| 
								 
								
								Azərbaycan Dillər Universitetində Almaniyanın 
								Frayburq Universitetinin professoru Hans 
								Verner-Huneke ilə görüş oldu.  Alman dilinin 
								leksikologiyası və üslubiyyatı kafedrasının 
								təşkilatçılığı ilə keçirilən görüşdə dosent 
								Sevinc Rzayeva çıxış edərək rəhbərlik etdiyi 
								kafedra və onun fəaliyyəti barədə almaniyalı 
								professora geniş məlumat verdi. Almaniya 
								universitetləri ilə əlaqələrdən danışan 
								S.Rzayeva Frayburq Universiteti ilə də 
								əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdi. 
								 
								
								
								Almaniyalı professor Hans Verner-Huneke 
								çıxışında çalışdığı Frayburq Universiteti  və 
								onun fəaliyyətinə toxundu. Almaniyanın 
								Baden-Vurtemberq əyalətində yerləşən Frayburq 
								Universitetinin qədim universitetlərdən biri 
								olduğunu deyən Hans Verner-Huneke bildirdi ki, 
								çalışdığı ali təhsil ocağının əsası 1457 -ci 
								ildə qoyulub.  İlk dövrlərdə universitetdə 4 
								fakültə mövcud idisə, hazırda bunların sayı 11-ə 
								çatıb.  
								
								
								Frayburq Universitetinin beynəlxalq 
								əlaqələrindən danışan Hans Verner-Huneke ali 
								təhsil ocağının Amerikanın, eləcə də Avropanın 
								tanınmış universitetləri ilə əməkdaşlıq etdiyini 
								vurğuladı. Professor bildirdi ki,  universitet  
								beynəlxalq layihələr və təqaüd proqramları 
								təqdim edir, DAAD proqramı ilə birlikdə hər il 
								xarici tələbələrin Almaniyada təhsildə və 
								kurslarda iştirak edə bilmələri üçün təqaüd 
								proqramı hazırlayır. Yalnız tələbələrə deyil, 
								həmçinin doktorant və alimlər üçün də qısa və 
								uzunmüddətli təqaüd proqramları təqdim edir.
								 
								
								
								 Sonra Alman dilinin leksikologiyası və 
								üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı 
								qarşılıqlı əməkdaşlıq məsələlərindən danışdı.  
								O,  müxtəlif mövzuları əhatə edən dissertasiya 
								işlərinin yazılması və hər iki universitetin 
								işlərin müdafiəsi prosesində yaxından  
								iştirakının zəruriliyini vurğuladı. Alman 
								dilinin tərcüməsi kafedrasının əməkdaşı Yusif 
								Savalan alman dilində yazdığı şeirlərdən 
								parçalar söylədi.  
								
								
								Daha sonra Hans Verner-Huneke  görüş 
								iştirakçılarını maraqlandıran sualları 
								cavablandırdı.  
								
								
								Sonda Alman dilinin leksikologiyası və 
								üslubiyyatı kafedrası adından  Frayburq 
								Universitetinin professoruna hədiyyə təqdim 
								olundu.   
								
								
								
								ADU-nun Mətbuat xidməti  |