| 
								 
								
								Azərbaycan təhsil sisteminin 
								informasiyalaşdırılmasında müəllimlərin rolu 
								olduqca böyükdür. Məhz müəllim məktəbdə 
								informasiya texnologiyalarının əsas istifadəçisi 
								kimi çıxış edərək yeni alətlər vasitəsilə 
								tədrisin effektivliyini təmin etmiş olur. Buna 
								görə də onların texnoloji hazırlığı son dərəcə 
								mühüm əhəmiyyət kəsb edir. Faktiki olaraq, 
								təhsilin informasiyalaşdırılmasının uğuru 
								müəllimlərin İKT sahəsində biliklərindən və bu 
								biliklər vasitəsilə təhsili yeni formatda 
								qurmasından asılıdır.  
								
								
								 "Azərbaycan 
								Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı 
								(2008-2012-ci illər)" çərçivəsində "Mədəd" 
								təşkilatının keçirdiyi treninqlərdə müəllimlər 
								İKT-nin tədrisdə istifadəsi üzrə  zəruri 
								bilikləri alırlar. Lakin hər kəs yeni bacarığı 
								eyni səviyyədə qavramır və treninqlərdə əldə 
								edilmiş biliklərdən tədris prosesində tam olaraq 
								istifadə edə bilmir. İKT-ni məktəbdə tətbiq edən 
								müəllimlərdə bir çox suallar yaranır və onlar ya 
								treninq üzrə təlimçilərinə ya da başqa 
								mütəxəssislərə müraciət edərək bu suallara cavab 
								axtarırlar. 
								
								
								Bütün bunları nəzərə alan "Mədəd" təşkilatı 
								"Microsoft" korporasiyasının qlobal layihəsi 
								olan və artıq dünyanın bir sıra ölkələrində 
								tətbiq edilən "Həmkara dəstək" proqramının 
								Azərbaycanda da başlanmasının təşəbbüskarı kimi 
								çıxış edib. 
								
								
								Müəllimlər üçün nəzərdə tutulmuş "Həmkara 
								dəstək" layihəsi Təhsil Nazirliyi və "Microsoft 
								Azərbaycan"  arasında imzalanmış "Təhsildə 
								əməkdaşlıq" Anlaşma Memorandumu çərçivəsində 
								reallaşdırılacaq. Layihənin əsas məqsədi hər bir 
								məktəbdə İKT-nin təhsildə tətbiqi üzrə dərin 
								biliklərə malik olan bir müəllimin 
								hazırlanmasıdır. 
								
								
								"Mədəd" təşkilatının icraçı direktoru Elbrus 
								Zərbəliyevin məlumatına görə, "Həmkara dəstək" 
								proqramı məktəblərdə fəal müəllimlərin təlimçi 
								rolunu yerinə yetirmələrinə və həmkarlarına 
								dəstək göstərmələri məqsədilə yeni bilik və 
								bacarıqlarının daha da təkmilləşdirilməsinə 
								yönəlmişdir. Təlim prosesi Azərbaycanda "Həmkara 
								dəstək" proqramının reallaşdırılması ilə məşğul 
								olan "Mədəd"in təşkilatçılığı ilə həyata 
								keçiriləcək. Bu proqram çərçivəsində fəaliyyət 
								göstərən təlimçi-müəllim məktəblərdə çalışan 
								digər müəllimlərə informasiya texnologiyalarının 
								tədrisdə tətbiqi üzrə praktik məsləhətlər 
								verəcək. Hər bir məktəbdə belə təlimçi-müəllimin 
								olması pedaqoji heyətin tədrisdə İKT-dən 
								istifadəsini asanlaşdıracaq. 
								
								
								Proqramda iştirak etmək üçün 
								informasiya-kommunikasiya texnologiyalarını 
								tədrisdə daha effektiv və geniş tətbiq edən 
								metodist-müəllimlər və ya təcrübəli müəllimlər 
								cəlb olunacaqlar. "Həmkara dəstək" proqramı 
								çərçivəsində təlimçi-müəllim kimi fəaliyyət 
								göstərəcək pedaqoji heyətin üzvləri üçün "Mədəd" 
								təşkilatı tərəfindən xüsusi treninqlərin təşkili 
								də nəzərdə tutulur. Treninqlərin "Microsoft" 
								korporasiyasının təqdim etdiyi ekspert 
								tərəfindən aparılması gözlənilir.  
								
								
								Hicran ƏKBƏROVA  |