| 
								 
								
								Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi 
								çərçivəsində məşhur Humbold Universitetində 
								"Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - 
								müasir vəziyyət və perspektivlər" mövzusunda 
								beynəlxalq elmi konfrans keçirilmişdir. 
								 
								
								
								AFR, Azərbaycan və bir sıra başqa ölkələrin 
								alimlərinin iştirak etdiyi konfransın moderatoru 
								Humbold Universitetinin Tarix İnstitutunun 
								professoru Yorq Baberovski idi.  
								
								
								 Azərbaycanın 
								təhsil naziri Misir Mərdanov elmi forumun 
								iştirakçılarını salamlamışdır. Nazir öz 
								çıxışında bu cür tədbirlərin aktual əhəmiyyət 
								kəsb etdiyini vurğulayaraq demişdir: "Mənim 
								tələbəlik dövrüm keçən əsrin 60-cı illərinə 
								təsadüf etmişdir. O vaxt ali məktəblərdə 
								Azərbaycan tarixi praktiki olaraq öyrənilmirdi. 
								Yalnız son kurslarda bu barədə epizodik formada 
								məlumat verilirdi. Demək olar ki, bizim öz 
								tariximizi öyrənmək imkanımız yox idi, çünki bu 
								fənnin tədrisinə ciddi əhəmiyyət verilmirdi. 
								Azərbaycan müstəqillik əldə etdikdən sonra 
								vəziyyət kökündən dəyişmişdir. Bu gün Azərbaycan 
								tarixi əsas məcburi tədris edilən fəndir və 
								dövlətimiz onun tədrisinə çox böyük diqqət 
								yetirir". Nazir vurğulamışdır ki, müstəqillikdən 
								əvvəlki illərdə Azərbaycan xalqı Humbold 
								Universiteti kimi nüfuzlu ali məktəbdə 
								"Azərbaycan tarixi" kafedrası açılmasını heç 
								xəyalına da gətirə bilməzdi, halbuki ermənilər 
								bütün dünyaya səpələndikləri üçün öz 
								lobbiçilərinin vasitəçiliyi ilə bir sıra 
								ölkələrin dövlət və elmi dairələrinə təsir 
								göstərmək və dünyanın bir sıra elmi 
								mərkəzlərində ermənişünaslıq kafedraları açmaq 
								imkanına malik idi. "Bu gün Azərbaycan xalqı 
								vaxtilə itirilmiş imkanın əvəzini çıxır və bu, 
								ilk növbədə, dövlət müstəqilliyi sayəsində 
								mümkün olmuşdur" - deyən M.Mərdanov professor 
								Eva-Mariya  Auxa  onun başçılıq  etdiyi  
								"Azərbaycan tarixi" kafedrasının işində böyük  
								uğurlar  arzulamışdır.  
								
								
								Humbold Universitetinin Tarix İnstitutunun 
								direktoru, professor Tomas Mergel çıxışında 
								azərbaycanlı nazirin təbriklərinə qoşulmuşdur. 
								Onun sözlərinə görə, bu gün Azərbaycanın bir 
								sıra məsələlər üzrə qazandığı uğurlar 
								avropalılar üçün nümunə ola bilər. Avropalılar 
								azərbaycanlılardan həqiqətən çox şey öyrənə 
								bilərlər: tolerantlıq, polietniklik, açıqlıq və 
								çox sahələrdə səmimilik. Professor Mergel 
								demişdir: "Azərbaycan tarixi" kafedrasının 
								fəaliyyəti həqiqətən qarşılıqlı faydalı 
								olacaqdır. Azərbaycan öz zəngin tarixini 
								Avropada populyarlaşdıra biləcək, bizim isə 
								qazancımız bu olacaqdır ki, həmin tarixi, necə 
								deyərlər, yaxın məsafədən öyrənmək imkanı 
								yaranacaqdır. Biz sizin üçün şərait yaradırıq 
								ki, siz bizə öz tarixinizi öyrədəsiniz. 
								Qarşılıqlı fayda da bundan ibarətdir". O 
								xatırlatmışdır ki, nasizm illərində Humbold 
								Universitetinə ciddi zərər dəymişdir. Görkəmli 
								professorların çoxu həbs olunmuş və məhv 
								edilmiş, elmi muxtariyyətə son qoyulmuşdu. 
								Universitet əməkdaşlarının çoxu ya könüllü 
								şəkildə, ya da məcburən gestapo ilə əməkdaşlıq 
								edirdi, onlar millətçi-sosialist partiyasının 
								üzvləri idi. Bu gün hər sahədə vəziyyət o müdhiş 
								illərdəkindən tamamilə fərqlidir. Humbuld 
								Universitetinin əsas fərqli cəhəti burada elmin 
								azad olmasıdır. Məhz bu fakt sayəsində 
								Universitet dünyanın ən nüfuzlu ali məktəbləri 
								siyahısına daxil olmuşdur. Professor Mergel 
								təbrik nitqinin sonunda bu universitetdə 
								"Azərbaycan tarixi" kafedrasının yaradılmasında 
								iştirak edənlərə təşəkkürünü bildirmişdir.
								 
