitabı 
								tərtib edən müəllifə və bu lüğətin ərsəyə 
								gəlməsində əziyyət çəkən şəxslərə yeni 
								yaradıcılıq uğurları arzu etdi. 
								
								
								Tədbirdə çıxış edən Azərbaycan Dillər 
								Universitetinin rektoru, professor Səməd Seyidov 
								kitabın əhəmiyyətindən söz açaraq belə bir 
								lüğətin məhz ADU-nun professoru tərəfindən 
								hazırlanmasını ikiqat sevinc hissi ilə 
								qarşıladığını və gələcəkdə də belə layihələrin 
								həyata keçməsi üçün təhsil ocağının çalışacağını 
								bildirdi. O, N.Vəliyevanın gənc olduğunu və 
								bundan sonra da Azərbaycan dilçilik elminə böyük 
								töhfələr verəcəyinə əminliyini ifadə etdi. 
								
								
								Kitab haqqında fikirlərini bildirən  Azərbaycan 
								Milli Elmlər Akademiyasının müxbir üzvü, 
								filologiya elmləri doktoru, professor Nizami 
								Cəfərov son illərdə müxtəlif sistemli dillərin 
								frazeoloji leksikasının araşdırılmasına diqqətin 
								artdığını, amma ingilis, Azərbaycan və rus 
								dillərində irihəcmli frazeoloji lüğətin bu günə 
								qədər  tərtib olunmadığını qeyd etdi, frazeoloji 
								birləşmələrin ilk dəfə olaraq geniş tərtibatda 
								oxuculara təqdim olunmasını sevindirici və 
								təqdirəlayiq hal kimi qiymətləndirdi. 
								
								
								Digər çıxış edənlər də kitab və onun müəllifi  
								haqqında dəyərli fikirlər və xoş sözlər 
								söylədilər.  
								
								
								
								Niyazi RƏHİMOV  |