| 
								 
								
								
								Prezident Dmitri Medvedev "Təhsil haqqında" 
								Qanun layihəsinin ictimai müzakirəyə 
								çıxarılmasını təklif edib  
								
								
								 Rusiya 
								Federasiyasının Prezidenti Dmitri Medvedevin 
								ölkənin təhsil və elm naziri Andrey Fursenko ilə 
								bu günlərdə keçirilən işgüzar görüşündə "Təhsil 
								haqqında" Qanun layihəsinin ictimai müzakirəyə 
								çıxarılması məsələsi müzakirə olunub. Prezident 
								qeyd edib ki, Rusiya Federasiyasının "Təhsil 
								haqqında" yeni Qanun layihəsinin ictimai 
								müzakirəsi "Polis haqqında" Qanun layihəsinin bu 
								yaxınlarda keçirilmiş müzakirəsindən heç də az 
								maraqlı olmayacaq. Dmitri Medvedev qeyd edib ki, 
								Rusiya vətəndaşlarının müasir təhsil - XXI əsrin 
								təhsili haqqında təsəvvürlərini əks etdirəcək 
								optimal, balanslaşdırılmış bir sənəd hazırlamaq 
								lazımdır. 
								
								
								Müəllimləri təbrik edərkən onların "Təhsil 
								haqqında" Qanunun kütləvi müzakirəsini təşkil 
								etmək barədə təkliflə Prezidentə müracət 
								etdiyini deyən D.Medvedev bu prosesə başlamaq 
								üçün hazırda real imkan yarandığını bildirib və 
								bu işə hazırlığın necə getməsi, müzakirə 
								nəticəsində nə alınması ehtimal olunduğu ilə 
								maraqlanıb. 
								
								
								Dövlət başçısına məlumat verilib ki, Sizin 
								göstərişinizə uyğun olaraq Prezidentin müşaviri 
								Veniamin Fyodoroviç Yakovlevın rəhbərliyi 
								altında komissiya yaradılıb. Komissiyaya həm 
								İctimai Palatanın, həm də müxtəlif təhsil 
								səviyyələrinin nümayəndələri, o cümlədən ölkənin 
								aparıcı ali məktəblərinin rektorları daxil 
								edilib. Komissiya müzakirənin necə təşkil 
								olunmasını təklif edib. Eyni zamanda ilk təklif 
								olunan materialların redaktəsi aparılıb və onlar 
								sayta yerləşdirilmək üçün hazırlanıb. 
								
								
								Prezident bildirib ki, "Polis haqqında" Qanunun 
								ictimai müzakirəsində olduğu kimi təhsil 
								haqqında qanun layihəsinə də maraq çox olacaq və 
								təkliflər veriləcək. O, veriləcək təkliflərə 
								diqqətlə yanaşılmasını, onların toplanıb təhlil 
								edilməsini tövsiyə edib.   
								
								
								
								Təhsilin inkişafının yeni proqramı müzakirə 
								olunub  
								
								
								Rusiya Federasiyasının Baş naziri Vladimir 
								Putinin Rusiya Federasiyası təhsil və elm naziri 
								Andrey Fursenko ilə işgüzar görüşündə təhsilin 
								inkişafı üzrə yeni məqsədli Federal Proqramın 
								əsas istiqamətləri müzakirə olunub. Görüşdə qeyd 
								edilib ki, Rusiya Federasiyasının təhsilin 
								inkişafı üzrə mövcud proqramının fəaliyyət 
								müddəti bu il başa çatır. Bununla əlaqədar 
								Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi 
								bu mövzuda yeni sənəd hazırlamışdır. Baş nazirə 
								məlumat verilib ki, yeni proqramın ideoloji 
								əsasını Milli layihənin regionlarda təhsilin 
								kompleks inkişafına həsr olunan hissəsi təşkil 
								edir. Yeni məqsədli federal proqramda 
								regionlarda təkmilləşdirmə mərkəzlərinin - ən 
								yaxşı məktəbəqədər təhsil verən mərkəzlərin, ən 
								yaxşı məktəblərin, ibtidai və orta peşə təhsili 
								sahəsində çalışan kadrların, o cümlədən yaşlı 
								insanların yenidənhazırlanması mərkəzlərinin 
								yaradılması ideyası öz əksini tapıb.  
								
								
								Proqramda təhsilin keyfiyyətinin 
								qiymətləndirilməsi sahəsində dövlət 
								qiymətləndirilməsindən ictimai qiymətləndirməyə 
								keçid nəzərdə tutulub. Məktəbəqədər 
								müəssisələrin, məktəblərin idarə olunmasına 
								idarəetmə şuralarının , valideynlərin cəlb 
								olunması zəruri hesab olunur. Peşə təhsili 
								müəssisələrində bu işi peşə assosiasiyaları, 
								işəgötürənlər görə bilərlər. Kimlərin və necə 
								hazırlanmasına məhz onlar qiymət verə bilərlər.  
								
								
								
								Yusif ƏLİYEV  |