								
								
								 Sonra 
								tarix elmləri doktoru, Bakı Dövlət 
								Universitetinin professoru Cəmil Həsənli 
								"Azərbaycan tarix elminin müasir vəziyyəti" 
								mövzusunda məruzə ilə çıxış etmişdir. Alim yeni 
								yaradılmış kafedranın müdiri Eva-Mariya Auxa 
								nadir arxiv sənədinin - Pişəvərinin "İran 
								Azərbaycanında demokratik hərəkatın tarixi" adlı 
								kitabının 1947-ci ilin iyul ayında güllələnmiş 
								müəllifin mənzilindən Xalq Daxili İşlər 
								Komissarlığı tərəfindən götürülmüş əlyazmasının 
								surətini təqdim etmişdir.  
								
								
								Daha sonra Mərkəzi Asiya İnstitutunun direktoru, 
								Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti 
								İnstitutunun həmtəsisçisi doktor Svante Kornell 
								"Azərbaycan tarixi araşdırmaları Avropa 
								kontekstində", Mərkəzi Asiya və Qafqaz 
								İnstitutunun direktoru, Baltimor ştatındakı 
								(ABŞ) Con Hopkins Universitetinin "İpək yolu" 
								tədqiqat proqramının rəhbəri, professor Frederik 
								Star "ABŞ-da Azərbaycan tarixinin öyrənilməsi", 
								professor Tamara Draqadze "Azərbaycan qlobal 
								kontekstdə", Giresun Universitetinin (Türkiyə) 
								prorektoru, professor Aygün Əttah "Türkiyədə 
								azərbaycanşünaslığın müasir vəziyyəti haqqında", 
								Babeş-Boyai (Rumıniya) Universitetinin 
								professoru Tasil Kamil "Rumıniyada Azərbaycan 
								tarixinin öyrənilməsi", Humbold Universitetinin 
								"Azərbaycan tarixi" kafedrasının müdiri 
								Eva-Mariya Aux "Azərbaycan tarixi Şərqi Avropa 
								məsələlərinin tədqiqatı sahəsində yeni fənn 
								kimi", Berlin Etnologiya Muzeyinin əməkdaşı, 
								doktor İnqrid Şindelberq "Avropada Azərbaycan 
								etnologiyasının öyrənilməsi haqqında", Frayburq 
								Universitetinin (Almaniya) professoru Yorq 
								Ştadelbauer "Azərbaycan dünya coğrafiyasında", 
								Marburq Universitetinin (Almaniya) professoru 
								Udo Ştaybax "Azərbaycan konfliktologiya 
								məsələlərində" mövzularında məruzələrlə, habelə 
								Halle-Vitenberq şəhərindəki Martin-Lüter 
								Universitetinin kafedra müdiri, professor Volker 
								Adam çıxış etmişlər.  
								
								
								Məruzələrdən sonra keçirilən müzakirələrdə 
								AMEA-nın müxbir üzvü, Azərbaycanın əməkdar elm 
								xadimi, AMEA Tarix İnstitutunun tarixi coğrafiya 
								şöbəsinin müdiri, Azərbaycan Aviasiya 
								Akademiyasının humanitar elmlər kafedrasının 
								müdiri Fəridə Məmmədova, BDU-nun professoru 
								Cəmil Həsənli, Azərbaycanın AFR-də fövqəladə və 
								səlahiyyətli səfiri Pərviz Şahbazov, Bonn 
								Universitetinin professoru Əhəd Rəhmanzadə, 
								Berlin Azad Universitetinin doktorantı Rail 
								Səfiyev, Mayns Universitetinin doktorantı Vüqar 
								Aslanov, Azərbaycan XİN-in şöbə müdiri Rizvan 
								Nəbiyev və konfransın bir sıra digər 
								iştirakçıları çıxış etdilər.   
								
								
								
								Vüqar SEYİDOV,  
								AzərTAc-ın  
								xüsusi müxbiri  
								Berlin  |